Vətənə, xalqa məhəbbət

 

Nəriman Nərimanov-145

 

Xalqımızın çoxəsrlik tarixində elə böyük şəxsiyyətlər var ki, onlar zamanlara sığmır, təkcə ürəklərdə deyil, millətin ictimai-siyasi, mənəvi tarixində əbədi yaşayırlar. Belə şəxsiyyətlərdən biri də böyük ədib, görkəmli dövlət xadimi Nəriman Nərimanovdur.

Bu gün Nəriman Nərimanovun adı, onun xatirəsi məmləkətimizin hər bir guşəsində anılır. Onun adını daşıyan küçələr, rayonlar ali məktəblər var, heykəli Bakının ən görümlü yerində ucaldılıb. Təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da Nərimanova böyük ehtiram və rəğbətin ifadəsini görürük.

Bolşevizm, kommunist ideologiyası bu gün haqlı olaraq tənqid edilir, bir vaxtlar adına təriflər yağdırılan şəxsiyyətlərin heykəlləri uçurdulur, onların gördükləri işlərin, həyata keçirdiyi əməllərin xalqa, millətə nə qədər acınacaqlı tale yaşatdığı haqqında söhbətlər gedir, əsl həqiqətlər açıqlanır. Nəriman Nərimanov da Azərbaycanda kommunist ideologiyasının daşıyıcılarından biri idi, marksizm-leninizm təlimini qəbul etmişdi, aprelin 28-də ilk müstəqil dövlətimizin süqutundan sonra Azərbaycan İnqilab Komitəsinin, sonra isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri seçilmişdi. Daha sonra SSRİ Mərkəzi İcraiyyə Komitsəinin sədrlərindən biri olmuşdu. Bəs onda niyə kommunist Nərimanovun xatirəsi bu qədər əziz tutulur?

Əlbəttə, bu suala cavab vermək heç bir çətinlik törətmir. Şəxsiyyətin hansı partiyaya, hansı dünyagörüşə yiyələnməsindən asılı olmayaraq, onun xalqa, Vətənə, mənsub olduğu millətə nə dərəcədə xidmət etməsi ilk meyardır. Nərimanovun bütün həyat və fəaliyyəti Azərbaycana, onun azadlığına, xoşbəxt həyat idealına həsr olunmuşdu. Sadəcə olaraq, o, bu idealın həyata keçirilməsini Kommunist partiyasının, bolşevizmin qələbəsində, xalqlara nicat və səadət bəxş edə biləcəyində axtarırdı. Amma çox keçmədən yanıldığını hiss elədi. Qırmızı terrorun, insanları günahsız yerə təqiblərin, ermənilərin və rusların hakimiyyətdə üstün mövqe qəzanmasının şahidi oldu. Nərimanov Azərbaycanda rəhbər olduğu müddətdə bir çox zorakılıqların, tanınmış ziyalılara qarşı təqiblərin, ölkədə yaranan xaosun, hərc-mərcliyin qarşısını almağa çalışırdı və çox zaman buna nail olurdu, hətta bu xüsusda Leninə, Stalinə də məktublar yazırdı, vəziyyəti izah edirdi və görünür, SSRİ rəhbərlərinə bu xoş gəlmirdi. Və bu səbəbdən onun Azərbaycanda qalmasını mümkün hesab etməyib, guya vəzifəcə irəli çəkdilər və N.Nərimanov Moskvada anladı ki, onun kommunist ideologiyasına bəslədiyi inam sarsılır. Nərimanovun ölümü də müəmmalı oldu. Ölümündən bir il sonra Moskvada onun yubileyini keçirdilər, amma Azərbaycanda bu yubiley keçirilmədi, çünki bolşevik-erməni diasporu, həmçinin Nərimanovu sevməyən azərbaycanlı kommunistlər bunu istəmirdilər.

Beləliklə, faciəli bir ömür sona yetdi. Doğrudur, Nərimanov unudulmadı, xalqın xatirəsində yaşadı, amma geniş təbliğ olunmadı, hətta üstündən “millətçilik” damğası da əskilmədi. Yalnız sular durulanda, Stalinin şəxsiyyətin pərəstiş kultu aradan qaldırıldıqdan sonra Nəriman Nərimanovun həyat və fəaliyyəti gündəmə gəldi. Ulu öndər Heydər Əliyevin böyük səyi və təşəbbüsü ilə Nərimanovun irsi geniş təbliğ olundu, Bakıda əzəmətli heykəli ucaldıldı, onunla bağlı yasaqlar aradan götürüldü.

