Ermənilərin Azərbaycana qarşı
ərazi iddiaları və qanlı cinayətləri
Ermənilər çar Rusiyasının hərtərəfli köməyi ilə Azərbaycan torpaqlarında yerləşdirildikdən sonra “erməni dövləti” yaratmaq və Azərbaycandan ərazi iddiaları irəli sürməyə başladılar. Cənubi Qafqazda Ermənistan (Ararat) Respublikası yaradıldıqdan və İrəvan şəhərinin ermənilərə güzəşt edilməsindən sonra onlar daha çox şirnikləndilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ərazisi 113,9 min kv.km olmuşdu ki, bunun 97,3 min kv.km-i mübahisəsiz, 16,6 min kv.km-i isə mübahisəli idi. Ermənistan Respublikasının ərazisi isə 9,5 min kv.km idi.
Ermənilərin ərazi iddiaları
Osmanlı hökumətinin təşəbbüsü ilə İstanbulda Cənubi Qafqaz respublikaları arasında ərazi problemlərini həll etmək üçün konfrans keçirmək qərara alınmışdı. Ermənilər İstanbul konfransına təqdim etdikləri layihədə İrəvan, Sürməli, Naxçıvan, Axılkələk, Üçmüəzzin, Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl və Borçalı qəzalarına iddialar irəli sürmüşdülər. Əraziyə malik olmayan ermənilər əzəli Azərbaycan torpaqlarına əsassız olaraq iddialar irəli sürürdülər. İrəvan quberniyasının İrəvan, Sürməli, Yeni Bəyazid və Üçmüəzzin qəzalarında əsasən azərbaycanlılar sakin idi. Bu quberniyada o zaman (1918-ci ildə - İ.H.) təxminən 432 min nəfərdən çox azərbaycanlı yaşayırdı. Bu da quberniya əhalisinin 38-41 faizi demək idi. Azərbaycan türkləri İrəvan və Sürməli qəzalarının yarıdan çoxunu, Üçmüəzzin və Yeni Bəyazid qəzaları əhalisinin isə təqribən üçdə bir hissəsini təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Azərbaycana qarşı ərazi iddialarında mühüm yeri Qarabağın dağlıq hissəsi, yəni Dağlıq Qarabağ tuturdu. Burada əsasən gəlmə ermənilər məskunlaşmışdılar. Bütün Qarabağda 415 min nəfər azərbaycanlı, 170 min nəfər erməni yaşayırdı.
Erməni daşnaklarının iddiada olduqları ərazilərdən biri Zəngəzur qəzası idi. Bu qəza əhalisinin sayına və ərazisinin sahəsinə görə Azərbaycanın ən böyük qəzası idi və Gəncə quberniyasının tərkibinə daxil idi. Qəzada 123 min nəfərdən çox azərbaycanlı və 99,2 min nəfər erməni yaşayırdı.
Ermənilərin iddiada olduqları ərazilərdən biri də Gəncə quberniyasının Qazax qəzası və Şərur-Dərələyəz qəzası idi. Qazax qəzasının aran hissəsində azərbaycanlılar, dağlıq hissəsində isə az miqdarda ermənilər yaşayırdılar. Erməni daşnakları qəzanın bütün ərazisini öz torpaqlarına qatmağa can atırdılar. Şərur-Dərələyəz qəzasında əhalinin 72,3 faizi azərbaycanlılar idi. Bu qəzada 90250 nəfər əhalinin 59 min nəfərini azərbaycanlı, 29 min nəfərini erməni, 2500 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edirdi.
