Gəncə Dövlət Tarix-Mədəniyyət
Qoruğu ərazisindəki “İmamzadə”
kompleksində bərpa, abadlıq-quruculuq işlərinin
tamamlanması və yol infrastrukturunun
yenidən qurulması ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması, o cümlədən Zazalı-”İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il Dövlət Büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel 2015-ci il
Azərbaycan.-2015.- 10 aprel.- S.1.