Nəriman Nərimanovdan, onun bir şəxsiyyət kimi böyüklüyündən və ümumən xalqa xidmətlərindən söz açanda doğrudan da heyrətə gəlirsən. Fikirləşirsən ki, 54 illik qısa bir ömürdə bir insan bu qədər işləri necə həyata keçirə bilər? Təbii ki, bütün bunları, onun millət yolunda, xalq yolunda gördüyü işləri bütünlüklə sadalamaq, bu haqda geniş söz açmaq bir yazının işi deyil. Odur ki, bu yazıda ədibin maarifçilik və bədii yaradıcılığından söz açacağıq.

Nəriman Nərimanov Azərbaycan ziyalılarının yetişməsində böyük rol oynayan Qori Müəllimlər Seminariyasını bitirmişdi. Onun ilk əmək fəaliyyəti də müəllimliklə başlanmış, Tiflis quberniyasının Qızılhacılı kəndində müəllimlik etmişdi. Az sonra o, Bakıya gəlir və burada da pedaqoji fəaliyyətini davam etdirir. Ancaq onun müəllimliyi təkcə dərslərlə, sinif otaqları ilə məhdudlaşmır, Nərimanovu Azərbaycan maarifinin işini canlandırmaq, ana dilində dərsliklər tərtib etmək, bu sahədə islahatlar aparmaq düşündürürdü. Onun Azərbaycan dili qrammatikası, ruslar üçün Azərbaycan dili və azərbaycanlılar üçün rus dili dərslikləri müəllimlərə, tələbələrə hava-su kimi lazım idi.

O, ana dilinin fəal təbliğatçılarından biri idi və öz əsərlərində də bu dilin zənginliklərini, gözəllik və məlahətini üzə çıxarırdı. Məqalələrinin birində yazmışdı: “Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyyati-qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm. Müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madəranəsini sənə o dildə bəyan edibdir. Bir dil ki, sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl dil sayəsində bir fikir hasil edibsən, cism və ruhun möhtac olduğu məvadi o dildə tələb eləyibsən...…Haman dil ki, diyari-qürbətdə...…onu eşidəndə ürəyin döyünməyə, üzün gülməyə başlayır…beynin, fikrin, xəyalın işləməyə başlayır, bir dəqiqənin ərzində Vətəni gözünün qabağına gətirirsən...” Nərimanov digər məqaləsində yazmışdı: “Bir millət özünü tanımayınca hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə bağlıdır”.

N.Nərimanov 1894-cü ildə Bakıda ilk xalq qiraətxanası açır. Məqsəd nə idi? O idi ki, cavan ziyalılar, tələbələr yeni əsərlərlə tanış olsunlar, ana dillərini sevsinlər, mədəniyyət və maarif yolunda faydalı işlər görsünlər. Burada yoxsul şagirdlərin və tələbələrin xeyrinə teatr tamaşaları da təşkil edilirdi. O, anadilli mətbuatın da çiçəklənməsini, bu yolla xalqı maarifləndirməsini arzulayırdı, hərçənd ki, keçən əsrin əvvəllərində bir çox qəzetlər, jurnallar nəşr olunurdu. Amma Nərimanov istəyirdi ki, “Təzə xəbərlər” adlı bir qəzet nəşr olunsun, məmləkətdə və dünyada baş verən hadisələrdən, ictimai-siyasi olaylardan xəbər tutsunlar. O istəyirdi ki, uşaqlar və məktəblilər üçün “Sovqat” və “Məktəb” adlı sırf pedaqoji xarakterli jurnallar çap olunsun, bu barədə müvafiq təşkilatlara müraciət də etmişdi, amma onun xahişləri müxtəlif bəhanələrlə rədd edilmişdi.

