Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib
Sonra vergilər naziri Fazil
MƏMMƏDOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş sosial-iqtisadi inkişaf kursunun, möhtərəm cənab Prezident, Sizin tərəfinizdən inamla davam etdirilməsi ilə 2015-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunmuş, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilmişdir.
Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Məhz bunun nəticəsidir ki, son illərdə ölkədə iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur.
Fazil Məmmədov ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verdi.
X X X
İclasda
çıxış edən nəqliyyat naziri Ziya
MƏMMƏDOV dedi:
-Möhtərəm cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
Respublikamızın milli nəqliyyat sektorunda müasir infrastrukturun yaradılması, daşımalarda yeni texnologiyaların tətbiqi, nəqliyyatın dayanıqlılığının təmin olunması istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər hesabat dövründə də məqsədyönlü surətdə davam etdirilmişdir.
Zati-aliləri, Sizin diqqət və dəstəyiniz sayəsində nəqliyyat sektoru sürətlə inkişaf edərək ölkəmizin tərəqqisinə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən mühüm fəaliyyət sahəsinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin şəxsi iradəsi ilə reallaşan və aktuallığı ilə bu gün də Azərbaycanın və bir çox ölkələrin nəqliyyat siyasətinin əsas xəttini təşkil edən Böyük İpək Yolu strategiyası Sizin, cənab Prezident, təşəbbüsünüzlə icra olunan regional əhəmiyyətli layihələr sayəsində yeni mərhələyə keçid almışdır.
Göstərilən layihələr sırasında Avrasiya nəqliyyat şəbəkəsində yeni və daha səmərəli bağlantıları təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən magistral avtomobil yollarının və dəmir yolu infrastrukturunun yenidən qurulması layihələri xüsusi çəkiyə malikdir.
Zati-aliləri! İcazə verin, ali diqqətinizə məruzə edim ki, 2015-ci ilin birinci rübü ərzində nəqliyyat-yol kompleksi üzrə 34 milyon ton yük və 372 milyon nəfər sərnişin daşınmışdır. Limanlarda 2,8 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmişdir. Bu dövrdə investisiya qoyuluşlarının həcmi 210 milyon manat təşkil etmişdir.
2015-ci ilin birinci rübündə dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramının icrası üzrə Bakı–Gürcüstan sərhədi istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji sisteminin dəyişən cərəyana keçidi, rabitə qurğularının yeniləşdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri davam etdirilmişdir. Hesabat dövründə 29 kilometr, ümumilikdə Proqram üzrə 390 kilometr yeni yol salınmışdır.
Bakı-Tbilisi-Qars layihəsi üzrə Axalkələk-Türkiyə sərhədi sahəsində 29 kilometr yeni yolun tikintisi və 154 kilometr yolun rekonstruksiya işləri başa çatdırılmış, ötən ilin dekabrında sınaq qatarı xəttə buraxılmışdır. Gürcüstan və Türkiyə dəmir yollarını birləşdirəcək 4,4 kilometrlik tuneldə qazma işləri bu ayın sonunda tamamlanacaq. Layihənin tam başa çatdırılması isə 2015-ci ildə nəzərdə tutulur. Qeyd etmək istərdim ki, bütövlükdə tikinti sahəsində bu günə qədər tam infrastrukturu ilə birlikdə 183 kilometr yeni yol salınmış, 15 körpü, 23 yol keçidi, 300-dən artıq su ötürücüsü və digər süni qurğular, 5 stansiya inşa edilmişdir.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istismara verildikdən sonra, limanın birinci mərhələsini əhatə edən işlərin icrası davam etdirilmişdir. Bərə terminalı vasitəsilə bütövlükdə 1,2 milyon ton, o cümlədən cari ilin birinci rübü ərzində 492 min ton yük aşırılmışdır. Eyni zamanda, dəniz nəqliyyatında Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yeniləşdirilməsi məqsədilə ötən il 1 tanker, 2 quru yük gəmisi, 1 yedək gəmisi, 1 üzən tərsanə alınmışdır və bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək. Bakı gəmiqayırma zavodunda sifariş verilmiş 3 kiçik sərnişin-yük gəmisindən ikisi 2015-ci ildə istismara qəbul ediləcək. Zığ gəmi təmiri zavodunda aparılan yenidənqurma işləri cari ildə başa çatdırılacaq.
