Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclası keçirilib
Aprelin
10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.
Azərbaycan Prezidenti İlham
Əliyevin giriş nitqi
- Bu
gün biz birinci rübün sosial-iqtisadi yekunlarını
müzakirə edəcəyik, gələcək planlar
haqqında danışacağıq. Deyə bilərəm
ki, birinci rübün yekunları çox müsbətdir.
Biz keçən ili də uğurla
başa vurmuşduq. Baxmayaraq ki, keçən ilin sonunda
bölgədə artıq böhran başlamışdır,
Azərbaycan iqtisadiyyatın dinamik inkişafını təmin
etmişdir və biz keçən ili də
çox gözəl göstəricilərlə başa vurduq.
Bu ilin birinci rübündə də bu müsbət meyillər
davam edib. Mən
keçən ilin sonunda əmin olduğumu bildirmişdim ki,
2015-ci il də ölkə iqtisadiyyatı
üçün uğurlu il olacaq. Birinci
rübün yekunları bu sözləri təsdiqləyir.
Ümumi daxili məhsul 5 faizdən çox
artmışdır. Bu, çox gözəl
göstəricidir, həm region, həm dünya
üçün. Bu gün dünyada 5,3
faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən
iqtisadiyyatlar çox azdır.
Azərbaycanda dinamik inkişaf təmin edilir və
sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz
artmışdır. Bu da son illər ərzində aparılan
düşünülmüş iqtisadi siyasət nəticəsində
mümkün olmuşdur. Çünki uzun
illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə
siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki,
iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf
etsin, bir sektordan – neft-qaz sektorundan asılı olmasın.
Hətta dünyada neftin qiymətinin kəskin
şəkildə düşməsi bizim ümumi iqtisadi
inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin
unikallığı və bu göstəricilər bizim
seçdiyimiz yolun nə qədər düzgün
olmasını bir daha göstərir.
Qeyri-neft sektoru prioritet olaraq qalacaq. Çünki
bundan sonra Azərbaycan iqtisadiyyatı çoxşaxəli surətdə
inkişaf edəcəkdir. Şadam,
artıq bir müddətdir ki, qeyri-neft sektorumuz ümumi daxili
məhsulumuzun əksər hissəsini təşkil edir.
Əminəm ki, bu faiz nisbəti getdikcə daha da artacaq və
beləliklə, bundan sonra Azərbaycan iqtisadiyyatı neft-qaz
amilindən daha da az asılı olacaq.
Bir daha demək istəyirəm ki, neftin qiymətinin iki dəfədən
çox düşməsi bizim ümumi dinamik inkişafımıza
təsir etməmişdir, qeyri-neft sektoru əsas iqtisadi
yükü öz üzərinə
götürmüşdür. Bundan sonra məhz
qeyri-neft sektorumuzun inkişafı ölkəmizin uğurlu
iqtisadi inkişafını təmin edəcəkdir.
Sevindirici haldır ki, sənaye istehsalı birinci rübdə
artmışdır. Bildiyiniz kimi, son illər ərzində
neftin hasilatının bir qədər düşməsi nəticəsində
biz sənaye istehsalında artımı müşahidə
etmirdik. Bu ilin birinci rübündə sənaye
istehsalı təxminən 4 faiz artmışdır. Bu da görülən işlərin nəticəsidir.
Keçən il Azərbaycanda “Sənaye
ili” elan edilmişdir, bu sahəyə xüsusi diqqət
göstərilmişdir. Ondan əvvəlki illərdə
müasir sənaye komplekslərinin, texnoparkların
yaradılması, kiçik və orta sahibkarlığın
inkişafı sayəsində sənaye potensialımız
böyük dərəcədə güclənmişdir.
Bunun nəticəsidir ki, Azərbaycanda sənaye
istehsalı artır.
Kənd təsərrüfatında da artım var. Kənd
təsərrüfatı 3 faizdən çox
artmışdır. Hesab edirəm ki, bizi gələcəkdə
kənd təsərrüfatının əsas artımı
gözləyir. Çünki hazırda
aparılan islahatlar, işlərin təkmilləşdirilməsi
və düşünülmüş siyasət, əminəm
ki, yaxın illərdə daha da sürətli artıma təkan
verəcəkdir.