Nərimanov Azərbaycan teatrının qızğın təbliğatçılarından olmuşdur. Görkəmli ədib Mir Cəlal Paşayev yazırdı ki, o, aktyor dəstələri ilə yaxından əlaqə saxlayır, onların Bakıda verdiyi tamaşalara rəhbərlik edir, bu dəstə ilə birlikdə bəzən Azərbaycan qəzalarına da gedirdi. Bu səfər zamanı o, tamaşalar verməklə yanaşı, məruzələr edir, dinləyicilərin diqqətini dövrün bəzi mühüm hadisələrinə, maarif və mədəniyyət məsələlərinə cəlb etməyə çalışırdı. O, Gəncədə yeni tikilən məktəbin xeyrinə verilmiş teatr tamaşası münasibətilə məruzə etmiş və həmin məruzəni 1899-cu ildə ayrıca kitabça halında nəşr etdirmişdi. Onun teatrla, ayrı-ayrı tamaşalarla bağlı maraqlı fikirləri var. Məsələn, Cəlil Məmmədquluzadənin 1916-cı ildə tamaşaya qoyulmuş “Ölülər” komediyası haqqında yazmışdı: “Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, paslanmış beyinləri pasdan təmizləyib, ölmüş ruhlara can verəcəkdir”.

Yeri gəlmişkən qeyd edək ki, Nərimanov işinin çoxluğuna (o, Odessada Tibb Universitetini bitirmiş və Qaraşəhərdə həkim işləyirdi, müxtəlif mövzularda məqalələr yazırdı, inqilabi fəaliyyətlə məşğul olurdu və s.) baxmayaraq, əsrin əvvəllərində Azərbaycan ədəbi prosesində fəal iştirak edirdi. O, bir tənqidçi-ədəbiyyatşünas kimi də öyrənilməyə, tədqiq olunmağa layiqdir və nə yaxşı ki, mərhum akademik Kamal Talıbzadə “XX əsr Azərbaycan tənqidi” monoqrafiyasında bu xüsusda maraqlı faktlarla bizi tanış edir. Məlum olur ki, “Nərimanov “Fikir” adlı ayrıca tənqid jurnalı nəşr etmək istəmiş, bu münasibətlə Bakı şəhər polisinə müraciət etmişdi, məqsədi bu idi ki, dövri mətbuatın xülasəsi, müasir yazıçıların əsərlərinin xülasəsi verilsin. Nərimanov “Nicat” maarif cəmiyyətində ədəbiyyat şöbəsinin sədri olduğu zaman “Tənqid gecələri” adı altında dərnək yaratmışdı. A.Şaiqin yazdığına görə, “burada təşkil olunmuş tənqid dərnəyində ayrı-ayrı əsərlər haqqında yazılmış tənqidlər oxunub müzakirə edilirdi”.

Nərimanovun ən çox sevdiyi sənətkarlardan biri və bəlkə də birincisi - Mirzə Ələkbər Sabir olmuşdur. O, “Hümmət” qəzetində Sabirə həsr olunan məqalə dərc etdirmiş və Sabiri “fəhlə-kəndli şairi” adlandırmışdı. Yazmışdı ki, Sabir fəhlə və kəndli sinfinin ağa və mülkədar zülmü altında çəkdiyi məşəqqətləri əyani və canlı şəkildə göstərən şairdir. Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi ilk illərdə Bakıda Sabirə heykəl qoyuldu və əlbəttə, bu, Nərimanovun təşəbbüsü ilə olmuşdu.

Nərimanov ədəbi mövqeyinə görə realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir və bu mənada onun Həsənbəy Zərdabi, Cəlil Məmmədquluzadə, Sabir, Üzeyir bəy Hacıbəyli kimi sənətkarlarla bir sırada öyrənilməsi, tədqiq olunması tamamilə təbiidir. Mir Cəlal Paşayevin ifadəsiylə desək, “Nəriman Nərimanov əlinə qələm aldığı gündən etibarən gördüklərini, düşündüklərini yazmaq, bu yazıları ilə də tərəqqiyə xidmət etmək istəyirdi”.

