Qərb-İran anlaşması və erməni xəyalplovu

 

Ötən həftə “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvüAlmaniya) ilə İran arasında Tehranın nüvə proqramına dair uzun illər davam etmiş danışıqlar, nəhayət, müsbət sonluqla nəticələndi. İsveçrənin Lozanna şəhərində əldə olunmuş çərçivə razılaşması Qərb-İran gərginliyini aradan qaldırmaq, regionda proseslərin təhlükəli məcrada inkişafını əngəlləmək imkanı yaratdı. Yaxın Şərq və bitişik bölgədə - Cənubi Qafqazda əhəmiyyətli çəkiyə malik ölkə kimi İranın beynəlxalq təcriddən çıxması və dünya iqtisadiyyatına qayıdışı, təbii ki, həm beynəlxalq birliyin, həm də region ölkələrinin diqqətini cəlb edir.

Bununla belə, Qərb-İran böhranının birdəfəlik tənzimlənməsindən danışmaq hələ çox tezdir. ÖzüLozanna anlaşması belə bir məqsəd də güdmür. “Altılıq” ölkələrinin İranla dialoqunun məqsədi yalnız və yalnız Tehranı nüvə silahı əldə etmək imkanlarından məhrum etmək idi. Bunun əvəzində İran dinc atomdan istifadə hüququ qazanmaq və əziyyət çəkdiyi beynəlxalq sanksiyalardan qurtulmaq istəyirdi. Tərəflər kompromisə nail olub ilkin sazişə gəldilər. Amma bununla bitmir. “Altılıq” və İran iyul ayının 1-dək yekun saziş imzalamalıdırlar.

Sənədin hazırlanmasının gedişində heçasan olmayan texniki məsələlər həll edilməlidir. İstər ABŞ siyasi dairələrində, istərsə də Vaşinqtonun müttəfiqləri arasında çərçivə razılaşmasına reaksiyalar göstərir ki, elə bu prosesin özü də rəvan getməyəcək və gərgin müzakirələrlə müşayiət olunacaq. Prezident Barak Obama Lozanna anlaşmasını “tarixi sövdələşmə” kimi qiymətləndirir. Onun fikrincə, sazişin reallaşdırılacağı təqdirdə “dünya daha təhlükəsiz” olacaq. Eyni zamanda, Obama vurğulayır ki, “bu saziş etibara yox”, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən “misli görünməmiş nəzarətə əsaslanır”, çünki İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, qarşıdurma davam edəcək və İrana qarşı tətbiq olunmuş sanksiyalar bərpa olunacaq. Elə rəsmi Tehran da qarşılıqlı olaraq xəbərdarlıq edir: “altılıq” yekun sazişin şərtlərini pozsa, İran milli nüvə proqramının buğünkü miqyasına qayıda bilər.

ABŞ liderinin mövqeyini bölüşənlərlə yanaşı, onu rədd edənlər də az deyil. “Quzğunlar” İranı beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edərək bu ölkəyə münasibətdə yalnız güc variantına üstünlük verməyi lazım bilirlər. Konqresin respublikaçı əksəriyyəti çərçivə sazişi ilə bağlı Obamadan hesabat istəyir, atılacaq addımları qanunvericilərlə razılaşdırmağı tələb edir. Onlar ilkin razılaşmanı “pis sövdələşmə” hesab edirİrana qarşı sanksiyaları qaldırmazdan əvvəl Konqresin sazişin bütün detallarını təhlil etməsini zəruri sayirlar. Gözlənildiyinə görə, cari ayın 14-də Senatda Konqresin İranla sövdələşməyə nəzarət imkanını nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılacaq. Sənədin qəbul ediləcəyi təqdirdə sövdələşmənin texniki detallarının müzakirəsi çətinləşə, hətta İranın nüvə proqramına dair danışıqların nəticələri bütövlükdə sual altında qala bilər. Obama isə bu riskləri nəzərə alaraq qanunvericiləri danışıqlar prosesini pozmaqdan çəkindirməyə çağırır. O hesab edir ki, “Konqres ekspert təhlilinə əsaslanmadan və ağlabatan alternativ təqdim etmədən bu sövdələşməni dəfn etsə, diplomatiyanın uğursuzluğunda məhz ABŞ-ı günahlandıracaqlar”. Digər tərəfdən, Lozanna anlaşmasından sonra Amerika ictimaiyyətinin də İrana münasibəti dəyişməyib. Son rəy sorğuları göstərir ki, amerikalıların 63 faizi iranlılara etibar etmir, 62 faizi isə bu məsələdə son sözü Konqresin söyləməsinin tərəfdarıdır. Odur ki, ev siyasi elita və ictimaiyyətlə izahedici aparmağa hazırlaşır. Bu kampaniyada əsas ideya ondan ibarətdir ki, İranla sövdələşmə ideal olmasa da, Yaxın Şərqdə yeni müharibədən daha yaxşıdır.

