Prezident İlham Əliyev “Astaraçay”
MMC-nin çay emalı
fabrikində
yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
Astara rayonuna və Lənkəran
şəhərinə səfəri
Aprelin
11-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev “Astaraçay” MMC-nin çay emalı fabrikində
yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevə məlumat verildi ki, “Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb gətirilib. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb.
Burada, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq mümkündür. Çəkici-bükücü sex də müasirliyi ilə diqqəti çəkir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.
Qeyd olundu ki, çayçılığın təməli ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Astara və Lənkəranda qoyulub. Yüz ildən çox ömrü olan çay kolları həm bol və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır. Respublikamızda çayçılığın inkişafında sovet dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər də mühüm rol oynayıb. Çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir. Bu baxımdan Astara öz əhəmiyyəti ilə diqqət çəkir. Astarada yetişdirilən yaşıl çay öz dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. Son illərdə bu sahədə yaranan durğunluq artıq aradan qalxır. İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. Bu cür müəssisələrin istifadəyə verilməsi isə ilk növbədə, Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradır. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.
Prezident İlham Əliyevin diqqətinə o da çatdırıldı ki, müəssisənin Lənkəran ərazisindəki 60 hektar sahədə taxıl səpini də aparılıb və ötən il 120 tona yaxın məhsul toplanıb. Burada, həmçinin ötən il ilk dəfə olaraq 20 hektar sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik bölməsinin elmi işçiləri yerli mütəxəssislərlə birgə həyata keçiriblər. Əkin sahəsində yerli “Haşımi” sortu ilə yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlardan istifadə edilib. Çəltik sahələrindən 102 ton məhsul toplanıb və orta məhsuldarlıq 51 sentner təşkil edib. Cari ildə 200 hektara yaxın sahə çəltik səpini üçün hazırlanır. Bunun üçün xüsusi texnikalar da alınıb.
Həmçinin Astara rayonu ərazisində gündəlik istehsal gücü 10 ton olan düyü dəyirmanı əsaslı şəkildə təmir edilərək genişləndirilib və 10,5 ton çəltik tutumu olan 3 qurutma aqreqatı quraşdırılıb. Bununla yanaşı, Astarada 76 hektar, Lənkəranda 15 hektar olmaqla cəmi 91 hektar sahədə feyxoa, 6 hektarda portağal və 3 hektarda naringi tingi əkilib.
Çay fabriki ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
X X X
Kollektivin üzvlərini və rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Astarada yenidən olmağımdan çox məmnunam. Şadam ki, Azərbaycanda belə gözəl müəssisə yaradılıb. Fabrik demək olar ki, tam hazırdır, yaxın zamanlarda işə başlayacaq. Beləliklə, Astarada çayçılığın bərpası işi uğurla gedəcək.
Astarada çayçılığın çox qədim və gözəl ənənələri var. Sovet dövründə böyük çay plantasiyaları salınmışdır. Əfsuslar olsun ki, sonrakı dövrdə bu sahə bir qədər tənəzzülə uğramışdır. Biz məcbur olub çayı xaricdən idxal etməyə başlamışdıq. Amma indi belə gözəl müəssisələr yarandıqda əminəm ki, Azərbaycan yaxın gələcəkdə özünü keyfiyyətli yerli çayla təmin edəcək.
Bütün avadanlıqlar çox müasirdir, xarici mütəxəssislər də bu işlərdə böyük fəallıq göstərmişlər. Onların dəstəyi də çox önəmlidir. Bu fabrikdə və çay plantasiyalarında mindən çox insan işlə təmin olunacaq. Beləliklə, biz bir neçə məqsədi güdmüş oluruq. İlk növbədə, yerli istehsal yaranır, ənənəvi kənd təsərrüfatı sahəsi olan çayçılıq bərpa edilir. Eyni zamanda, kənd təsərrüfatının inkişafına təkan veriləcək. Bu, sənaye müəssisəsidir. Burada həm kənd təsərrüfatı, həm sənaye sahələri birləşir. Bu il Azərbaycanda “Kənd təsərrüfatı” ilidir, keçən il “Sənaye ili” elan edilmişdi. Bizim siyasətimiz bax, bu çay fabrikində öz əksini tapır.
