Azərbaycan Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanının

 Kralı Salman bin Əbdüləziz Əl Səudun görüşü olub

 

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri

 

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun görüşü olub.

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Prezident İlham Əliyevi ölkəsində salamladı və bu səfərin uğurla keçəcəyinə əminliyini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirildi. İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyinin və bir-birinə qarşılıqlı dəstək verdiyinin qeyd olunduğu görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı, poladəritmə, enerji sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Kral Salman bin Əbdüləziz Əl Səud münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiklərini və Səudiyyə Ərəbistanının bu mövqeyinin heç vaxt dəyişməyəcəyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində tutduğu ədalətli mövqeyə və işğalçı ölkə ilə diplomatik əlaqələr qurmadığına, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanı Krallığına minnətdarlığını bildirdi.

 

AZƏRTAC

Azərbaycan.-2014.- 7 aprel.- S.1.