100 il sağlam yaşamaq mümkündürmü

 

Bu baxımdan Pol Breqqin sağlamlıq nəzəriyyəsi xüsusi maraq kəsb edir. Çünki o, hətta 120 il sağlamqocalmadan yaşamağın insan üçün çətin olmadığını bildirirdi. İdman təlimatçısı kimi əmək fəaliyyətinə başlayan Breqq ötən əsrin 30-cu illərindən sağlamlıqla bağlı məqalələrlə çıxış etmiş, təcrübələrini təkmilləşdirərək dünyada milyon tirajlarla nəşr edilib yayılan nadir sağlamlıq sistemlərindən birini yaratmışdır.

Breqq maraqlı, zəngin, axtarışlarla dolu uzun bir ömür sürüb, minlərlə insana sağlamlıqlarını bərpa etməyə kömək edib. O, hər gün üzüb, uzaq məsafələrə qaçıb, müxtəlif idman növləri ilə məşğul olubbütün bunlardan əlavə gündə 12 saat gərgin rejimində çalışıb. Həmişə başqalarına kömək etməyə çalışan nikbin, şən və gümrah insan idi. 1976-cı ildə 81 yaşında ürək çatışmazlığından həlak olub. Onun bədənini ekspertizadan keçirən həkimlər heyrətlə 81 yaşlı insanın bütün üzvlərinin bioloji yaşının 30-35 arasında olduğunu təsdiq ediblər!

Pol Breqq belə hesab edirdi ki, insan 120 ildən artıq yaşamağa qadirdir, bunun üçün əsas sağlamlıq prinsiplərinə əməl etmək vacibdir. Göy qurşağı 7 rəngdən ibarət olduğu kimi, Breqqin sağlamlıq sistemi də mükəmməl və hərtərəflidir. O, əvvəl insanın nə üçün bir qaydada yaşaya bilməməsini, 30 yaşdan başlayaraq müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, sürətlə qocalmasını araşdırmış və çoxillik müşahidələri əsasında belə qənaətə gəlmişdir ki, insanlar öz səhhətlərinə etinasız yanaşmağa, onları erkən ölümə aparan səhvləri aramsız təkrar etməyə kütləvi surətdə alışıblar.

Bunu isbat etmək üçün Breqq “Həyat cədvəli” tərtib edib, ABŞ-ın statistik rəqəmlərinə istinadən 100 min nəfərin həyatını anadan olan gündən ölümünədək araşdırıb və 110 ildən sonra bir nəfərdən başqa hamının öldüyünü aydınlaşdırıb. Cəmi 12 nəfərə 105 il yaşamaq qismət olub. 100 min nəfərdən yalnız 196 nəfər 100 illik yubileyini qeyd edib.

Breqq 50 yaşdan sonra ölənlərin sayının kəskin artdığını qeyd edib. 100 min nəfərin 10 min nəfəri 50-60, 19 min nəfəri 60-70, 28,5 min nəfərdən çoxu 70-80, 24 min nəfərdən çoxu 80-90 yaş arasında vəfat edib. Breqq artıq 80 yaşlı insanların tən yarısının əlil olduğunu və müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini, yaşı 90-nı ötənlərin isə beli bükülən taqətsiz qocalar olduğunu üzə çıxarıb. Səbəb isə birdir: hamı elə yaşayır, elə həyat tərzi sürür ki, sanki özü-özünə sui-qəsd edir.

Breqq erkən qocalığa səbəb olan amilləri sadalayıb: insanların əksəriyyəti düzgün qidalanmır, zərərli ərzaqlardan istifadə edir, içkiyə qurşanır, bir çoxu da qədərindən artıq yeyərək ölümünü tezləşdirir. Onurğa sütununun, bütünlükdə sümük-əzələ sisteminin hərəkətsiz qalması, elastikliyini itirməsi bir çox xəstəliklərin vüsət almasına səbəb olur. İnsan bədəninin toksik maddələrlə zəhərlənməsi, sümükoynaqlarda zərərli tullantıların yığılması, stresslərin insan orqanizminə vurduğu zədələr də müxtəlif xəstəliklərə səbəb olur, erkən qocalmaya aparır. Bütün bunlardan qurtulmağın yalnız bircə yolu var. Breqq belə hesab edir ki, insan ziyanlı vərdiş və qidalardan yayınmalı, fəal yaşamalı, nikbin olmalıdır. Sağlamlıq haqqında ciddi biliklərə yiyələnməli, ömrü qısaldan bütün amillərdən özünü sığortalamalıdır. Buna nail olanlar 70-80 yaşda belə, özlərini gənc hiss edəcəklər.

