Ermənistanın ilk baş naziri O.Kaçaznuninin söylədikləri

 

Ermənilər “böyük Ermənistan” qurmaq xülyası ilə böyük dövlətlərin vədlərinə aldanaraq 1921-ci ilə qədər Anadoluda və Azərbaycanda qanlı qətliamlar, daha doğrusu, vəhşiliklər törətmişlər. Bütün bu qeyri-insani hərəkətlər Osmanlı dövlətinin, Türkiyə Cümhuriyyətinin, Türkiyə Genelkurmay Başqanlığının, Azərbaycanın, Fransanın, Almaniyanın, İngiltərənin və Rusiyanın dövlət arxivlərindəki rəsmi sənədlərdə də öz əksini tapmışdır. Rəsmi sənədlər isə ermənilərin 1915-ci ildə yaşanan hadisələri dünya ictimaiyyətinə uydurulmuş “soyqırımı” kimi təqdim etmələrinin hüquqi əsaslardan uzaq olduğunu ortaya qoyur.

“Soyqırımı” iddiasında olan ermənilər 100 ildir bütün səylərinə baxmayaraq Osmanlı dövlətinin erməniləri yox etmə niyyətini isbat edən heç bir sənəd tapa bilməmişlər. Sənəd dediklərinin də saxtalığı ortaya çıxmışdır. I Dünya müharibəsinin sonuna yaxın İstanbulu işğal edən ingilislər erməni patriarxxanasının raportlarına əsaslanaraq “qətliam” və müxtəlif “cinayətlər” törətdiklərindən məsul tutduqları, aralarında nazir və bəzi rəhbərlərin də olduğu 144 nəfər Osmanlı dövlətinin məsul işçilərini mühakimə etmək üçün Maltaya sürgün etmişlər. Ancaq ingilislər bütün arxiv sənədlərini tədqiq etmələrinə baxmayaraq, həbs etdikləri şəxsləri günahlandıracaq bir dəlil belə tapa bilməmişlər. Nəticədə, Maltaya sürgün etdikləri şəxslərin hamısını azad etmişlər. Beləliklə, hələ o zamanlar “erməni soyqırımı” iddialarının uydurma olduğu məlum olmuşdur.

Bu gün ermənilər Sevr müqaviləsinin hələ də gücündə olduğunu irəli sürüb istismar yolu ilə Türkiyənin şərq və cənub-şərqində olan bir çox şəhər və kəndləri üzərində haqlarının olduğu iddiasındadırlar. Onlar uydurduqları “erməni problemləri”ni dünya ictimaiyyətinə çatdırmaq və bu “problemləri” beynəlxalq miqyasda qəbul etdirmək məqsədilə Türkiyə əleyhinə aparılan təbliğat fəaliyyətlərini 1965-ci ildən etibarən artırmışlar. Bu şovinist insanlar özlərinin məzlum xristianlar olduqlarını, türklərin haqsız və barbarca törətdikləri qətliamlarla hüzur içərisində yaşadıqları vətənlərindən atıldıqlarını irəli sürüb Şərqi Anadolunu Azərbaycan türklərinin ata-baba yurdu olan İrəvan xanlığında qeyri-qanuni elan etdikləri “Ermənistana” qatmaq istəmişlər. Daşnakların bu səyləri bir nəticə vermədikdə onlar 1973-cü ildən etibarən bütün dünya ictimaiyyətinin gözü qarşısında terror hərəkatına başlamış, 200-ə yaxın terror hadisələri törətmişlər. Vəhşicəsinə törədilən bu hadisələrin dünya ictimaiyyətində yaratdığı mənfi təsirləri gördükdə isə onlar “erməni soyqırımı” uydurmasını dünya ictimaiyyətinin gündəminə gətirmişlər. Etiraf etmək lazımdır ki, bu uydurulmuş “soyqırımı” mövzusunda erməni komitələri, kilsələri və xüsusilə erməni diasporu ağlasığmaz müsbət nəticələr əldə etmişlər. Diaspor kəlməsi, əslində, yəhudilər üçün istifadə olunan bir termindir. Doğma yurdlarından ayrılaraq xarici ölkələrdə yerləşən yəhudiləri tanıtmaq üçün istifadə olunan diaspor kəlməsi ermənilər haqqında da söylənməyə başlanmış, daha çox məşhurlaşmışdır. Bu gün diaspor kəlməsi tələffüz edildikdə hər bir insanın ağlına ilk olaraq erməni diasporu gəlir. “Bu gün ermənilərin fəaliyyətlərini təşkil edən və Ermənistanın xarici siyasətini, sözün əsl mənasında idarə edən erməni diasporudur,” deyə bilərik. Bütün dünyaya yayılmış erməni diasporunun məqsədi türk düşmənçiliyini təbliğ etmək və uydurulmuş “soyqırımı”nın intiqamını almaqdır.

