Akademik Məmmədbağır Əliyev 60 illik yubileyini qeyd edib

 

Aprelin 8-də Rusiya paytaxtındakı “Four Seasons Hotel Moscow” otelində Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini, Elmi-Tədqiqat Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) prezidenti Məmmədbağır Əliyevin anadan olmasının 60 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib.

 

Dünyanın ən məşhur azərbaycanlılarından birini yubiley münasibətilə təbrik etmək üçün onun dostları, həmkarları, doğmaları və yaxınları, Azərbaycanın Rusiya Federasiyasındakı diasporunun üzvləri gəlmişdilər. Azərbaycandan gəlmiş nüfuzlu nümayəndə heyəti də zalda idi. Bu nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və başqaları vardı.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dövlətimizin başçısı İlham Əliyevin təbrik məktubunu və M.Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilməsi barədə Sərəncamını oxudu.

 

Yubilyarın ünvanına Rusiya Prezidenti Vladimir Putinin, RF hökumətinin sədri Dmitri Medvedevin, Dövlət Dumasının sədri Sergey Narışkinin, Moskva meri Sergey Sobyaninin adından təbriklər daxil olub. RF səhiyyə naziri Veronika Skvortsovanın adından M.Əliyevə “Vətən səhiyyəsi qarşısında xidmətlərinə görə” mükafatı təqdim edildi.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu M.Əliyevi təbrik edərək dedi ki, hər bir ölkə, hər bir xalq özünün görkəmli insanları ilə fəxr edir. Məmmədbağır Əliyev də belə insanlardan biridir. İşinin hədsiz çox olmasına baxmayaraq, o həm də öz üzərinə böyük ictimai yük götürüb - Rusiyadakı ən böyük diaspor təşkilatlarından biri olan Ümumrusiya Azərbaycanlılar Konqresinə rəhbərlik edir. O, öz nüfuzu ilə Rusiyada yaşayan bütün azərbaycanlıları dəstəkləyir. P.Bülbüloğlu dedi: “60 yaşmüdriklikkamillik çağıdır. Sizin bu 60 ildə gördüyünüz işlər 100 il üçün kifayət edər. Mən sizə bu qədər yaşamağı arzu edirəm”.

 

N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktoru, akademik Mixail Davudov dedi: “Məmmədbağır Əliyev görkəmli alim, gözəl insan, əla dost, sevən və sevilən ailə başçısıdır”. O qeyd edib ki, Onkoloji Elmi Mərkəzin bəxti gətirib, çünki bu mərkəzdə Məmmədbağır Əliyev kimi mahir mütəxəssis işləyir, öz böyük müəllimi, istedadlı alim, cərrah-onkoloq Nikolay Trapeznikovun işini davam etdirir. M.Davıdov daha sonra dedi: “Məmmədbağır Cavad oğlu kimi insanlar tarixi yazırlar”.

 

Azərbaycan Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev yubilyarı Azərbaycan onkoloqları adından təbrik etdi. Məmmədbağır Əliyevi “səhiyyə sahəsində Azərbaycanın Rusiyadakı səfiri” adlandıran akademik Cəmil Əliyev yubilyara Azərbaycanda təbabətin inkişafını dəstəklədiyinə görə təşəkkürünü bildirib.

 

M.Əliyevin N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində çalışan həmkarları onu görkəmli alim, əsl peşəkar, böyük nüfuz sahibi olan istedadlı klinisist kimi səciyyələndirdilər. Onlar qeyd etdilər ki, M.Əliyev onkoloji ortopediya üzrə Rusiyada, MDB-də və Avropada ən nüfuzlu elmi-praktiki məktəblərdən birini yaradıb.

 

SSRİ-nin və Azərbaycanın Xalq Artisti Tamara Sinyavskaya yubilyarın uzun illər boyu Müslüm Maqomayevlə səmimi dost olduğunu qeyd etdi. T.Sinyavskaya vurğuladı ki, böyük müğənni dünyasını dəyişəndən sonra Məmmədbağır ƏIiyevin ailəsi həmişə onu dəstəkləyib.

 

Gecənin aparıcısı, tanınmış şoumen Valdis Pelş çıxış üçün M.Əliyevin xanımı, ÜAK-ın təhsil və elm komitəsinin sədri Xumar Əliyevaya söz verdi. Xumar xanım qızı Fərəh və nəvələri ilə birlikdə yubilyarı təbrik etdixoş arzularını bildirdi.

 

Yubiley gecəsində çıxış edən M.Əliyev dedi: “Mən əlimdən gələni etmişəm, qoy mənim şagirdlərim daha yaxşı işlər görsünlər!”

 

Yubiley gecəsi konsert proqramı ilə davam etdi. Konsertdə Emin, Aleksandr Rozenbaum, Murad Hüseynov, Xəyyam Mustafazadə, Elmira Kalimullina başqaları çıxış ediblər.

 

 

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2015.- 10 aprel.- S.10.