Mixail Qusmanın “Formula
vlasti...və daha 65
müsahibə”
kitabının təqdimat mərasimi
keçirilib
Moskvada
TASS agentliyinin baş direktorunun birinci müavini,
tanınmış jurnalist Mixail Qusmanın “Formula vlasti...və
daha 65 müsahibə” kitabının 3-cü cildinin təqdimat
mərasimi keçirilib.
Kitabda
Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə də
dərc edilib.
Rusiya
Xarici İşlər Nazirliyində keçirilən təqdimat
mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva, Rusiyanın xarici işlər naziri Sergey Lavrov,
Rusiya Prezidentinin köməkçisi İqor Levitin, Moskva
Dövlət Beynəxlaq Əlaqələr Universitetinin
(MQİMO) rektoru Anatoli Torkunov, TASS agentliyinin baş direktoru
Sergey Mixaylov, Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu və bu ölkədə akkreditə
olunmuş digər səfirlər, habelə siyasətçilər,
deputatlar iştirak ediblər.
Mərasimdə
çıxış edən Sergey Lavrov bildirib ki, “Formula
vlasti” layihəsi Rusiyanın həqiqi mövqeyini,
bütün dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq
etdiyini açıb göstərməyə kömək edir.
Nazir bu ilin payızında “Formula vlasti” layihəsinin
işıq üzü görməsindən 15 il keçdiyini
xatırladaraq deyib: “Dünyada elə ölkələr var ki,
orada bu layihə baş tutmayıb. Bu, BMT üzvü olan 20-dən
çox ölkədir. Əgər hesab etsək ki, BMT
üzvü olmayan ölkələr də var, onda əminəm
ki, “Formula vlasti”nin dördüncü cildini də hazırlamaq
olar”.
TASS
agentliyinin baş direktoru Sergey Mixaylov isə
çıxışında bu layihənin agentlik
üçün çox önəmli olduğunu
vurğulayıb: “Formula vlasti” layihəsi yer kürəsinin
bütün oval, kvadrat, kubik və digər kabinetlərini TASS
üçün açır ki, daha sonra oradan məlumat
alsın və TASS xəbər yayımlamaqda birinci olsun”.
Daha
sonra MQİMO-nun rektoru Anatoli Torkunov, ABŞ-ın səfiri Con
Teft, Almaniyanın səfiri Ryudiger Fon Friç
çıxış ediblər.
“XXI əsrdə
öz yerini tutmuş lider elə də çox deyil, lakin
onların arxasında böyük və ya kiçik ölkə,
onun təkrarolunmaz xalqı dayanır. Mənim
üçün başlıcası budur ki, bütün bu
insanlar Rusiyaya hörmət və rəğbət ifadə
ediblər. Ölkəmizin ünvanına xoş və hərarətli
sözlər səsləndiriblər. Yəqin ki, bu, bizim
işimizin ən vacib yekunudur”,-deyə Mixail Qusman qeyd edib.
“Formula
vlasti” kitabının üçüncü cildinə
dünya liderləri ilə 65 müsahibə daxil edilib. Mixail
Qusman həmin müsahibələri 2010-2014-cü illər ərzində
yazıb. Üçüncü cilddə Azərbaycan Prezidenti
İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, Yaponiyanın Baş
naziri Sindzo Abe, Braziliya Prezidenti Dilma Roussef, Danimarka Kralı II
Marqret və digər dövlət başçıları ilə
müsahibələr dərc olunub.
“Formula
vlasti...daha 65 müsahibə” kitabının Prezident İlham
Əliyevlə müsahibənin təqdimatında müəllif
yazır ki, Azərbaycan müsəlman Şərqində
parlament yaradan və qadınlara səsvermə hüququ verən
ilk demokratik respublikadır. Kitabın həmin hissəsində
Prezident İlham Əliyevin rəhbərliyi dövründə
Azərbaycan iqtisadiyyatının 300 faiz artdığı,
ölkədə yüzminlərlə iş yerin açıldığı
qeyd olunub.
Azərbaycan.-2015.- 12 aprel.- S.7.