Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi əsaslı surətdə yenidən qurulub
Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyevin Astara rayonuna və Lənkəran
şəhərinə səfəri
Aprelin
11-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində
aparılan yenidənqurma və bərpa işlərindən
sonra yaradılan şəraitlə tanış olub.
Məlumat
verildi ki, hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran
xanı Mirəhməd xan tərəfindən həyat
yoldaşı Tuğra xanımın şərəfinə
1912-1913-cü illərdə inşa edilib. Bina fransız
memarları tərəfindən layihələndirilib və
tikinti işləri onların rəhbərliyi ilə
aparılıb. Binanı xarici və yerli ustalar inşa ediblər.
Tikinti materialları isə Bakıdan gəmi ilə
daşınıb. Xan evinin tikintisində Şərq və Qərb
memarlıq üslubundan istifadə edilib, kərpic və ağ
daş materiallarına üstünlük verilib. Üçmərtəbəli
bina 12 otaqdan ibarətdir. Sahəsi 812 kvadratmetr olan Xan evi
1913-cü ildə Lənkəranda ilk dəfə xüsusi
elektrik qurğusu quraşdırılmaqla elektrik enerjisi ilə
təmin edilib. 1978-ci ildən Xan evi Lənkəran
Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə
başlayıb. Uzun illər təmir edilmədən fəaliyyət
göstərən muzey binası, tədricən
aşınıb, dam örtüyü sıradan
çıxıb, mərtəbələrarası
örtüklər, döşəmələr, qapılar, pəncərələr
keyfiyyətini itirərək yararsız vəziyyətə
düşmüşdü.
Tarixi
binanın əsaslı təmirinə 2013-cü ilin
sentyabrından başlanılıb. Mədəniyyət və
Turizm Nazirliyi yanında Mədəni irsin qorunması,
inkişafı və bərpası üzrə Dövlət
Xidməti tərəfindən inşaat işləri yüksək
səviyyədə aparılıb və bu ilin aprel ayında
başa çatdırılıb.
Dövlətimizin
başçısı muzeyin ekspozisiya zallarına baxdı.
Ekspozisiya zallarında adı qədim yazılı mənbələrdə
çəkilən Lənkəranın ərazisində
tapılmış və bu diyarın tarixini,
etnoqrafiyasını, maddi və mənəvi dəyərlərini,
məişətini əks etdirən əşyalar, alətlər,
rayonun tarixində baş vermiş mühüm hadisələri
əks etdirən sənədlər toplanıb. Eksponatların
tarixi ardıcıllıqla və hər biri haqqında
geniş və ətraflı məlumat verilməklə
nümayişi və etibarlı şəkildə qorunması
üçün əlverişli şərait yaradılıb.
Bina qədim olsa da burada infrastruktur tam müasir tələblərə
uyğun qurulub. Yanğın təhlükəsizliyini təmin
etmək üçün müasir tələblərə
uyğun yanğın xəbərvermə və
yanğınsöndürmə sistemləri, mərkəzləşmiş
video-müşahidə qurğusu quraşdırılıb.
Diqqətə
çatdırıldı ki, baş plana əsasən ərazidə
qazanxana binası, transformator yarımstansiyası, generator, su
anbarları və digər zəruri avadanlıqlar, həmçinin
otaqlarda temperaturu sabit saxlamaq üçün döşəmə
tipli havalandırma sistemi quraşdırılıb. Muzeyin ətrafında
geniş abadlıq işləri görülüb, ərazinin
asfalt örtüyü yenilənib.
Azərbaycan.-2015.- 12 aprel.- S.3.