Məmmədbağır Əliyev: Bu cür dəstək
fəaliyyətimi
davam etdirməyə ruhlandırır
Azərbaycan
Prezidenti İlham Əliyevdən və Rusiya Prezidenti Vladimir
Putindən təbrik almaq təkcə mənim
üçün və ailəm üçün deyil, həm
də Rusiyada yaşayan bütün azərbaycanlılar
üçün böyük şərəfdir. Bu cür dəstək
fəaliyyətimi davam etdirməyə ruhlandırır.
Bu
sözləri Rusiya Elmlər Akademiyasının həqiqi
üzvü, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin
direktor müavini, Elmi-Tədqiqat Uşaq Onkologiya və
Hematologiya İnstitutunun direktoru, Ümumrusiya Azərbaycanlılar
Konqresinin (ÜAK) prezidenti Məmmədbağır Əliyev
AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib.
Görkəmli
alim vurğulayıb ki, yubiley gecəsi “intellektual azərbaycanlılar”ı
Rusiyanın paytaxtında bir yerə toplamaq üçün
daha bir fürsətdir. ÜAK prezidenti deyib: “Bu gün biz
çalışdıq ki, Moskva ictimaiyyəti bir sıra sahələrdə
- biznes, elm, mədəniyyət sahələrində yüksək
nailiyyətlər qazanmış azərbaycanlıları
görsün”.
Akademik
60 yaşının tamam olduğu gündə qeyd edib ki,
yubiley günlərində insan o vaxtadək gördüyü
işlərə yekun vurmalıdır.
M.Əliyev
sonda deyib: “Bu gün mənim həyatımda çox əlamətdar
gündür. 60 yaş dağdan enişin
başlanğıcıdır. Yüksəliş mürəkkəb
və maraqlı olub. Düşünürəm ki, eniş də
səmərəsiz olmayacaq”.
Azərbaycan.-2015.- 10 aprel.- S.10.