Türkiyəyə və Azərbaycana qarşı cəbhə yaradan erməni diasporu hər il erməni “soyqırımı” günü qəbul etdikləri 24 aprel tarixində yaşadıqları ölkələrdə bu mövzunu gündəmə gətirir, yerli və mərkəzi idarələri Türkiyə əleyhinə qərar almağa məcbur edir, qurduqları planlarına qaldıqları yerdən davam edirlər. Əslində 24 aprel günü “erməni soyqırımı” deyilən bir hadisə baş verməmişdir. Bu, ermənilərin türklərə qarşı uydurduqları bir iftiradır. Osmanlı dövləti 24 aprel günü yaşadıqları dövlətə qarşı törətdikləri xəyanət və ikiüzlülüklərinə görə erməni komitəçi və çətəçilərini həbs etdirmişdir, öldürtməmişdir. Amma ermənilər o günü elə təsvir etmişlər ki, guya o gün ermənilərə qarşı böyük bir qətliam törədilmişdir. Beləcə, 24 aprel günü 100 ildir təkrarlana-təkrarlana beyinlərə həkk olmuşdur. Nəticədə bir çox dövlətlərin parlamentləri işin əslini araşdırmadan ermənilərin bu böyük yalanını doğru kimi qəbul edib 24 aprel 1915-ci il tarixini “erməni soyqırımı” tarixi olaraq qəbul etmişlər. Doğrusu, bir çox ölkədə müqəddəs sayılan parlamentin belə bir qərarı qəbul etməsinə inanmaq olduqca çətindir. Bu da bir həqiqətdir ki, parlamentlər uydurma tarixi hadisələr haqqında qərar çıxaracaq quruluşlar deyillər. Tarixi tarixçilər dəyərləndirməlidirlər. Motivlər nə olursa-olsun xarici ölkələrin ali qanunverici orqanına təqdim olunan “erməni soyqırımı” iddialarına dəstək verən bəzi ölkələrin niyyətləri insanlığa qarşıdır.

Bu gün dünya ictimaiyyətində Türkiyə və Azərbaycana qarşı davamlı problemlər yaradan bir Ermənistan ilə qarşı-qarşıyayıq. 1998-ci ildə Ermənistan prezidenti seçilən R.Koçaryan iqtidara gələr-gəlməz “soyqırımı”nın bütün dünya tərəfindən tanınmasını Ermənistanın xarici siyasət hədəflərindən biri olaraq açıqlamışdır. Bu mövzunun dövlət siyasəti olduğunu dilə gətirən Ermənistanın bugünkü siyasətçiləri də “soyqırımı”nın tanınması mövzusunun Ermənistanın xarici siyasətinin ən önəmli ünsürlərindən biri olduğunu hər zaman və hər yerdə ifadə edirlər. Beləcə, hər baxımdan tamamilə çıxılmaz vəziyyətdə olan Ermənistan güclü dövlətlərin oyuncağı olmaqdan əl çəkmir, Türkiyəyə və Azərbaycana qarşı uydurmalarla dolu siyasət yürütməyə davam edir.

Bu gün Qarabağ bölgəsi də daxil olmaqla 46.200 kvadratkilometr Azərbaycan türkünün ata-baba yurdunda yaradılan Ermənistanda bir türkün belə yaşamamasına dünya ictimaiyyəti nə qiymət verir? Necə olur ki, 25 ildir vaqonlarda, çadır düşərgələrində yaşayan 1 milyona yaxın Azərbaycan türkünün bu faciəsinə demokratiyadan dəm vuran dövlətlər, millətlər, ictimaiyyətlər seyrçi qalırlar? Necə olur ki, dünyanın ən önəmli təşkilatı olan BMT qəbul etdiyi qətnamələri yerinə yetirə bilmir? Heç şübhəsiz, bu dövlətlərin və millətlərin erməni zülmü altında həyatlarını itirmiş yüz minlərlə məsum türk insanının talesiz xatirəsinə nəzər salmalı, süngülənən uşaqların, atəşdə yandırılan qocaların, gözləri oyularaq, qulaqları, burunları kəsilərək, insana insanlığını unutduran işgəncələrlə öldürülənlərin acı taleyinə biganə qalmamalıdırlar. Və heç şübhəsiz, bu dövlətlər və millətlər ermənilərin törətdikləri vəhşiliklərə və qeyri-insani hadisələrə qarşı çıxmalıdırlar...

