Nəriman Həbib oğlu
Məmmədov
Azərbaycanın musiqi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, xalq artisti Nəriman Həbib oğlu Məmmədov 2015-ci il aprel ayının 6-da ömrünün 88-ci ilində vəfat etmişdir.
Nəriman Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbində nəzəriyyə şöbəsində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1951–1956-cı illərdə musiqi nəzəriyyəsi, 1956–1961-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali musiqi təhsili almışdır.
1943-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında musiqi rəhbəri kimi əmək fəaliyyətinə başlayan Nəriman Məmmədov 1946–1947-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrində çalışmış, 1947–1961-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində müəllim işləmişdir. O, 1961-ci ildən ömrünün sonunadək Azərbaycan Respublikası Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrini tutmuşdur.
Elmi yaradıcılığı pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Nəriman Məmmədov 1962-ci ildən etibarən uzun müddət ərzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının müəllimi, dosenti, professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işinə var qüvvəsini sərf etmişdir.
Milli musiqi xəzinəsinə daxil olmuş sənət incilərini ömrü boyu diqqətlə araşdıran Nəriman Məmmədovun bəstəkar kimi Azərbaycanın musiqi mədəniyyəti salnaməsində özünəməxsus yeri vardır. Onun yaradıcılığı geniş diapazonlu olub, janr əlvanlığı ilə diqqəti həmişə cəlb etmişdir. Nəriman Məmmədov sənətinin ən yaxşı keyfiyyətləri hər əsərdə özünü yeni bədii səviyyədə büruzə vermişdir. Bəstəkarın simfoniya, balet, musiqili komediya, oratoriya, kantata və kamera-instrumental əsərləri milli musiqi mədəniyyətinin dəyərli nümunələridir.
Nəriman Məmmədov xalq musiqisindən bəhrələnərək bəstələdiyi lirik mahnılarla Azərbaycan bəstəkarlıq məktəbi ənənələrini layiqincə davam etdirmişdir. Səhnə əsərlərinə də böyük maraq göstərən bəstəkar çox sayda dram tamaşalarına musiqi yazmışdır. Nəriman Məmmədov xalq çalğı alətləri orkestri üçün musiqinin ifadə vasitələrini xeyli zənginləşdirməyə müvəffəq olmuşdur. Dərin obrazlılıq və dolğun məzmun onun orijinallığı ilə seçilən yaradıcılığının başlıca cəhətləridir. Nəriman Məmmədovun Azərbaycan xalq musiqisinin, muğamların nota köçürülməsi sahəsindəki fəaliyyəti də təqdirə layiqdir. Onun nüfuzlu musiqi nəşriyyatlarında çap olunmuş əsərləri Azərbaycan muğam sənətinin tanıdılmasına öz töhfəsini vermişdir.
Tanınmış bəstəkar, təcrübəli pedaqoq və səmimi insan Nəriman Həbib oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Akif Əlizadə
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Mikayıl Cabbarov
Arif Məlikov
Firəngiz Əlizadə
Fərhad Bədəlbəyli
Siyavuş Kərimi
Oqtay Zülfüqarov
Azər Rzayev
Tofiq Bakıxanov
Ramiz Mirişli
Xəyyam Mirzəzadə
Ramiz Zöhrabov
Ərtegin Salamzadə
X X X
Azərbaycan.-2015.- 7 aprel.- S.6.