Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində

 ən mükəmməl örnək kimi qəbul olunur

 

Mübariz QURBANLI: “Ölkəmiz islam dünyasında böyük nüfuz,

 güclü rəğbət ehtiram sahibidir

 

Gərgin geosiyasi məkanda, müxtəlif sivilaziyaların toqquşduğu bölgədə, dini zəminli toqquşmaların sərhədində yerləşən ölkəmiz bütün bu təhdidlərin qarşısında nəinki duruş gətirir, hətta bu sahələr üzrə öz inkişafının mükəmməl nümunəsini formalaşdırır. Bu gün Azərbaycan dini tolerantlığın ən uğurlu modelini yaradıb, ərazisində fərqli mədəniyyət və sivilizasiyaların harmoniyasına nail olub. Təsadüfi deyil ki, başqa bölgələrdə bir-birləri ilə qanlı ziddiyyətlər aparan dini konfessiyalar məhz respublikamızda qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərir və qanunun tələblərindən kənara çıxmırlar.

Azərbaycanın bu sabit mənzərəsini qəbul etməyən, məlum dini münaqişələri ölkəmizə də transfer etməyə çalışan qüvvələr varonlar respublikada dini durumu süni vasitələrlə gərginləşdirməyə cəhdlər edirlər. Son dövrlərdə radikal dini cərəyanların ölkə ərazisində fəallığını artırmağa çalışmaları da təsadüfi sayıla bilməz.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı ilə söhbətimizdə bu problemlərə, həmçinin dövlət-din münasibətlərinin həssas məqamlarına aydınlıq gətirdik.

 

Dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir

 

- Mübariz müəllim, dünyəvi dövlət olan Azərbaycanda həmçinin mükəmməl dövlət-din münasibətləri də formalaşıb. Hazırda bu münasibətlər hansı məcrada cərəyan edir?

- Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atmışdır. Ölkəmizin din sahəsindəki hazırkı durumu sabit qiymətləndirilir. Dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulub, qarşılıqlı əlaqələr qanun çərçivəsində inkişaf etdirilir, maarifləndirmə işi geniş miqyasda aparılır, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri davam etdirilir. Bundan başqa, dövlət dini icmalara göstərdiyi qayğını gündən-günə artırmaqdadır. Böyük tarixə malik məbədlərin təmir və bərpası davam etdirilir, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır. Ölkə rəhbərliyinin din sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, ölkədəki tolerantlıq mühiti qorunub saxlanılır. Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur.

Bu, bir həqiqətdir ki, Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi hər sahədə olduğu kimi, dinlə də bağlı siyasətin lap başdan sağlam, düzgün istiqamətdə qurulmasıdır. Məlumdur ki, hələ müstəqilliyinin ilk illərində Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətlərlə zənginliyi, bir çox ölkələrin maraqlarının bölgədə toqquşması dini fəaliyyət sahəsində cərəyan edən hadisələrə təsirsiz ötüşmürdübu da yeni problemlər yaradırdı. Belə olan halda problemlərin çözümü yalnız dinlə bağlı daha həssas, qətiyyətli, həm də balanslaşdırılmış siyasətin həyata keçirilməsindən asılı idi ki, bu da məzh ulu öndər Heydər Əliyevin sayəsində mümkünləşdi.

Ulu öndərin ölkə rəhbərliyinə qayıdışı dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Çox keçmədi ki, bu sahədə həyata keçiriləcək siyasətin mahiyyəti xalqa açıqlandı, din sahəsinə qayğı, dini abidələrin bərpası, milli-mənəvi dəyərlərin qorunması və təbliği dövlətin din siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Onun həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Respublikası dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Əsas məqsəd isə dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirmək idi.

Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul model kimi qəbul olunur və bəyənilir. Cənab Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Bu istiqamətdə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Bütün bunlar ölkəmizdə dinə dövlət qayğısının bariz nümunəsi, ümumiyyətlə, dövlət-din münasibətlərinin ən yüksək məcrada davam etməsinin təzahürüdür.