Hava nəqliyyatı sahəsində Bakıda yeni aerovağzal kompleksi istismara verildikdən sonra bütün beynəlxalq uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun bu terminalından həyata keçirilir. Ümumilikdə “Azərbaycan Hava Yolları” QSC-nin marşrut şəbəkəsində reyslər üzrə istiqamətlərin sayı 33-ə çatdırılmışdır. Hazırda yeni alınmış “Boeing-787” tipli hava gəmilərinin uzaq məsafəli marşrutlarda istismarına başlanılmışdır və mümkün yeni marşrutlar öyrənilir.
Avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilmiş, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulmuşdur. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.
İctimai nəqliyyatda avtobus parkının yenilənməsi davam etdirilmiş, bu müddətdə paytaxta orta və iri tutumlu daha 65 müasir avtobus gətirilmişdir. Yaxın günlərdə 300 ədəd “İVECO” markalı yeni avtobus da Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılacaq.
Avtomobil yolları sektorunda da iri həcmli layihələrin icrası davam etdirilmişdir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2015-ci ilin birinci rübü ərzində 8,4 kilometr respublika əhəmiyyətli, 13,2 kilometr yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulmuş, avtomobil yolları üzərində 3 körpü tikilmişdir. Proqrama uyğun olaraq 10 iqtisadi rayondan səkkizində ümumilikdə 975 kilometr, o cümlədən 250 kilometr respublika əhəmiyyətli, 725 kilometr yerli əhəmiyyətli yollar əsaslı təmir olunmuş, avtomobil yolları üzərində 35 körpü və 1 piyada keçidi tikilmişdir.
Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad–Yardımlı, İsmayıllı–Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilmişdir.
Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının I texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilmiş və cari ildə başa çatdırılacaq.
Bakı şəhərində aparılan işlərə kompleks yanaşmanın zəruriliyi və ardıcıllığın təmin olunması, əsas və yardımçı yollarda rahat və maneəsiz bağlantıların yaradılması, işlərin vaxtında, keyfiyyətlə və yüksək dizayn tərtibatı ilə icrası barədə Sizin, cənab Prezident, tapşırıq və tövsiyələrinizə uyğun olaraq, yol qovşaqlarının, körpülərin və piyada keçidlərinin inşası davam etdirilmişdir.
Bakı–Ələt yolunun 4-6-cı kilometrlik hissəsinin və Zığ dairəsi-Hövsan–Türkan avtomobil yolunun 2 kilometrlik hissəsinin yenidən qurulması, Yeni dənizkənarı bulvar yolunun tikintisi və piyada keçidlərinin inşası layihələri cari ilin may ayının sonunadək başa çatdırılacaqdır. Bilgəh–Pirşağı–Novxanı–Sumqayıt yeni avtomobil yolunun tikintisi layihə üzrə davam etdirilmişdir.
Qeyd etmək istərdim ki, son illər ərzində Bakı şəhərində istismara verilmiş yol infrastrukturu obyektlərinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkəti asanlaşmış, təhlükəsizlik normalarının qorunmasına şərait yaradılmışdır. Xüsusən də Sizin, cənab Prezident, birbaşa dəstəyiniz sayəsində Ziya Bünyadov prospektinin yenidən qurularaq istismara verilməsi şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığının azalmasına, nəqliyyatın hərəkətinin təşkilində yaranmış problemlərin həllinə böyük təsir göstərmişdir.
