Antiazərbaycançı şəbəkənin
“qara piar”
kampaniyası uğursuzluğa məhkumdur
Azərbaycanın dünya siyasi arenasında öz layiqli yerini tutması antiazərbaycançı şəbəkə və onların daxildəki “beşinci kolon” missiyasını yerinə yetirən destruktiv qüvvələrdə böyük narahatlıq yaradıb. Xarici antiazərbaycançı şəbəkə və onların buyruq quluna çevrilən bəzi yerli dairələr I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı “qara piar” kampaniyası aparmağa başlayıblar. Həmin destruktiv dairələr Avropa Oyunlarına hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyalar yaymaqla xarici KİV-də sifarişlə qərəzli, qeyri-obyektiv materiallar dərc etməklə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa cəhdlər edirlər.
Azərbaycana qarşı məkrli siyasət aparan antiazərbaycançı şəbəkə bu dəfə “İdman və İnsan Haqları Alyansı” adlı koalisiya yaratmaqla fərqli görünməyə çalışsalar da, məzmunca eyni olan “qara piar” kampaniyasına start verib. Qondarma alyansda təmsil olunan qüvvələrə nəzər yetirməklə onların “missiya”larının nədən ibarət olması barədə dolğun təsəvvür yaratmaq mümkündür. “Human Rights Watch”, “Amnesty International”, “Transparency International” təşkilatının Almaniya bölməsinin alyansın sıralarında yer alması Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın detallarını üzə çıxarmağa imkan verir. “İdman və İnsan Haqları Alyansı” Avropa Olimpiya komitələrini Azərbaycana təzyiq göstərməyə çağırıb və hətta ermənilərlə iş birliyinə girən, vətənə xəyanət edən Leyla Yunus və Arif Yunusun da azadlığa buraxılmasını tələb edib.
Ən müxtəlif vaxtlarda adıçəkilən təşkilatlar “insan haqları”nın müdafiəçisi pərdəsi altında gizlənərək öz maraqlarını gerçəkləşdirmək niyyəti güdmüşlər və hər dəfə də fiaskoya uğramışlar. Xatırladaq ki, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində də antiazərbaycançı şəbəkə ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd etmişdir. Xüsusilə də “Amnesty International” və bir sıra kütləvi informasiya vasitələri Azərbaycanın imicinə zərər vurmağa çalışan, həqiqətdən tamamilə uzaq olan uydurma məlumatlar yaymışdılar. Həmin destruktiv dairələr bəzi müxalif qüvvələrlə, xüsusilə də “hüquq müdafiəçisi” adı ilə maskalanan Leyla Yunusla işbirliyinə girərək öz məkrli planlarını həyata keçirməyə cəhd etsələr də, istəklərinə nail ola bilmədilər. Antiazərbaycançı mövqeyi ilə tanınan bu qüvvələr ölkəmizə qarşı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları olublar. Bu, artıq bütün Azərbaycan ictimaiyyətinə bəllidir.
“İdman və İnsan Haqları Alyansı” və onların ruporları anlamalıdırlar ki, ölkəmizdə insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, dövlətimizin Konstitusiya tələblərinə görə qorunur. Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir.
Müstəqil Azərbaycan həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır.
İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq etmişlər. Göstərilən məcəllə və qanunlar yalnız həmin təşkilatların müsbət rəyi alındıqdan sonra parlamentin müzakirəsinə çıxarılmışdır.
Azərbaycan Respublikası insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. İnsan hüquqlarının və azadlıqlarının qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin ifadəsi kimi, “İnsan hüquqlarının və əsas azadlıqlarının qorunması haqqında” Avropa Konvensiyasından və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktdan irəli gələn öhdəliklərin genişmiqyaslı implementasiyası təmin edilmişdir.