Bilindiyi kimi, Türkiyə 1990-cı illərin əvvəlində Ermənistanla diplomatik əlaqə qurulması üçün iki ölkənin bir-birinin torpaq bütövlüyünü tanımalarını bildirən bir sənədin imzalanmasını təklif etmiş, ancaq Ermənistan Qars müqaviləsinin qüvvədə olmasına baxmayaraq bu təklifi qəbul etməmişdir. 13 oktyabr 1921-ci il tarixli Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və Sovet İttifaqı arasında imzalanan Qars müqaviləsi Türkiyənin şərq sərhədlərini müəyyən etmişdir. Bu müqavilənin hələ də qüvvədə olması Ermənistanın Türkiyədən və Azərbaycandan torpaq tələb etməsini hüquqi cəhətdən doğru olmadığını göstərir.

1998-ci ildə “Daşnaksütyun” təşkilatının gizli lideri R.Koçaryanın prezident seçilməsilə millətçi hərəkatlar sərbəst buraxılmış, Ermənistan Türkiyə ilə əlaqələrində sərt bir siyasət yeritməyə başlamışdır. Koçaryan rəsmi bir açıqlamasında, soyqırımını heç bir zaman unutmayacaqlarını, bu faciəni bütün dünyaya xatırladacaqlarını, soyqırımının cəzasız qaldığını, millətlərarası tanıma və qınamanın layiq olduğu səviyyədə gerçəkləşmədiyini dilə gətirmiş, BMT-nin 53-cü iclasında da iddialarını təkrarlayaraq Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən blokadaya alındığını ifadə etmişdir. Bu tələblərin qarşısında ortaya belə bir sual çıxır: Türkiyədən və Azərbaycandan rəsmən torpaq tələb edən və buna konstitusiyasında yer verən bir ölkə ilə normal əlaqələr necə qurula bilər?..

Bu gün Azərbaycanın tarixi torpaqlarında yaradılan “Türksüz Ermənistan”da rəsmən 3,5 milyona yaxın erməni olduğu göstərilir, lakin orada yaşayanların sayı təxminən 1,7-1,8 milyondur. Ermənilər haqqında həqiqətləri ortaya qoymaq bizim hər birimizin borcudur. Bu gün Ermənistanda türk adını daşıyan nə bir kənd, nə də bir Azərbaycan türkü vardır. Halbuki erməni Zaven Korkodyanın 1932-ci ildə nəşr etdirdiyi “Sovet Ermənistanının əhalisi son yüz ildə, 1831-1931” adlı kitabında adları çəkilən 2.310 kənddən 2.000-dən çoxunun adı Azərbaycan leksikonundadır. O torpağın hər qarışında Azərbaycan tarixinin izləri vardır.

Bu gün Ermənistan dörd qonşusunun üçü ilə ciddi anlaşmazlıqlar içərisindədir. Bu şəraiti yaradanlar da ermənilərin özləridir. Ermənilərin Türkiyə və Azərbaycana qarşı yaratdıqları problemlər göz qabağındadır. Deyək ki, bunlar türkləri özlərinə qan düşməni sayırlar. Yaxşı, bəs bunlar gürcülərlə niyə dolana bilmirlər?

İndi də gəlin, arxiv sənədləri ilə yanaşı, erməni yazıçı, elm və siyasət adamlarının əsərlərinə, rəsmi yazılarına və çıxışlarına nəzər salaq. Yetmiş il boyunca adını bir çox təşkilat və abidələrimizə verdiyimiz Şaumyan Andranikə göndərdiyi 1918-ci il tarixli teleqramında belə yazırdı: “Sizin teleqramı aldım, bütün mətni Moskvaya - Mərkəzi hökumətə bildirdim. Mən şəxsən sizi, həqiqi milli qəhrəmanı təbrik edirəm. Əgər cənab Kaçaznuni və başqaları sizin kimi olsaydılar, erməni xalqı belə çətinliklərə düşməzdi. Sizin bayrağınız altında vuruşan bütün qəhrəman əsgərlərə və bütün zəhmətkeş sakinlərə salam söyləyin. Həmin adamlara ki, onlar istər türk istilasına qarşı, istərsə də milli azadlıq uğrunda əzmkarlıq göstərmişlər. Bütün çətinliklərə baxmayaraq sizi inqilabın bayrağını aşağı endirməməyə dəvət edirəm. Nəticədə, Zaqafqaziya erməni kəndli və fəhlələrinin qurultayı sovet hakimiyyətini təsdiqləyər və yenidən Rusiya ilə birləşərlər. Mən çox şad olardım ki, bu imkanları reallaşdırmaq üçün bizə yardım edəsiniz. Mənimlə əlaqə yaratmaq üçün yollar axtarmağınızı rica edirəm.” (“Bakinski raboçiy” qəzeti, 20 iyul 1918-ci il).

