Uğurlu yolun möhkəm təməli

 

Ümüd SƏLİMZADƏ: “Əgər xəstə həkimlə söhbətdən sonra 50 faiz sağalmırsa, günah həkimdədir”

 

Bu gün bütün sahələrdə hazırlığını artıran gənclərimiz sağlam düşüncəli ölkə vətəndaşları kimi Azərbaycanın daha da qüdrətlənməsi naminə aparılan quruculuq işlərində fəallıq göstərirlər. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Bu sahədə təkmil qanunvericilik bazası da mövcuddur.

Müasirləşən ölkəmizdə gələcəyimizi etibar etdiyimiz yeni nəslin nümayəndələri diqqət və qayğı ilə əhatə olunublar. Hazırda gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiyabaşqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Məsələn, tibb sahəsini götürsək görərik ki, insanlar artıq bu sahədə peşəkarlaşmış gənclərin uğurlarını görüb öz səhhətlərini 28-35 yaşlı həkimlərə etibar edir və nəticədən məmnun qalırlar. Bu isə insanların gənc tibb mütəxəssislərinə inamlarını getdikcə artırır. Belə gənclərimizdən biriÜmüd Səlimzadədir. 1989-cu ildə Masallı rayonunda anadan olan Ümüd orta təhsilini əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olur. 2012-ci ildə ATU-nu əla qiymətlərlə bitirdikdən sonra gənc məzun Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (Deutscher Akademischer Austausch Dienst-DAAD) ilə birgə təşkil etdiyi layihədə iştirak etmək qərarına gəlir. Qeyd edək ki, 2008-ci ildə Təhsil Nazirliyi ilə bağlanan müqaviləyə əsasən Azərbaycan və Almaniya arasında təhsil mübadilə proqramları əsasən DAAD tərəfindən həyata keçirilir. Bu təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələr alman dilinin öyrənilməsi və tələbələr üçün yay məktəblərindən başlamış, ali məktəblərin akademik heyəti və elmi-tədqiqat işçilərinin Almaniyada elmi təcrübə keçməsi, tədqiqat aparmasına qədər çoxprofilli proqramları əhatə edir.

Həmin il Almaniyadan dəvət olunmuş mütəxəssislər Bakıda 200-dən artıq universitet məzununun həm tibbi, həm də dil biliklərini yoxladıqdan sonra onların arasından 60 nəfəri seçib dövlət proqramı çərçivəsində Almaniyanın müxtəlif şəhərlərinə göndərirlər. Bu gənclərin sırasında Ümüdyer alır. Gənc mütəxəssislər Təhsil Nazirliyinin ayırdığı təqaüdlə Almaniyada həkim kimi çalışmağa başlayırlar. Öncə Təhsil Nazirliyi gənclərə öz dəstəyini göstərərək onların Almaniyada 2 ay dil kurslarına getmələri üçün şərait yaradır. Bu isə gənc həkimlərin çalışdıqları klinikalarda xəstələrlə davranışlarında dil probleminin yaranmamasına yardımçı olur.

Ümüd Berlin şəhərində Avropanın ən qədim universitet klinikası hesab olunan “Charite”də burun-boğazbaş-beyin cərrahiyyə şöbəsində bir il assistent kimi çalışır. Bu müddətdə ona Təhsil Nazirliyi tərəfindən təqaüd də verilir. 2013-cü ilin dekabrında isə Ümüd Thüringen əyalətinin Saalfeld şəhərində eyni adlı klinikada rezident kimi çalışmağa başlayır.

Hər kəsə bəllidir ki, Avropada ən qədim və eyni zamanda, müasir tibb sahəsi Almaniyadadır. Bir çox böyük dövlətlərin əhalisi də bəzi ağır xəstəliklərin müalicəsi üçün məhz Almaniyaya üz tuturlarbu gün inkişaf etmiş ölkələrdə çalışan tanınmış uzmanlar bu ölkədə tibbi bilik alanlardır. Onlar öz ölkələrinə dönərək insanlara yüksək səviyyədə xidmət göstərirlər. Elə Ümüd Səlimzadənin də fikri, məqsədi təcrübəli mütəxəssis, uzman kimi ölkəmizə qayıdıb Azərbaycanda tibb sahəsinin inkişafına öz bilik və bacarığı ilə dəstək olmaqdır. Bunu bir neçə günlük Vətənə istirahətə gələn gənc həkimlə səmimi söhbətdə müəyyənləşdirə bildik. Gənc mütəxəssisin müasir alman tibb sahəsinin fəaliyyəti, uğurları və həkimin xəstə ilə öncə tanışlığı, sonra müalicə imkanları ilə bağlı söylədiyi fikirlər çox maraqlı və xoş təəssürat yaratdı.

