Sergey Lavrov: Rusiya Dağlıq Qarabağ
münaqişəsinin nizama
salınmasına şəraitin yaradılması istiqamətində
səylərini davam etdirəcək
“Əlaqədar
tərəflərdən heç biri Qarabağ münaqişəsinin
gərgin fazaya keçməsini istəmir”. Bu sözləri
Rusiya XİN-in başçısı Sergey Lavrov Moskvada Ermənistanın
xarici işlər naziri Edvard Nalbandyan ilə
danışıqlarının yekunlarına əsasən bəyan
edib.
S.Lavrov
deyib: “Biz münaqişənin gərgin fazaya keçməsi
fikrini heç ağlımıza gətirmirik. Bizim
bütün fəaliyyətimiz qarşılıqlı məqbul
həll yolunun mümkün qədər tez tapılmasına
yönəlib”.
Rusiya
naziri bildirib ki, bu məsələ ilə bağlı əlaqələr
müntəzəm davam etdirilir. ATƏT-in Minsk qrupunun həmsədrləri
olan ölkələrin nümayəndələri tez-tez regiona
gedirlər. Həmsədr ölkələrin prezidentləri həll
yollarının axtarışı ilə şəxsən
maraqlanırlar. S.Lavrov deyib: “Bizim Prezident ötən il
xüsusi səylər göstərib. Bunun sayəsində praktiki
planda mümkün addımlar barədə məsləhətləşmələr
davam etdirilir. Bunlar Cənubi Qafqazın hər hansı bir
blokada, sanksiya və məhdudiyyət olmadan əməkdaşlıq
regionuna çevrilməsi üçün heç kəsi
razı salmayan bu münaqişənin aradan
qaldırılması prosesinin həyata keçirilməsinə
imkan verərdi.
Rusiya XİN-in başçısının sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə şəraitin yaradılması istiqamətində səylərini davam etdirəcək, həmin problemin bütün tərəflər üçün məqbul əsasda həllinə şəraitin yaradılmasına bundan sonra da fəal kömək edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2015.- 9 aprel.- S.2.