İndi isə tanınmış erməni yazıçıları T.Hacıqokyan və H.Osepyanın, erməni millətinə mənsub elm adamı B.İşxanyanın, general Mayevskinin və rus podpolkovniki Tverdoxlebovun rəsmi yazılarını oxucularımızın nəzərinə çatdıraq.

Tanınmış erməni yazıçısı T.Hacıqokyan “erməni məsələsi”nə dair düşüncələrində belə yazır: “...Şərəfsiz Daşnak Respublikasının qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan müharibələrdə daşnakların qanlı əllərilə minlərlə türkü yox etdikləri və kəndlərini yandırıb külə döndərdikləri Zəngəzur, Şərur, Daralagöz, Meqri, Ərbaba, Zəngibasar və Vedidəki türk kəndlərində törətdikləri vəhşiliklər, qətliamlar, qarətlər hələ də ağıllardadır. O zaman erməni əsgərlərində yaltaqlıq, keyfi xüsusiyyət, qarət, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı...”

Erməni millətinə mənsub elm adamı B.İşxanyan isə ermənilərin Qafqazda məskunlaşmaları barədə həqiqəti ortaya qoymuşdur. Onun 1916-cı ildə nəşr olunmuş kitabında bunları oxuyuruq: “...Ermənilərin həqiqi vətəni kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Qafqazda bir neçə erməni əyalətindən başqa, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüz ildə səpələnmişlər...”

Erməni yazıçı H.Osepyan 1930-cu ildə Ermənistan dövləti tərəfindən azərbaycanca nəşr edilən “Müharibə və quruluşun 10 ili” adlı kitabında bunları qeyd etmişdir: “...Daşnakların iqtidarı zamanında etnik döyüşlər ağlasığmaz həcmə çatmışdı. Onlar menşevik Gürcüstanı ilə bir dəfə, Türkiyə ilə iki dəfə, Azərbaycanla isə bir neçə dəfə müharibə etdilər və ölkə daxilində türk cəmiyyətini ortadan qaldırmaq siyasətini irəli sürdülər. Ağbabada, Zəngibasarda, Vedibasarda, Şərurda on minlərlə türk qətl edildi. Bu vətəndaşların varlıqları talan edilib daşnak komandanlarının mülkiyyətinə keçirildi.

...Daşnak hökumətinin çirkin siyasəti nəticəsində xalq məhv olmaqla qarşı-qarşıya qalmışdı. Ölkədə aclıq, qarışıqlıq şiddətli bir şəkildə davam edirdi. Tifdən və digər yoluxucu xəstəliklərdən minlərlə insan öldü. Türkiyədən və Yunanıstandan gələn yüz minlərlə mühacir çirkin daşnak siyasətinin qurbanı olaraq ac-susuz və cır-cındır içərisində qalmışdılar. Az miqdarda olan sənaye təşkilatları və kənd iqtisadiyyatı tamamilə dağınıq halda idi. Sağlam işçilər səfərbərlik nəticəsində məcbur olaraq orduya alınmışdılar. Kəndlərdə yalnız iş görə bilməyən kişilər və qadınlar qalmışdılar. Ölkəni yox olmaqla qarşı-qarşıya gətirən devrimci Daşnak hökuməti, Amerikanın, İngiltərənin və Fransanın çəkmələrini yalayaraq imperialistlərin köməyi ilə “böyük və müstəqil bir Ermənistan” qurmaq istəyirdilər. Lakin bəllidir ki, onların planları xəyal olaraq qaldı. Qərbi Avropa və Amerika imperialistləri erməni daşnaklarını yalnız Zaqafqaziyanı və Bakı neftini ələ keçirmək üçün istifadə edirdilər...”

Beləliklə, dürüst erməni yazıçıları bu yazıları ilə Ermənistanın quruluşunun qeyri-qanuni olduğunu və ermənilərin törətdikləri vəhşilikləri isbat edirlər.