Ümüd deyir ki, Almaniya həm tibb, həm də təhsil turizmi ilə çox məşhur olan ölkədir. Əgər kimsə tibbya təhsil üçün bu ölkəyə üz tutursa, bunun üçün müəyyən vəsait ödəyir. Bundan da faydalanan dövlət olur. İşlədiyi “Chariteuniversitet klinikasında işlər səhər saat 07:30-da başlayır. Bəzən bir fincan çay içmək üçün vaxt belə olmur. Səbəbi isə odur ki, bu ölkədə insanların səhhətində kiçik bir problem olan kimi ya aliə həkiminə, ya da klinikalara müraciət edirlər. Səhhətlərində hər hansısa bir problem olmasa da, tibbi sığortanın onlara verdiyi güvənlik insanların sağlamlıqlarının qeydinə qalmasına yardımçı olur. Yəni, insanlar xəstələnmədikləri halda belə, həkimə müraciət edib müayinədən keçməkdə çox maraqlıdırlar. Bu səbəbdən də həkimlərin gün ərzində işləri daha çox olur. Azərbaycanda aldıqları tibbi biliklərin Almaniyada nəzəri olaraq gənclərimizin köməyinə çatdığını deyən Ümüdün sözlərinə görə, onlar hər gün tibb sahəsinə aid kitablar oxumaq üçün də mütləq vaxt ayırmalıdırlar. Əgər bir gün kitabdan ayrı qalsan, iki gün geri düşmüş sayılırsan. Ona görə də mütəmadi olaraq nəzəri biliklərini təkmilləşdirmək məcburiyyətindədirlər. Bunun digər səbəbi odur ki, tibb sahəsində dərman vasitələri yenilənir və xəstələr müxtəlif preparatlardan istifadə edirlər. Həkim isə həmin dərmanların tərkibi barədə internet vasitəsi ilə müxtəlif məlumatlara sahib olmalıdır.

Almaniyada gənc yaşlarında həkim işləmək isə insana böyük zövq verir. Çünki gənc həkimin qəbuluna gələn xəstələr təəccüblənmirlər və qarşılarında gənc həkim olduğu üçün güvənlərini itirmirlər. İnsanlar anlayırlar ki, əgər bu klinikada gənc mütəxəssisə həkim işləmək üçün razılıq verilibsə, ödədikləri sığortadan bu insana maaş verilirsə, o, yaxşı mütəxəssisdir. Dövlət bu həkimə güvənibsə, insanlara da həmin mütəxəssisə güvənmək düşür. Hətta onun milliyəti belə xəstələri maraqlandırmır və onunla öz həmvətənləri kimi davranırlar. Bəzən yorğunluq və əsəbilik də olur. Əsəblərində problemlər olan insanlar hətta həkimə qarşı aqressiv davranır və problemlər yaşanır. Ancaq həmin xəstə ilə bərabər həkimin əsəbiliyi otaqdan çıxanadəkdir. Növbəti xəstə içəri daxil olarkən həkim əvvəlki xəstədən aldığı neqativ enerjini ona yönəldə bilməz. İstənilən halda xəstə içəri daxil olduqda ayağa qalxıb onu qarşılamalı, yaşından asılı olmayaraq onaSiz” deyə müraciət etməli və müayinəyə dəvət etməlisən. Almaniyada bir klassik deyim var: Əgər həkimlə söhbətdən sonra xəstə 50 faiz sağalmırsa, deməli, günah həkimdədir. Ona görə də həkim hər bir xəstəyə yaxşı məsləhət verməli, onda inam yaratmalı və müalicəyə başlamalıdır. Bütün bu proseslər, yeniliklər və həkimlərə göstərilən münasibət Ümüd Səlimzadədə öz peşəsinə vurğunluq hissini getdikcə artırır və o, sevə-sevə bu peşəni daha dərindən öyrənməkdədir.