Ermənilərin daha çox iddiada olduğu ərazilərin biri də Naxçıvan qəzası idi. “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz” - mövqeyindən yanaşan erməni daşnakları bu qədim Azərbaycan ərazisinə sahib olmaq üçün bütün vasitələrdən istifadə edirdilər. ABŞ, İngiltərə və Rusiya da Naxçıvanı Ermənistana vermək istəsələr də, yerli əhalinin inadlı müqaviməti buna imkan vermədi. Burada tarixən azərbaycanlılar yaşamışlar. Ermənilər isə bu əraziyə XIX əsrin 20-ci illərində köçürülmüşdülər. Naxçıvan qəzasında əhalinin 62,5 faizini (bəzi məlumatlara görə 67 faizini - İ.H.) azərbaycanlılar, 31-36 faizini ermənilər təşkil edirdi. Əslində, əhalinin belə nisbəti Rusiya Qafqaza nüfuz etdikdən və qonşu dövlətlərdən ermənilərin İrəvan və Naxçıvan vilayətlərinə köçürüldükdən sonra yaranmışdı. Böyük strateji əhəmiyyətə malik olan Naxçıvan diyarının ələ keçirilməsi daşnakların “böyük Ermənistan” yaratmaq planında xüsusi yer tuturdu. Ona görə ki, bu bölgə iri dəmiryol qovşağı idi və əlverişli mövqeyə malik idi. Buradan bir xətt İranın Maku xanlığına, oradan da Türkiyəyə, başqa bir xətt Tehrana gedirdi. Bütün bunlar daşnakları özünə cəlb edirdi. Ermənilərin iddiaları Cənubi Qafqazda sovet hakimiyyətinin qələbəsindən sonra daşnak-bolşevik sayağı həll edildi. Zəngəzur qəzası Ermənistana verildi. Qazax qəzasının dağlıq hissəsi - Dilican Azərbaycan xalqının iradəsi əleyhinə ondan alındı. İrəvan və Göyçə əraziləri də Ermənistana güzəşt edildi. Sovet imperiyası özünün ilk illərindəcə Azərbaycanın 30 min kv.km-ə qədər ərazisini hissə-hissə alıb ermənilərə verdi. XX əsrin 90-cı illərində daha 16 min kv.km ərazimiz işğal edildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə cəmi 9,5 min kv.km ərazisi olan Ermənistan indi 46 min kv.km-ə qədər Azərbaycan ərazisinə nəzarət edir. Azərbaycan xalqı torpaqlarımızın itirilməsi faktı ilə barışmır, onların geri qaytarılması istiqamətində bütün səyləri ilə mübarizə aparır. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, azərbaycanlılar öz tarixi torpaqlarına - İrəvana, Göyçəyə, Zəngəzura qayıdacaqlar. 1929-cu ilin fevralında Naxçıvanın 10 kəndi - 657 kv.km ərazisi Zaqafqaziya MİK-in qərarı ilə Ermənistana verildi.
Ermənilərin Naxçıvanda törətdikləri qanlı cinayətlər və soyqırımlar
Ermənilər Naxçıvana köçürüldükdən və yerləşdirildikrən sonra daha böyük ərazilərə sahib olmaq arzusuna düşdülər. Bunun üçün müxtəlif vasitələrdən istifadə etməklə azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş, vəhşiliklər etmiş, onları soyqırıma məruz qoymuşlar. Ermənilər Naxçıvanın şəhər və kəndlərində 1905-ci ilin may ayından başlayaraq qırğınlar törətmişlər. Azərbaycanın görkəmli yazıçısı M.S.Ordubadi “Qanlı illər”, M.M.Nəvvab isə “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında azərbaycanlılara, eləcə də naxçıvanlılara qarşı həyata keçirilən soyqırımı ətraflı qələmə almışlar. Hər iki müəllifin gəldiyi qənaət budur ki, ermənilər bütün cinayətlərdə çar Rusiyasına və onun yerlərdəki cinovniklərinə arxalanmışlar. Bir çox hallarda isə rus kazakları da ermənilərlə bərabər bilavasitə qanlı qırğınların iştirakçısı olmuşlar.
M.S.Ordubadi 1905-ci ilin may ayında baş verən Naxçıvan hadisələri barədə yazır: “O zamana qədər əsla qara-qorxu görməmiş Naxçıvan müsəlmanları gecələr ermənilərin qorxusundan eşiyə, gündüzlər isə uzaqda olan əmlaka da gedə bilməzdilər. Naxçıvanın ətrafı hər tərəfdən erməni kəndləri ilə əhatə olunduğundan, 6 saat ərzində İrəvandan istədikləri qədər erməni əsgəri gətirməyə gücləri çatdıqlarından daha müsəlmanları şirin dillə dindirmək belə istəmirdilər”.