Eyni zamanda, yekun sazişin imzalanacağı təqdirdə Qərb-İran münasibətlərinin tezliklə normallaşacağı gözlənilmir. Fransanın xarici işlər naziri Loran Fabiusun qeyd etdiyi kimi, İrana qarşı sanksiyaların nə vaxt ləğv edilməsi məsələsi qeyri-müəyyəndir: “Bu məsələyə dair hələlik heç bir sövdələşmə yoxdur. Biz deyirik ki, siz götürdüyünüz öhdəliklərə riayət etsəniz, sanksiyaları yumşaldacağıq. Əgər siz öhdəliklərinizi yerinə yetirməsəniz, biz, təbii ki, əvvəlki vəziyyətə qayıdacağıq”. Lozanna danışıqlarında belə bir razılaşma əldə edilmişdir ki, MAQATE İranın bütün əsas addımları atdığını yəqin etdikdən sonra ABŞ və Avropa İttifaqının nüvə problemi ilə bağlı tətbiq etdiyi sanksiyalar müvəqqəti olaraq qaldırılacaq.

Göründüyü kimi, Qərb-İran münasibətlərinin sahmana salınması üçün xeyli vaxt tələb olunacaq. Bununla belə, regionda gərginliyin azalmasına gətirib çıxaracaq sövdələşmə əvvəl-axır real fakta çevriləcək. Diplomatiyanın uğurundan isə, şübhəsiz, hamı faydalanacaq. İranla əməkdaşlığa can atan Avropa şirkətləri hələ bir müddət tələsməyəcək, cərəyan edən proseslərin gedişini izləyəcək. Region dövlətləri, xüsusilə İranla fəal əməkdaşlıq edən ölkələr, o cümlədən Azərbaycan da İran ətrafında gərginliyin aradan qaldırılmasını alqışlayır. Doğrudur, beynəlxalq sanksiyalar Azərbaycanla İran arasında ikitərəfli əlaqələrə elə bir təsir göstərməmişdir. İki ölkə arasında əməkdaşlıq istiqamətləri sanksiyaların təsiri altına düşmür. Bununla belə, regionda sabitliyin bərqərar olması yalnız qarşılıqlı faydalı əlaqələri irəli apara bilər.

İrana qarşı sanksiyaların ləğvi Rusiyanın da maraqlarına cavab verir. Hər şeydən əvvəl Rusiya bu ölkə ilə energetika sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir. İran tərəfi Rusiyanın köməyi ilə Buşəhr atom elektrik stansiyasının ikinciüçüncü bloklarını inşa etməyi planlaşdırır. Eyni zamanda, Moskva Tehranla kosmik, hərbi-texniki sahələrdə, eləcə də kənd təsərrüfatı, telekommunikasiyalar, maliyyə və maşınqayırma sahələrində əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Digər tərəfdən, Rusiya üçün Azərbaycan və İranın, yaxud Qazaxıstan, Türkmənistan və İranın iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması layihələri maraqlıdır. Təbii ki, bunun üçün İranın beynəlxalq sanksiyalardan xilas olub iqtisadi dirçəlişə nail olması zəruridir.

