OnuMixaylokimi tanıyırdılar...

 

Yaşasaydı, 60 yaşı olardı - ömrünün müdrik çağına adlayardı. Amma Tofiq Hüseynov qısa ömründə o qədər fırtınalara, tufanlara sinə gərdi ki... Heç vaxt, heç vədə daha çox yaşamaq haqqında yox, mənalı, dəyərli bir ömür barədə düşündü.

Dünyaya Xocalıda göz açmışdı, elə doğulduğu yurdu, eli-obanı qoruya-qoruya, düşmənlə üz-üzə döyüşlərdə sonuncu gülləni özünə qıydı. Qarabağ savaşı başlayana qədər kənd məktəbinin müəllimi idi. Uşaqları hərbi təlimlərə hazırlayırdı. 1991-ci ildə Xocalıda könüllülərdən ibarət batalyon yaradılanda Tofiq Hüseynovu tabor komandiri təyin etdilər. Bu yerləri, ərazini yaxşı tanıdığına görə mövqe seçimində ən çevik əməliyyatlarda Tofiq Hüseynovun döyüş qabiliyyətinə güvənirdilər. OnuMixayloləqəbi ilə tanıyırdılar. Bu adı, etimadı təsadüfi qazanmamışdı. Dəfələrlə çətin döyüşlərdə düşməni ağır itki ilə geri çəkilməyə məcbur etmişdi. Meşəli Mehdiabad əməliyyatlarında komandiri olduğu tabor on erməni əsgərini əsir götürmüşdü. Dəfələrlə düşmənə çaşdırıcı mövqelərdən zərbələr endirmişdi. Deyirlər ki, döyüş zamanı o qədər çevik əməliyyatlar aparırdı ki, yalnız son nəticədə onun məqsədini anlamaq olurdu. Düşmən onu ələ keçirmək üçün müxtəlif qurğular qururdu, amma hər dəfə planları boşa çıxırdı. Tofiq Hüseynovu tanıyanlar bildirir ki, onun canında-qanında zərrə qədər qorxu yox idi. Müdrik bir kəlamda deyilirlər ki, qorxu təkcə adamların yox, bəşəriyyətin qəddar düşmənidir. Qorxu hissi o qədər uğursuzluq gətirən bəladır ki, mərdlik mənlik kimi yüksək dəyərləri təhlükəyə sürükləyir...

Tofiq qarşı tərəfin - ermənilərin qədər hiyləgər, məkrli təhlükəli olduğunu yaxşı anlayırdı. Bilirdi ki, belə amansız düşmən qorxulu epidemiya kimi bir şeydir. Onun qarşısını məqamında almasan, təhlükəsi, fəlakəti böyüyə bilər. açıq-aşkar böyüyürdü ... Düşmən o həddə qədər azğınlaşmışdı ki, 1992-ci ilin fevral ayında Xocalıda dünyanı vahimələndirən faciə törətdi. O dəhşətli gecə - fevral ayının 25-də Xocalı ölüm-dirim savaşı ilə üz-üzə qalmışdı. Tofiq Hüseynov hər daşına, cığırına bələd olduğu bu yurdu, onu böyüdən, ərsəyə gətirən doğmalarını təhlükədən qorumaq üçün yollar arayırdı. Vaxt-vədə o qədər məhdud idi ki, hər dəqiqənin dəyəri vardı. Düşmən heç kəsə - uşaqlara, qocalara, xəstələrə güzəşt edirdi. Kütləvi qırğın başlamışdı. Xocalı boyda bir şəhəri yer üzündən silmək, adamları amansızcasına qətlə yetirmək o gecənin məkrli planı idi. Düşmən o qətl gecəsinin sərt planını havadarları ilə birgə cızmışdı. Ona görə yerli batalyonların müqavimət əmsalı pozulmuşdu. Paytaxtdan ümid, kömək gözləyən adamların gözləri yolda qalmışdı. Bakıda Xocalı harayına əlac axtaran yox idi. Vəzifə bölgüsü, kreslo davası hər şeyi üstələmişdi. Bir gecədə şəhid olan o boyda şəhər köməksiz həyansız qalmışdı. Deyirlər ki, o gecənin çətin baş tutan telefon zənglərinə ümidsiz cavablar gəlirdi. Yalanlara, baş qatmağa hesablanmış pafoslu vədlər isə heç nəyə kömək etmirdi.