Ermənilər 1905-ci ilin mayın 5-dən başlayaraq Naxçıvan şəhər, Cəhri, Şıxmahmud, Tumbul, Kültəpə, Əliabad kəndlərində azərbaycanlılara qarşı silah tətbiq etmiş və bir neçə nəfəri öldürmüşlər. Baş vermiş hadisələrlə əlaqədar İrəvanın vitse-qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolov və İrəvana getmiş Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvana gəldilər. Qırğınlar ara vermədiyi üçün Tiflisdən general Maksud Əlixanov-Avarski də Naxçıvana göndərilir. Ermənilərin məqsədi “İrəvandan Naxçıvana qədər yol üstə yerləşən müsəlman kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan kəndləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni birləşdirmək kimi alçaq xəyallar”ı həyata keçirmək idi.
1905-ci ilin may ayında Ordubad qəzasının Tivi kəndində ermənilərlə azərbaycanlılar arasında baş vermiş münaqişə ilə əlaqədar buraya 500-ə yaxın əsgər və zabit göndərilmişdi. Sənədlərdən aydın olur ki, bu hərbi hissə kənddəki müsəlmanlara qarşı zor tətbiq etmiş, onları yurdlarından qovmuş, adamları öldürmüş, əslində isə ermənilərə kömək etmişlər. Kazakların köməyindən istifadə edən ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki müsəlman bazarını tamam qarət etdikdən sonra od vurub yandırmışlar. Yanğın nəticəsində bazarda 85 dükan, 75 anbar və b. tikililər yanıb külə dönmüşdü.
Rus kazakları Çeşməbasar kəndində də bir ailəni qətlə yetirmişlər. M.S.Ordubadi bu haqda yazır: “Bu gün (noyabrın 26-sı - İ.H.) kazaklar sülh və asayişi təmin etmək üçün Çeşməbasar kəndinə gedərkən Hacı Nəsir Nağı oğlunun evini qarətə başlamışlar, bu vaxt qabağa durub mane olmağa çalışan Hacının bir zavallı oğlunu öldürmüşlər. Müsibətə düçar olmuş Hacı oğlunu qana bulaşmış görərkən çaşıb bir güllə kazaklara atmış, elə buna görə də onun ailəsi biədəblər tərəfindən qətl edilmişdir”.
Noyabrın 30-da Cəhri kəndi ermənilər tərəfindən yandırıldı. İtqıran, Xanlıqlar kəndlərində də ermənilər rus hökumət qoşunları ilə əlbir olaraq əhaliyə amansız divan tutub həmin kəndləri dağıtdılar. Zəngəzurdan Ordubada qaçmaq istəyən 62 nəfər azərbaycanlı qadın və uşağı daşnaklar Qafan dərəsində tikə-tikə doğramış, bir kəndin 200-dən çox sakinini qətlə yetirmişlər.
1905-1907-ci illərdə olduğu kimi, ermənilər I Dünya müharibəsi illərində də yaranmış şəraitdən istifadə edərək bir sıra ərazilərdə, eləcə də Naxçıvan qəzasında da azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirməklə bölgəyə yiyələnmək məqsədlərini gerçəkləşdirməyə çalışırdılar. 1917-ci ilin yanvarından başlayaraq bölgənin ayrı-ayrı kəndlərində azərbaycanlılar ermənilər tərəfindən qətlə yetirilirdi. 1918-1920-ci illərdə Azərbaycanın bu qədim guşəsi və onun sakinləri də başqa torpaqlarımız kimi, erməni daşnaklarının düşmən siyasətinin hədəfinə çevrilmişdi. Həmin illərdə hadisələrin bilavasitə şahidi, Naxçıvan Müsəlman Milli Komitəsinin katibi olan Mirzə Bağır Əliyev gündəlik kimi yazdığı “Qanlı günlərimiz” əsərində ermənilərin törətdikləri soyqırımı, şəhərin özündə və Naxçıvanın müxtəlif bölgələrindəki vəhşilikləri, Andranik Ozanyanın Naxçıvana hücumu, əhalinin ona qarşı inadlı mübarizəsi və s. məsələlər təsvir olunur.
