Polkovnikin Qarabağ
xatirələri
Tarixin səhifələri yaddaşlara yazılan hadisələrlə zəngindir. İlk baxışdan adi görünən hər kiçik xatirədə də bir tarix vardır, əgər orada ictimai mahiyyət daşıyan hadisədən söz açılırsa.
“Yazıçı” nəşriyyatında çapdan buraxılan “Tarixi saxtalaşdırmaq cinayətdir” sənədli publisistika janrında qələmə alınmış kitab da bu baxımdan olduqca diqqəti çəkəndir. Ona görə ki, kitabın müəllifi və əsərin qəhrəmanı obrazında təqdim olunan Sabir Məmmədov Qarabağ tarixinə qanla yazılan hadisələrin şahidi olub və onları qələmə alıb.
Adıçəkilən toplu oxucu marağını çəkən sadə, publisistik janrda və rəvan dildə yazılıb. Kitabda, əslində, 1990-cı ildə daxili işlər naziri işləmiş Məhəmməd Əsədovun əmri ilə Xocalı milis bölməsinə ilk rəis təyin edilmiş polis (o zamanlar milis adlanırdı) mayoru Sabir Məmmədovun cəbhə xatirələrindən və çalışdığı müddətdə göstərdiyi şücaətlərdən bəhs edilir.
Erməni vandalizminin qurbanlarından olan xocalılıların 21 nəfər kiçikyaşlı balasının - amansızcasına qətlə yetirilənlərin siyahısı ilə açılan kitabın ön səhifəsində müəllifin özünün doğulduğu Ağdamın Kəngərli kəndinin tarixi, məşhur kəngərlilər nəsli barədə verilən məlumatlar da olduqca diqqətçəkəndir.
Maraqlısı həm də odur ki, müəllif bir-birindən fərqli bir neçə peşə və ixtisas sahibidir: musiqi müəllimi, hüquq-mühafizə orqanlarında çalışmış hüquqşünas, nəhayət, yazıçı-publisist. Kitabın oxunaqlılığı da məhz onun müxtəlif sahələrdə qazandığı təcrübədən bəhrələnərək fikir və mülahizələrini eyni məxrəcə gətirə bilmək bacarığındandır. O, kitabda gah musiqi məktəbində müəllim, gah Xocalıda milis (polis) rəisi, gah da əlində qələm cəbhə xatirələrini yazan döyüşçüdür. Bütün bu xatirələrin hər birindən yalnız onun şəxsi həyatının deyil, Qarabağın, o cümlədən Xocalının və xocalılıların qana boyanmış dünəni boylanır...
1990-cı ildə Özbəkstandan Xocalıya, xocalılıların müdafiəsinə gələn Sabir Məmmədov bilməzdi ki, zaman keçəcək, onun həyat və fəaliyyətindən də söz açılacaq.
Sabir Məmmədovun Qarabağ xatirələrinə həsr etdiyi kitabda vətənpərvərlik, düşmənə qarşı qətiyyətli mübarizə real faktlar əsasında əks etdirilir.
M.NƏRİMANOĞLU,
Azərbaycan.-2015.- 9 aprel.- S.8.