Yuxarıda qeyd etdiyimiz düşüncələrin nə qədər doğru olduğunu təsdiq etmək üçün digər millətlərə mənsub bir adamın deyil, bir erməninin türklərə qarşı qeyri-insani hadisələr törədən erməni terroruna etiraz məqsədilə özünü yandıraraq həyatına son verən Artin Penikin məktubunu oxumaq kifayət edər: “Patriarxxana və Türkiyədəki bütün ermənilər naminə sizə etiraz edib özümü yandırıram. Sizə səslənirəm ey ASALA caniləri! Məsum insanları arxadan əxlaqsızcasına öldürməklə bu işlər həll olunmaz. Siz imperialistlərin oyununa gəlirsiniz. O zaman da imperialistlərin oyunu ilə yüzminlərlə insanlar öldü. Özünüzə gəlin. Sizi aldadırlar. Burada bir neçə min erməni qaldı. Bunlarıdamı yox etmək istəyirsiniz? Lakin buna müvəffəq ola bilməyəcəksiniz. Siz günahsız insanları əxlaqsızcasına öldürməyə davam etsəniz, and içərək deyirəm: “Kökünüz kəsiləcək!”

Özünüzə gəlin! Bizim tanıdığımız ermənilər mərd olar, məsum insanları əxlaqsızcasına arxadan vurub öldürməz. Sizi bir erməni olaraq qəbul etmirəm, lənətləyirəm! Fransanın keçmiş prezidenti Ciskar, bir erməni olaraq sizi də lənətləyirəm. Zamanında rəy ovçuluğu üçün ermənilərin etdiklərinə göz yummasaydınız, bunlar ərköyünləşib bu hala gəlməzdilər. Yazacaq çox şey var, lüzum görmürəm. Zamanı gəldikdə Türk milləti sizin cəzanızı verəcək! O zamandan bu günə qədər ölənlərin canına rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm. Bütün Türkiyədəki vətəndaşlarıma səbrli olmalarını uca Allahdan diləyirəm.

Hörmətlə hamınıza əlvida. Artin Penik.”

Sonra Anton Doğanalp adlı digər bir erməni 1 mart 1975-ci ildə bunları söyləmişdir: “Beyrut Türk hava yolları bürosunu partladan türk düşməni ermənilər, sizlərə səslənirəm! Siz yalnız türklərin düşməni deyil, ermənilərin də düşmənisiniz. Batsın sizin təşkilatınız da, gizli ordunuz da! Bütün bunlar sizə maddi mənfəətlər gətirə bilər, ancaq tarixi zorlamaqla və qaba hərəkətlərə yol verməklə siz bir çox insanın hüzurunu pozmaqda, yaşamını qaranlığa sürükləməkdəsiniz. Türk erməniləri insan kimi yaşadıqları bu torpaqlarda, türk düşmənlərini lənətlə xatırlayırlar. Bunu həm dost, həm də düşmən bilməlidir. Türkün əleyhinə hər bir hərəkəti nifrətlə qınayıram. İllər boyu çəkilən acılar, yetər... Sizin kimi ağılsızlar minlərlə türkün və erməninin ölməsinə səbəb oldular. Bayquşlar, susun artıq, düşmənçilik və ölüm gətirməyin. İnsanlara qarşılıqlı sevgi və hüzur gətirən fəaliyyətlərdə olun!..”

İndi isə rus generalı Mayevskinin bəzi qeydlərini nəzərinizə çatdırmaq istərdik: “1895-ci ilə qədər erməni-türk əlaqələri yaxşı bir vəziyyətdə idi. Bu iki cəmiyyət bir-birlərilə dostcasına dolanırdılar. 1895-ci ildə erməni komitəçilər erməniləri türklərə qarşı təhrik etməyə başladılar və erməni-türk əlaqələri birdən-birə tərsinə döndü. Türk vəhşiliyi bir həqiqət olmayıb uydurulmuş siyasi bir hekayədir. Həqiqəti olduğu kimi söyləmək lazımdırsa, Şərqdə vəhşi olanlar müsəlmanlar deyil, əksinə, müxtəlif hadisələri törədənlər şərqli xristianlar idi. Onlar törətdikləri hadisələri kimsəsiz müsəlmanlara yükləyirdilər. Baş verən hadisələr erməni komitəçilərin uydurduqları və icraya qoyduqları komediyadan başqa bir şey deyildir...”