Bundan əlavə, Bakı şəhərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunan ərazilərdə nəqliyyat axınının nizamlanması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən müxtəlif küçə kəsişmələrində yerləşən siqnal kontrollerlərinə yeni vaxt planları tətbiq edilmişdir. Nəticədə küçə və prospektlərdə sürət artımında əhəmiyyətli dəyişikliklər baş vermişdir. Müqayisə üçün qeyd etmək istərdim ki, 2012-ci ilə nisbətən 2014-cü ildə avtomobillərin orta hərəkət sürəti paytaxtın mərkəzi küçə və prospektlərində (Neftçilər, Azadlıq, Bülbül, Tbilisi, Bakıxanov, Zərifə Əliyeva və digər) orta hesabla 8-10 kilometr/saata qədər yüksəlmişdir.
Ziya Məmmədov nəqliyyat-yol kompleksində hüquqi bazanın təkmilləşdirilməsindən, elektron xidmət sahəsində yeniliklərdən danışdı. Nazir, birinci Avropa Oyunlarına hazırlıqla bağlı paytaxtın yol-nəqliyyat infrastrukturunda aparılan genişmiqyaslı işlər barədə məlumat verərək dedi:
- Möhtərəm cənab Prezident! Ali diqqətinizə məruzə edirəm ki, ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən qarşımızda qoyulmuş vəzifələrin icrası üçün zəruri tədbirlər görülmüşdür.
İdman obyektlərini əlaqələndirən əsas marşrut kimi müəyyən edilmiş Ziya Bünyadov prospektində yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda prospektin və Bakı Dairəvi-1 yolunun İntellektual Nəqliyyat Sisteminə qoşulması işləri aparılır. Milli Gimnastika Arenasının, Bakı Kristal Zalın, Veloparkın, Tofiq Bəhramov adına Respublika Stadionunun, Beynəlxalq Yayım Mərkəzi kimi istifadə olunacaq “Bakı Ekspo” Mərkəzinin giriş-çıxış yolları da hazır vəziyyətə gətirilmişdir.
Məşəl Proqramına müvafiq olaraq Suraxanı rayonunda Səttar Bəhlulzadə və Atamoğlan Rzayev küçələrinin təmiri bu ayın 15-dək başa çatdırılacaq. Həmçinin Bakı Atıcılıq Mərkəzindən Bakı Dairəvi-1 yoluna birbaşa çıxışı təmin edən 1 kilometrlik yeni yolun və yol üzərində ikicərgəli hərəkət hissəsi olan 445 metr uzunluğunda dayaqlar üzərində körpünün tikintisi may ayında yekunlaşacaqdır. Bakı Olimpiya Stadionunda ictimai nəqliyyat terminalının, Atletlər Kəndinin yaxınlığında avtobus meydançasının, Media Kəndində nəqliyyat terminalının, o cümlədən Avropa oyunları parkının və digər yarış və mühüm qeyri-yarış obyektlərinin giriş-çıxış yollarında işlər tamamlanmaq üzrədir. Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi Olimpiya Stadionu ərazisində və Böyükşor dairəsində yeni yolun, körpünün, piyada keçidlərinin tikintisi və Heydər Əliyev prospektində təmir işləri yaxın müddətdə başa çatdırılacaqdır. Əsas Marşrut Şəbəkəsinin (47 km) Oyunlara aid yol nişanları və Oyunların loqosu əks olunan zolaqlar ilə təmin edilməsi istiqamətində hazırlıq görülür və bu ay işlərə başlanılacaqdır.