Azərbaycanda guya insan hüquqlarının pozulduğunu iddia edən bəzi təşkilatlar sadəcə olaraq ölkəmizin son illər bütün sahələrində qazandığı uğurlara qısqanclıqla yanaşırlar. “Human Rights Watch”, “Amnesty International” kimi təşkilatlar da Azərbaycanla bağlı zaman-zaman qərəzli məlumatlar yaysalar da, nədənsə, ABŞ-da və Avropa ölkələrinin böyük əksəriyyətində baş verənlər barədə səssiz qalırlar. Faktları sadalayaq: 2010-cu ildə “ABŞ jurnalistikasının vicdanı” adlandırılan qocaman jurnalist Helen Tomas sosial şəbəkələrdə ABŞ-ın İraq siyasətini və İsrailin Fələstini işğal etməsini sərt tənqid etmişdi. Bundan sonra onun Ağ evə akkreditasiyası ləğv olunmuşdu və jurnalist karyerası da faktiki olaraq bağlanmışdı. 2012-ci ildə 23 yaşlı Dmitri Dyatlov öz bloqunda vitse-prezident Cozef Libermanı, 2006-cı ildə bloqçu Hel Terner Çikaqonun üç məhkəmə hakimini sərt tənqid etdiyinə, elə həmin il bloqçu Vikram Budhi Buş ailəsi haqqında tənqidi material verdiyinə, 34 yaşlı Yeklişa Ştorm isə polisin gizli agentlərinin adlarını açıqladığına görə həbs olunmuşdular.
NATO-nun Çikaqo sammiti zamanı antiqlobalistlərin toplantıları güc tətbiq edilməklə dağıdılmış, mitinq iştirakçılarına çoxsaylı xəsarətlər yetirilmiş, 60 nəfər saxlanılmışdı. 2012-ci ilin 1 mayında Almaniyada nümayişlər zamanı polislə vətəndaşlar arasında ciddi toqquşmalar yaşanmış, dinc insanlara qarşı zorakılıq tətbiq olunmuşdur. Nümayişçilər hakimiyyətin yaratdığı böhrana etiraz əlaməti olaraq polislərə içərisinə yandırıcı maddələr doldurulmuş şüşə qablar, daş və başqa predmetlər atmışlar. Berlində keçirilən 1 may nümayişinə 100 mindən artıq insan toplaşmışdır. Mərasim başlayandan bir neçə saat sonra isə alman polisinin xüsusi təyinatlıları nümayişçilərə zor tətbiq etmişlər. Nümayişçilərin qarşısını kəsmək üçün 7 mindən çox polis səfərbər olunmuşdur.
Avropa İttifaqının əksər ölkələrində vaxtaşırı keçirilən tətillərdə hökumət qüvvələrinin aksiya iştirakçılarına qarşı ən amansız metodlardan istifadə etməsi “demokratiya ixracatçısı” olanların insan hüquqlarının kobud şəkildə pozulduğuna bir nümünədir. İtaliya, İspaniya, Portuqaliya və Yunanıstanda keçirilən irimiqyaslı aksiyalarda insanların dəyənəklərlə vəhşicəsinə döyülməsi, gözyaşardıcı qaz və s. vasitələrdən istifadə edilməsi, xüsusi təlim keçmiş itlərlə qovulması, atların ayaqları altına salınması dünyanın gözü qarşısında baş verir.
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Bir sıra Avropa ölkələrindən fərqli olaraq ölkəmizdə ictimai-siyasi və iqtisadi sabitlik hökm sürür, korrupsiyaya və digər neqativ hallara qarşı kəskin mübarizə aparılır, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Azərbaycan hazırda elə yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur ki, bu gün iqtidar-müxalifət münasibətləri, hakimiyyət uğrunda mübarizə yalnız sivil, demokratik forma və metodlarla aparıla bilər. Bu isə dialoq, real şüarların və daha cəlbedici sosial-iqtisadi proqramların irəli sürülməsi yoludur. Azərbaycana qarşı aparılan qərəzli kampaniya da ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək niyyəti güdür. Ancaq destruktiv qüvvələrin antiazərbaycançı şəbəkənin növbəti qarayaxma kampaniyaları əvvəllərdə olduğu kimi yenə də nəticəsiz olacaq.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 11 aprel.- S.10.