XVIII Avrasiya İqtisadi Zirvə Toplantısının
iştirakçılarına
Hörmətli sammit iştirakçıları!
Sizi səmimi qəlbdən salamlayır və növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.
“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə hər il qardaş Türkiyədə keçirilən bu toplantılar Avrasiya məkanında xalqlar və dövlətlərarası əlaqələrin inkişafına xidmət edir. Şübhə yoxdur ki, informasiya texnologiyaları, telekommunikasiya, maliyyə, enerji, nəqliyyat, logistika və digər sahələrlə bağlı müzakirələrin aparılacağı XVIII sammit də region ölkələri arasında dostluq və əməkdaşlıq mühitinin möhkəmlənməsinə sanballı töhfə verəcəkdir.
Azərbaycan Respublikası bölgənin inkişafına yeni imkanlar açan mütərəqqi ideyaları, innovativ təşəbbüsləri, mühüm enerji və infrastruktur layihələrini dəstəkləməkdə davam edir. Hazırda zəngin karbohidrogen ehtiyatlarımızı müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz kəməri mövcuddur. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş “Şahdəniz”, TANAP və TAP layihələrinin ən iri səhmdarlarından biridir. Ötən il Bakıda “Cənub qaz dəhlizi”nin, təxminən 20 gün əvvəl isə Qarsda Trans-Anadolu qaz boru kəmərinin təməlinin qoyulması ilə “XXI əsrin müqaviləsi” adlandırılan nəhəng transmilli layihənin icrası istiqamətində əməli işlərə başlanmışdır. Bu il Xəzər dənizində Beynəlxalq Dəniz Ticarəti Limanının əsas hissəsinin istifadəyə verilməsi, habelə Asiya ilə Avropanı qovuşduran Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının başa çatdırılması da nəzərdə tutulmuşdur.
Azərbaycan Avrasiya məkanında humanitar əməkdaşlığın dərinləşməsinə çalışan və bu sahəyə böyük həcmdə sərmayə qoyan dövlətlərdən biridir. 2015-ci ilin iyununda biz Bakıda ilk Avropa Oyunlarını, iki il sonra isə İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə təşkil etmək əzmindəyik.
Yaşadığımız qloballaşma dövründə kəskin dəyişən iqtisadi və siyasi şərait qarşıya daim yeni vəzifələr, həlli vacib olan problemlər də çıxarır. Ümid edirəm ki, sammitin iştirakçısı olan dövlət təmsilçiləri, siyasət və elm xadimləri, ictimaiyyət və biznes nümayəndələri gündəlikdə duran və hər birimizi düşündürən aktual məsələlər ətrafında səmərəli müzakirələr aparacaq, regionun tərəqqisinə və qarşılıqlı əlaqələrin genişlənməsinə kömək edən qərarlar qəbul edəcəklər.
Başda
“Mərmərə Qrupu” olmaqla zirvə
görüşünün bütün
iştirakçılarını bir daha təbrik edir və
toplantınızın işinə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel
2015-ci il.
Azərbaycan.-2015.-
8 aprel.- S.1.