Oyunlar zamanı nəqliyyat əməliyyatları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən idarə olunacaq. Bu məqsədlə aidiyyəti dövlət orqanlarının və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət İdarəetmə və Nəzarət qərargahı yaradılır.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə müvafiq olaraq 800 avtobus sürücüsü, 1200 taksi və minik avtomobili sürücüsü, depo və dispetçer işləri üçün 315 nəfərlik heyət hazırlanaraq, nəzəri treninqlərə cəlb edilmişlər. Sürücülər üçün vahid geyim forması sifariş verilmişdir. Qonaqlara nəqliyyat xidmətlərinin təşkili məqsədilə 650 ədəd yeni taksi və minik avtomobilləri alınmışdır. Tamaşaçıların və digər müştəri qruplarının daşınması məqsədilə ekspress avtobus marşrutları müəyyən edilmişdir.
Həmçinin oyunların keçiriləcəyi Mingəçevir şəhərində nəqliyyatın üzərinə düşən öhdəliklərlə əlaqədar müvafiq tədbirlər müəyyən edilmiş və icrası vaxtında təmin olunacaqdır.
Möhtərəm cənab Prezident! İcazə verin, nəqliyyat sektoruna göstərdiyiniz daimi diqqət və qayğıya görə Zati-alilərinizə dərin minnətdarlığımızı bildirim və Sizi əmin edim ki, tapşırıq və tövsiyələriniz bundan sonra da böyük məsuliyyət hissi ilə icra ediləcəkdir.
Diqqətinizə görə minnətdaram!
X X X
Daha sonra mədəniyyət
və turizm naziri Əbülfəs QARAYEV
çıxış edərək dedi:
-Hörmətli cənab Prezident!
Sizin tərəfinizdən müəyyən edilən etibarlı sabitlik və dinamik inkişaf strategiyası indi bütün dünyada müasir dövlət quruculuğunun yeni Azərbaycan modeli kimi qəbul olunur. İnkişafımızın bu mərhələsi, başqa sözlə, əldə olunmuş yekunlar bir daha sübut edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik, həmişəyaşar ideyalarına və müasir strateji məqsədlərə əsaslanan inkişaf yolu ən doğru yoldur.
Bu gün respublikamızda həyatın ahəngi olduqca dinamik və sürətlidir. Hətta o qədər sürətlidir ki, onunla ayaqlaşmaq üçün bəzən mövcud qanunvericilik bazasına yenidən baxmaq, işimizi tənzimləyən bir çox mühüm sənədləri daim təkmilləşdirmək, strateji konsepsiyalar qəbul etmək zərurəti yaranır. Bu baxımdan Sizin tərəfinizdən irəli sürülən gələcəyimizin konturlarını müəyyənləşdirən, ən mühüm vəzifələri əks etdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası fəaliyyətimizin başlıca məqsədini təşkil edir. Eyni zamanda Sizin Fərmanınızla təsdiq edilən “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu”, tapşırığınızla hazırlanmış yeni “Mədəniyyət konsepsiyası” da bu sahədə çalışan 70 minə yaxın insanın fəaliyyətini tənzimləyir.
Məlumat üçün bildirirəm ki, nazirliyin fəaliyyət dairəsinə aid əsas istiqamətlər üzrə Dövlət proqramlarından ikisi – “kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə” və “2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət proqramları artıq yekunlaşmış, "Azərbaycan kinosu 2008-2018-ci illərdə", “Azərbaycan teatrı 2009-2019-cu illərdə”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə” Dövlət proqramları icra edilməkdədir. Vəzifələrin kompleks şəkildə yerinə yetirilməsinin və məqsədyönlü idarəetmənin səmərəliliyi nəzərə alınaraq uşaq incəsənət və rəssamlıq məktəblərinin inkişafı, Dövlət rəsm qalereyaları, qeyri-maddi mədəni irsin qorunması, Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliği, nəşriyyat-poliqrafiya sahəsinin və kitab sənətinin inkişafı ilə əlaqədar beş istiqamət üzrə Dövlət proqramlarının layihələri hazırlanmışdır və indi həmin sənədlər razılaşdırma mərhələsindədir.