İndi də gəlin podpolkovnik Tverdoxlebovun raportuna bir nəzər salaq. Podpolkovnik Tverdoxlebov ermənilərin Ərzurum və ətrafında türk xalqına qarşı törətdiklərini bir raportla öz mərkəzlərinə bildirmişdir. Raport rus istilasının başlanğıcından Ərzurumun Osmanlı hərbi hissələri tərəfindən geri alınma tarixi olan 27 fevral 1918-ci ilə qədər olan bir zamanı əhatə edir: “...Türklərlə ermənilər arasındakı düşmənçilik Avropada bilinirdi. Lakin bunun I Dünya müharibəsində olduğu kimi, ciddi bir çatışmaya gətirib çıxaracağını kimsə düşünmürdü... Ermənilər daima haqsızlığa uğramışların roluna girmiş və ən ağır qırğınların qurbanı olduqlarını bütün dünyaya çatdırmışdılar. Ermənilərlə ən çox təmas etmiş olan ruslar ermənilər haqqında bu qənaətə gəlmişdilər: Ermənilər xəsis, pula düşkün və başqalarının zərərini düşünən bir millətdir. Ermənilərin əsgəri xüsusiyyətləri də bu bənzətmələrə uyğundur. Rusiyanın hərbi hissələrində yer alan ermənilər, nə qədər qürur qırıcı olursa-olsun, daim cəbhə arxasındakı xidmətlərə üstünlük vermişlər. Ordu sıralarından qaçma və ya öz-özünü yaralama hadisələri bunların əməlidir. 1917-ci ildə Ərzurumun ixtilalçı erməni komitəsi xalqın silahlarını toplamaq məqsədilə ümumi bir axtarış təşkil etmişdir. Lakin bu axtarış heç bir qaydaya uyğun olaraq təşkil olunmadığına görə, soyğunçuluq şəklini almışdır. Soyğunçular arasında ən azğınları düşmən qarşısında ən qorxaq hərəkət edən erməni əsgərləriydi...

Ermənilər silahsız və hər cür müdafiə vasitələrindən yoxsul olan səkkiz yüz türkü öldürmüşdülər. Onlar törətdikləri bu qırğından sonra son dərəcə yaxşı silahlanmış olaraq Ərzuruma doğru çəkilməyə başlamışdılar.

Ərzincandan Ərzuruma doğru çəkilməkdə olan ermənilər yolları üzərindəki bütün müsəlman kəndlərini və sakinlərini qırmışlar. Rus ordusunun geri çəkildiyi zaman topçu cəbhəsini dağıtmaq üçün kürdlərdən və heç birində silah olmayan sivil xalqdan arabaçılar seçilmişdir. Ermənilər Ərzurum yaxınlığında rus zabitlərinin dincəlməyə çəkildikləri fasilədən faydalanaraq arabaçıları öldürməyə başlamışlar. Rus zabitlərinin bu hadisəyə mane olmamaları üçün silahla onları qorxudan ermənilər arabaçıları vəhşicə öldürmüşlər...

28 fevral tarixində İlicədən dönən podpolkovnik Qryaznov mənə bunları anlatmışdır: “Kəndə gedən yollarda cinsiyyət orqanları parçalanmış cəsədlərə rastlanmışdır. Yoldan keçən hər bir erməni cəsədlərə söyərək tüpürürmüş. Caminin həyəti cəsədlərlə doldurulmuşdu. Bunların arasında hər yaşda qadın, kişi, uşaq və qocaların meyitləri vardı. Qadınların vücudlarında təcavüz izləri görünürdü. Qadın və gənc qızların cinsiyyət orqanlarına fişənglər soxulmuşdu. Podpolkovnik Qryaznov erməni dəstələrində telefonçu olaraq çalışan bir neçə gənc erməni qızını caminin həyətinə çağıraraq vətəndaşlarının törətdikləri qırğını göstərmişdir. Bu törədilənlərlə öyünə biləcəklərini söyləmişdir. Lakin qızların bu görüntü qarşısında dəhşət içərisində qalmaları əvəzinə sevincdən güldüklərini gördükdə Qryaznovu nifrətlə bir çaşqınlıq bürümüşdür. O, həyəcana qapılaraq onları söymüş və ermənilərin qadınları da daxil olmaqla ən alçaq və barbar bir millət olduqlarını söyləmişdir. Bir zabitin saçlarını dimdik edən bu mənzərə qarşısında, təhsil görmüş gənc qızların sevincdən çılğın bir hala gəlmələri ermənilərin soylarından gələn vəhşiliyin bir sübutu olduğunu əlavə etmişdir. Bu sözlər qarşısında qızlar bikef görünməyə çalışmış, gülüşlərinin hirsdən irəli gəldiyini iddia etmişlərsə də, qarşılarındakını ruhən qana nə qədər susamış olduqları xüsusunda aldada bilməmişlər.”

