Bakıda VIII Beynəlxalq Xəzər neft-qaz,
ticarət-nəqliyyat
konfransı keçirilir
Bakıda
VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat
konfransı işə başlayıb.
Tədbirin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi və Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft Akademiyasının və “Confidence Capital” şirkətinin təşkilati iştirakı ilə keçirilir.
“Confidence Capital” şirkətinin direktoru Andrey Rudenko dünyada neft sahəsinin inkişafında Azərbaycanın rolundan danışaraq xatırladıb ki, neft ilk dəfə sənaye yolu ilə məhz bizim ölkəmizdə hasil olunub. O, konfransın ənənəvi olaraq Azərbaycan xalqının Ümummilli Liderinin doğum gününə həsr olunduğunu qeyd edərək deyib: “Ölkənin neft sahəsinin inkişafında, Azərbaycanın bugünkü neft-qaz kompleksinin yaradılmasında Heydər Əliyevin neft strategiyasının böyük rolu vardır”. Azərbaycanın neft strategiyasının necə bir çətin şəraitdə formalaşdığından söz açan A.Rudenko vurğulayıb: “Azərbaycan Respublikası bu mürəkkəb şəraitdən əzmlə keçib və hazırda dünya bazarının neft və qazla təmin olunmasına böyük töhfə verən ölkədir”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı Malena Mard konfransda çıxış edərək bildirib ki, Aİ istehlak etdiyi neftin 53 faizini idxal edir, Aİ-nin altı üzvünün vahid enerji təchizatçısından güclü asılılığı var. O deyib: “Buna görə də məqsədimiz enerji təchizatı bazarını şaxələndirməkdir”. M.Mard Azərbaycanı Avropa İttifaqının mühüm tərəfdaşlarından biri adlandıraraq bildirib ki, Avropa İttifaqı Azərbaycandan ilk qazı 2020-ci ildə “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində almağa ümid bəsləyir. M.Mard deyib: “Biz Azərbaycan ilə əməkdaşlığı genişləndirməyə ümid bəsləyirik. Biz energetika sahəsində uzunmüddətli əməkdaşlığı inkişaf etdirməyin əsasını qoymuşuq. Bu, ilk növbədə “Cənub” qaz dəhlizinin yaradılması layihəsinə aiddir. Aİ bu layihənin vaxtında həyata keçirilməsi üçün mümkün olan hər şeyi edəcək”.
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsini icra edən Vaqif Qurbanov Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən və həyata keçirilməkdə olan transmilli layihələrdən - Bakı-Tbilisi-Ceyhan, Transanadolu və Transadriatik qaz kəmərlərindən söz açıb. Azərbaycanın bu layihələrin fəal iştirakçısı olduğunu qeyd edən V.Qurbanov həmin layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş və sərmayədar olan ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qabardıb.
SOCAR PGPC-nin marketinq və logistika şöbəsinin rəhbəri Ruslan Lətifov OGPC neft-qaz emalı və neft-kimya kompleksi layihəsindən söz açıb, Qaz emalı, neft emalı və neft-kimya zavodlarını ehtiva edən neft-qaz emalı və neft-kimya kompleksinin yaradılması ilə bağlı işlərin icrasının gedişatı barədə məlumat verib.
Bolqarıstan Enerji Daşıyıcılarının Sənaye İstehlakçıları Federasiyasının İdarə heyətinin üzvü Konstantin Stamenov Bolqarıstanın enerji resurslarına olan tələbatının təmin olunmasında Xəzər regionunun rolundan danışıb. O, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolunu vurğulayaraq bildirib ki, ölkələrimiz arasında neft və qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün intensiv danışıqlar aparılır.
SOCAR, Gürcüstan Neft-Qaz Korporasiyası, “Sberbank Rossii”, “Qazprombank”, Şanxay Əməkdaşlıq Təşkilatı İşgüzar Klubu və regionun neft-qaz sektorunun digər mühüm nümayəndələri konfransda regionda Xəzərin neft-qaz resurslarının tranziti və ixracı məsələlərinə dair qarşılıqlı fəaliyyətin inkişaf perspektivlərini şərh ediblər.
“Xəzər strateji əhəmiyyətli energetika mərkəzidir”, “Xəzər regionunun və Mərkəzi Asiyanın neft emalı və neft-kimya sənayesinin inkişafı. Təchizat sahəsində əməkdaşlıq” konfransın birinci iş gününün əsas müzakirə mövzuları olub.
Konfrans çərçivəsində Bakı Ali Neft Məktəbi və “Confidence Capital” şirkəti arasında ixtisasartırma sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Tədbirdə “Rosneft”, “Qazprom
Neft”, “Lukoil Overseas”, Xəzər Boru Kəməri Konsorsiumu,
“Cross Caspian Oil & Gas Logistics”, “Moboyl”, “Societe Generale”, “Gartona Corporation”, “Georgia Transit”, “PB Tankers”, “Pervaya qruzovaya kompaniya”, “Prime Shipping”, ”Rail Garant
Finance” və bir çox başqa şirkətlərin nümayəndələri
iştirak edirlər.
Sabah işini davam
etdirəcək konfransın
sponsoru “Cross Caspian Oil & Gas Logistics” şirkətidir.
Azərbaycan.-2015.- 10 aprel.- S.7.