Respublikamızda aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün siyasi, iqtisadi və mədəni istiqamətlərdəki fəaliyyət tempi və nailiyyətləri ilə Azərbaycan sərhədləri aşaraq regionun liderinə, qitənin inkişaf edən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Azərbaycan mədəniyyəti, milli varlığımız dünyanın mədəniyyət və mənəviyyat məkanında layiqli yer almışdır. Ölkəmiz tərəfindən təklif olunan unikal mənəvi sərvətlər dünya ictimaiyyətinin böyük marağına səbəb olur. Fikrimi bir misalla izah etmək istərdim. Uzun illərdir cəmiyyətimiz tərəfindən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın həm beynəlxalq miqyasda, həm də ölkə daxilində mədəni-intellektual sferadakı yeni məzmuna malik fəaliyyəti müşahidə və təqdir olunmaqdadır. Məhz onun təşkilatçılığı və iştirakı ilə reallaşan layihələr sayəsində milli, tarixi-mədəni irsin əhəmiyyətli hissəsinin Azərbaycana məxsusluğu dünya ictimaiyyəti tərəfindən təsdiqlənmişdir. İçərişəhərin, Qobustan tarix-mədəniyyət qoruğunun, xalça, saz, tar və muğam sənətlərinin, Novruz bayramının, Çövkən Qarabağ atüstü oyununun ardınca bu yaxınlarda Azərbaycan kəlağayısı da UNESCO-nun Mədəni irs siyahısına xalqımızın mədəni sərvəti kimi daxil edilmişdir.
Azərbaycan musiqisinin şedevrləri – Üzeyir Hacıbəylinin məşhur musiqili komediyaları, “Leyli və Məcnun”, “Koroğlu”, “Yeddi gözəl”, “1001 gecə”, “Məhəbbət əfsanəsi”, “Eşq və ölüm”, “Qobustan kölgələri”, “İntizar”, muğamat, tar ifaçılığı, saz musiqisi uzun illərdən sonra ən cəlbedici şəkildə dünya səhnəsinə qayıtmış, ölkəmizin yaradıcı kollektivləri dünyanın ən şöhrətli festivallarında təmsil olunmuş, yüksək mükafatlara layiq görülmüşlər. Bir çox pyeslər ingilis, rus, habelə türkdilli xalqların dillərinə tərcümə olunaraq xaricə ölkə teatrlarında oynanılır. Heydər Əliyev Fondunun təşkilatçılığı və nazirliyin iştirakı ilə Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Caz Festivalı, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalı, Rostropoviç Beynəlxalq Festivalının keçirilməsi ənənəyə çevrilmişdir.
İdman Filmləri Festivalı, Turizm Filmləri
Festivalı keçirilmişdir. Yalnız bir faktı – il ərzində Azərbaycan filmlərinin
dünyada təşkil olunan 52 beynəlxalq festivalda iştirakını
göstərmək kifayətdir ki, uğurlu yekunların
miqyası təsəvvür olunsun. Bu gün Azərbaycan
beynəlxalq kitab və beynəlxalq turizm sərgilərinin
keçirilməsi sahəsində iştirakçı ölkədən
təşkilatçı ölkəyə
çevrilmişdir. Bir neçə gün öncə
keçirilən və Sizin də təşrif buyurduğunuz
Beynəlxalq Turizm Sərgisində 42 ölkədən 370
şirkət iştirak etmişdir. Yaxud
hazırlıq işləri aparılan IV Bakı Beynəlxalq
Kitab Sərgisində artıq 150-yə yaxın xarici və
yerli nəşriyyat-poliqrafiya müəssisəsi
iştiraklarını təsdiqləyiblər.
Xüsusilə də son vaxtlar Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə
dünyanın aparıcı dövlətlərində ölkəmizin
təqdimatlarının keçirilməsi ənənəsi
ictimaiyyətin diqqət mərkəzindədir. Heydər
Əliyev Fondunun müəllifi və icraçısı
olduğu mədəniyyət proqramları bütün
dünyada, eləcə də hər bir vətəndaşımızın
düşüncəsində yeni Azərbaycanın real
obrazının, müasir imicin formalaşmasına əhəmiyyətli
təsir göstərir.