Pol Breqq həyatı sonsuz dərəcədə sevən, onu tanrının ən qiymətli hədiyyəsi kimi dəyərləndirən insan idi. Onun fikrincə, insan həyatdan yüksək zövq almaq üçün mütləq sağlamlığa - əqli, ruhi, fiziki sağlamlığa malik, bədən, ruh, təbiət arasında vəhdət yaradaraq harmoniyaya nail olmalıdır. Breqq etiraf edir ki, Qərb cəmiyyəti dəyərlər haqqında həqiqi təsəvvürlərə malik deyil. İnsanlar, adətən, hesab edirlər ki, böyük pullara, bahalı iri avtomobillərə, əmlaka, daş-qaşa, aksiyalara, imarətlərə sahib olmaq, yüksək ictimai mövqe tutmaq həyati dəyərlərin əsasını təşkil edir. Lakin belə sərvətə sahib olan insan ağır xəstədirsə, ruhən sınıbsa, onun yığdığı sərvətin dəyəri varmı? O, stress içindədirsə, qazandığı var-dövlətdən necə zövq ala bilər, necə xoşbəxt yaşaya bilər?!

Breqq əmin idi ki, insanlar onlara ayrılan ömrün yalnız az hissəsini - yarıya qədərini yaşayırlar. Tənbəllik, süstlük, zərərli vərdişlər qayçı kimi qismətimizə yazılan günləri kəsib tullayır. Qeyri-sağlam həyat tərzi əcəllə vaxtından əvvəl görüşə tələsmək deməkdir. Breqqə görə, 50-70 yaş arasında dünyasını dəyişənlərin hamısı vaxtından tez qocalan, səhhətlərinin qayğısına yetərincə qalmayan insanlardır. Hər bir insan xoşbəxt ömür sürməyin qaydalarını özü tapıb kəşf etməlidir: “Geri dönüb öz həyatınızı nəzərdən keçirindüşünün”.

Breqqin yazdığı kimi, insan ağıl, ruh və bədəninin vəhdətindən ibarətdir. Biz mövcudluğumuzun bu üç müstəvisində paralel inkişaf etməyin vacibliyini dərk etməliyik. Bizim əqli gücümüzün, mənəvi mətinliyimizin cilalanmasına yardım edə bilən müxtəlif dinlər və təriqətlər, insan ruhunu ucaldan fəlsəfi nəzəriyyələr mövcuddur. Breqq əmin idi ki, Tanrıya hamıdan yaxın bizim vicdanımızdır və ona görə də daxili səsimiz, intuisiyamız bizə düzgün istiqamət seçməkdə yardımçı ola bilər. Breqq hər gün ruhunun səsinə, öz daxili dünyasına qulaq asardı: “Mən hiss edirəm ki, Allahın qoyduğu qaydalara əməl edirəm və təbiətin əksinə hərəkət etmirəm. Əməllərim Tanrıya da, təbiətə də xoşdur. Onun qoyduğu qaydalar çərçivəsində hərəkət edəndə kosmosdan, Allahdan böyük güc alıram. İdman edəndə, üzəndə, oynayanda, rəqs edəndə bu kosmik enerji sel kimi bədənimdən keçir”.