İnflyasiya Azərbaycanda çox aşağı səviyyədədir. Keçən il bir faizdən bir qədər çox idi. Bu
il isə 2,8 faizdir. O da çox əlamətdar
hadisədir ki, manatın məzənnəsinə bu ilin
fevralında dəyişikliklər edilmişdir, buna baxmayaraq,
inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak
bazarına nəzarət tam təmin edilir, dövlət və
hökumət bu məsələləri daim diqqət mərkəzində
saxlayır.
İnflyasiyanın aşağı səviyyədə
olması, əlbəttə ki, insanların yaşayış
səviyyəsinə müsbət təsir göstərir. Eyni zamanda, onu
da bilməliyik ki, inflyasiya çox aşağı səviyyədə
olanda iqtisadi inkişafı bir qədər əngəlləyir.
Ona görə burada əlbəttə ki,
düzgün balans seçilməlidir və Azərbaycanda
makroiqtisadi vəziyyət daim diqqət mərkəzindədir.
İnflyasiya həm sosial funksiyalarını
özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin
inkişafını, xüsusilə ixrac
potensialımızın genişləndirilməsini təmin
etməlidir. Hər il olduğu kimi,
bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir.
Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən
iki dəfə inflyasiyadan artıqdır.
Bax, budur bizim əsas iqtisadi göstəricilərimiz. Hesab edirəm
ki, 2015-ci ildə istənilən ölkə üçün,
xüsusilə neft-qaz sektoru inkişaf etmiş ölkələr
üçün bu, həddindən artıq müsbət
göstəricidir, deyə bilərəm ki, bizim böyük
uğurumuzdur. Bu uğurları biz əldə
etmişik, Azərbaycan xalqı əldə edib. Əgər biz vaxtilə ölkəmizin qeyri-neft
sektorunun inkişafına bu qədər böyük diqqət
göstərməsəydik, bəlkə də bu gün bu nəticələr
o qədər də ürəkaçan olmazdı. Əksinə bizi staqnasiya, resessiya gözləyə
bilərdi, necə ki, biz indi dünyada, bölgədə bəzi
yerlərdə bunu müşahidə edirik.
Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri
ondan ibarətdir ki, bu, möhkəm təməl üzərində
qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici
maliyyə resurslarından asılı deyil. Əksinə,
biz indi özümüz donor kimi, həm başqa ölkələrə,
eyni zamanda, beynəlxalq maliyyə qurumlarına maliyyə
resurslarımızı təqdim edirik. Bu
da bizə əlavə mənfəət gətirir. Azərbaycan iqtisadi müstəqilliyini tam şəkildə
əldə etdikdə təbii ki, siyasi müstəqillik daha da
güclənir.
Regionlarda birinci rübdə müsbət meyillər
müşahidə olunub. İş yerlərinin yaradılması prosesi gedir, 30
minə yaxın iş yeri, - onlardan 25 mini daimi iş yeridir, -
açılmışdır. Bu, daimi prosesdir,
çünki dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda
müsbət demoqrafik vəziyyət mövcuddur.
Əhali artır, belə olan halda iş yerlərinin
yaradılması daimi proses olmalıdır. Bizim
iqtisadi potensialımız əhalinin artması ilə
uzlaşmalıdır. Çünki əhalinin
artması çox müsbət prosesdir, bu, ölkəmizi
gücləndirir, eyni zamanda, ölkəmizin sürətli
inkişafını göstərir. Çünki
biz demoqrafik dinamikaya nəzər saldıqda görürük
ki, məhz son illər ərzində əhalimiz kəskin şəkildə
artmağa başlamışdır. İqtisadiyyat da
öz növbəsində bu artım üçün gözəl
imkan yaratmalıdır ki, daim iş yerləri
açılsın və işsizlik aşağı səviyyədə
olsun. Hazırda işsizlik və yoxsulluq ən
aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir.
Sosial məsələlər öz həllini tapır. Bu sahə daim
diqqət mərkəzindədir və bizim
düşünülmüş iqtisadi islahatlarımız
bütün dövrlərdə güclü sosial siyasətlə
də tamamlanırdı. Bu il
bütün sosial öhdəliklər yerinə yetirilir, sosial
infrastrukturun yaradılması üçün əlavə vəsait
ayrılır, məktəblər, uşaq
bağçaları, tibb müəssisələri
tikilir.Hazırda 20-dən çox tibb müəssisəsi
tikilir və təmir edilir, əhalinin diaqnostikası məsələləri
öz həllini tapır, müayinədən keçmə
prosesi uğurla gedir. Keçən il 5
milyon, bu il isə təqribən artıq 4 milyona yaxın Azərbaycan
vətəndaşı müayinədən keçmişdir. Son illərdə bütün bölgələrdə
müasir tibb mərkəzləri yaradılmışdır.