Ermənilər bir qadının ürəyini çıxardıqdan sonra cəsədini bir divara başı aşağı mıxlamışdılar... Haqlı bir səbəb olmadan bir türkü öldürən ermənini həbs etmişdim. Baş komandan onun hərb məhkəməsinə verilməsini əmr etmişdi. Keçmiş qanunların tələbinə görə belə cinayət işləyənlərin edam edilməsi lazım idi. Erməni zabitlərdən birinə bu cinayəti törədənin asılacağını söylədiyimdə, erməni qatil hiddətlə yerindən fırlayaraq: “Bir türkə görə bir erməninin öldürüldüyü görülmüşdürmü?”-deyə bağırdı...

Yuxarıda anlatdığım hadisələr erməni millətinin nə qədər qana susamış olduğunu açıq-aydın ortaya qoyur. Bu qorxunc və üzüntü verən hadisələri baş verməmiş kimi göstərmək heç bir insanın əlində deyildir...”

3 noyabr 1920-ci ildə İ.Stalinin G.Çiçerinə Bakıdan göndərdiyi teleqram:

“No.368

3 noyabr 1920-ci il, Bakı.

Moskva, G.Çiçerinə

...Xəbərdarlıq edirəm, türklərin ermənilərə hücumlarının böyüklüyü ilə əlaqəli söyləntilər, ittifaq dövlətlərinin agentləri tərəfindən bilə-bilə şişirdilir. Niyə dedi-qodulara qulaq asırsınız? Sakit davranın...

İ.STALİN”

Tarixi rəsmi sənədlər incələndikdə ermənilərin niyyətlərinin çirkinliyi qədər törətdikləri alçaqlıqların, xəyanətlərin və hər cür cinayətlərin pisliyi bütün çılpaqlığı ilə ortaya çıxır. Keçmiş tarixlərdə erməni komitəçilərlə bir amerikalının söhbəti bu baxımdan çox mənalı görünür. Söhbəti aparan amerikalı Dr.Hamlinin (İstanbuldakı Amerika kollecinin qurucusu) müsahibəsini dilə gətirən 23 dekabr 1893-cü il tarixli məktubun qısa bir bölümü belədir (“Boston” qəzetində yayımlanmışdır):

“...Rusların Anadoluya girmələrinə səbəb olacaq bir hadisə törədəcəklərini və buna hazırlandıqlarını söyləyən bir erməni komitəçiyə Dr.Hamlin “necə?” - deyə sorduqda, komitəçinin cavabı belə olmuşdur: “Bütün imperatorluqda təşkilatlanmış Qncak dəstələri türkləri öldürüb kəndlərini yandıracaqlar. Sonra dağlara qaçacaqlar. Belə olduqda dəliyə dönən türklər bölgədəki müdafiəsiz ermənilərin üzərinə hücum edib onları elə doğrayacaqlar ki, ruslar xristianlıq mədəniyyəti naminə hücuma keçib Anadolunu işğal edəcəklər.” Bu cavaba çaşıb-qalan amerikalı dəhşət içərisində: “Belə bir şeyi necə edə bilərsiniz? Nə qorxunc bir plandır bu!..” - demişdir.

Doğrudan da, bu, qorxunc bir plan olmuşdur. Bu da bir həqiqətdir ki, ermənilər belə planlarla özlərini “yazıq,” “haqsız-hüquqsuz” bir millət olaraq göstərməyə çalışmışlar.

Son olaraq Ermənistanın ilk baş naziri, “Daşnaksütyun” komitəsinin rəhbəri O.Kaçaznuninin “Artıq Daşnaksütyunun görəcəyi iş yoxdur” başlığı altında Buxarest konfransına təqdim etdiyi raportun bir bölümünü qeyd etmək istərdik. Bu raport 1914-1923-cü illər arasında türk-erməni hadisələrinə və ermənilər tərəfindən bütün dünyanın gündəliyinə gətirilən “erməni soyqırımı”nın baş verib-vermədiyinə dair rəsmi sənədlərdən biridir.