 

Azərbaycanda radikal dini qruplara qarşı 3 istiqamətdə mübarizə aparılır

 

- Son 8 aydır paytaxtdan ucqar bölgələrə qədər müxtəlif dini icmaların və konfessiyaların təmsilçiləri ilə mütəmadi görüşlər keçirirsiniz. Bu görüşlərin, söhbətlərin ümumi məntiqi nəticəsi varmı? Onların dövlətdən və rəhbərlik etdiyiniz komitədən konkret istəkləri nədir və sizin onlardan gözləntiləriniz hansıdır?

- Cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir. Bizöz növbəmizdə mütəmadi belə görüşlər keçiririk. Bu görüşlərin əhəmiyyətini çox müsbət dəyərləndirirəm. Bölgələrdə olmaq, dini mühitlə yerində tanışlıq bir sıra məsələləri daha obyektiv dəyərləndirmək imkanı verməklə yanaşı, vətəndaşların qarşılaşdıqları problemlərin həllini daha çevik həll etmək potensialı yaradır. Bəzən elə olur ki, vətəndaşlar Bakıya gəlib öz problemlərini deməkdə çətinlik çəkirlər, belə olan halda daha rahat ünsiyyət yaranır.

Qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini kitabların və ləvazimatların satışı üçün mağazalara lisenziya verilməsi və digər məsələlərlə bağlı müraciət edirlər. Elə müraciətlər olur ki, onları yerindəcə həll edirik, bəziləri isə əlavə araşdırmaya ehtiyac olduğundan qeydiyyata götürülüb öyrənilir. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olur, belə müraciətləri baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırırıq.

Bizim vətəndaşlarla təkcə qəbullarımız deyil, ictimaiyyət ilə ümumi görüşlərimiz də keçirilir. Burada əsasən dini icmaların üzvləri, ağsaqqallar və gənclər iştirak edirlər. Ümumi qənaət budur ki, vətəndaşlarımız dövlətin həyata keçirdiyi din siyasətini alqışlayır, sabit dini mühitdən, dini konfessiyalar arasındakı münasibətlərdən razılıqlarını ifadə edirlər. Görüşdüyümüz insanlar milli-mənəvi və ənənəvi dini dəyərlərimizə zərər vurmaq istəyən radikal qrupların fəaliyyətini qınayır, onlarla mübarizədə dövlətin yanında olduqlarını bildirirlər. Elə bizim dini icmalardan gözləntilərimiz də budur.

Hesab edirəm ki, hər bir dini icma üzvü şəri ehkamlara həssaslıqla riayət etdikləri kimi, bu sahə ilə bağlı qanunvericiliyin müddəalarını, öz hüquqlarını və vəzifələrini də çox yaxşı bilməlidirlər. Onlar fəaliyyətlərində aktiv olmalı, dini qurumun kənar təsir altına düşməsinə və yad ünsürlərin dini qurumun fəaliyyət göstərdiyi ibadət yerinə müdaxiləsinə yol verməməlidirlər. Ümumiyyətlə, cəmiyyətin mənəvi baxımdan sağlamlığına xidmət etməli, saf dini dəyərləri yaşatmalı, xurafat, dini dözümsüzlük və ayrı-seçkilik halları ilə mübarizə aparmalıdırlar.

- Xarici ölkələrdə dini zəmində baş verən hadisələr milli təhlükəsizlik məsələlərini bir daha gündəmə gətirir. Bu gün ölkəmizdə bu sahədə vəziyyət nə yerdədir? Xüsusən dindən siyasi məqsədlər naminə istifadə etmək istəyən radikal qruplara qarşı mübarizədə hansı nəticələr var?

- Belə qruplar dindən sadəcə, alət kimi istifadə edirlər, öz mövcudluqlarını, guya ki, müəyyən nüfuza malik olduqlarını göstərmək istəyir, ona görə də insanlar arasında münasibətlərin kəskinləşməsində, ictimai asayişin pozulmasında maraqlı olurlar ki, məkrli planlarını həyata keçirsinlər. Yəni, bu, bir növ taktiki gedişdir. Onların bütün bu gedişlərindən xəbərimiz varmüvafiq olaraq həmin radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması, aradan qaldırılması üçün çox böyük işlər aparılıb. Artıq bu yöndə Azərbaycanın hüquq-mühafizə orqanlarının, eləcə də ideoloji qurumların apardığı işlər öz mühüm nəticələrini verir. Biz ölkəmizdə həmin qrupları tam aradan qaldırana qədər bu işləri davam etdirəcəyik.