Yəni, indi müayinədən keçmək
üçün Bakıya gəlməyə ehtiyac yoxdur.
Hər bir yerdə müasir tibb ocaqları var
ki, insanlara gözəl xidmət göstərməlidir.
Sosial siyasətimizin digər aspektləri də daim diqqət
mərkəzindədir. Sosial sahə insanların rifah
halını, rahat yaşamasını təmin edən sahədir.
Ona görə Azərbaycan dövləti bu sahəni
daim diqqət mərkəzində saxlayır. Təbii ki, bizim gəlirlərimiz azalıb. Çünki neftin satışından əldə
edilən gəlirlər təbii olaraq azalır. Ancaq əvvəlki illərdə əldə
edilmiş maliyyə resursları, eyni zamanda,
düşünülmüş siyasət, qeyri-neft sektorunun
inkişafı və xarici investisiyaların cəlb edilməsi
bizə imkan verir ki, hətta azalan gəlirlərlə
bütün sosial öhdəlikləri yerinə yetirək və
ölkə üçün vacib olan infrastruktur layihələrini
icra edək.
Bu il də dövlət investisiya proqramı kifayət
qədər genişdir. Bu proqramda əsas
infrastruktur layihələri öz əksini tapıbdır və
bu layihələrin icrası nəticəsində ölkəmizin
inkişafı üçün daha da yaxşı şərait
yaradılacaq, insanların rahatlığı, eyni zamanda,
biznes mühitinin yaxşılaşdırılması
üçün infrastruktur layihələri əlbəttə
ki, önəmli yer tutur.
Bizim islahatlar aparıcı beynəlxalq maliyyə
qurumları tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya
İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə
görə Azərbaycanı 38-ci yerə layiq görübdür.
İldən-ilə bizim yerimiz
yaxşılaşır. Biz daha bir pillə
qalxmışıq və dünya miqyasında rəqabətqabiliyyətliliyə
görə 38-ci yeri tutmaq hesab edirəm ki, gənc dövlət
üçün böyük nailiyyətdir və bu yeri biz
neftə, qaza görə yox, məhz
düşünülmüş islahatlara görə
qazanmışıq. Bizim iqtisadi siyasətimiz
düşünülmüş siyasətdir, milli maraqlar və
daxili resurslar üzərində qurulubdur. Ona
görə Azərbaycanın xarici dövlət borcu çox
aşağı səviyyədədir. Dünya
miqyasında biz bu göstəriciyə görə ən
qabaqcıl yerdəyik. Bu, bizə iqtisadi
müstəqillik verir, eyni zamanda, biz Azərbaycana istənilən
məbləğdə xarici bazarlardan maliyyə resursları da
cəlb edə bilərik. Sadəcə
olaraq, hesab edirəm ki, buna böyük ehtiyac yoxdur. Təbii ki, müəyyən mənada biz bunu edirik.
Amma daha çox öz işlərimizi, ölkədə
görüləsi olan işləri daxili imkanlar hesabına təmin
edirik.
Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə
artır. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli
üzvüdür. Bütün həmkarlarımla
keçirilən görüşlərdə Azərbaycana
böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən
izlənilir və böyük təqdirlə
qarşılanır. Bizim xarici siyasətimiz
çox fəaldır, çevikdir, milli maraqlar üzərində
qurulubdur və milli maraqlar bizim üçün ən prioritet
məsələdir. Yəqin ki, buna görə
Azərbaycan son illər ərzində bütün bölgədə
yaşanan böhranlardan, əgər belə demək
mümkündürsə, itkisiz çıxıbdır və
şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar
atmırıq, düşünülmüş addımlar
atırıq. Əgər o addımlar milli
maraqlara uyğundursa biz bunu edirik, deyilsə biz bunu etmirik.
Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə
məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb
etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ
ilə bağlı prinsipial mövqeyimiz təbii olaraq bizə
böyük hörmət qazandırdı. Bu gün Azərbaycan dünya miqyasında çox
böyük hörmətə, gözəl imicə malik olan
ölkədir. Mən dünya birliyi deyəndə
bütün ölkələri nəzərdə tuturam. Çünki dünya birliyi hansısa bir təşkilat
deyil. Dünya birliyi bütün ölkələrdir.
Bütün ölkələr BMT-də təmsil
olunur və bilirsiniz ki, bizim BMT-dəki mövqelərimiz
çox güclüdür. Əgər belə
olmasaydı, bir neçə il bundan əvvəl
155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına
üzv seçməzdi.
Biz öz
prinsipial beynəlxalq siyasətimizi bu il də
davam etdiririk. Bu ilin əvvəlindən baxmayaraq
ki, cəmi 3 aydan bir qədər çox vaxt keçib, mənim
çoxsaylı səfərlərim bizim beynəlxalq
mövqelərimizi daha da möhkəmləndirib. İlin əvvəlindən mən Türkiyəyə
iki dəfə səfər etmişəm, Almaniyaya,
Bolqarıstana, Vatikana və Səudiyyə Ərəbistanına
səfərlər etmişəm. Yəni,
3 ay ərzində edilən bu səfərlər artıq Azərbaycanın
çoxşaxəli xarici siyasət apardığını
göstərir. Səudiyyə Ərəbistanı
müsəlman aləminin mərkəzidir, bizim müqəddəs
ocaqlarımız bu ölkədə yerləşir, Vatikan isə
xristian aləminin mərkəzidir.
Azərbaycan öz dini, milli, mənəvi dəyərlərinə
sadiq olaraq müasirlik yolu ilə uğurla, inamla gedir. Biz
bütün ölkələrlə bərabərhüquqlu
münasibətləri qarşılıqlı hörmət,
bir-birinin işinə qarışmamaq, dostluq və tərəfdaşlıq
prinsipləri üzərində qurmuşuq və bizə
göstərilən hörmət, əlbəttə ki, bizi
sevindirir. Eyni zamanda, bu, bir daha göstərir
ki, bizim xarici siyasətimiz qüsursuzdur. Mən
bunu açıq bəyan etmək istəyirəm. Biz heç bir ölkə ilə əlaqələrimizi
pozmamışıq. Heç bir ölkə
ilə bizim aramızda heç bir gərginlik yoxdur.
Əksinə, son illər ərzində biz nə qədər
dost qazanmışıq, nə qədər çox ölkələr
bizimlə əməkdaşlıq etmək istəyir. Dövlət, hökumət
başçılarının Azərbaycana səfərləri,
beynəlxalq tədbirlərdə mənim iştirakım bunu
bir daha göstərir. Azərbaycan bu
gün dünya miqyasında öz güclü yerini tutmuş
ölkədir. Ölkəmizin dünya
miqyasında hörməti getdikcə artır.
Eyni zamanda, mən ilin əvvəlində dünyanın
iki aparıcı iqtisadi və siyasi forumlarında iştirak etmişəm
– Davosda və Münxendə. Davos Dünya
İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı.
O da sirr deyil ki, bu tədbirlərə məhdud sayda qonaqlar dəvət
edilir. Bu tədbirlərdə dünyanın həm
üzləşdiyi problemlər açıq və qapalı
şəkildə müzakirə edilir, eyni zamanda, orada imkan
yaradılır ki, hər bir iştirakçı öz
baxışlarını ifadə etsin, öz fikirlərini
bölüşsün. Azərbaycanın
mövqeyi bir çox məsələlərlə
bağlı çox böyük önəm
daşıyır. Təkcə enerji siyasəti
deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik
məsələləri, iqtisadi əməkdaşlıq və
sabitlik. Çünki baxın, indi
dünyanın hər bir yerində qarşıdurma, müharibə,
ziddiyyət, böhran, çevrilişlər və digər
xoşagəlməz hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə
yaxındır ki, hər tərəf yanır. Azərbaycan
sabitlik adasıdır, inkişaf məkanıdır və təbii
ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.
Əlbəttə, antiazərbaycan qüvvələri bizə
qarşı durmadan fəaliyyət göstərir. Bu barədə
mən öz fikirlərimi dəfələrlə bildirmişəm.
