Yenidən qurulan Liman-Nərimanabad-Balıqçılar
avtomobil yolu ilə
tanışlıq
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
Astara rayonuna və Lənkəran
şəhərinə səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də
Lənkərana səfəri çərçivəsində
Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu ilə
tanış olub.
Əvvəlcə
dövlətimizin başçısı avtomobil yolunun sxematik
planı ilə tanış oldu. Bildirildi ki, uzun illər təmir
işləri aparılmaması nəticəsində yol
istismara yararsız vəziyyətə
düşmüşdü. Qısa müddətdə yenidən
qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq.
Yolun yenidən qurulmasına Azərbaycan Prezidentinin 2013-cü
il 13 sentyabr tarixli Sərəncamı ilə Prezidentin ehtiyat
fondundan 2 milyon manat və 2014-cü il 6 noyabr tarixli digər Sərəncamına
əsasən isə dövlət büdcəsindən 3,6
milyon manat, ümumilikdə 5,6 milyon manat vəsait
ayrılıb. Yolun tikintisinə 2013-cü ilin oktyabr ayında
başlanılıb, tikinti işləri bu ilin aprelində
başa çatdırılıb.
Məlumat
verildi ki, yolun inşası zamanı ən müasir texnoloji
üsullardan istifadə edilib, işin keyfiyyətlə və
qısa müddətdə görülməsinə xüsusi
diqqət yetirilib. 10 min nəfər əhalinin
yaşadığı üç yaşayış məntəqəsini
birləşdirən avtomobil yolunun ümumi uzunluğu 18,8
kilometr, eni 6 metrdir. Üçüncü texniki dərəcəli
yolun yenidən qurulması zamanı ətrafındakı
bataqlıq qurudulub, əraziyə torpaq tökülərək
mindən çox həmişəyaşıl küknar
ağacları əkilib.
Bu
cür kəndarası yolların inşası
sosialyönümlü tədbirlər olmaqla yanaşı, eyni
zamanda ölkəmizin iqtisadi qüdrətinin nümayişi
baxımından mühüm əhəmiyyət
daşıyır. Ölkədə həyata keçirilən
infrastruktur layihələri Azərbaycanın hər bir
bölgəsini, rayonunu və kəndini əhatə edir, həmçinin
regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi
baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan.-2015.- 12 aprel.- S.4.