Breqq özünün dediyi kimi, ruhu ilə kosmik gücə, reallıqda isə Tanrının ətəyinə bağlı bir insan idi. O, bütün xəstəlikləri orqanizmdə baş verən “qəzalar” haqqında siqnal sayırdı, beynin harayıdır yazırdı: “Məni zəhərləməkdən əl çəkin. Məni düzgün qidalandırmağı öyrənin. Mənə lazım olan miqdarda, lazım olan qidanı verməyi öyrənin. Necə düzgün nəfəs almağı öyrənin. Mən sizin ruhunuzu və varlığınızı hərəkətə gətirən ecazkar bir alətəm. Mən sizi müdrik həyatın səviyyəsinə qaldırmaq istəyirəm. Mən istəyirəm ki, siz sağlam bədən səadətinə və kamil ağlın səviyyəsinə yüksələsiniz, sizi gümrah saxlayan bir gəncliyin sahibi olasınız. Əgər mənimlə səmavi qanunların çərçivəsində davranmasanız, sizin sağlam həyata şanslarınız sıfıra bərabər olacaq”.

Breqq belə hesab edirdi ki, adi həkim yalnız ağrı və əzablarımızı azalda bilər, çünki o, xəstəliyin səbəbini yox, əlamətlərini müalicə edir. Yalnız ana təbiət insanı xəstəliklərdən xilas edə bilər. İnsan yalnız təbiətin qanunlarının arxasınca getmək, onunla harmonik ünsiyyət qurmaqla uzunsağlam ömür sürə bilər. Orqanizm bərpaedici imkanları olan güclü müdafiə mexanizmlərinə malikdir; Tanrının yaratdığı insan özünü ələ alıb qeyri-sağlam həyat tərzindən imtina edən kimi bu mexanizm avtomatik fəaliyyətə başlayır.

Breqqə görə, fəzada bütün həyat səliqə-sahman üstündə qurulub. Bütün təbii qüvvələrin təsiri elmin qanunlarına tabedir. Elm isə fəaliyyətdə olan şüur, ağıldır. İnsanın həyat tərzi də fəzavi qanunlarla uzlaşmalı, harmoniya təşkil etməlidir. Breqq hamını adi insanı qane edən tələblərdən daha yüksək səviyyədə yaşamağa çağırırdı: “Həyat dənizində iradəsiz və ümidsiz çapalamaq əvəzinə, güclü bir gəmiyə çevrilib ömür sularında nikbinsağlam gələcəyə üzməyi qarşınıza məqsəd qoyun. Keyfiyyətsiz və vitaminsiz ərzaqla qidalananda bilin ki, bədəninizi bu materiallardan qurursunuzruhunuz cansız qidalardan tikilən “viranə ev”də amansız xəstəliklərdən əziyyət çəkəcək”.

Breqq hər bir kəsi özünü dəyişməyə, öz köhnə vücudundan yeni insan yaratmağa, təbiətin qanunlarına əməl etməyə çağırırdı və bunu uzunömürlülüyə gedən yolun əvvəli sayırdı: “Öz bədəninə nəzarəti ələ götürə bilən insan vahid kosmik enerjiyə qoşulur, bu enerjiöz növbəsində onun bədənini xəstəliklərdən yumağa və təmizləməyə başlayır, bərpa edir və gözlənilməz zərbələrdən qoruyur. Müqəddəs kitablarda deyilir ki, Tanrı insanı bütün yaratdıqlarından gözəl və özünəbənzər yaratdı”. Breqq hamını buna inandırmağa çağırırdı: “Buna inanın və bilin ki, özünü mükəmməlləşdirməyin yolu ilə inamla gedənlər mütləq uğur qazanacaqlar”.

Breqqin sağlamlıq nəzəriyyəsini bir yazıda tam açmaq mümkün deyil. Çünki o sağlamlığın mənəvi tərəflərini araşdırmaqla yanaşı, müxtəlif idman təmrinlərini, qida rasionlarını, aclıq və bədənin tullantılardan təmizləmə prosedurlarını gündəlik həyat tərzinə çevirməyi təklif edir. Düzgün nəfəs almağın, sağlam həyat tərzinin vacib detallarını bütün xırdalıqları ilə verir. Əslində, onun sağlamlıq proqramında ruhunu və bədənini gənc saxlamağa can atan iradəli insanlar üçün faydalı məqamlar çoxdur.

 

Bahadır İMANQULİYEV,

Azərbaycan.-2014.- 5 aprel.- S.8.