Azərbaycanın uğurlu inkişafını
qəbul etməyən, bizim işimizə kölgə salmaq,
bizi ləkələmək istəyən dairələr öz
səylərini davam etdirirlər. Ancaq nə
Azərbaycanda, nə də ölkəmizdən kənarda
onların səyləri heç bir nəticə vermir və
verə bilməz. Ölkəmizdən kənarda
Azərbaycanın nüfuzu, beynəlxalq imici haqqında indi mən
qısa da olsa çox dəqiq dəlillərlə öz
fikirlərimi bildirdim. Ölkə daxilində
də vəziyyət hamının gözü
qabağındadır. Sabitlik, inkişaf, xalqla iqtidar
arasındakı birlik bir daha onu göstərir ki, bizə
qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa
iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri
yoxdur, ola da bilməz. Azərbaycan
inamla inkişaf edir.
Ancaq əlbəttə ki, bu səylər davam edəcək. Çünki
uğurlarımızı həzm edə bilməyən dairələr
əlbəttə ki, bizdən əl çəkməyəcəklər.
Biz isə onlara ən yaxşı cavabı
öz işlərimizlə veririk və onların nə
sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına
heç bir əhəmiyyət vermirik və verməyəcəyik.
Bizim əsas problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, həll
olunmamış qalır. Bu barədə dəfələrlə
öz fikirlərimi bildirmişəm. Bir
daha demək istəyirəm, bunun yeganə səbəbi ondan
ibarətdir ki, Ermənistan sülh istəmir, status-kvonu
saxlamaq istəyir. Baxmayaraq, Minsk qrupuna həmsədrlik
edən dövlətlərin başçıları dəfələrlə
bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymur və bu dövlətlər
bu bəyanatlardan başqa heç bir konkret addımlar da
atmırlar. Ona görə bu bəyanatlar
havada qalır və beləliklə, münaqişə
uzanır, öz həllini tapmır. Keçən
ilin ortalarından həmsədr ölkələrin
başçıları tərəfindən fəallıq
göstərilirdi. Avqust, sentyabr, oktyabr
aylarında Rusiya, Amerika və Fransa rəhbərləri zirvə
görüşləri keçirmişlər ki, biz vəziyyətdən
çıxış yollarını tezliklə tapaq və
münaqişəyə son qoyaq. Azərbaycan
əlbəttə ki, bu fəallığı dəstəkləyir.
Çünki həmişə qeyd etdiyim kimi,
münaqişənin həll edilməsində ən maraqlı
tərəf məhz Azərbaycandır. Ancaq
Ermənistan bu görüşlərdə qeyri-səmimi
mövqe nümayiş etdirir, hər vəchlə
çalışırdı ki, danışıqların
mahiyyəti kənarda qalsın və hansısa etimad tədbirləri
haqqında daha da çox söhbət aparılsın. Biz buna etiraz etmirdik. Etimad tədbirləri
də önəmlidir, ancaq işin mahiyyəti işğala
son qoyulmasıdır. Buna baxmayaraq,Paris
görüşündən sonra biz şifahi olaraq
razılaşdıq ki, hər iki tərəf təmas xəttində
gərginliyi azaltmağa çalışacaq və bəlkə
bu, danışıqlar prosesinə müsbət təsir
göstərə bilər. Ancaq Ermənistanın riyakar siyasəti
bir daha özünü büruzə verdi. İki həftə keçməmiş Ağdam
rayonunda genişmiqyaslı hərbi təlimlərə
başladılar. O təlimlərin bir məqsədi var
idi- Azərbaycanı təxribata çəkmək və
danışıqlar prosesini pozmaq. Biz bu təxribatlara
bir neçə gün dözərək ondan sonra düşmənə
layiqli cavab verdik və beləliklə, onlara öz yerini
göstərdik. Onlar isə bundan istifadə
edərək Azərbaycanı aqressiv davranışda ittiham
etməyə başladılar.