Hörmətli
cənab Prezident!
Azərbaycan Respublikasının mərhələlərlə
həyata keçirilən sosial-iqtisadi inkişaf
proqramlarına uyğun olaraq ölkəmizin paytaxtı
Bakı şəhərinin, eləcə də
regionlarımızın siması sürətlə dəyişməkdədir. Yeniləşmə
yalnız zahiri xarakter daşımır, o, müasir
dövrün proseslərinə uyğun məzmuna malikdir.
Bu o deməkdir ki, respublika üzrə mədəniyyət
və turizm şəbəkəsinə müasir yanaşma həyat
zərurətidir. Əhalinin maddi, sosial
durumu yaxşılaşdıqca, mənəvi tələbatı
da yüksəlir. Rayon və şəhərlərimizdə
mövcud maddi-texniki baza – kitabxanalar, klublar, mədəniyyət
evləri, muzeylər, musiqi və incəsənət məktəbləri
davamlı olaraq yenidən qurulur, daha müasir obyektlərin
inşası aparılır.
Məhz
maddi-texniki bazanın müasir tələblər səviyyəsində
yenidən qurulması fonunda ölkədə fəaliyyət
göstərən 25 dövlət teatrının və digər
teatr kollektivlərinin, 219 muzeyin, 35 rəsm qalereyasının,
3161 kitabxana-informasiya sahəsinin, 100-dən çox yüksək
təmirli mədəniyyət saraylarının, bölgələrdə
yaradılan, hər biri geniş istirahət parkına malik olan
Heydər Əliyev adına mərkəzlərin qaynar həyatı
müşahidə olunur. Regionlarımızın
simvoluna çevrilən Heydər Əliyev mərkəzləri
çağdaş və qlobal informasiya texnologiyaları,
kitabxana, konfrans salonu, təlim kursları olan müasir mədəniyyət
müəssisələri kimi əhalinin geniş təbəqələrinə
xidmət göstərir. Biz bu yüksək
şəraitli mərkəzlərin imkanlarından da geniş
istifadə etməliyik.
Eyni zamanda, dövlətin mədəniyyət və
turizm siyasətinin effektiv icrasının təmin olunması,
mövcud nöqsanların aradan qaldırılması
üçün regionlarda mədəniyyət müəssisələri
ilə əlaqədar islahatların daha keyfiyyətlə və
sürətlə həyata keçirilməsi diqqət mərkəzindədir. Bu ilk növbədə yerlərdə
müasir dövrün tələbləri ilə
uyğunlaşmayan köhnə iş üsullarının,
qeyri-işlək strukturların, vahidlərin, ümumən,
şəbəkə sisteminin
optimallaşdırılmasını nəzərdə tutur. Şübhəsiz ki, bu prosesin yekunu olaraq göstərilən
xidmətlərin səviyyəsi müasir tələbata
uyğun olaraq əhəmiyyətli dərəcədə
yüksələcəkdir.
Hesabat dövründə regionların mədəniyyət
mühitini yeni ideyalarla canlandırmaq üçün xalq
yaradıcılığı festivalları keçirilmiş,
bir çox şəhərlər müxtəlif xarakterik
meyarlara görə mədəniyyət paytaxtları
seçilmişlər. 2010-cu ildən etibarən Gəncə, Şabran, Gədəbəy,
Xaçmaz, Qəbələ Əfsanələr Paytaxtı,
Qazax, Lənkəran, Masallı, Zaqatala, Balakən Folklor
Paytaxtı, Şəki, İsmayıllı, Quba, Göygöl,
Abşeron müvafiq olaraq Sənətkarlıq Paytaxtı
olmuşdur. 2015-ci ildə Şamaxı Ədəbiyyat
Paytaxtı, Qax isə Milli Mətbəx Paytaxtı elan
edilmişdir. Bu da təbii olaraq regionlarda
yalnız konkret məkana məxsus mədəniyyət dəyərlərinin
qorunması və inkişafına yeni şərait yaradır.