Andranik Ozanyan başına topladığı azğın erməni daşnakları ilə 1918-ci il iyunun 14-də Araz çayını keçib Naxçıvan ərazisinə daxil olmuş və təkcə Culfa rayonunun böyük yaşayış məntəqələrindən biri olan Yaycı kəndində ağlasığmaz qırğınlar törətmişdi. Mirzə Bağır Əliyev “Qanlı günlərimiz” əsərində yazır: “Ermənilər Yaycı kəndini bir günün içində yandırıb külə döndərdilər. Onlar kənddə qarşılarına çıxan bütün insanları atlarının ayaqları altına salıb tapdalayır, qılıncdan keçirirdilər. Tükürpədici fəryadlar kəndin küçə və meydanlarını başına götürmüşdü. Qaçıb canlarını qurtarmaq istəyən biçarə insanlar hər tərəfdən erməni zərbələrinə tuş gəlirdilər. Küçələrdə insan qanından gölməçələr yaranmışdı. Yollar boyu kəsilmiş başlar, ayaqlar, qollar tökülüb qalmışdı. Təsəvvür edin ki, qarşıda gurhagurla axan Araz çayı, arxada isə daha qorxunc, insanlıq simasını tamam itirmiş erməni adlı yırtıcılar sürüsü. Biçarə insanlar düşmən əlinə keçməmək üçün özlərini coşqun dalğaların qoynuna atır, əksəriyyəti, xüsusilə qadınlar, uşaqlar və şikəstlər üzə bilmədiklərindən boğulurdular...”.
Ermənilər Yaycının 2500 nəfərdən çox sakinini qətlə yetirdilər. Andranikin ordusu Gilançay və Əlincəçay ərtaflarındakı kəndlərdə də qırğınlar törətdilər, kəndləri yandırdılar. A.Ozanyanın, Ngdenin, Dronun, Gibbonun, Doluxanovun və başqalarının başçılıq etdikləri erməni quldur dəstələri Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarında 50-dən artıq müsəlman kəndlərini viran etdilər, əhalisinə divan tutdular.
1918-ci il iyunun 4-də Batum şəhərində Osmanlı dövləti Cənubi Qafqazın üç respublikası ilə müqavilə bağladı. Azərbaycanla bağlanmış müqavilənin 4-cü maddəsində göstərilmişdi ki, əgər ölkədə asayişi və onun təhlükəsizliyini təmin etməyə ehtiyac olarsa, Osmanlı imperatorluğu Azərbaycan hökumətinə silahlı qüvvə ilə yardım göstərməyi öz öhdəsinə götürür.
Batum müqaviləsinin şərtləri və buna əsasən də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin Türkiyəyə müraciəti, həm də ermənilərin Naxçıvan bölgəsindəki azğınlıqları Osmanlı dövlətini qəti tədbirlər görməyə vadar etdi. Cəfərqulu xan Naxçıvanskinin və Kərim xan İrəvanlının xahişlərindən sonra türk qoşunları Naxçıvana gəldi, öz qardaşlıq köməyini göstərdi. I Qafqaz kolordusunun komandanı Kazım Qarabəkir paşa avqustun 7-də Naxçıvanda öz qərargahını qurdu. Bununla da Andranikin başçılığı altında toplanan 8 minlik erməni qoşununun Naxçıvana hücumunun qarşısı alındı. Yəni Andranikin ordusu Naxçıvana hücum etmək cürətinə malik olmadı və Sirab yolu ilə qırğınlar törədərək Naxçıvan ərazisini tərk etdi. Lakin Naxçıvan camaatının dinc yaşaması cəmi bir neçə ay davam etdi. Türkiyə I Dünya müharibəsinin nəticəsinə görə Antanta dövlətləri ilə bağladığı Mudros müqaviləsinin 11-ci maddəsinə əsasən, bir sıra yerlərdən, o cümlədən Azərbaycandan da qoşunlarını çıxarmalı oldu. Kazım Qarabəkir paşanın komandanlığı altında türk qoşunu noyabrın 1-də Naxçıvanı tərk etdi. Bu hadisənin Naxçıvanın vəziyyətinə necə təsir göstərməsi Naxçıvan Milli Komitəsinin sədri Cəfərqulu xanın sözləri ilə belə səciyyələnirdi: “Türklər getdilər, yenə bizdə müsəlman kənd və qəsəbələrinin məhv edilməsi, heç bir günahı olmayan azərbaycanlı qadın və uşaqların döyülməsi və öldürülməsinin qanlı səhifələri təkrar olunmağa başladı. Yenə də İrəvan quberniyasında ermənilər tərəfindən qəddar ölümə məhkum edilmiş on minlərlə müsəlmanın ürəkparçalayan qışqırıq və nalələri göyə yüksəldi”.