O şaxtalı, ayazlı gecədə Xocalı əhalisi dağlara, meşələrə üz tutmuşdu. Üzü Ağdama sarı gedən yol başa çatmaq bilmirdi. İlahi, o gecə qədər uzun idi... Şəhid körpələrin fəryadı dağlara, dərələrə yayılmışdı. Sən demə, elə Tofiq Hüseynov da ömrünün sonuncu gecəsini yaşayırmış. O gecə yarımçıq qalan ömürləri sayıb hesablasaq da, əsirlərin, yaralıların qədərini bilsək , bütün bunlar heç təsəlli əvəzi deyil. Dinc, silahsız əhalini təhlükəsiz yerlərə çatdırmaq üçün Tofiq Hüseynov ən qısa, kəsə yollar arayırdı. Bir təhlükədən daha çox qorxurdu: düşmənə əsir düşmək ehtimalından! Elə bil ürəyinə dammışdı ki, belə ağır döyüşlərin sonunda düşmənlə əlbəyaxa olub əsir düşə bilər. Bunu ən böyük faciə sayırdı. Son nəfəsinə qədər deyirdi ki, o məqamla barışa bilmərəm. Düşmənin əlinə keçməkdənsə öz əlimlə sonuncu gülləni sinəmə sıxmaq daha şərəflidir.

Döyüş dostları Tofiq Hüseynovun sonuncu igidliyini yaxşı xatırlayırlar. Düşmənlə üz-üzə gələndə qətiyyən çaşqınlıq göstərmir, vədinə xilaf çıxmır. Əlində sonuncu qumbaranı partlatmaqla həm özünü məhv edir, həm onlarla erməni yaraqlısını. Bu, onun axırıncı əməliyyatı idi.

Tofiq Hüseynov bu gün Şəhidlər xiyabanında uyuyur. Onu təkcə xocalılılar yox, xalqımız qədirbilənliklə yad edir, Milli Qəhrəmanın xatirəsi uca tutulur.

Bir vaxtlar Xocalı məktəbində hərbi hazırlıqdan dərs deyən Tofiq müəllim bu gün elin-obanın qəhrəman oğlu kimi hörmətlə xatırlanır. Gün gələcək, Xocalı məktəbinin həyətində onun abidəsi ucaldılacaq. Elə onda da Tofiq Hüseynov hamıdan uca, hündür görünəcək... Tofiqi   bu qədər ucaldan, dəyərləndirən ən böyük meyar onun cəsarətidir. Bu böyük mənəvi sərvət hamının qazandığı ucalıq deyil. Bunun üçün ömründən, canından, qanından keçməyi bacarmalısan. Birki, heç nəyi hesaba almadan şəhid şəhərlə bahəm şəhid olmağı bacarmalısan! Necə ki, Tofiq Hüseynov bu şərəfli yolu ləyaqətlə keçə bildi. Onun haqqında rəvayətlər də yaranıb. Ən böyük qazancı isə doğulub boya-başa çatdığı el-obanın etimadı, ona güvəncidir. Bunu son nəfəsinə qədər doğrulda bildi. Sən demə, insanı ən böyük mərtəbəyə ucaldan əhatəsində böyüdüyü adamların sevgisi, istəyidir. Bunun üçün ömrün uzunluğu, illərin çoxluğu əsas dəyər deyil. Gərək hər günün, hər dəqiqənin tələbini dərk edəsən. Onda sənin yaşamaq haqqın vaxt-vədə ilə ölçülməz.

Bu gün Xocalı faciəsinin dəhşətləri dünyanı dolaşır. Bu soyqırımı aktına bəşəriyyət qiymət verir. Xocalı soyqırımı neçə illər ötsə də, dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Hətta tanınmış dini liderlər də bir araya gəlib Xocalıda dinc əhaliyə qarşı törədilən soyqırımı ilə bağlı müraciət qəbul etdilər. Sonuncu müraciətdə deyilir: “Elə bir xalq, elə bir din ola bilməz ki, ümumbəşəri mənəvi dəyərlərə zidd olan zorakılıq, qətl, təcavüz kimi qeyri-insani cinayət əməllərinə haqq qazandırsın”. Dünyada Xocalı kimi şəhid şəhərlərin sayı o qədər də çox deyil. Ona görə də bəşəriyyət belə təcavüzə, zorakılığa qarşı birgə mübarizə aparmalı, hamılıqla haqq səsimizi qaldırmalıyıq. Belə olmasa, tarix boyu təkrarlanan zorakılıqdan, təcavüzdən dinc əhali ziyan çəkəcək, faciələrin ağrısını yaşayacaq. Dünyanı dolaşan şəhid şəhərin  faciəsindən, itkilərindən söz düşəndə Tofiq Hüseynovun da adı dönə-dönə xatırlanır. Milli Qəhrəmanın unudulmaz xatirəsi hələ neçə nəslin yaddaşına köçəcək...

Bu il Xocalı faciəsindən 23 il ötdü. Amma lap 100 il ötsə də, tarixi həqiqət - şəhid şəhərin faciəsi heç vaxt unudulmayacaq. Müdafiəsiz, silahsız adamların güllələnməsi məqsədyönlü soyqırımının, vəhşiliyin, vandalizmin son həddidir. Dünya ictimaiyyəti tarixi ədalətin bərpası üçün ən ciddi tədbirlər görməli, cinayətkarlar cəzasına çatmalıdır. Onda Tofiq Hüseynov kimi milli qəhrəmanların da ruhu şad olacaq, niyyətləri həqiqətə çevriləcək...

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2015.- 11 aprel.- S.9.