Bəzən gənclər ikinci təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Xarici universitetlərdə biliklərini daha da artıran mütəxəssislər bir çox hallarda həmin ölkələrdə işləməyə üstünlük verirlər. Ümüd isə deyir ki, hərdən bunu həmin ölkələrdəki vəziyyət və təhsilin səviyyəsi ilə əlaqələndirirlər. Lakin bu müqayisə yanlışdır: “Hazırda Almaniyada xarici ölkədən gələn 2,2 milyon tələbə təhsil alır. Əgər onların içərisində ABŞ-dan gələn tələbə varsa, bu o demək deyil ki, ABŞ-da təhsilin səviyyəsi Almaniyadakından zəifdir. Sadəcə, mübadilə proqramları insanların özünəgüvənini, lider kimi formalaşmasını təmin edirmultikultural informasiyaların mənimsənilməsində yardımçı olur. Gənclərin geri qayıtmamasına isə tam neqativ baxılmasının tərəfdarı deyiləm. Əgər bir gəncin xarici ölkədə çalışdığı müəssisədə tərcümeyi-halına azərbaycanlı yazılıbsa, bu, bizim ən böyük uğurumuz sayılmalıdır. Çünki bu gün bütün ölkələr diasporlarını gücləndirmək üçün çalışırlar və istəyirlər ki, Avropanın, dünyanın böyük dövlətlərində, şəhərlərində mütəxəssisləri fəaliyyət göstərsin və oradakı həmvətənləri arasında sıx birlik olsun. Bu gün Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biribudur. Hazırda dünyanın 140-dan artıq ölkəsində fəal çalışan həmvətənlərimiz var. Bunlar böyük uğur sayılmalıdır. Şəxsən özümə gəlincə isə onu deyə bilərəm ki, ömrümün 24 ilini Azərbaycanda böyüdümbu torpaq mənə verdiyi borcu dili olmasa da geri istəyir. Mən isə daha fəal işləməklə, öz sahəmdə peşəkar mütəxəssis olmaqla, bir sözlə, Azərbaycan vətəndaşı adını şərəflə daşımaqla bu borcu qaytara bilərəm”.

Aldığı məvaciblə Almaniyada normal dolanan gənc mütəxəssis bu ölkədəki tibbi sığorta sisteminin insanların həyat tərzinə çox müsbət təsir göstərdiyini deyir. İnsanlar sığortalı olduqları üçün xəstəlik barədə düşünmürlər, xəstəliyi bir problem kimi qəbul etmirlər və bizlər üçün nə qədər qəribə səslənsə də, buna görə az xəstələnirlər. Sığorta şirkətləri insanlara tez-tez bonus proqramlar təklif edirlər. Bu proqrama istənilən müayinə daxildir: diş müalicəsindən tutmuş boy və çəki probleminədək. Bildirilir ki, sən sağlamsan və sənin sağlam olman şirkət üçün daha vacibdir, çünki xəstələnsən, şirkət daha çox pul xərcləməli olacaq. Yəni, profilaktika müalicədən daha üstündür.

Ümüd Səlimzadə işlədiyi müddətdə maraqlı bir hadisənin də şahidi olub. 2013-cü il iyulun 21-də Nabrandakı istirahət mərkəzlərinin birində iki ayağını itirmiş iki yaşlı İmran Cəfərov məhz “Charite” klinikasına göndərilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Berlinə göndərilən İmranın sağalması üçün həkimlər çox çalışıblar: “Cənab Prezident balaca İmranın sağalıb vətənə qayıtması üçün bütün xərcləri üzərinə götürmüşdü. Mən orada çox maraqlı hadısənin şahidi oldum. Həmin zaman bir daha anladım ki, dünyanın istənilən yerində azərbaycanlılar arasında həmrəylik, birlik mövcuddur. İmran klinikada olarkən 800-900 kilometr aralı məsafələrdə yaşayan azərbaycanlılar onu görmək üçün çoxsaylı hədiyyələrlə Berlinə gəlirdilər. Onun otağına daxil olanda ən müasir tələblərə cavab verən uşaq bağçasına daxil olduğumuzu hiss edirdik. Tez-tez İmrana baş çəkib müalicəsi ilə maraqlanırdıq. Çox şükür ki, İmran Almaniyadan Azərbaycana qayıdanda insanların üzü gülürdü”.

Gənc mütəxəssis deyir ki, bu gün xaricdə təhsil alıb ölkəmizdə fəaliyyət göstərən gənc həkimlər insanların inamlarını qazanmaqdadırlar. Hər il demək olar ki, onların sayı artır. Bu isə o deməkdir ki, yaxın zamanlarda ölkə vətəndaşlarının əcnəbi həkimlərə daha çox inam bəsləyib xarici ölkələrə üz tutmasının qarşısı alınacaq. Gələcəkdə Azərbaycanda işləməyi planlaşdıran Ümüd Səlimzadə sonda onu da vurğuladı ki, bir həkim üçün ən böyük xoşbəxtlik ona müraciət edən insanın sağalmasıdır. Onun da istəyi ölkə vətəndaşlarına öz peşəsini sevən bir həkim kimi layiqincə xidmət göstərməkdir.

Uğur olsun, Ümüd...

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 7 aprel.- S.11.