Əlbəttə
ki, heç kim buna, bu tezisə ciddi
yanaşmırdı. Azərbaycan həmişə
çox təmkinli mövqe nümayiş etdirir. Danışıqlarda 20 ildən çox
iştirakımız onu göstərir ki, biz məsələnin
sülh yolu ilə həll olunmasını istəyirik. Məsələnin həll olunmamasını Ermənistan
istəyir. Çünki
torpaqlarımızdan çıxmaq istəmir. Keçən
ilin sonlarından Ermənistan tərəfi daim bizim mövqelərimizə
hücumlar çəkir, bu, bu il də
davam edir. Bu hücumlar nəticəsində
onlarla erməni öz həyatını itirmişdir. Bizdə olan məlumata görə son 3-4 ay ərzində
50-dən çox işğalçı təmas xəttində
məhv edilmişdir. Bunun günahkarı
kriminal Ermənistan rejimidir, onun
başçılarıdır, Ermənistanda hökm sürən
diktatura rejimidir. Bu barədə mən
artıq öz fikirlərimi bildirmişəm. Əgər ölmək istəmirsinizsə, Azərbaycan
torpaqlarından rədd olun.
Azərbaycan öz prinsipial mövqeyindən əl
çəkməyəcək. Biz bu mövqeyi
müdafiə edəcəyik. Ermənistan
isə bu işğalın yüksək qiymətini ödəyir
- həm iqtisadi tənəzzül, həm müstəqillik
qalıqlarının tamamilə itirilməsi, təmas xəttindəki
itkilər, Ermənistan ordusunda artan fərarilik halları.
İndi Azərbaycan tərəfinə keçən
erməni əsgərləri qeyd edirlər ki, Azərbaycan tərəfinə
keçmək istəyənlərin sayı kifayət qədər
çoxdur. Sadəcə olaraq qorxurlar,
çünki orada əmr verilib ki, əgər kimsə Azərbaycan
tərəfinə keçmək istəyərsə, onlar onu
arxadan güllələməlidirlər, öldürməlidirlər.
Yəni, budur reallıq. Bu,
işğalçı dövlətin ödədiyi qiymətdir
və nə qədər ki, Ermənistan-Azərbaycan münaqişəsi
həll olunmayıb onlar bu qiyməti ödəyəcəklər.
Biz Ermənistana qarşı daha da fəal mübarizə
aparmalıyıq, aparırıq, bütün beynəlxalq,
regional layihələrdən onları təcrid etmişik. Onların rəsmi
statistik məlumatlarına görə əhalinin 30 faizi
yoxsulluq, səfalət içində yaşayır. Amma real məlumat 50-60 faizdir. Onların rəsmi
məlumatlarına görə hər il
ölkədən 60-70 min insan həmişəlik
köçür. Amma bizdə olan məlumat onu
göstərir ki, bu rəqəm 100 minə yaxındır.
Yəni, bir neçə ildən sonra artıq
Ermənistan dövlətində, tarixi Azərbaycan
torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi
qalmayacaq.
Mən bunu dəfələrlə demişəm, bizim cəmiyyətimiz,
xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır
ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları
üzərində qurulub. Bu, bizim tarixi dədə-baba
torpaqlarımızdır. Bütün
toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində
çar Rusiyasında tərtib olunan xəritələrə
baxmaq kifayətdir. Orada bir dənə də
erməni toponimi tapmaq mümkün deyil. İndiki
Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan
mənşəli adlar daşıyır. Yəni,
bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o
torpaqlara qayıdacağıq. Başqa
cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir
və biz bu hədəfə çatmaq üçün
çalışırıq, çalışacağıq.
İqtisadi, siyasi, hərbi gücümüz,
demoqrafik vəziyyətimiz bunu deməyə əsas verir.
Maşallah, Azərbaycan əhalisi yaxın zamanlarda artıq 10
milyonu keçəcəkdir və bu, məsələnin həlli
üçün az əhəmiyyət
daşımır.
Bir sözlə, biz ərazi
bütövlüyümüzün bərpası
üçün bundan sonra da fəal səylər göstərəcəyik. Münaqişə
beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. İkili standartlara
son qoyulmalıdır. Ölkəmizin ərazi
bütövlüyü başqa ölkələrin ərazi
bütövlüyündən az əhəmiyyət
daşımır. Əgər Qərb
dünyası postsovet məkanında münaqişələrin
ərazi bütövlüyü çərçivəsində
həll olunmasını tələb edirsə, bizim
münaqişə də öz həllini bu prinsiplər üzərində
tapmalıdır. Amma bizə gəldikdə
görürsünüz ki, münasibət fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır, ədalətsizlikdir.
