Azərbaycan Prezidenti İlham Əliyev İslam
Həmrəyliyi İdman Federasiyası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də
İslam Həmrəyliyi İdman Federasiyasının
prezidenti, Səudiyyə Ərəbistanı
Krallığının gənclər və idman naziri, Milli
Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin
Əbdüləziz Əl Səudun başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
Şahzadə
Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycanda
gedən böyük inkişaf proseslərinin şahidi
olduğunu, ölkəmizdə ən müasir səviyyədə
idman infrastrukturunun yaradıldığını
vurğuladı və əldə olunan nailiyyətlər
münasibətilə dövlətimizin
başçısını təbrik etdi. O, Azərbaycanın
İslam Həmrəyliyi Oyunlarına da tam hazır olduğunu
məmnunluqla qeyd etdi.
Səudiyyə
Ərəbistanına səfərini və Kral Salman bin
Əbdüləziz Əl Səudla görüşünü
məmnunluqla xatırlayan dövlətimizin
başçısı ailəsi ilə birlikdə müqəddəs
Kəbədə dua etmək üçün yaradılan
yüksək şəraitə görə Səudiyyə
Ərəbistanının Kralına minnətdarlığını
ifadə etdi. Məkkədə, Mədinədə və Ciddə
şəhərində İslam Əməkdaşlıq Təşkilatında
olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz
arasında əməkdaşlığın və İslam aləmində
həmrəyliyin daha da möhkəmləndirilməsində bu
səfərin önəmini qeyd etdi. Şahzadə Abdullah bin
Mosaad bin Əbdüləziz Əl Səudun Azərbaycana səfərinə
toxunan dövlətimizin başçısı bu səfərin
ölkələrimiz arasında idman sahəsində əməkdaşlığın
genişləndirilməsi baxımından rolunu
vurğuladı. Prezident İlham Əliyev, eyni zamanda, səfərin
İslam Həmrəyliyi Oyunlarına hazırlıqla
bağlı məsələlərin müzakirəsi
üçün də yaxşı fürsət
yaradacağını dedi.
Azərbaycan.-2015.- 9 aprel.- S.1.