Məkkədə
ümrə ziyarəti
Azərbaycan Prezidenti
İlham Əliyevin Səudiyyə Ərəbistanı
Krallığına rəsmi səfəri
Aprelin
6-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri
İslam dünyasının əsas müqəddəs şəhəri
Məkkədə ümrə ziyarətində olublar.
Azərbaycan
Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və
ailə üzvləri xüsusi zəvvar libası geyinərək
Əl-Həram məscidinə gəldilər.
Bir neçə mərtəbəli və doqquz minarəli məscid öz gözəlliyi və əzəməti ilə insanı heyran edir.
Ziyarətgahın yüksək səviyyəli din xadimləri dövlətimizin başçısını mehribanlıqla qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və onu
müşayiət edən şəxslər Kəbənin ətrafına
dolanıb təvaf etdilər və məsciddə namaz qıldılar. Prezident
İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə
daxil oldular, burada da namaz
qıldılar.
Bildiyimiz kimi,
Kəbə evinin qapıları müstəsna
hallarda ali qonaqlar üçün
açılır. Bu dəfə Kəbənin
qapıları Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri üçün açıldı. Bu da Prezident
İlham Əliyevin şəxsiyyətinə
və fəaliyyətinə İslam
dünyasında verilən dəyərin ifadəsidir.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlandı. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni İslam dininin ayinlərinə uyğun olaraq yeddi dəfə qət etdilər.
Həzrəti Məhəmməd (s) bu torpaqda doğulub, peyğəmbərliyə çatıb, İslam dini Məkkədə yaranıb. Məkkədəki Allah evi Kəbə həzrəti Məhəmməd Peyğəmbərin (s) dövründən başlayaraq bütün dünya müsəlmanlarının ən müqəddəs ziyarətgahına çevrilib. Sonralar Kəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və Mərvə təpələri arasında əzəmətli məscid tikilib. Hər il həcc ziyarəti zamanı dünyanın ən müxtəlif guşələrindən gələn milyonlarla müsəlman Kəbənin ətrafına dolanır, müqəddəs Qara daşı öpür, məsciddə namaz qılır.
Ayə və hədislərdən də bəlli
olduğu kimi, Kəbə
Yer üzündə insanlar
üçün məbəd olaraq tikilən ilk evdir. Aləmlərə uğur,
bərəkət və hidayət qaynağı olaraq qurulan Kəbə
haqqında Allah-Təala “Qurani Kərim”in
“Al İmran” surəsində
belə buyurur: “Həqiqətən, insanlar üçün ilk bina olunan
ev Məkkədəki evdir
ki, o, şübhəsiz,
bütün aləmlərdən ötrü bərəkət və doğru yol
qaynağıdır. Orada aydın
nişanələr, İbrahimin məqamı
var”. Tarix boyu bir çox
dəyişikliklərə məruz qalan Kəbə
müxtəlif dövrlərdə qismən, ya
da tamamilə yenidən inşa
olunub və bugünkü
möhtəşəmliyinə çatıb.
Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı Əl-Həram məscidini seyr etdi.
Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verildi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 8 aprel.- S. 1.