Azərbaycan Avropanın enerji xəritəsinin

 müəyyənləşməsində mühüm rol oynayır

 

Son illərdə təbii qazın hasili və ixracı istiqamətində mühüm uğurlara imza atan Azərbaycanın enerji siyasətindən danışarkən müstəqilliyimizin bərpasından sonra bu sahədə cərəyan edən prosesləri xatırlamamaq olmur. Artıq o dövrdə hər kəs birmənalı şəkildə qəbul edirdi ki, yeni texnologiyalar, o cümlədən maliyyə resursları olmadan Xəzərin dərin hissələrindəki karbohidrogen ehtiyatların kəşfiyyatı və işlənməsi qeyri-mümkündür. Müstəqilliyimizin ilk illərində bununla bağlı müxtəlif xarici şirkətlərlə danışıqlar aparıldı, hətta razılaşmalar əldə olundu...

Amma həmin danışıqların, razılaşmaların məzmunu Azərbaycan dövlətinin və onun xalqının maraqlarına uyğun deyildi. Siyasiiqtisadi böhranın hökm sürdüyü o dövrdə bəzi Qərb dairələri və neft şirkətləri hesab edirdilər ki, büdcəsi boş olan və təcili maliyyə yardımına ehtiyacı olan Azərbaycan neft müqaviləsinin imzalanmasını məcburiyyət qarşısında tezləşdirəcək. Lakin xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə hər şey dəyişdi. Azərbaycan nə qədər böhran vəziyyətində olsa da, Heydər Əliyev xalqın milli maraqlarını qorudu, bunu hər şeydən uca tutdu. Heydər Əliyevin bu danışıqların məzmunu ilə tanış olmasından sonra hadisələr tamamilə başqa istiqamətdə inkişaf etdi. Beləliklə, xarici neft şirkətləri ilə əvvəlki danışıqlar dayandırıldı.

Bu addımın nə qədər müdrik və uzaqgörən olduğunu sonrakı hadisələr göstərdi. Çünki bundan bir il sonra xarici şirkətlərlə aparılan neft danışıqları və onun uğurlu nəticələri Heydər Əliyevin müəllifi olduğu yeni neft-qaz strategiyasının Azərbaycan dövlətinin və xalqının milli maraqlarına xidmət etdiyini təsdiqlədi. Azərbaycan xalqı öz təbii sərvətlərinin əsl sahibi kimi çıxış edirdi. Məhz bu strategiyanın uğurla reallaşmasının nəticəsi olaraq dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatında birgə işləməyə cəlb olundular. Ölkəmiz tədricən dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi.

Təbii ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı mühüm rol həm də neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahib olmasından irəli gəlir. Prezident İlham Əliyevin ulu öndərin müəllifi olduğu neft strategiyasını uzaqgörənliklə, qətiyyətlə davam etdirməsinin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi Ərzurum qaz kəmərlərinin çəkilişinin başa çatdırılmasından sonra karbohidrogen ehtiyatların nəqli ilə bağlı bütövlükdə Xəzər hövzəsində tamamilə yeni vəziyyət yarandı. Yəni Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başladı. BTC-nin istifadəyə verilməsi ilə Azərbaycan dost və tərəfdaş ölkələrin, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdi. Bu, Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artıraraq, ölkəmizin həm də etibarlı strateji tərəfdaş kimi statusunu möhkəmləndirdi. Təsadüfi deyil ki, indiyədək keçirilən bütün enerji sammitlərində Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki müstəsna rolu və imkanları dəfələrlə vurğulanıb.

Ötən ilin sentyabrında müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan “Əsrin müqaviləsi”nin imzalanmasının 20 ili tamam oldu. 20 il öncə bəzilərinin perspektivinə inanmadığı bu müqavilə üzrə qarşıya qoyulmuş vəzifələr məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində müvəffəqiyyətlə həyata keçirildi. Ulu öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin əzmkarlığı nətiəcəsində isə Azərbaycanın yeni neft strategiyasının uğurları daha da artdı. Respublikamız beynəlxalq miqyasda, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında söz sahibi olan ölkəyə çevrildi. Ötən 20 ildə qazanılmış nailiyyətlər göstərir ki, yeni neft strategiyasının gerçəkləşməsi həqiqətən Azərbaycan Respublikasının, ölkə iqtisadiyyatının, xüsusilə neft sənayesinin güclənməsinə, öz inkişafının mahiyyətcə yeni mərhələsinə qədəm qoymasına, müasirləşməsinə güclü təkan verib. Neftqaz hasilatı sahəsində tarixdə görünməmiş yüksəliş qeydə alınmaqla yanaşı, əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın sürətlə inkişaf etməkdə olan modern bir ölkəyə çevrilməsini təmin edib. Bu gedişlə və qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrinin cərgəsinə qoşulması reallaşacaqdır.

