EFİRDƏN BİZƏ TOY TUTUB
ÖZLƏRİNƏ TOY TUTANLAR
Bir daha bu və digər hallara rəvac
verən bəzi televerilişlər barədə
Bəri başdan bilirik, bu yazdıqlarımızın
heç bir xeyri, heç bir təsiri olmayacaq, dəyirman
başımızı ağrıtmaqda davam edəcək və
“çax-çax”ımız özümüzə qalacaq. Amma nə edək, vəziyyəti
dəyişməyə nə əlimiz çatır, nə də
səlahiyyətimiz! Əlimizin və səlahiyyətimizin
çatdığı yazmaqdır ki, onu da edirik, hətta əhəmiyyətinə
inanmasaq belə!
Heç şübhə yoxdur ki, Azərbaycan
teletamaşaçılarının əksər hissəsi
peyk antenlərini, kabel, internet televiziyalarını “icad” edənlərin
dünyasını dəyişənlərinə oturub-durub rəhmət
diləyir. Niyə də diləməsin?! Axı,
məhz İKT-nin həmin yeni yayım texnologiyaları bizi
ölkənin bütün mənalarda özəl olan
telekanallarının “musiqi”li əttökən verilişlərinin
əzab-əziyyətindən xilas edir. Ay
başınıza dönək, efir vaxtını nə qədər
zövqsüz və bayağı musiqi, səviyyəsiz və
qeyri-peşəkar müğənnilərlə doldurmaq olar?! Sutkanın hansı saatında hansı özəl
telekanala baxırsan eyni mövzu, eyni söz-söhbət, eyni
sifət bir-birinə calanır. Sanki
tamaşaçıların qəsdinə durub əsəbləri
ilə oynayırlar. Oynamaq demişkən,
xüsusən son vaxtlar telekanalların toy mahnıları
repertuarlarına toy rəqsləri də əlavə edilib.
Kim əl-qolunu yelləyə-yelləyə tullanıb
düşməyi bacarırsa “müəllif verilişləri”nin qonağı olur, özü də yeri gəldi-gəlmədi.
Beləcə hətta ilk baxışdan ciddi məsələnin
müzakirəsinə həsr edilən verilişlərə də
zəhlətökən “musiqi”li “naxış”lar
vurulur. Və həmin “naxış”lar əksər
vaxt o dərəcədə olur ki, kənardan baxanlar Azərbaycan
əhalisinin yalnız oxuyub-oynadığını təsəvvür
edirlər. Sanki bu ölkədə müzakirə olunası, ictimaiyyətin
diqqətinə çatdırılası heç bir problem, əhalinin
maarifləndirilməsinə, beynəlxalq vəziyyətdən
tutmuş kənd təsərrüfatınacan müxtəlif
sahələr üzrə bilgilər almasına ehtiyac yoxdur!
Ehtiyac olan təkcə çal-çağırdır!
Əslində,
özəl telekanallarda belə vəziyyətin hökm
sürməsinin səbəbi məlumdur: müğənni-efir-toy üçbucağıdır
telekanallarımızı bu abırsız günə salan.
Yaradıcılıqlarını toya hesablayan, sənətlərinin
“toy tutmaq”dan ibarət olduğunu zənn edən müğənni,
rəqqas və “tamada”lar yaxşı bilirlər ki, çox
efir çox toy deməkdir. Elə isə
telekanalların “bağlı” qapılarını açmaq
üçün niyə “minnətçi” düşməsinlər?!
Bunu biz demirik, özləri etiraf edirlər.
Bir də ki, tamaşaçılar üçün az qala “Bermud üçbucağı”na
çevrilmiş həmin üçlüyün iş
birliyini görmək üçün elə bir dərin
müşahidə qabiliyyətinə malik olmağa ehtiyac
yoxdur. Əks halda, məsələn, cavanlar
arasında boşanma hallarının artmasına həsr edilən
verilişdə 2-3 dəfə ərdə olmuş müğənninin
nə işi var, özü də... ekspert qismində.
Ümumiyyətlə, bizim “efir ekspert”lərinin əksəriyyəti
bir qayda olaraq belələridir, yəni davranışları,
həyat tərzləri, dünyagörüşləri,
savadları və nəhayət, sənətləri ilə
başqalarına nümunə ola bilməyəcək
kəslər! İndi nə edək, belələri
toy tutacaqlar deyə, efirdən hər gün, hər saat bizə
toy tutmalıdırlar?! Hara baxır həmin
telekanalların rəhbərləri, görəsən, öz
verilişlərindəki bu üzdəniraq vəziyyəti
görmürlər?! Əgər
görmürlərsə, deməli, səviyyəli
tamaşaçı kimi onlar da xarici telekanallara baxırlar.