O, ədəbi yaradıcılığa “Nadanlıq” pyesini yazmaqla başlamışdı. Bu pyes 1895-ci ildə, Bakıda tamaşaya qoyulmuşdu. Nərimanovu bir maarifçi-realist ədib kimi düşündürən məsələlərdən biri də nadanlıqla mübarizə idi. Pyesdə bir kəndin və bir ailənin timsalında nadanlığın (bisavadlığın, elmsizliyin, oğurluğun, quldurluğun və s.) necə dəhşətli bəlalar törətdiyi kəskin tənqid hədəfinə çevrilir. Nərimanov pyesdə təsvir olunan hadisələri kənddə müəllim işləyərkən öz gözləri ilə görmüşdü. Cəhalətin, irticanın, köhnəliyin maarif, tərəqqi və yeniliklə mübarizəsi hələlik birincilərin qələbəsi ilə bitir, elmə, təhsilə meyilli olan Öməri bir kimsə yox, quldur qardaşı Vəli qətlə yetirir və son anda Ömərin dilindən bu sözlər qopur: “...məni…nadanlıq... avamlıq...…bimərifətlik... güllələdi! Ah, nadanlıq!”

Sonra “Dilin bəlası, yaxud Şamdan bəy” komediyası yazılır. Bu pyesdə nadanlığın başqa bir bəlası - mülkədar ailələrindəki mənəvi boşluq, xəyanət, pula hərislik ifşa olunur. Şamdan bəy saf bir məhəbbətə - Yusiflə Xədicənin sevgisinə mane olmaq istəyir, amma sonda onun fırıldaqlarının üstü açılır və ifşa olunduğunu bilib, intihar edir. Komediyada, adətən, ölüm hadisələri olmur, amma burada ölüm heç kimi təəssüfləndirmir, çünki ölən adam rəzil və xaindir, dosta etibarsız çıxıb.

N. Nərimanov Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin, ümumiyyətlə, ilk tarixi dram əsərinin müəllifidir. “Nadir şah” faciəsi ilə böyük ədib, Yaşar Qarayevin ifadəsi ilə desək, “çox geniş yayılmış bir üsuldan istifadə etmiş, müasir mövzunu tarixi keçmişə atıb, çox həqiqətləri öz müasirlərinə başa salmışdır”. Nərimanov bu əsərdə özündən heç bir şey uydurmamışdır, tarixi sənədlərə müraciət etmiş, Nadir şahın faciəsini ön plana çəkmişdir. Və belə bir həqiqəti sübut etmişdir ki, istibdad hökm sürən bir quruluşda ədalətli şah ola bilməz. Nadir şah dərəbəyliyə son qoymaq, ölkədə qanun-qayda yaratmaq, vətən və xalq mənafeyini əsas tutmaq, dini dövlətdən ayırmaq istəyirdi. Lakin onun ətrafı Nadir şahın bu islahatlarına qarşı çıxır, gizlində ona tor qururlar. Nadir şah düşmən hiyləsinə uyub oğlunun gözlərini çıxarır, beləliklə, əsərdə faciəvi məqamlar şiddətlənir, millət və vətən yolunda qılınc çalan Nadir şah düşmən hiyləsinə məğlub olur.

Nəriman Nərimanov Azərbaycan ədəbiyyatında ilk roman müəlliflərindən biri kimi tanınır. Keçən əsrin sonlarında Zeynalabdin Marağalının fars dilində qələmə aldığı “İbrahimbəyin səyahətnaməsi” romanından sonra bu janra maraq artdı, “kiçik romanlar” yazıldı. Təbii ki, indiki meyarla yanaşsaq, həmin romanlar həcmcə janrın ölçüsünə uyğun gəlmir, amma bu da bir mərhələ idi, oxucuları roman deyilən bir ədəbi formaya alışdırmaq idi. Nərimanovun “Bahadır və Sona” romanı da bu qəbildən idi. Əsərdə türk oğlu Bahadırın erməni qızı Sonaya aşiq olması, lakin “uçurum dərələr”in, milli ayrı-seçkiliyin mövcud olması bu məhəbbətin qarşısında sədd çəkir. Ermənilərin məkrli hərəkətlərini N. Nərimanov sonralar - Azərbaycanda rəhbər vəzifədə işləyərkən bir daha hiss edəcəkdi.

Zaman keçdikcə Nəriman Nərimanovu biz daha fəhmlə dərk etməyə başlayırıq. Onun böyüklüyünü dərk edirik. Faciəsini anlayırıq. Və XX əsri Nərimanovsuz təsəvvür edə bilmirik. Vətənə, xalqa məhəbbətlə yoğrulan Nəriman Nərimanov ömrü bütün nəsillər üçün örnəkdir.

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Azərbaycan.-2015.- 12 aprel.- S.8.