Önəmli cəhətlərdən biri də
budur ki, Bakı şəhərində “Bölgələrdən
paytaxta” adlı layihəyə start verilmişdir. İndiyə qədər Masallı, Qəbələ
və Quba rayonunun mədəniyyət kollektivlərinin
proqramları Bakının ən nüfuzlu tamaşa
salonlarında göstərilmiş, böyük marağa səbəb
olmuşdur. Yeri gəlmişkən,
hörmətli Prezidentimizin tapşırıqlarına
uyğun olaraq regionlara məqsədyönlü diqqətin
artırılması üçün bir sıra görkəmli
sənətkarların təntənəli yubiley tədbirləri
onların anadan olduqları rayonlarda keçirilmişdir.
Hörmətli
cənab Prezident!
Şübhəsiz ki, Azərbaycanda mədəniyyət
şəbəkəsinin fəaliyyətinin müasir tələblər
səviyyəsində qurulması yüksək ixtisaslı
kadrlar olmadan mümkün deyildir. Belə bir mərhələdə
Sizin müvafiq sərəncamlarınızla bütün təhsil
pillələrini özündə ehtiva edən Azərbaycan
Xoreoqrafiya Akademiyasının, Azərbaycan Turizm və Menecment
Universitetinin yaradılması mühüm əhəmiyyət
kəsb edir. Tam əminliklə bildirirəm ki,
uzaqgörənliklə qəbul edilmiş bu qərarlar mədəniyyət
və turizm sahəsinin bilikli, yeni
dünyagörüşlü kadrlarla təmin olunmasında
müstəsna rol oynayacaqdır. Buna
görə Sizə öz dərin təşəkkürümüzü
bildiririk.
Xalqımızın milli mədəni dəyərlərinin
qorunması, təbliği, gələcək nəsillərə
çatdırılması daim diqqət mərkəzindədir. Bu sahədə Dövlət
Proqramının icrasına uyğun olaraq 18 dekabr 2014-cü il tarixində imzaladığınız Fərmanla
nazirliyin yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət
Xidmətinin yaradılması əhəmiyyətli
addımlardan biridir. Bu, bizə imkan yaradır ki,
milli-tarixi, mədəni irsimiz ciddi nəzarət altında
olsun, gələcək nəsillərə bütün məzmunu
ilə çatdırılsın. Eyni
zamanda, düşünürük ki, tarix və mədəniyyət
abidələrinin etibarlı qorunma mühitinin təminatı
üçün qanunvericilikdə məsuliyyəti
artıracaq qaydaları sərtləşdirməyə zərurət
vardır.
Hörmətli
cənab Prezident!
Sizin regionların, ümumən Azərbaycanın
iqtisadi-sosial inkişafı ilə bağlı
imzaladığınız elə bir rəhbər sənəd
yoxdur ki, orada milli turizm sənayesinin yüksəlişinə
yol açan müddəalar yer almasın. Siz
böyük turizm obyektlərinin, mehmanxanaların, digər
infrastruktur vahidlərinin açılışlarında,
turizm sərgilərində şəxsən iştirak edir,
müvafiq tapşırıqlar verir, hər bir işimizə dəstək
olursunuz. Ötən il ölkəmizə
2 milyon 300 minə yaxın turist gəlmişdir. Sadə
hesablamaya görə, ötən il ərzində
turizm xidmətlərindən ölkəmizin maliyyə
dövriyyəsinə ən azı 1 milyard manat həcmində
vəsaitlər daxil olmuşdur. Hazırda Sizin
tapşırıqlarınıza əsasən turistlər
üçün viza rejiminin sadələşdirilməsi, yeni
turist qarşılama yerlərinin yaradılması, ilboyu
turizmin təşkili, Azərbaycanın turizm
potensialının dünyanın ən məşhur televiziya
kanallarında tanıdılması istiqamətində fəaliyyətimiz
davam etdirilir. Ölkədə daxili turizmin
inkişafı da yeni mərhələ
qarşısındadır. Cənab Prezident, Sizin
tapşırığınızla 9-11-ci siniflərdə təhsil
alan şagirdlərin ölkə üzrə
turist səfərlərini təşkil etdik. Layihə
“Ölkəmizi tanıyaq” adlanırdı. Marşrutlara 4 mindən çox yeniyetmə
qatıldı. İnanıram ki, “Ölkəmizi
tanıyaq” marşrutu gələcək illərdə daha
geniş miqyas alacaq. Azərbaycanı yeni nəsillərə
sevdirmək, tanıtmaq, onları milli tarixi kökə, zəngin
təbiətə bağlamaq mənəvi intellektual
formalaşmanın əyani vasitəsidir.
