Əli Həsənov: Avrasiya
İqtisadi Zirvə toplantısında
müzakirə
olunan məsələlər
Azərbaycanın milli maraqlarına uyğundur
Xəbər
verdiyimiz kimi, Türkiyənin Mərmərə Qrupu Strateji və
Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı
ilə aprelin 8-9-da İstanbulda XVIII Avrasiya İqtisadi Zirvə
toplantısı keçirilib.
Sammitdə
iştirak edən Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov yerli və xarici jurnalistlərə
müsahibəsində Zirvə toplantısının əhəmiyyəti
barədə mülahizələrini söyləyib. Əli Həsənov
bildirib ki, müasir müstəqil Azərbaycanın təməli
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
yeni neft və regional inkişaf strategiyasını Prezident
İlham Əliyev uğurla davam etdirir və bu siyasət
Avrasiya məkanında nəinki Azərbaycanın, o cümlədən
digər qonşu ölkələrin iqtisadi maraqlarına cavab
verir. Bu gün uğurla fəaliyyət göstərən
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
bəhrələrini həm Azərbaycan xalqı, həm də
regionun digər ölkələrinin xalqları öz həyatlarında
hiss edirlər. Tezliklə istifadəyə verməyə
hazırlaşdığımız Bakı-Tbilisi-Qars dəmir
yolu, eləcə də Azərbaycanın liderliyi ilə həyata
keçirilən “Sahdəniz 2” layihəsi və “Cənub” qaz
dəhlizi üçüncü minillikdə qitənin enerji təhlükəsizliyinin
təminində həlledici amil kimi çıxış edəcək.
Ölkəmizin təşəbbüsü ilə
reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat–kommunikasiya
dəhlizləri bölgə və dünya ölkələrinə
bu sahədə əlavə üstünlüklər
qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı
geosiyasi çəkisini də xüsusi artırır. Bu layihələr
həm də beynəlxalq yük daşınmalarındakı
səmərəliliyin təmin edilməsində mühüm
rol oynayır.
Prezident
Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan
özünün təbii mineral ehtiyatlarından səmərəli
istifadə etməklə həm respublikamızın, həm də
region ölkələrinin inkişafına, xalqların rifah
halının yüksəlməsinə öz mühüm
töhfələrini verir. Bu mənada regional müstəvidə
təşkil olunan bu cür sammit və konfranslarda, digər
beynəlxalq tədbirlərdə xarici mütəxəssislərlə
bizim rəsmilərin fikir və mülahizələrini
bölüşməsinə, təcrübə mübadiləsinə
xüsusi önəm veririk. İstanbulda keçirilən
növbəti Avrasiya İqtisadi Zirvəsində müzakirə
olunan məsələlər də Azərbaycanın həm
milli inkişaf strategiyasını, həm də regional
maraqlarını özündə əks etdirir. Zirvə
toplantısında aparılan müzakirələrdə, o
cümlədən keçirilən ikitərəfli
görüşlərdə biz Azərbaycanın mövqelərini
çatdırmaqla yanaşı, birgə fəaliyyətin bəzi
üstün tərəflərini də gündəmə gətirdik.
Eyni zamanda, biz Azərbaycan torpaqlarının bir hissəsinin təcavüzkar
Ermənistan tərəfindən işğal edilməsi
faktını və xalqımıza qarşı həyata
keçirilən etnik təmizləmə siyasətinin
ağır nəticələrini tədbir
iştirakçılarının diqqətinə
çatdırdıq. Ümumiyyətlə, Zirvə
toplantısında biz Azərbaycanın bütün dövlətlərlə
bərabərhüquqlu, qarşılıqlı faydalı
münasibətlərinin əsas istiqamətlərini təmsil
olunan bütün nümayəndə heyətlərinə
çatdırdıq və onlarla səmərəli müzakirələr
apardıq.
Azərbaycan.-2015.- 10 aprel.- S.4.