Kifayət qədər investisiyalar qoyulmuşdur, sahibkarlıq özünü göstərir. Yəni, dövlət də sahibkarlığa kömək göstərir. Eyni zamanda, sahibkarlar da çalışırlar ki, öz doğma Vətəninə xidmət göstərsinlər. Həm özləri mənfəət götürsünlər, həm də dövlət üçün xeyir versinlər.
Son illər ərzində regionların inkişafı proqramı çərçivəsində çox işlər görülüb. Əsas məqsəd yerli istehsalın, iş yerlərinin yaradılması və ixrac potensialımızın gücləndirilməsidir. Əminəm ki, vaxt gələcək Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaq. Çünki buna nail olmaq üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır, bizim maliyyə vəziyyətimiz kifayət qədər yaxşıdır. İlin birinci rübünün yekunları da çox müsbətdir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Gələcəkdə biz kənd təsərrüfatının, sənayenin, qeyri-neft sektorunun hesabına daha da inkişaf edəcəyik.
Mən çox şadam ki, son illərdə cənub bölgəsində gördüyümüz işlər nəticəsində böyük infrastruktur layihələri icra edilmişdir. Astarada on ildən çoxdur ki, elektrik stansiyası fəaliyyət göstərir. Qazlaşdırma uğurla gedir. Astara rayonunun qazlaşdırılması 75 faiz səviyyəsindədir. İndi içməli su layihəsi icra edilir. Ümid edirəm ki, gələn ilin sonuna qədər Astara təmiz içməli su ilə təmin ediləcək. Yollar çəkilir, Bakı-Astara magistral yolu inşa edilir. Biz bu layihəni müəyyən mərhələlərə bölmüşük. İş yerlərinin, yerli istehsalın yaradılması da əlbəttə ki, diqqət mərkəzindədir.
Belə kompleks yanaşma imkan verir ki, Azərbaycan iqtisadiyyatı neft amilindən daha az asılı olsun və dayanıqlı inkişaf təmin edilsin. Bununla bərabər, Astarada gözəl abadlıq işləri aparılır, bulvar salınıbdır, mən bunu alqışlayıram. Bu, insanların rahatlığı, istirahəti üçün gözəl bir təşəbbüsdür. Bildiyiniz kimi, indi Azərbaycanın müxtəlif yerlərində bulvarlar salınır. Vaxtilə bir bulvarımız var idi - Bakı bulvarı.
Onun uzunluğu təqribən 3,5 kilometr idi. Bir aydan sonra
Bakıda yeni açılışlar olacaq. Biz bulvarı
genişləndiririk və Bakı bulvarının uzunluğu
16 kilometr olacaq. Digər şəhərlərdə,
çaylar boyu yerləşən şəhərlərdə,
dəniz kənarındakı şəhərlərdə
bulvarlar salınır. Mən bunu
alqışlayıram. Bu, gözəllikdir,
müasirlikdir, insanların rahat yaşaması
üçün edilən gözəl hədiyyədir.
Abadlıq, quruculuq, sosial infrastruktur. Yadımdadır,
keçən dəfə Astarada olarkən xəstəxananın
açılışını qeyd etmişdik. Məktəblər tikilir, kənd yolları
salınır. Demək olar ki, Astara
rayonunun əksər kəndlərini birləşdirən kənd
yolları tikilibdir, biri bu gün açılacaq. Biz digər
kənd yollarının da tikintisinə nail olacağıq ki,
Azərbaycanda bir dənə də təmirsiz kənd yolu
qalmasın. Məqsəd bundan ibarətdir.
Son illərdə bu sahəyə kifayət qədər
böyük vəsait ayrılmışdır. Yollar tikilir, çünki yol olmasa inkişaf da olmaz.