Ümumiyyətlə, Azərbaycanda radikal dini qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib. Bunlardan birincisi qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır. Bura Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi (MTN), prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar radikallaşmış dini qruplar tərəfindən qanun pozuntusuna yol verildiyi təqdirdə onların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atırlar. Dövlət komitəsi də əlaqələndirilmiş şəkildə həmin tədbirlərdə iştirak edir.

İkinci istiqamət iqtisadi sahə ilə bağlıdır. Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. Təbii ki, bu, yolverilməzdir. Ona görə də onların məkrli məqsədlərini reallaşdırmaq üçün qeyri-sağlam iqtisadi yollarla əldə etdikləri gəlirlərin qarşısı alınır və bundan sonra da alınacaq. Bu istiqamətdə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi və digər dövlət qurumları müvafiq işlər aparırlar ki, kimlərsə qeyri-qanuni yolla Azərbaycana vəsait gətirərək onları burada konstitusion sistemin əleyhinə yönəldə bilməsin. Bu cür vəsaitlərin Azərbaycana qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən qurumlar tərəfindən gətirilməsinin qarşısının alınması üçün də artıq qanunvericilikdə müvafiq dəyişikliklər edilib.

Üçüncü istiqamət ideoloji-təbliğatdır və bu yolla radikalların ideya bazasının çökdürülməsidir. İdeoloji-təbliğat yolu əsl ənənəvi, islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Biz bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstəririk. Radikal diniekstremist qruplara qarşı aparılan təşviqat fəaliyyətində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, Yeni Azərbaycan Partiyası və QHT-lər yaxından iştirak edirlər. Bu kütləvi informasiya vasitələri, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirilir. Topladığımız təcrübə əsasında maarifləndirmə işlərini daha yüksək səviyyəyə qaldırmağı planlaşdırırıq.

 

Ölkəmizdə islamşünaslıq elmi inkişaf dövrünü yaşayır

 

- Narahatlıq doğuran məsələlərdən birixarici ölkələrdə dini təhsil alanların yad təsirlərə məruz qalmasıdır. Hazırda xaricdə dini təhsil məsələsi və oradan qayıdanların buradakı fəaliyyəti necə tənzimlənir?

- Bəli, bu, narahatlıq doğuran məsələlərdən biridir. Belə ki, bəzən gənclərin dini bilməməsindən istifadə edən müəyyən qüvvələr onları yanlış istiqamətlərə yönləndirməyi bacarıb dini təhsil adı ilə xaricə göndərməkdə maraqlı olurlar. Həmin gənclərin qayıtdıqdan sonra təhsil aldıqları ölkələrin dini ideologiyasını Azərbaycanda yaymaları bir çox halda zərərli meyillərin əmələ gəlməsinə şərait yaradır.

Ciddi narahatlığa səbəb olan faktlardan biriqeyri-qanuni yolla dini təhsil almaq məqsədi ilə xaricə getmiş gənclərin necə təhsil almasına, hansı təbliğatın təsiri altına düşməsinə, ümumiyyətlə, həmin ölkələrdə nə ilə məşğul olmalarına  nəzarətin mümkünsüzlüyüdür. Müxtəlif vasitələrlə xarıcdə dini təhsilə cəlb olunmuş belə gənclərin hətta illər boyu ailələriylə və bütövlükdə Azərbaycanla əlaqələri kəsilir. Ona görə də bu məsələlər təkcə dövlət qurumlarını deyil, valideynləri də düşündürməlidir.

Əslində, bu gün dini təhsili yüksək səviyyədə elə Azərbaycanda da alıb savadlı ilahiyyatçı kimi formalaşmaq mümkündür. Ona görə də Azərbaycanda dini tədrisin perspektivləri qiymətləndirilməlidir. Hazırda Azərbaycanda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, Bakı İslam Universiteti mövcuddur. Bu tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, dini dərslərlə yanaşı, dünyəvi elmlərin də tədrisinə, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanmasına, tədrisin hər hansı məzhəblilik deyil, ümumi saf dini prinsiplər əsasında təşkil olunmasına, xurafatçılığa yol verilməməsinə, tələbələrə vətənpərvərlik ruhunun aşılanmasına və s. amillərə böyük diqqət yetirilir. Bütün bunlar deməyə əsas verir ki, hazırda Azərbaycan Respublikasında islamşünaslıq elmi inkişaf dövrünü yaşayır. Hesab edirəm ki, dini təhsil sahəsində dövrün tələblərinə uyğun islahatların aparılması, təhsilin keyfiyyətinin artırılması ilə bağlı görülən tədbirlər savadlı milli kadrların hazırlanmasında və dövlət-din münasibətlərinin tənzimlənməsi işində müsbət nəticələr verəcəyinə şübhə yaratmır.

