İstanbulda XVIII Avrasiya
İqtisadi Zirvəsi işə
başlayıb
Aprelin
8-də İstanbulda Mərmərə Qrupu Strateji və Sosial
Araşdırmalar Vəqfinin təşkilatçılığı
ilə XVIII Avrasiya İqtisadi Zirvəsi işə
başlayıb.
Tədbirə informasiya dəstəyi verən media sponsorları qrupuna Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) da daxildir.
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi açılış mərasimində əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.
Azərbaycanın geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunduğu XVIII Avrasiya İqtisadi Zirvəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib. Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə dair maraqlı kadrlar da yer alıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Zirvə iştirakçılarına təbrik məktubunu oxuyub.
Təbrik məktubunda ölkəmizin Avrasiya məkanında inkişafın və tərəqqinin
təmin olunmasında, Avropanın enerji təhlükəsizliyində
mühüm rolu
vurğulanıb. Dövlətimizin başçısı bu məsələlərin müzakirə olunduğu Avrasiya İqtisadi Zirvəsinin işinə uğurlar arzulayıb.
Zirvədə
50 ölkədən dövlət və hökumət rəhbərləri,
hökumət üzvləri, digər rəsmi şəxslər,
beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının
nümayəndələri, diplomatlar, deputatlar, keçmiş
dövlət və hökumət başçıları
iştirak edirlər.
İki
gün davam edəcək tədbirin gündəliyinə
“İpək yolu: iqtisadiyyat, enerji və maliyyə”, “Sülhə
gedən yol”, “İnsanlıq hara gedir?” mövzularının
müzakirəsi və digər məsələlər daxildir.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin məruzəsi dinlənilib. Akkan Suver Zirvənin əhəmiyyətindən, iştirakçı tərəflərin inkişaf və tərəqqiyə yüksək əhəmiyyət verməsindən bəhs edib. Azərbaycan Respublikasının həyata keçirdiyi strateji layihələrin önəmini diqqətə çatdıran sədr qeyd edib ki, TANAP və TAP da daxil olmaqla reallığa çevrilən layihələr inkişafa, sülh və əmin-amanlığa, insanların rifahına xidmət edir.
Daha sonra İstanbul valisi Vasip Şahinin, professorlar Erman Tuncerin, Temel Kotilin, Gökhan Murat Kalsının və digərlərinin çıxışları olub. Bildirilib ki, artıq ənənə halı almış Avrasiya İqtisadi Zirvəsində təkcə iqtisadi mövzuların yox, insan haqlarına və demokratik dəyərlərə aid məsələlərin müzakirə olunması beynəlxalq proseslərə kompleks yanaşmanın təzahürüdür. Diqqətə çatdırılıb ki, terrorçuluqla mübarizədə, insanları pis vərdişlərdən çəkindirməkdə yeganə yol inkişaf və tərəqqidir.
Çıxışlarda Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsi və Qərbə nəqli, bu sahədə həyata keçirilən siyasətin və layihələrin beynəlxalq əhəmiyyəti qeyd edilib.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinə üzvlüyünün on ili tamam olan bir qrup şəxsə, o cümlədən Azərbaycanın energetika naziri Natiq Əliyevə qurumun təsisçisi olduğu “Şərəf” medalı təqdim edilib.
Zirvə aprelin 9-da işini davam etdirəcək.
Azərbaycan.-2015.-
9 aprel.- S.4.