Yox, əgər görüb əncam çəkmirlərsə,
bu, başqa mətləbdən xəbər verir... Və həmin ehtimal olunan mətləbin nəticəsidir
ki, bu gün aparıcıların qonaqlarla birlikdə efirdə
çıxarmadıqları oyunlar yoxdur. Diş
ağartmaq, “şpaqat” açmaq, həmsöhbətinin
üstünə çəmkirmək, sözünü kəsmək
və s. artıq bizim telekanalların “müəllif
verilişləri” üçün adi hallardır. Bu gün belə teleaparıcıların məqsədi
ya qalmaqal yaratmaq, ya da göz yaşları
axıtdırmaqdır. Onlardan da korluq çəkmirik,
yaxşı iş deyil ki, gündüz çıraqla axtaraq.
Didişə-didişə özlərinə
layiq gündəmdə qalmaq, göz yaşı ilə reytinq
qazanmaq istəyənlərin sayı kifayət qədərdir.
Yeri gəlmişkən, bu yaxınlarda saytlardan
oxuduq ki, ölkənin ən “gözüyaşlı”
verilişi bir neçə dubla çəkilir. Səbəbi də ilk dubllarda axıdılan göz
yaşlarının “həcm”inin aparıcını qane etməməsidir.
Bu zamansa köməyə qəmli türk
mahnıları gəlir. İnsafən, pis
alınmır, ekranın o tayındakı
tamaşaçılar arasında studiyadakılara qoşulub
ağlayanların sayı kifayət qədər olur. Daha
nə lazımdır, baxdıqca baxılır,
ağladıqca ağladır...
Bu kinayəmiz heç də belə başa
düşülməsin ki, biz telekanalların sosial məzmunlu
verilişlər hazırlamasının əleyhinəyik. Birbaşa deyirik: nəinki əleyhinəyik,
hətta bunun tərəfdarıyıq. Heç kim hansı səbəbdənsə uzun illər
bir-birindən ayrı düşmüş doğmaların
qovuşdurulmasına, hansısa xəstənin müalicə
etdirilməsinə, küsülülərin
barışdırılmasına, işsizlərin işlə
təmin olunmasına pis baxmır. Bu cür
sosial problemlərin ictimailəşdirilərək həll
olunmasında pis baxdığımız, yəni qəbul etmədiyimiz
belə verilişlərin peşəkarlıqla hazırlanmaması,
daha doğrusu, keyfiyyətsiz şouya çevrilməsidir.
Ümumiyyətlə, başqasının bəxtsiz
taleyindən serial şoular (veriliş demək çətindir)
düzəltmək, istər “Öz aramızda” olsun, istərsə
də “Adam içində”, yumşaq desək, yaramaz bir
işdir. Bu nə jurnalist etikasına sığır, nə
də insani münasibətlərə! Heç kim
heç bir aparıcıya haqq verməyib ki, onun acı həyatı
üzərində özünə şirin reytinq qursun, hətta
sonda yaxşı nəyəsə ümid bəsləsə də...
Yaxşılıq etmək istəyirsinizsə, bunun yolu var.
Necə olur ki, “Toylar kralı”nı, “Nömrə 1”i,
“Xalqın artisti”ni
və daha hansı lazımsızları SMS-lə
seçə bilirsiniz (göndərilən hər SMS müəyyən
miqdarda puldur), amma hansısa xəstəyə maddi yardım
lazım olanda İKT-nin bu texniki imkanı yada
düşmür. Düşmürsə,
Rusiyanın 1-ci kanalının internet saytına nəzər
salın. Bu kanal uşağının
müalicəsinə vəsaiti olmayan valideynlərə SMS-lə
maddi dəstək verilməsini təşkil edir,
şousuz-filansız, 1-2 dəqiqəlik ciddi bir süjetlə.
Nəticəsi də göz
qabağındadır, bir neçə günə yüz minlər
toplanır.
Uşaqlardan söz düşmüşkən bir məqama
da diqqət çəkmək istərdik. Adətən
dünyanın əksər telekanallarında bəxtsiz uşaq
talelərindən bəhs edilən verilişlərdə
onların üzü göstərilmir. Çoxdan
qəbul olunmuş bu qaydanın hamıya məlum nəcib bir
səbəbi var - böyüklərin səhvinin qurbanı
olan uşaqların öz ətrafı var və onlara
bugünün acısı həmyaşıdları
arasında problem yaşatmamalıdır.