Dövlət komitəsi ölkədə dini təhsilin səviyyəsinin daha da yüksəldilməsinə və ixtisaslı kadrların hazırlanması işinə diqqəti artırmış, eləcə də gənclərin bu məqsədlə qeyri-qanuni yollarla xarici ölkələrə getmələrinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirmiş, indi də keçirməkdədir. Nəticədə xarici ölkələrdə qeyri-qanuni yolla dini təhsil alanların sayı xeyli azalmış, əvəzində gənclər arasında yerli dini tədris müəssisələrinə rəğbət hissi artmışdır.

- Komitəyə rəhbər təyin ediləndən sonra başladığınız islahatların mühüm istiqaməti dini maarifləndirmənin keyfiyyətinin artırılması ilə bağlı oldu. İndiyədək bununla bağlı çoxsaylı tədbirlər, layihələr həyata keçirmisiniz. İlkin nəticələrdən razısınızmı?

- Əslində, maarifçilik işi elə bir məsələdir ki, qısa müddətdə onun nəticələrini ölçmək bir qədər çətindir. Əsas olan metodologiyanın düzgün, dayanıqlı və əhatəli seçilməsidir ki, effektivlik təmin edilsin. Hesab edirəm ki, biz metodologiyamızı düzgün müəyyənləşdirmişik. Bütün ideoloji sahələrdə maarifçiliyin keyfiyyəti onun qalıcılığının zəmanətidir. Din sahəsində də bu belədir. Ona görə də dövlət komitəsi ötən müddətdə maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktuallıq kəsb edən mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, “dəyirmi masalar təşkil etmiş, indi də həmin tədbirləri davam etdirir. Maarifləndirməni mətbu orqanlar və nəşrlər vasitəsilə də həyata keçiririk. Kütləvi sayda ədəbiyyatlar nəşr edilir, bütün regionlar üzrə ictimaiyyətə, xüsusilə də icmalara paylanılır. Dövlət komitəsinin mətbu orqanları olan “Dövlət və Din” jurnalı, “Cəmiyyət və Din” qəzeti, həmçinin İctimai Televiziyada yayımlanan və müəllif proqramımız olanDin və Cəmiyyət” verilişi öz fəaliyyətlərini davam etdirirlər. Dövlət komitəsinin rəsmi internet səhifəsi də maarifçilik işində yaxından iştirak edir. Hazırda onun formatının daha da yaxşılaşdırılması istiqamətində işlər gedir. Dövlət komitəsi “Ənənəvi islam dəyərləri və müasirlik” mövzularında Şəki, Şamaxı, İsmayıllı, Oğuz, Zaqatala, Quba, Lənkəran, Gəncə, Bərdə və s. şəhər və rayonlarda regional konfranslar keçirmişdir.

Hesab edirik ki, bu sahədə maarifləndirmə digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində qurulmalıdır. Ona görə də qurumlararası ideoloji tədbirlərimiz gücləndirilmişdir. Xüsusilə Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dövlət Sərhəd Xidməti və s. ilə tədbirlər planı və əməkdaşlıq haqqında memorandumlar imzalanmış və icrasına başlanılmışdır. Tədbirlər əsasən dini radikalizm və ekstremizmə qarşı mübarizə, zərərli dini cərəyanların yayılmasının qarşısının alınması ilə bağlıdır. Artıq bir sıra uğurlu tədbirlərimiz reallaşmışdır.