Eyni zamanda, yol olanda insanlar özlərini daha da
rahat hiss edirlər. Yol həm sosial, həm
də iqtisadi layihədir. İnfrastruktur
layihələri bizim fəaliyyətimizin birinci mərhələsində
ona görə prioritet daşıyırdı, çünki
onlar olmasa inkişaf mümkün deyil. Biz
elektrik stansiyaları tikməsəydik, bu gün bu müəssisənin
də yaradılmasına heç bir imkan olmazdı. Çünki enerji generasiyası, qaz xətləri,
infrastruktur, yollar - bunlar hər bir ölkənin
inkişafını şərtləndirir. Ondan sonra isə dövlət investisiyalarının
yatırılması, kreditlərin verilməsi,
sahibkarlığın inkişafı, belə gözəl
müəssisələrin yaradılması prosesi
başlamışdır.
Qeyd etdiyim kimi, burada mindən çox insan işlə təmin
ediləcək. Bu, işsizliyin aradan
qaldırılması üçün çox gözəl
addımdır. Eyni zamanda, ənənəvi
olaraq çay plantasiyalarında qadınlar daha çox işləyirdi,
fəaliyyət göstərirdi. Bu da
çox vacibdir ki, ailədə hər iki valideyn işlə təmin
edilsin. Qadınlar üçün
çay plantasiyalarında işləmək Azərbaycanda ənənəvi
xarakter daşıyan haldır. Hesab edirəm
ki, müasir şəraitdə işləmək, əlbəttə,
hər bir insan üçün çox önəmlidir.
Gözəl müəssisədir, əminəm ki, burada
insanlara, fəhlələrə yaxşı baxacaqlar,
onların maaşı da, yeməyi də, iş şəraiti
də yaxşı olacaq. Əminəm ki, bu fabrik
gələcəkdə öz fəaliyyətini genişləndirəcək.
Çünki həm Lənkəranda, həm
Astarada, digər yerlərdə imkanlar genişdir, kənd təsərrüfatı,
çayçılıq. Siz burada, eyni
zamanda, çəltikçiliklə də məşğulsunuz.
Bu da çox önəmlidir, bu zonanın ənənəvi
kənd təsərrüfatı sahəsidir. Ölkəmiz bax, bu cür inkişaf edəcək, o
cümlədən Astara.
Astara gözəl rayondur, Azərbaycanın gözəl
guşəsidir, gözəl təbiəti, iqlimi, insanları
var. Çox şadam ki, burada həm abadlıq işləri
görülür, eyni zamanda, gözəl müəssisələr
yaradılır. Bu, mənim Astaraya son illər ərzində
yeddinci səfərimdir. Bu,
özlüyündə sübut edir ki, Astaraya nə qədər
böyük diqqət göstərilir. Mən
bundan sonra da burada gedən işləri daim nəzarətdə
saxlayacağam.
Bu gözəl hadisə münasibətilə sizi bir daha
təbrik edirəm.
X X X
Rayon ictimaiyyətinin nümayəndələri
Astaranın hərtərəfli inkişafının daim diqqət
mərkəzində saxlandığına görə Prezident
İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Dövlətimizin
başçısı rayon ictimaiyyətinin nümayəndələri
ilə söhbət etdi.
Prezident
İlham ƏLİYEV: Yaxşı işləmisiniz. Görürəm ki, medallarınız çoxdur.
Harada, hansı sahədə işləmisiniz?
SAKİN:
Fermada işləmişəm, kənd təsərrüfatı
sahəsində.
Prezident
İlham ƏLİYEV: Yəni, yaxşı işləmisiniz
ki, sizi o vaxt təltif ediblər.
SAKİN:
Bəli, ulu öndər Heydər Əliyevin dövründə
işləmişəm.
Prezident
İlham ƏLİYEV: Lap yaxşı. Bəs o
vaxtdan çayçılıqda işləyənlər var?
