Amerika jurnalı Ermənistan ilə
Azərbaycan
arasında
müharibə ehtimalından yazır
ABŞ-da
çıxan “The National Interest” nəşri siyasi şərhçi
Cek Malkeyrin “Qarşıdurma: Ermənistan ilə Azərbaycan
arasında gözlənilən müharibə”
(http://www.nationalinterest.org/feature/face-the-coming-war-between-armenia-azerbaijan-12585)
sərlövhəli məqaləsini dərc edib. Müəllif
məqalədə Azərbaycanın Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edilmiş
Dağlıq Qarabağ regionu ətrafında gərginləşən
vəziyyətdən yazır və Ermənistan ilə Azərbaycan
arasında müharibə ehtimalını təhlil edir.
C.Malkeyr
qeyd edir ki, Azərbaycanın qərb hissəsində yerləşən
Dağlıq Qarabağ regionu fəal hərbi əməliyyatlar
dayandırıldığı andan Ermənistanın nəzarətindədir.
Azərbaycan öz ərazisinin beşdə bir hissəsindən
əl çəkmək niyyətində deyil, buna görə
də öz torpaqları üzərində nəzarəti bərpa
etmək səylərini davam etdirir.
C.Malkeyr
vurğulayır ki, son aylarda münaqişə zonasında
silahlı toqquşmalar tez-tez baş verir. Ermənistan öz
ordusunu silahlandırmaqda Azərbaycan ilə rəqabət
aparmaq iqtidarında deyil. Sonra şərhçi müharibə
başlayacağı halda potensial hərbi əməliyyatların
coğrafiyasını, Azərbaycan ordusunun Xankəndi və Kəlbəcər
istiqamətində irəliləməsi vəzifələrini
təhlil edir.
Müəllif
sonda yazır ki, “hərbi qüdrətin nisbəti və
coğrafi amillər status-kvonun dəyişməsi
baxımından Bakının üstünlüyünü
göstərir” ki, bu da erməniləri müdafiə
mövqeyi tutmağa məcbur edir.
Azərbaycan.-2015.- 10 aprel.- S.5.