Astaranın dənizkənarı park-bulvar kompleksi yenidən qurulub

 

Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyevin Astara rayonuna və Lənkəran şəhərinə səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astaranın dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə tanış olub.

 

Məlumat verildi ki, son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə edilməsi ilə müşayiət olunur. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində yeni park və xiyabanların salınmasına, mövcud olanların isə yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlər sırasında Astarada dənizkənarı park-bulvar kompleksinin salınması mühüm əhəmiyyət kəsb edir.

 

Şəhərin mərkəzində yerləşən bu mədəniyyət və istirahət kompleksində yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub. Prezident İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yaradılan bu dənizkənarı park-bulvar kompleksi, ilk növbədə, şəhər sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan və şəhərə xüsusi yaraşıq verən bu istirahət ocağı Azərbaycanın tərəqqisi, ölkəmizin və onun bölgələrinin inkişafını bir daha sübut edir.

 

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahil boyunca bir kilometr uzunluğunda olan ərazini əhatə edir. Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanıb və artıq tikinti-quraşdırma işləri başa çatdırılıb. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılıb.

 

Burada dövlətimizin başçısı Astarada icrası nəzərdə tutulan sosial infrastruktur layihələrinin eskizinə baxdı.

 

Prezident İlham Əliyev görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verdi.

 

 AZƏRTAC

Azərbaycan.-2015.- 12 aprel.- S.2.