1918-ci ilin noyabrında yaradılan Araz-Türk Respublikası, onun özünümüdafiə dəstələri və taborları Naxçıvanı erməni basqınlarından qoruyurdu. Lakin 1919-cu ilin yanvarından ingilislərə arxalanan ermənilər bölgəyə basqınlar edir, azərbaycanlılara divan tuturdular. Ermənistanın Naxçıvan torpaqlarına yiyələnmək cəhdləri 1919-cu ilin yazında daha da qüvvətləndi. İngilislərin köməyi ilə onlar may ayının 20-dən “erməni idarəçiliyi”ni yaratsalar da, iyulun 25-də Naxçıvan bölgəsinin əhalisi erməniləri ərazidən qovdular. Amerikalıların “neytral zona” yaratmaq oyunu da ermənilərin xeyrinə idi və bunu yerli əhali bildiyindən imkan vermədilər. Naxçıvan əhalisinin “bütün dünyanın və bütün mədəni qüvvələrin azad həyat, xalqların öz müqəddəratını həll etmək hüququ haqqında qışqırdıqları bir vaxtda azərbaycanlılar bizdən heç bir cəhətdən üstün olmayan, əksinə, bir çox hallarda bizdən geri qalan ermənilərin qulu ola bilməzlər” fikrinə gəlməsi faktı və səbəbləri öz əksini tapmışdır.
Naxçıvan əhalisinin 38 faizi itirilsə də, əhalidən 73727 nəfər həlak olsa da, yerli əhalinin inadlı və qəhrəman mübarizəsi erməni qaniçənlərinin arzularını gözündə qoydu, onlar Naxçıvana yiyələnə bilmədilər. 1921-ci il Moskva müqaviləsi ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı və ona muxtariyyət statusu verildi. Qars müqaviləsi respublikalar arasındakı ərazi-sərhəd məsələlərini dəqiqləşdirdi və Ermənistan da bu müqaviləyə qol çəkdi. Lakin nəinki verdikləri sözə, hətta öz imzalarına da hörmətlə yanaşmayan ermənilər sovetlər birliyi dövründə də Naxçıvanla bağlı iddialarından əl çəkməmiş, XX əsrin 90-cı illərində Naxçıvana basqınlar etmiş, buraya gələn qatarlara imkan verməmiş, kommunikasiyaları kəsmiş, Naxçıvan blokada vəziyyətinə düşmüşdür.
Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti, qonşu dövlətlərlə yaratdığı əlaqələr Naxçıvanı xilas etmiş və düşmən əlinə keçməsinə imkan verməmişdir. Heydər Əliyevin siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ərazilərimiz ciddi surətdə qorunur və güclü milli ordumuzun maddi-texniki imkanları artırılır. Biz bunu Naxçıvan Muxtar Respublikasının nümunəsində daha aydın görürük. Xalqımız və ordumuz işğal altında olan torpaqlarımızı erməni tapdaqlarından xilas edəcək və ermənilər törətdikləri cinayətlərə görə tarix və beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəklər.
İsmayıl
HACIYEV,
AMEA
Naxçıvan bölməsinin sədri,
Milli Məclisin deputatı, akademik
Azərbaycan.-2014.- 5 aprel.- S.6.