Hər bir görüşdə, ən yüksək
səviyyədə keçirdiyim görüşlərdə
bu sözləri mən bax dediyim ifadələrlə tərəf-müqabillərimə
çatdırıram. Bu riyakarlığa,
ikili standartlara son qoyulmalıdır. Ermənistan
Azərbaycanın tarixi, qanuni torpaqlarını işğal
edibdir. Ancaq rəsmi bəyanatlara gəldikdə,
çox mücərrəd ifadələr işlədilir.
Biz öz sözümüzü deyirik, deyəcəyik.
Qeyd etdiyim kimi, bizim beynəlxalq nüfuzumuz
artır. Azərbaycanla hesablaşmamaq
artıq mümkün deyil və ölkəmizin
iştirakı, razılığı olmadan bölgədə
heç bir təşəbbüs irəli sürülə və
öz həllini tapa bilməz.
Birinci rübdə enerji sektorunda iki önəmli hadisə baş vermişdir. Fevralın 12-də “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası bizim təşəbbüsümüzlə Bakıda keçirilmişdir. Bildiyiniz kimi, keçən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur və Məşvərət Şurası iclasının keçirilməsi çox önəmli hadisə idi. Bu toplantıda “Cənub” qaz dəhlizinin bizimlə əməkdaşlıq edən bütün mövcud və gələcək üzvləri iştirak edirdi. Mətbuata verilən yekun bəyanat da çox müsbət idi, orada Azərbaycanın liderlik rolu qeyd edilib. Mart ayında Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulmuşdur. Bu hadisə əlbəttə ki, dünya birliyinin diqqətini cəlb etdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsidir. Bildiyiniz kimi, “Cənub” qaz dəhlizi 4 hissədən ibarətdir, TANAP onun önəmli hissəsidir. Azərbaycan TANAP layihəsinin icrasında əsas, yəni, səhmdar kimi fəaliyyət göstərir. Artıq işlər başlayır və hesab edirəm ki, Azərbaycan qazı -“Şahdəniz-2”dən çıxarılacaq qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaqdır. TAP layihəsi də icra edilməlidir. Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan qaldırılacaq və Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr və Avropa İttifaqı bu məsələləri özləri həll edəcəkdir. Hər halda Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək.
“Cənub” qaz dəhlizi tamamilə yeni enerji xəritəsini
ortaya qoyur və Azərbaycanın rolu getdikcə artır.
Bildiyiniz kimi, Avropa İttifaqı indi enerji ittifaqı
haqqında bəzi təkliflər irəli sürübdür
və Azərbaycan Avropa Komissiyasının sənədlərində
artıq önəmli tərəfdaş kimi göstərilir.
Biz əlbəttə ki, bütün bu işləri izləyirik.
Biz bilirik ki, Azərbaycanın rolu nə qədər əhəmiyyətlidir.
Biz bilirik ki, Azərbaycan qazı hazırda Avropa məkanı
üçün yeganə yeni mənbədir. Biz öz
işimizi görürük və gördüyümüz
işlər nəticə verir. Biz 2012-ci ildə Prezident
Ərdoğanla İstanbulda TANAP layihəsini imzaladıq və
2015-ci ildə TANAP layihəsinin təməl daşını
qoyduq. Görün, qısa müddət ərzində nə qədər
iş görülmüşdür. Bundan əvvəl TAP layihəsi
seçilmişdir, “Şahdəniz-2” layihəsinə start
verilmişdir və Azərbaycanı Gürcüstanla birləşdirən
Cənubi Qafqaz kəməri də artıq inşa edilir. Bax,
bizim işimiz bunlardan ibarətdir, boşboğazlıq yox,
konkret, nəticəyə hesablanmış işlər. Biz
heç vaxt populist vədlər verməmişik, konkret nəyi
demişiksə onu da etmişik. Ona görə birinci rübdə
ümumi iqtisadi inkişafla əlaqədar dediyim bax bu sözlər
bizim uğurlu siyasətimizi bir daha göstərir. Eyni zamanda, birinci rübdə enerji siyasətimizi
bundan sonra uğurla aparmaq üçün çox önəmli
addımlar atılmışdır. Əminəm ki, nəzərdə
tutulan bütün vəzifələr ilin sonuna qədər
icra ediləcək, dinamik inkişaf təmin olunacaq,
iqtisadiyyat, qeyri-neft sektorumuz artacaq və Azərbaycan 2015-ci
ildə daha da böyük zirvələrə
çatacaqdır.
Azərbaycan.-2015.- 11 aprel.- S.1;3.