 

Sosial-iqtisadi sahədə əldə edilən inkişaf milli adət-ənənələrlə müqayisədə xeyli irəlidədir

 

- Mübariz müəllim, tarixdən üzü bəri işıqlı ruhaniləri və müəyyən qrup din alimlərini çıxmaq şərtilə, əsasən ruhanimollalar barədə cəmiyyətdə qeyri-ciddi və müəyyən neqativ münasibət olub. Cəhalətin, mövhumatın daşıyıcıları olanlarMolla Nəsrəddin”dən müasir dövrümüzə qədər əsas tənqid hədəfləridirlər. Siz din xadimlərinin və insanlarla ən çox ünsiyyətdə olan mollaların ümumiyyətlə, müasir obrazını necə görürsünüz? Sizcə, ictimaiyyətdə bu təbəqənin nüfuzunun qalxması üçün nələr edilməlidir?

- Hər sahədə olduğu kimi, dini sahədə də savadın, intellektin artırılması ən başlıca amil sayılmalıdır. Necə deyərlər, din alimin əlində xurafata qarşı silah, cahilin əlində isə xurafatı təbliğ edən vasitədir. Ona görə də əgər bir insan din xadimliyini özünə peşə seçirsə, o, dövrünün ziyalısı kimi özünü yetişdirməlidir. Mənim anlayışımda nümunəvi din xadimi dini xurafatdan uzaq, onun həqiqətlərini olduğu kimi insanlara çatdıran, vətəninə, millətinə bağlı olan ziyalıdır. Belə din xadimlərimiz az deyil.

Bu gün cəmiyyət arasında tanınan, müəyyən nüfuza malik din xadimlərimiz var. Onların dindar mühitdə nüfuz qazanmalarının başlıca səbəbi təbliğ etdikləri dini dəyərləri şəxsi nümunələrində göstərmələridir. Təcrübə göstərir ki, təkcə biliksavad deyil, sözü ilə əməli üst-üstə düşən din xadimlərinin nüfuzu cəmiyyətdə həmişə yüksək olur.

- Bir müddət əvvəl yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün birbaşa sizin komitə tərəfindən təşəbbüslər irəli sürüldü, tövsiyələr verildi. Cəmiyyətin “sosial sifarişkimi qəbul etdiyi bu tədbirlər birmənalı dəstəkləndi və əsasən də icra olundu. Yəqin ki, komitə bu sahədə mövcud vəziyyəti araşdırır, öyrənir. Hazırkı durum nə yerdədir?

- Bəli, doğru vurğulayırsınız ki, yas mərasimlərində israfçılığın aradan qaldırılması “sosial sifarişdir. Bu məsələ ilə əlaqədar dövlət komitəsi müvafiq tövsiyələr verdi, maarifləndirici tədbirlər gördü, ilahiyyatçılar da öz fikirlərini bildirdilər. Elə indinin özündə bu istiqamətdə maarifləndirmə işi davam etdirilir. Artıq bu tədbirlər və tövsiyələr öz nəticələrini verməkdədir. Bir çox bölgələrdə insanlar artıq yas mərasimlərini sadələşdirmişlər, israfa yol vermirlər. Bilirsiz, insan psixologiyası doğru olanı rahat qəbul etməyə açıqdır. Yetər ki, buna süni əngəllər maneçilik törətməsin.

Bu gün Azərbaycan sürətlə inkişaf edir. Sosial-iqtisadi sahədə əldə edilən inkişaf milli adət-ənənələrlə müqayisədə xeyli irəlidədir. Milli-mənəvi sahədəki inkişafla sosial-iqtisadi tərəqqi paralel olmalıdır. Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz tədricən dəyişikliyə məruz qalıb və bundan sonra da qalacaqdır. Adət-ənənələr zamanın çağırışlarına uyğun olaraq dəyişir və dəyişməlidir. Təbii ki, cəmiyyətimizdə mövcud adət-ənənələr daha çox dinimizlə əlaqədardır. Bütövlükdə, dinimizlə milli adət-ənənələrimizin harmoniyasından yaranmış bəzi qaydaların sürətli inkişafımızın fonunda zamanın tələblərinə müvafiq olaraq dəyişilməsinə ehtiyac var. Bu ehtiyac və tələb cəmiyyət daxilindən, xalqın özündən gəlməlidir.

- Mübariz müəllim, 19 il qanunverici orqanda - parlamentdə məhsuldar fəaliyyət göstərmiş bir insan kimi bu gün din sahəsində qanunvericilik bazasını yetərli və təkmil sayırsınızmı?