İranın başqa bir qonşusu - Ermənistan da Lozanna anlaşmasını coşqu ilə qarşılamışdır. İlkin razılaşma imzalanar-imzalanmaz bu ölkənin müxtəlif dairələri Qərb-İran gərginliyinin azalmasından əldə edəcəkləri qazancı hesablamağa başlamışlar. Yeri gəlmişkən, Qərb İrana qarşı beynəlxalq sanksiyalar tətbiq edəndən bəri iki ölkə arasında əlaqələrə heç vaxt mane olmamışdır. Ermənistanın İranla əməkdaşlığı elə də böyük həcmdə deyil. Amma erməni “analitik”ləri, eləcə də hakimiyyət dairələri sanki sanksiyaların ləğvinin ikitərəfli əlaqələrdə inqilab törədəcəyi təsəvvürü yaradırlar. Heç demə, beynəlxalq sanksiyaların aradan qaldırılması və Qərb-İran münasibətlərinin normallaşması nə az, nə çox - Ermənistanı nəinki təbii qaz tranzitçisi, hətta qaz ixracatçısına çevirə bilər. Heç demə, Ermənistan İran və Türkmənistan qazını öz ərazisindən Avropaya nəql edib həm özünün mavi yanacaq ehtiyaclarını ödəyəcək, həm də tranzitdən külli miqdarda gəlir əldə edəcək. Ssenari isə belədir: əlavə investisiyalar qoyulacağı təqdirdə Ermənistan hər il İran və Türkmənistandan öz ərazisi ilə 70 milyard kubmetr təbii qaz alıb Gürcüstan ərazisi və Qara dənizin dibi ilə Avropaya nəql edə bilər. Təchizatçı ölkələr, yəni İran və Türkmənistan nəql olunan qazın 5 faizini əvəzsiz olaraq Ermənistana verməlidir. 70 milyard kubmetrin 5 faizi isə 3,5 milyard kubmetr deməkdir. Ötən il Ermənistan 2,5 milyard kubmetr qaz istehlak etmişdir. Belə çıxır ki, bu ölkə pulsuz qaz alıb öz ehtiyaclarını tamamilə ödəməklə yanaşı, qalan 1 milyard kubmetr qazı da ixrac edə bilər.

Necə deyərlər, nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Amma bu göydəndüşmə layihəni necə reallaşdırmalı? Erməni “analitik”ləri hesab edirlər ki, ilk növbədə beynəlxalq sanksiyalar ləğv edilməlidir. Digər tərəfdən isə, Ermənistan layihəni həyata keçirmək üçün Rusiya ilə razılaşmalıdır. Elə buradaca sual ortaya çıxır: axı necə?

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, sözügedən marşrutla qaz ixracı reallıqdan çox-çox uzaqdır. Birincisi, Avropada maliyyə-iqtisadi böhranın davam etdiyi bir şəraitdə bu “layihə”ni kim maliyyələşdirəcək? İkincisi, Qərblə qarşıdurma vəziyyətində olan Rusiya təbii qaz kimi güclü silahdan imtina edərmi? Üçüncüsü, Qərb Rusiyadan qaz asılılığını azaltmağa çalışdığı bir vaxtda bu asılılığı daha da gücləndirməsi hansı məntiqə sığır? Ən nəhayət, erməni “analitik”ləri unudurlar ki, Lozanna anlaşması Qərb-İran dostluğu mənasına gəlmir. ABŞ hələ də İranı Yaxın Şərqdə sabitliyi pozan ölkə kimi qiymətləndirir. Odur ki, Qərbin İran qazından asılılığa düşmək istəyinə yalnız sadəlövhlər inana bilərlər, çünki bu, yağışdan çıxıb yağmura düşmək deməkdir. Başqa sözlə, erməni dairələri reallığa əsaslanan fikirlər irəli sürmək əvəzinə xalis xəyalplov üzərində işləyirlər.

Avropanın təbii qaz idxalının şaxələndirilməsi strategiyası çoxdan start götürmüşdür. Strategiyanın məğzi Avropa İttifaqının Rusiyadan qaz asılılığını mümkün qədər azaltmaq, yeni idxal mənbələri əldə etməkdir. Bu baxımdan Azərbaycan qazı qitə ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir. “Cənub” qaz dəhlizi çoxdan start götürmüşdür. Hazırda dəhlizin genişləndirilməsi prosesi gedir. Bu dəhliz vasitəsilə Avropaya ikinci kəmər çəkiləcək və beş ildən sonra Azərbaycan qazı qitə istehlakçılarının istifadəsinə veriləcək. Tranzit ölkələr isə Türkiyə və Gürcüstandır. Üç ölkədə qaz tranziti strukturu artıq yaradılmışdır. Avropa İttifaqı gələcəkdə “Cənub” qaz dəhlizi vasitəsilə qaz idxalını artırmaq üçün Türkmənistanı potensial tərəfdaş kimi görür. Hətta gələcəkdə İran qazının Avropaya nəqli məsələsi gündəliyə gəlsə, etibarlı nəql infrastrukturunu bir tərəfə qoyub yeni infrastruktur yaratmaq fikri sərsəmlikdən başqa bir şey olmazdı. Üstəlik, Avropa İttifaqının planlarında İrandan Ermənistana, oradan da GürcüstanQara dənizin dibi ilə təbii qaz idxalı məsələsi yoxdur. Odur ki, Ermənistanın cürbəcür xəyallara düşməkdən başqa çarəsi qalmır.

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2015.- 10 aprel.- S.8.