Azərbaycanın İslam dünyasında nüfuzu yüksəlir

 

İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq”.

İlham ƏLİYEV

 

Hər bir xalqı milli-mənəvi və dini dəyərlər qədər birləşdirən ikinci qüvvə yoxdur. Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan etsə də, respublikamızda dinə dövlət qayğısı bu gün də qabarıq hiss olunur. Xalqımızı vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir.

Azərbaycan xalqı dünyada islami dəyərlərə sadiq müsəlman hümməti kimi qəbul olunur. 70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq xalqımızı tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna əsla nail olmayıb. Ölkə Prezidentinin andiçmə mərasimlərində Azərbaycan Respublikası Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi, dini dəyərləri qoruyacağına and içməsi Azərbaycanda vicdan azadlığının ən ali səviyyədə təmin olunduğunu bir daha təsdiqləyir. Xalqımızın islami dəyərlərə bağlılığı dövlət rəmzlərində də özünü bariz təcəssüm etdirir. Respublikamızın üçrəngli bayrağında yaşıl rəngin islamçılıq rəmzi kimi yer alması da xalqımızın yüzilliklər boyu etiqad göstərdiyi dini dəyərlərə həssas münasibətinin ifadəsidir. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

Azərbaycanın islam ölkələri ilə əməkdaşlığı ildən-ilə güclənir. Prezident İlham Əliyevin bu günlərdə Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri də bu baxımdan əlamətdar hadisələrlə yadda qalmışdır. Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı mövcud çoxşaxəli əlaqələr bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı əlaqələrimizin inkişafına təsir göstərən mühüm amillərdən biridir.

Prezident İlham Əliyev rəsmi səfəri çərçivəsində İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudla görüşmüşdür. Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilmiş, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirilmişdir. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyinin və bir-birinə qarşılıqlı dəstək verdiyinin qeyd olunduğu görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı, poladəritmə, enerji sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilmişdir. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. Kral Salman bin Əbdüləziz Əl Səud münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiklərini və Səudiyyə Ərəbistanının bu mövqeyinin heç vaxt dəyişməyəcəyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqeyə və işğalçı ölkə ilə diplomatik əlaqələr qurmadığına, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanı Krallığına minnətdarlığını ifadə etmişdir.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfəri zamanı İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə keçirdiyi görüşdə Azərbaycan ilə İƏT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirilmişdir.

Prezident İlham Əliyev əməkdaşlıq əlaqələrimizin inkişaf dinamikasını belə xarakterizə etmişdir: “Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o bəzən kökləri, ənənələri, dini, bayramları və dəyərləri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik. Bu səbəbdən, müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq tərbiyələndirilməlidirlər. Əlbəttə, Səudiyyə Ərəbistanının bu baxımdan oynadığı rol çox əhəmiyyətlidir. Azərbaycan da öz növbəsində dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq.

İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik, öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq. Hesab edirəm ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş İslam Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq”.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ailə üzvləri ilə birgə İslam dünyasının əsas müqəddəs şəhəri olan Məkkədə Ümrə ziyarətində də olub. Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıb təvaf ediblər və məsciddə namaz qılıblar. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olublar, burada da namaz qılıblar.

Qeyd edək ki, Kəbə evinin qapıları müstəsna hallarda ali qonaqlar üçün açılır. Bu dəfə Kəbənin qapıları Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri üçün açılıb. Bu da Prezident İlham Əliyevin şəxsiyyətinə və fəaliyyətinə İslam dünyasında verilən önəmin ifadəsidir. Bu, həm də Səudiyyə Ərəbistanı Krallığı rəhbərliyinin dövlətimizin başçısına olan böyük hörmətinin və dərin səmimi münasibətinin təzahürüdür. Sonra Səfa və Mərvə təpələri də ziyarət olunub. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni islam dininin ayinlərinə uyğun olaraq yeddi dəfə qət ediblər.

Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Səudiyyə Ərəbistanının iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasındakı nüfuzu, eyni zamanda Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Səudiyyə Ərəbistanı Azərbaycanın Cənubi Qafqazdakı strateji yerinirolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Prezident İlham Əliyevin adıçəkilən ölkəyə rəsmi səfərinin yekunları iki ölkə arasında münasibətlərin intensiv inkişaf etdiyini bir daha təsdiq etdi.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 9 aprel.-  S.2.