- Bilirsiniz ki, respublikamız müstəqillik qazanandan sonra ilk qəbul olunan qanunlardan biriDini etiqad azadlığı haqqında” qanundur. Bundan başqa, Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən onlarla qanunlar, qərarlar, fərmanlar verilmiş, 2001-ci ildə isə onların icrası ilə məşğul olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmiş və onun “Əsasnamə”si təsdiq edilmişdir.

Təbii ki, zaman keçdikcə cəmiyyətdəki inkişaf amili qanunların da inkişafına təsir göstərərək, ona əlavələr edilməsini zəruriləşdirir. Bu mənada zamanın tələbindən irəli gələrək ötən müddətdə istər “Dini etiqad azadlığı haqqında” qanuna, istərsə də dinlə əlaqəli qanunvericilik bazasının digər müddəalarına əlavə və dəyişikliklər edilmişdir.

Bir çox halda bu dəyişikliklər mövcud qanunvericiliyi Azərbaycan cəmiyyətinin inkişaf dinamikasına uyğunlaşdırmaq zərurətindən yaranır, nəticədə qanunlarımızı daha da təkmil formaya salır. Bu baxımdan bu gün din sahəsindəki qanunvericilik bazamızı kifayət qədər yetərli saysam da, gələcəkdə hər hansı əlavə və dəyişikliklərin edilməsini də istisna etmirəm.

 

Prezidentin Səudiyyə Ərəbistanına səfəri tarixi əhəmiyyət daşıyır

 

- Bu günlərdə Prezident İlham Əliyevin islam dünyasının mərkəzinə - Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri oldu, müxtəlif görüşlər keçirildi. Müqəddəs dini məkanlar ziyarət olundu. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik...

- Mən bunu çox mötəbər, hətta tarixi səfər kimi qiymətləndirirəm. Bu səfəri sadəcə, iki ölkə arasında əlaqələrin inkişafı prizmasından deyil, eyni zamanda, müsəlman sivilizasiyanın tərkibi olaraq ölkəmizin və onun başçısı cənab Prezidentin və ailəsinin, islam dəyərlərinə dərindən bağlı olduğunun əyani ifadəsi kimi səciyyələndirmək lazımdır.

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsindən məmnunluq ifadə olunub və əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirilib. Ümumiyyətlə, islam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi qeyd olunub. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi  və bir-birinə qarşılıqlı dəstək verdiyi ifadə edilib. Təbii ki, iqtisadi məsələlər də müzakirə olunubbütün bunlar iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri üçün yeni imkanlar açacaqdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi də aparılmılşdır. Kral Salman bin Əbdüləziz Əl Səudun bu münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiklərini və Səudiyyə Ərəbistanının mövqeyinin heç vaxt dəyişməyəcəyini vurğulaması müsəlman ölkələri arasındakı həmrəyliyi ifadə edir. Cənab Prezident də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində tutduğu ədalətli mövqeyə və işğalçı ölkə ilə diplomatik əlaqələr qurmadığına, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanı Krallığına minnətdarlığını bildirmişdir. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının digər hökumət rəsmiləri ilə keçirdiyi uğurlu görüşlər, ölkələrimiz arasında əlaqələrin inkişafının tərənnümüdür.

Səfər çərçivəsində Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və ailə üzvlərinin Məkkədə müqəddəs Kəbə evində ümrə ziyarətini icra etməsi, burada namaz qılması və dualar etməsi dini ictimaiyyətin xüsusi diqqətini çəkmişdir. Prezident İlham Əliyevin nadir hallarda mümkün olan Kəbə binasının içərisinə daxil olması Azərbaycana və onun başçısına olan böyük hörmət və ehtiramın göstəricisidir.

Eyni zamanda, Mədinə şəhərindəki Peyğəmbər məscidinin, Məhəmməd peyğəmbərin (s.ə.s.) məzarının ziyarət olunması, namaz qılınıb dualar edilməsi cənab Prezidentin və ailəsinin islam dəyərlərinə olan bağlılığının təzahürüdür.

Bu səfər həm də bir mühüm həqiqəqəti də təsdiq etdi ki, gün Azərbaycanın islam dünyasında böyük nüfuzu var və ölkəmiz artıq müsəlman aləmində güclü rəğbət, ehtiram sahibidir.

 

Müsahibəni apardılar:

İxtiyar HÜSEYNLİ,

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2015.- 11 aprel.- S.5.