Bəs, bizim telekanallarda neyləyirlər? Xəstə uşaqların
həftənin 5 günü, günün 2 saatı ekrandan əskik
olmaması və bu görüntülər sonunda qəmli musiqi
və göz yaşları bir yana,
yanında və ya qucağında uşaq kamera
qarşısında süni, qeyri-səmimi üz cizgiləri
ilə poza verən, bəzənsə hətta diz çökən
aparıcı efirdə özünü tamaşaçıya
xeyirxah qəhrəman kimi təqdim edir. Çünki
verilişinin reytinqini bunda görür. Onu
nə efir etikası maraqlandırır, nə də həmin
reytinq üçün vasitə seçdiyi heç nədən
xəbəri olmayan uşağı məzlum hala salması.
Təki ürəklər parçalansın,
gözlər yaş axıtsın.
Ümumiyyətlə, bu reytinq məsələsi kal armud
kimi ilişib qalıb bizim telekanalların boğazında. Hansı səviyyəsiz
verilişi “qaldırırsan”, altından “yüksək reytinq”
çıxır. Deyirsən, ay bala, efirdə
ədəbdən, tərbiyədən kənar, hətta iki nəfərin
öz arasında belə danışmağa
utandığı mövzuları müzakirə etmək
olmaz, cavab verirlər ki, tamaşaçılar bu cür
verilişlərə daha çox baxırlar. Amma nə
olsun, bu, efir ədəbsizliyinə və tərbiyəsizliyinə
haqq verə bilməz axı... Biz də bilirik
ki, verilişlərdə tamaşaçı marağı nəzərə
alınmalıdır. Lakin bu da nəzərə
alınmalıdır ki, həmin maraq birbaşa insan psixologiyası
ilə bağlıdır və o, adətən məlum səbəblərdən
ictimai müzakirəsi qəbul olunmayan mövzulara daha
çox meyillidir. Bir də ki,
tamaşaçıda maraq doğurmaq üçün ona nəyi
təqdim etməklə yanaşı, necə təqdim etmək
də əsasdır. Bu yerdə köhnə bir lətifəni
xatırlatmaq yerinə düşərdi: “XIX əsrin iki
klassik rus şairi xalqın onların hansını daha
çox sevdiyi, tanıdığı, indiki terminlə desək,
hansının daha çox reytinqi olduğu barədə
mübahisə edir. Mübahisənin
uzandığını görən şairlər qərara gəlirlər
ki, axşam Nevski prospektinə çıxsınlar və
adamlar kimə daha çox baxsa, bir-birinə hansını daha
çox göstərsə, o da xalqın daha çox
tanıdığı şairdir. Şairlərdən
biri həmin gəzintiyə özünün o zaman
üçün ən dəbdə olan kostyumunu, “kəpənək”
qalstukunu, şlyapasını geyinərək, digəri isə...
anadangəlmə lüt çıxır”. Belə halda
o vaxtkı Sankt-Peterburq elitasının gəzinti yeri olan
Nevski prospektində adamların daha çox kimə
baxdığını bilmək çətin deyil!
İndi budur, bizim özəl telekanallardakı əksər
verilişlər də adamlar ona baxsın deyə gəzintiyə
lüt çıxan rus şairinin günündədir. Vallah, hətta
ən ciddi xəstəliyin müzakirəsinə həsr edilən
verilişlərə toy müğənniləri
çağrılmasaydı, ekspert, qonaq və digər adlarla
efirə çıxan bir çoxlarının əsas məqsədləri
açıq libaslarını, zövqsüz kirşanını
tamaşaçının gözünə soxmaq olmasaydı,
məlum təbəqənin tərbiyəsiz dəbdəbəli
həyatı efirlərə yol tapmasaydı, telekanallar Azərbaycan
məşhurları və tanınmışlarının
yalnız istedadsız incəsənət adamlarından ibarət
olduğunu bilməsəydi və s. bu qənaətə gəlməzdik.
