Gəncədə 26 gənc rəssamın əsərləri nümayiş olunub

 

Aprelin 6-da Gəncədəki Heydər Əliyev Mərkəzində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Dünya bir palitradır, biz isə onun rəngləri” adlı gənc rəssamların yaradıcılıq sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasiminin iştirakçıları mərkəzin qarşısında ucaldılmış dahi şəxsiyyətin abidəsini ziyarət etdikdən sonra 26 gənc rəssamın 120-dən çox rəsm əsərindən ibarət sərginin nümayişinə başlanılıb.

Sonra mərkəzin iclas salonunda gənc rəssamlarla görüş keçirilib. Görüşdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev rəssamları təbrik edərək, Ulu Öndərin Azərbaycançılıq ideyalarının gənclər arasında geniş təbliğ edilməsində, gənclərə yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək üçün şərait yaradılmasında, onların istedadlarının üzə çıxarılmasında, eləcə də asudə vaxtlarının səmərəli və mənalı təşkilində belə sərgilərin əhəmiyyətindən danışıb.

“Xəzər” Təhsil Mərkəzinin rəhbəri Raqif Hüseynov, gənc rəssamlardan, Gəncə Dövlət Universitetinin tələbəsi Ləman Verdiyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Seymur Ənvərbəyli və başqaları çıxış edərək, yaradıcı insanlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda ən yaxşı rəsm əsərlərinin müəlliflərinə şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

 

Azərbaycan.-2015.- 7 aprel.- S.6.