SAKİN:
Bu şəkildə gördüyünüz kimi, düz 33 il bundan əvvəl biz Ulu Öndəri bu məkanda
qarşılamışdıq. O vaxt bizimlə çox səmimi
söhbət etdi. Onun bizə bir tövsiyəsi
oldu ki, çayçılıq, çay bitkisi çox
müqəddəs bitkidir. Onun
halallığa çox ehtiyacı var. Bu gün mən
çox şadam, ümumiyyətlə, astaralıların
hamısı çox şaddır ki, Siz onun tövsiyəsini
davam etdirirsiniz. Çayçılıq
bizim rayona xas olan təsərrüfatdır. Rayonun iqlimi buna imkan yaradır.
Çayçılığın inkişafına göstərdiyiniz
diqqətə görə çox sağ
olun. Biz daim Sizi dəstəkləyirik. Allah Sizi qorusun. Bir daha Astaraya
xoş gəlmisiniz.
Prezident
İlham ƏLİYEV: Sağ olun.
SAKİN:
Cənab Prezident, xoş gəlmisiniz, Sizin
ziyarətiniz də qəbul olunsun. Bu bölgə
bizim üçün əzizdir, müqəddəsdir. Sizin gəlişiniz bu bölgəni bizim
üçün daha da təravətləndirdi. İlk çay bitkisi 1812-ci ildə məhz bu
bölgədə əkilib. İndi Sizin
qayğınızın nəticəsində biz
çayçılığı inkişaf etdiririk. Sizin tapşırığınızla cənub
bölgəsində çayçılığın
genişləndirilməsi regionların inkişafı ilə
bağlı Dövlət proqramına daxil edildi. Həmin ildən biz yeni plantasiyalar salmağa
başladıq. Sizin sayənizdə
qısa müddətdə 450 hektar çay plantasiyası
salmışıq. Gördüyünüz bu çay
fabriki də şəxsən Sizin sayənizdə
tikilib. İnanın ki, indiyədək belə
bir fabrik bu bölgədə, respublikada olmayıb.
Prezident
İlham ƏLİYEV: Heç vaxt olmayıb.
SAKİN:
Hamısı Sizin diqqətiniz sayəsində olub.
Prezident İlham ƏLİYEV: Əminəm ki, bundan sonra belə fabriklərin sayı çox olacaq - həm burada, həm digər yerlərdə. Çünki çayçılıq bizim ənənəvi kənd təsərrüfatı sahəmizdir. Çox istəyirəm ki, həm daxili bazarı biz özümüz təmin edək, həm də ixrac edək. Xaricdə də görsünlər ki, Astara çayı nə qədər gözəldir, ləzzətlidir, keyfiyyətlidir. Çünki bizdə, ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının hamısı keyfiyyətlidir. İndi bəzi xarici ölkələrdə məhsullara o qədər kimyəvi maddələr vurur, məhsulu artırmaq üçün o qədər müxtəlif yollara əl atırlar ki, məhsul da öz keyfiyyətini, dadını itirir. Azərbaycanda bütün meyvə, tərəvəz, kənd təsərrüfatı məhsulları təbiidir, gözəldir, keyfiyyətlidir, o cümlədən də çay. Ona görə çox istərdim ki, biz Astara çayını dünyanın aparıcı ölkələrinin mağazalarında görək. Belə fabriklə buna nail olmaq mümkün olacaq. Şadam ki, biz bu gün bu ənənəni bərpa edirik. Siz tamamilə haqlısınız ki, Ulu Öndər həmişə bu bölgədə olarkən deyirdi ki, çayçılıq çox əhəmiyyətli sahədir.
SAKİN: Astaraya səfərləri zamanı birinci olaraq çay plantasiyasına gəlirdi.
Prezident İlham ƏLİYEV: Sonra - 1990-cı illərdə Azərbaycana qayıdanda da çox heyfsilənirdi ki, bu sahəyə lazımi diqqət göstərilməmişdir. Demək olar ki, biz çayçılığı itirirdik. Biz gərək onun siyasətini davam etdirək. Çalışırıq ki, davam etdirək. Belə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərir. Görürəm, burada xarici mütəxəssislər də var, sizi də salamlayıram. Sağ olun, siz də bizə kömək edirsiniz. Təbrik edirəm.
SAKİNLƏR: Çox sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.-2015.- 12 aprel.- S.1-2.