Əfsanəvi general Əliağa Şıxlinskinin 150 illik yubileyi qeyd olunub

 

Bakıdakı Ə.Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə görkəmli hərbi xadim, əfsanəvi general Əliağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunan “Hərb tariximizdən” mövzusunda tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, mərasimdə məktəbin direktoru Sadəgül Həsənova çıxış edərək tədbirin Prezident İlham Əliyevin “General Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 20 noyabr tarixli Sərəncamına əsasən təşkil edildiyini qeyd edib.

 

Digər çıxış edənlər də görkəmli general Ə.Şıxlinskinin şərəfli həyat yolundan və fəaliyyətindən söz açaraq belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyiblər. Bildirilib ki, XX əsrin əvvəlində genişmiqyaslı hərbi əməliyyatların iştirakçısı olmuş görkəmli hərbi xadim, general-leytenant Əliağa Şıxlinski döyüş meydanlarında göstərdiyi şücaətlər və artilleriya nəzəriyyəsinə gətirdiyi yeniliklər sayəsində hərb tarixinə parlaq səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən Ə.Şıxlinski milli hərbi hissələrin təşkilində, müstəqil ordu yaradılmasında müstəsna fəaliyyət göstərib. O, sonrakı dövrdə də öz hərbi andına sadiq qalaraq ölkəmizin silahlı qüvvələrinin formalaşmasına sanballı töhfələr verib.

 

Natiqlər ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə görkəmli hərbi xadimlərin, sərkərdələrin xatirəsinin əbədiləşdirilməsi istiqamətində tarixi xidmətlərini xüsusi qeyd edib, bu ənənələrin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıblar.

Tədbir məktəblilərin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 

Azərbaycan.-2015.- 11 aprel.- S.9.