“Əsrin müqaviləsi”nin 20 illiyi yaddaşlarda yalnız yubiley mərasimi kimi yox, elə “Əsrin müqaviləsi” kimi geniş əks-səda doğuran digər nəhəng transmilli layihənin - “Cənub” qaz dəhlizinin təməlinin qoyulduğu gün kimi də tarixə düşdü. Xatırladaq ki, bundan bir neçə ay əvvəl Bakıda xarici şirkətlərin iştirakı ilə “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarı imzalanmışdı. Bu yataqdan hasil olunacaq qaz məhz “Cənub” qaz dəhlizi vasitəsilə Avropa bazarlarına çıxarılacaqdır.

Xəzər dənizinin Azərbaycana aid hissəsi təkcə neftlə deyil, təbii qazla da zəngindir. İndiyə qədər neft sahəsində bütün iri layihələr icra edildiyi üçün son illərdə Azərbaycan özünün enerji siyasətini daha çox qaz amili üzərində qurur. Bunun nəticəsi olaraq son bir neçə ildə respublikamızda təbii qaz hasilatı əhəmiyyətli dərəcədə artıb. 1999-cu ildə kəşf olunan “Şahdəniz” qaz yatağının kəşfi və buradan hasilatın başlaması isə ölkəmzin enerji təhlükəsizliyinin təmin olunmasında və dünya enerji bazarında böyük hadisəyə çevrildi. Bu yatağın işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstana və Türkiyəyə qaz ixrac edilir.

Bundan başqa, 2010-cu ildə Azərbaycan neftçiləri və mütəxəssisləri tərəfindən aşkarlananÜmid” yatağı ölkəmizin enerji potensialını bir daha dünyaya göstərdi. “Ümid” yatağının kəşf olunması Azərbaycanın dünyada təkcə neft yox, eyni zamanda təbii qazla zəngin olan dövlət imicini də yaratdı. Digər tərəfdən bu yataq ölkəmizi istəməyənlər tərəfindən Azərbaycanın qaz ehtiyatları barədə təhrif olunan informasiyalara son qoydu. Burada kəşf edilən qaz ehtiyatları Azərbaycanın enerji potensialına böyük dəstək verir. Gələcəkdə buradan hasilatın başlaması nəticəsində respubikamızın qaz ixracı daha da artacaq. 2011-ci ilin sonlarına yaxın isə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeronblokunda Fransanın “Total” şirkəti tərəfindən aparılan qazma və kəşfiyyat işləri nəticəsində burada böyük qaz yatağının olduğunun aşkar edilməsi ölkəmizin qaz ehtiyatları barədə bütün bədbin niyyətləri alt-üst etdi.

“Cənub” qaz dəhlizi ilə Azərbaycanın malik olduğu qaz ehtiyatları Avropa İttifaqı ölkələrinə ixrac olunacaq. Bu layihə dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz qaz kəməri, Transanadolu qaz boru kəməri (TANAP) və Transadriatik boru kəməri (TAP). Layihənin hər bir mərhələsi üzrə işlər sürətlə həyata keçirilir. “Şahdəniz” yatağı barədə əvvəldə söz açıldı. Hazırda yatağın işlənməsi üzrə ikinci mərhələdə işlər davam etdirilir. Bu çərçivədə 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emalkompressor qurğularının inşası nəzərdə tutulur.

“Şahdəniz” qazını Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Gürcüstana və Türkiyəyə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amilinə çevrilən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi də “Cənub” dəhlizi layihəsinin əsas tərkib hissəsidir.

Daha sonra TANAP Şahdəniz qazını Türkiyə ərazisi boyunca nəql edəcək. 2012-ci il iyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o dövrdə Baş naziri olan Rəcəb Tayyip Ərdoğan arasında TANAP kəmərinin inşasına dair hökumətlərarası saziş imzalanıb. Bu kəmər Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz Boru Kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

TAP isə qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Uzunluğu 870 kilometr olacaq TAP Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçüngeniş imkanlar açacaq.

Martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Transanadolu qaz boru kəmərinin - TANAP-ın təməlinin qoyulması “Cənub” qaz dəhlizinin reallaşması istiqamətində atılan mühüm addım idi. Təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: “Bizim bu günə qədər Türkiyə və Gürcüstan ilə bərabər təşəbbüs kimi irəli sürdüyümüz bütün layihələr uğurla nəticələndi - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Ərzurum. Bakı-Tbilisi-Qars da uğurla nəticələnir. Ona görə də məndə heç bir şübhə yoxdur ki, “Cənub” qaz dəhlizi və onun önəmli hissəsi olan TANAP da uğurla nəticələnəcək. Bu, şaxələndirmə layihəsidir. Avropaya və Türkiyəyə yeni mənbədən böyük həcmdə əlavə qaz nəql ediləcəkdir. Hazırda Avropa üçün yeganə mövcud olan yeni qaz mənbəyi “Şahdəniz” qazıdır, Azərbaycan qazıdır. Gələcəkdə başqa mənbələr də olacaqdır, amma hazırda budur. Mənbələrin şaxələndirilməsi çox önəmlidir. Yolların şaxələndirilməsi də önəmlidir. Biz hamımız şaxələndirmə haqqında danışırıq, amma ilk növbədə, yeni mənbələrin mövcudluğu önəmlidir. Çünki burada da qeyd edildi, dünyada və xüsusilə də Avropada qaza olan tələbat getdikcə artacaq. Ənənəvi mənbələr də təbii olaraq tükənir. Yeni resurs bazası olmalıdır. Hazırda bu resurs baza Azərbaycandır”.

Ölkəmiz enerji təhlükəsizliyi məsələsində mövcud vəziyyətlə kifayətlənməyərək neft-qaz təchizatı marşurutlarının şaxələndirilməsi ilə bağlı yeni təşəbbüslərlə çıxış edir, səslənən mütərəqqi təklifləri hər zaman dəstəkləyir, xüsusən Avropa İttifaqının enerji təhlükəsizliyinə yeni töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edir. Odur ki, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq hazırda Azərbaycan - Aİ əlaqələrinin əsas tərkib hissələrindən biridir. “Cənub” qaz dəhlizi layihəsi isə uğurlu əməkdaşlığın göstəricisidir. “Cənub” qaz dəhlizi bu gün Avropa məkanında reallaşmaqda olan ən böyük infrastruktur layihəsidir.

Fevral ayında Bakıda keçirilən “Cənub” qaz dəhlizi Məşvərət Şurasının ilk iclasında səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycan Avropa İttifaqının ən etibarlı enerji tərəfdaşıdır. Ölkəmiz bu sahədə həyata keçirdiyi uğurlu və nümunəvi siyasəti ilə dünyada enerji əməkdaşlığına və enerji təhlükəsizliyinin təmininə töhfə verir. “Cənub” qaz dəhlizinin reallaşması yaxın gələcəkdə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək. Qeyd edək ki, Məşvərət Şurasının ilk iclasında bu layihənin həyata keçirilməsi ilə bağlı hazırkı vəziyyət, çağırışlar, qarşıda duran vəzifələr, iştirakçı tərəflərin səylərinin əlaqələndirilməsi kimi məsələlər müzakirə edilib.

Azərbaycandan “Cənub” qaz dəhlizi vasitəsilə nəql ediləcək təbii qaz Avropa bazarlarına və istehlakçılarına yaxın gələcəkdə çatdırılacaq yeni qaz mənbəyidir. Bu gün Avropa İttifaqında istifadə edilən qazın 66 faizi, neftin isə 90 faizi idxal edilir. Gələcəkdə isə idxal edilən qazın həcmi 84 faizə çatacaq. “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Lakin Azərbaycanın digər kəşf edilmiş qaz yataqlarının da olduğunu nəzərə alsaq görərik ki, ölkəmizin qaz ehtiyatları təxminən 2,5 trilyon kubmetr həcmindədir. Bu isə “Cənub” qaz dəhlizinin uğurlu perspektivini göstərməklə onun yüz illərlə işləyəcəyinin davam edəcəyindən xəbər verir. Lakin ən əhəmiyyətlisi odur ki, bundan ilk növbədə Azərbaycan dövləti və xalqımız qazanacaq.

 

Natiq CAVADOV,

“Sənayeavtomatika” İstehsalat Birliyinin baş direktoru, texnika elmləri doktoru,

professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının akademiki

Azərbaycan.-2015.- 9 aprel.-  S.7.