İslam dünyasının nəbzi
Bakıda vuracaq
Müsəlman
ölkələrinin idmançılarını bir araya gətirən
İslam Həmrəylik Oyunları
iki ildən sonra paytaxtımızda keçiriləcək
Son 12 ildə Azərbaycanda 300-dən çox beynəlxalq səviyyəli idman tədbiri keçirilmişdir. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakıda təşkilinin mütəmadi hal alması, yarışların yüksək səviyyədə keçirilməsi beynəlxalq idman ictimaiyyətinin diqqətini cəlb etmişdir. Ona görə də Avropa Olimpiya Komitələrinin 2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi barədə qərar qəbul etməsi təsadüfi deyildi. Bu qərar Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən tanınmasının əyani göstəricisidir.
2017-ci ildə isə başqa bir mötəbər idman tədbiri - IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda təşkil olunacaq. Müvafiq qərar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 21-25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında səsvermə yolu ilə təsdiq olunmuşdur.
İslam həmrəyliyini möhkəmlətmək məqsədi güdən idman tədbiri
İslam Həmrəyliyi Oyunları qısa müddət ərzində böyük nüfuz və kifayət qədər azarkeş kütləsi qazanmışdır. Oyunlar İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. İslam Həmrəyliyi Oyunlarının təşkilinə və keçirilməsinə 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) nəzarət edir.
Xatırladaq ki, İslam Oyunları həm Olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə keçirilir. Yarışların proqramına atletika, oxatma, üzgüçülük, basketbol, badminton, futbol, gimnastika, karate do, pencak silat, sepak takrav, idman dırmanması, taekvondo, tennis, ənənəvi avarçəkmə, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma və uşu idman növü daxil edilmişdir.
I İslam Oyunları Səudiyyə Ərəbistanında keçirilmişdir. 2005-ci il aprelin 8-20-də Məkkə, Mədinə və Ciddə şəhərlərində təşkil olunmuş yarışlarda Azərbaycan yığması 12 idman növü üzrə 103 idmançı ilə təmsil olunmuşdur. Yarışı 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) başa vuran yığmamız medal qazanan ölkələr arasında 8-ci pillədə qərarlaşmışdır.
II İslam Oyunları 2009-cu ildə İranda keçirilməli idi. Amma İranla ərəb ölkələri arasında yaranmış mübahisə ucbatından İslamiada baş tutmadı. Belə ki, təşkilatçı ölkə Oyunların loqotipinə “Fars körfəzi” ifadəsini çıxarmışdı, ərəblər isə “Ərəb körfəzi” adında israr edirdilər.
III İslam Oyunları 2013-cü ilin 22 sentyabr - 2 oktyabrında İndoneziyanın Palembanq şəhərində təşkil olunmuşdur. Turnirdə Azərbaycanı 9 idman növü üzrə 53 idmançı təmsil etmişdir. Cənubi Sumatra əyalətinin Palembanq şəhəri müsəlman dünyasının ən mötəbər idman tədbirinin şahidi oldu. Oyunların təşkili üçün ayrılmış vaxt az - bir neçə ay olsa da, III İslamiadanın təşkilat komitəsi işinin öhdəsindən layiqincə gəldi və idmançıların öz məharətlərini nümayiş etdirməsi üçün lazımi şərait yaratdı.
Sevindirici haldır ki, III İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları onlara bəslənən ümidləri tamamilə doğrultdular. Təmsilçilərimiz 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutdular. Dövlət başçısı İlham Əliyev İslamiadada qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşündə Oyunların müsəlman aləmində əlamətdar hadisə olduğunu qeyd etmişdir: “Əlbəttə ki, bu, idman yarışıdır və böyük idman yarışıdır, eyni zamanda, bu oyunlar İslam həmrəyliyini gücləndirən bir amildir. Siz Azərbaycanı ləyaqətlə təmsil etmisiniz. Bu qələbə bir daha onu göstərir ki, Azərbaycan idman dövlətidir, idman sürətlə inkişaf edir və qələbələrimizin səbəbləri məhz dövlət siyasətinin güclü olmasındadır. Dövlət siyasəti, idmana rəhbərlik edən qurumların birgə fəaliyyəti - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir məqsədə qulluq edirlər ki, Azərbaycan özünü dünyada, idman aləmində ləyaqətlə təmsil etsin, Azərbaycanda idman inkişaf etsin və uğurlarımızın sayı artsın”.
“Həmrəylik bizim gücümüzdür”
Qeyd olunduğu kimi, Azərbaycan 2017-ci ildə növbəti, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Müvafiq qərar iqtisadi qüdrətini getdikcə artıran Azərbaycanda son illər idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirdi. Ölkəmizin dünya miqyaslı yarışlara ev sahibliyi etməsi və idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar IV İslam Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul olunmasına təsir edən mühüm amillər sırasındadır.
Belə mötəbər yarışın paytaxtımızda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları nümayiş etdirəcək, müsəlman ölkələri arasında idman əlaqələrini genişləndirəcək, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcəkdir. Dövlət başçısı İlham Əliyev Oyunların xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacağını bildirmişdir: “Əminəm ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq Oyunları olacaqdır”.
Srağagün 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi barədə İHİF ilə müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdulla bin Müsaid bin Əbdüləziz Al Səud və Azərbaycan Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə imzalamışlar. Yarışın əsas şüarı isə “Həmrəylik bizim gücümüzdür” seçilmişdir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2015.- 9 aprel.- S.3.