Birləşmiş Ərəb Əmirlikləri
Azərbaycanla bütün sahələrdə
əməkdaşlığı
genişləndirmək niyyətindədir
Müasir şəraitdə dövlətlərarası əlaqələrin spektri çox genişdir və bu münasibətlərin iştirakçısı olan ölkələr əməkdaşlığın bütün sahələrində tərəqqi əldə etmək üçün qarşılıqlı təmaslar qururlar. Azərbaycanın xarici siyasət kursunda Birləşmiş Ərəb Əmirlikləri ilə əldə edilmiş nəticələr də son dərəcə əhəmiyyətlidir. Ötən müddətdə dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, imzalanmış hökumətlərarası sənədlər ikitərəfli əlaqələrin dinamik inkişaf etdiyini təsdiqləyir.
Müstəqil Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin qurulması Azərbaycanın dövlət müstəqilliyinin ilk dövrünə təsadüf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ilin 1 sentyabr tarixində qurulmuşdur. Hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur.
Ölkə başçılarının qarşılıqlı səfərləri son illər sürətlə inkişaf edən ikitərəfli münasibətlərə əlavə impulslar vermiş və bir sıra uğurlu nəticələrlə yadda qalmışdır. Bu gün ölkələrimiz arasında mövcud münasibətlərin xarakteri deməyə əsas verir ki, dünya siyasətində özünəməxsus yeri olan Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Bu maraq ilk növbədə Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması ilə şərtlənir.
Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında sənədlər imzalanmışdır. Xatırladaq ki, iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında” Saziş və “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiya iqtisadi sahədə əlaqələrin uğurla inkişafına əlavə stimul vermişdir. Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsinin həcmi 65,47 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 61,15 milyon ABŞ dolları, ixracın həcmi isə 4,32 milyon ABŞ dolları təşkil etmişdir. 2014-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,21 faiz, o cümlədən idxalda 0,67 faiz, ixracda isə 0,02 faiz təşkil etmişdir.
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun bu günlərdə Azərbaycana rəsmi səfəri də mühüm nəticələrlə yadda qalmışdır. Prezident İlham Əliyev və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum arasında keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olundu. Görüşdə həmçinin regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun iştirakı ilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi keçirilmişdir. Bu sırada “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Halların, Böhranların və Fəlakətlərin İdarə Edilməsi Komitəsi arasında fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə Komitəsi arasında yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu misal göstərmək olar. Səfər zamanı ölkələrimiz arasında mühüm sənədlərin imzalanması ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün çox möhkəm hüquqi baza yaradır. Təqdirəlayiqdir ki, iki ölkə arasında əlaqələr həmçinin mədəni, humanitar sahələrdə də uğurla inkişaf etməkdədir. Məhz bunun sayəsində xalqlarımız arasındakı dostluq əlaqələri daha da möhkəmlənir və ölkələrimizin gələcək rifahına xidmət edir.
Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivini yüksək qiymətləndirmişdir: “Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bizim aramızda çox fəal siyasi dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik. BMT və İslam Əməkdaşlıq Təşkilatında ölkənizin bizə göstərdiyi dəstəyə görə Sizə minnətdarıq. Azərbaycan da öz növbəsində hər zaman bütün beynəlxalq təsisatlarda Sizin ölkənizi dəstəkləyir. Ona görə də xalqlarımız arasındakı qardaşlığa əsaslanan güclü siyasi əlaqələr və fəal siyasi dialoq ikitərəfli tərəfdaşlıq üçün olduqca özəl format yaradır. Sözsüz ki, iqtisadi əməkdaşlıq və investisiya ilə əlaqədar məsələlər mühüm əhəmiyyət kəsb edir. Şadıq ki, Sizin Ticarət Palatanızın xaricdə ilk ofisi 3 il əvvəl Bakıda yaradılıb. Qarşılıqlı investisiyalar, müxtəlif layihələrin birgə icrası, birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var, xüsusilə də turizm sahəsində. Bildiyiniz kimi, Azərbaycandan çox adam Sizin gözəl ölkənizə səfər edir. Ümidvarıq ki, Sizin ölkənizdən də turistlər Azərbaycana daha tez-tez səfərlər edəcəklər. Beləliklə, əməkdaşlığın formatı çox genişdir. Əminəm ki, nümayəndə heyətləri üzvlərinin xüsusi layihələrlə bağlı fikir mübadiləsi aparmaq imkanı olacaq”.
Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun Azərbaycana rəsmi səfəri ikitərəfli əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqlədi. Əldə edilən nəticələr deməyə əsas verir ki, BƏƏ əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə ciddi maraq göstərir.
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər inkişaf dinamikliyi, sanballı hüquqi bazası və qarşılıqlı mənfəət kəsb edən məqamlarla səciyyələnir. Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını rəhbər tutan BƏƏ Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmiş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmiş, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləmiş və bu dəstəyi davam etdirməkdədir. Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun Azərbaycana rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında mövcud olan əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaq.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 7 aprel.- S.5.