Son illərdə ölkəmizin regionlarına gələn həm yerli, həm də xarici turistlərin sayının artmasının əsas səbəblərindən biri orada infrastrukturun təkmilləşdirilməsidir. Sizin müvafiq tapşırığınıza əsasən yeni yollar çəkilmiş, mövcud yollar bərpa edilmişdir. Birbaşa nəzarətinizlə həyata keçirilən infrastruktur layihələrinin reallaşması nəticəsində bölgələrdə müasir kurort və yerləşdirmə obyektləri yaradılmışdır. Ölkəmizdə turizm infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi, yeni məhsulun yaradılması turizmin perspektiv inkişafına imkan verir. Azərbaycanda ən mükəmməl turizm layihələrindən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün layiqli nümunədir. Bu örnək özəl sektor tərəfindən Qəbələdə analoji “Tufandağ” turizm mərkəzinin yaradılmasına təkan vermişdir. Layihələrin həyata keçirilməsi müvafiq bölgələrdə iş yerlərin artırılmasına səbəb olmuşdur. Tapşırığınıza əsasən və daimi nəzarətiniz altında yaradılan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yalnız ilkin mərhələsinin istifadəyə verilməsinə baxmayaraq, vətəndaşların və xarici turistlərin regiona axını müşahidə edilir. İstirahətə və idmanla təmasda olmağa gələnlərin sayı il ərzində yüz minlərlə ölçülür.
Bu yüksək kürsüdən Sizi əmin edirəm ki, “Şahdağ” kompleksində quruculuq və inşaat işləri tapşırdığınız qaydada tam həcmdə başa çatdıqdan sonra müəssisə gəlirlə çalışacaqdır.
Sizin məqsədyönlü siyasətiniz nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmiş və bu siyasətin nəticəsi olaraq xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsinə və inkişafına töhfə vermişdir. Sizin 2010-cu ildə BMT Baş Assambleyasında elan etdiyiniz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün Bakı prosesi çərçivəsində həyata keçirilən qlobal layihədir. Cari il may ayının 18-19-da Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu gün dünya xalqlarının Forumun ideyaları ətrafında birləşməyə çağırışı Azərbaycana məxsus olmaqla bərabər, dünyanın UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu təşkilatları bu tədbirin həmtəşkilatçısı qismində çıxış edirlər. Bu o deməkdir ki, dünyada gedən proseslərə Sizin, beləliklə, Azərbaycanın təşəbbüsü beynəlmiləl status qazanmağa nail olmuşdur.
Əbülfəs Qarayev əmin
etdi ki, Mədəniyyət və Turizm Nazirliyi birinci Avropa
Oyunlarına gələn hər kəsə
xalqımızın ən gözəl mənəvi cəhətləri,
qonaqpərvərliyi, mədəni dəyərləri və
tarixi ilə yaxından tanış olmaları
üçün hər cür şərait yaradacaq.
Azərbaycan.-2015.- 11 aprel.- S.2-3.