Doğrudanmı, xəstəliklərdən toy
mahnılarının müşayiəti ilə
danışmaq lazımdır, yaxud hamıya məlum
marağın xatirinə yoldan ötən birini studiyada
otuzduraraq tamaşaçıları onun “gül” sifətinə,
“dərin məsləhət”inə qulaq asmağa məcbur etmək
belə vacibdir?! Bəlkə adını
“Qonaqlıq” qoyub müğənnilərin layiq olmayıb malik
olduqları cah-calalı göstərmək yüz minlərlə
qaçqın və məcburi köçkünün sosial
sifarişidir, xəbərimiz yoxdur?! Yoxsa,
bu xalqın alimləri, ziyalıları, müxtəlif sahələr
üzrə mütəxəssisləri yoxdur, məşhurlarımızın,
tanınmışlarımızın hamısı restoran və
şadlıq saraylarında işləyənlərdir?!
Deyəsən, bizdə heç möhkəm ailə, sədaqətli
gənc, mehriban valideyn, qayğıkeş övlad da yoxdur! Hər halda özəl telekanallarımızın
“sosial” verilişlərinə baxanda belə qənaətə
gəlmək mümkündür.
Həmçinin mümkündür ki, həmin verilişlərin müəllifləri də bizə irad tutsunlar. Desinlər ki, nümunəvi ailəni, vətənpərvər gəncləri, elm adamlarını, sosial-iqtisadi uğurları, peşəkar musiqini və s.-ni təbliğ etmək üçün başqa telekanallar var, bizimsə vəzifəmiz cəmiyyətin bütün sahələrindəki nöqsanları göstərməkdir. Etiraz etmirik. Heç kim nöqsanların ört-basdır olunmasının tərəfdarı deyil və hətta dövlət səviyyəsində də bu tələb edilmir. Yəni etirazımız həmin nöqsanların, cəmiyyətin müxtəlif təbəqələri arasında hətta bu yaxınlaracan rastlaşmadığımız, eşitmədiyimiz halların baş verməsinin niyə yox, necə ictimailəşdirilməsinə, daha doğrusu, onun səviyyəsinədir.
Amma səviyyə haradan olsun ki?! Bir verilişin ki,
baş “qəhrəman”ları aşbaz və toy müğənnisidir,
ondan səviyyə gözləməyə dəyərmi?
Şükürlər olsun, indi Azərbaycanda bütün sahələr
üzrə müasir biliklərə malik savadlı mütəxəssislər,
ekspertlər var. Olmayan onları görüb verilişlərə
dəvət etmək istəyidir! Nəylərinə lazım,
onlardansa müğənni sərfəlidir, həm verilişi
“feyziyab” edir, həm də... Allah bərəkət
versin.
Bu gün
Azərbaycanda bütün ölkə ərazisində
yayımlanan telekanalların sayının az
olması faktdır. Ayrı-ayrı sahələr
üzrə cəmi 2 telekanalımız (“Mədəniyyət”
və “İdman Azərbaycan”) var ki, onlar da sutka ərzində
yayımlanmır. Xəbərlər, iqtisadi, uşaq,
kino, elmi-kütləvi, ailə, əyləncə, musiqi və s.
kanalları haqqında isə yalnız arzulaya bilərik. Sözsüz ki, bu kəmiyyət göstəricisi
keyfiyyətə də təsir edir. Bu səbəbdən
sadaladığımız və qeyd etmədiyimiz bütün
sahələr arasında qeyri-peşəkarcasına vurnuxan
mövcud telekanallarımız “Əli aşından da olur, Vəli
aşından da”. Nəticədə
ölkənin efir məkanında əzabını çəkdiyimiz
indiki vəziyyət hökm sürür. Bu
nə qədər davam edəcək, deyə bilmərik.
Əvəzində onu deyə bilərik ki, ekran
qarşısında oturarkən nəyə və niyə
baxdığınızın fərqinə varın.
Sonda bir məqamı etiraf edək. Ola bilsin yazımızda
telekanallarımızın bu gün
tamaşaçıları qane etməyən bütün məsələlərə
toxuna bilmədik. Amma,
inanın, bu bizlik deyil. Televiziya
kanallarımızın verilişlərində forma və məzmunca
o qədər çatışmazlıqlar, səviyyəli
tamaşaçını qane etməyən cəhətlər
var ki, onları yığıb-yığışdırmaq
heç kimə asan görünməsin. Buna baxmayaraq, bir qismi
haqqında fikirlərimizi bölüşməyə cəhd
etdik, hətta, yazının əvvəlində qeyd etdiyimiz
kimi, hansısa dəyişikliyə inanmasaq da!
Raqif MƏMMƏDOV,
Azərbaycan.-2015.- 11 aprel.- S.11.