Bizə görə, bu gün Türkiyənin qarşısına atılmış və dünyanın bir çox ölkələri tərəfindən qəbul edilmiş uydurma “soyqırımı” mövzusuna dair həqiqətləri isbat etmək üçün O.Kaçaznuninin verdiyi məlumatlar olduqca dəyərli və əvəzedilməzdir. Çünki O.Kaçaznuni erməni hökumətinin ən səlahiyyətli adamı olaraq o illərdə baş verən hərbi, siyasi və iqtisadi hadisələri yaşamış, müharibə bitdikdən sonra baş verən hadisələrin nəticələrini hər bir erməninin etməyəcəyi qədər düzgünlüyə yaxın düşüncələrlə ortaya qoymuşdur.

O.Kaçaznuni raportunda toxunduğu mövzuların yalnız komitəçi yoldaşları üçün deyil, eyni zamanda hər bir erməni üçün də olduqca önəmli olduğuna diqqət çəkir, hər bir komitəçinin bu mövzuların üzərində ciddi-ciddi düşünməsini lazım bilir və hər bir erməniyə çatdırılmasını istəyir. O, öz çıxışında belə demişdir: “Yoldaşlar! Bu məsələlər mənim çox üzücü düşüncələrimin əsas mövzusunu əmələ gətirmişdir. Sizin də bu mövzuları düşünmüş olduğunuzdan şübhəm yoxdur. Ancaq sizin də eyni nəticəyə gəlib-gəlməyəcəyinizi bilmirəm. Qorxuram belə olmasın. Qorxuram ki, tələffüz etmək çətin olsa da, mənim vicdanımın səsini dinləyərək gəldiyim nəticə konfrans iştirakçılarının qarşı irticasını, bəlkə də öfkəsini çəksin. Mən buna hazıram. Ancaq buna inanmağınızı xahiş edirəm: bu sözləri yazmaq və imzalamaq, bunları məndən eşidərkən hiss edəcəklərinizə nisbətən, mənim üçün daha çətin olmuşdur. Mənim deyəcəklərim kifayət qədər düşünülməmiş qənaətlərin bir nəticəsi deyildir. Bütün bunlar köklü qənaətlərin və dəqiq şüurun bir nəticəsidir, çünki mən düşünməyə, anlamağa, mühakimə etməyə, qiymətləndirməyə və mövqe müəyyən etməyə kifayət qədər sahibəm. Buna görə də az da olsa, səbr etməyinizi və danışacağım mövzulara obyektiv yaxınlaşmağa çalışmağınızı xahiş edirəm. Bilirəm, komitə qayğıları ilə yaşayan və komitə ölçüləri çərçivəsində düşünən şəxslərin bunu etməsi asan olmayacaqdır. Buna görə bu mövzunu yersiz görsəniz, sizdən üzr istəyirəm. Başqa şərtlərdə bu sözlər lazımsız və yersiz görünə bilər. Lakin mənim təqdim edəcəyim təbliğin fərqli məzmunu sizin geniş düşüncənizə və şüurunuza xitab etməyimi məcbur edir və mənə haqq verir. Mövzuya keçirəm.

Könüllü dəstələrin qurulması lazım idimi sualı bu gün, əlbəttə, mənasızdır. Tarixi hadisələrin özünə xas polad bir məntiqi vardır. 1914-cü ilin payızında erməni könüllü dəstələri quruldu və türklərə qarşı fəaliyyətə başlandı. Bu, erməni xalqının 25 il boyunca bəslənmiş olduğu psixoloji şəraitin təbii və qaçılmaz bir nəticəsi idi. Bu psixologiya özünə bir forma tapmalıydı və onu tapdı...

Bu gün (əgər məsuliyyət mövzusu gündəmə gələrsə) kimin günahkar olduğunu tədqiq etmək də mənasızdır. Psikopos Mesrop, A.Xatisov, Doktor Zavriev, S.Arutyunov, Dro və Andranik olmasaydılar, başqaları tapılacaq və eyni şeyləri törədəcəkdilər. Könüllü dəstələrin qurulmaları bir səhv idisə, bu səhvin kökləri uzaq keçmişdə axtarılacaqdır. Hələlik bunu təsbit etmək lazımdır ki, biz bu könüllülər hərəkatına aktiv olaraq qatıldıq və bu qatılma komitə konqresinin qərarına baxmayaraq həyata keçirildi.

1914-cü ilin qışı və 1915-ci ilin ilk ayları, Daşnaksütyun da daxil olmaqla Rusiya erməniləri baxımından bir həyəcanlanma və ümid dövrü idi. Biz qeydsiz-şərtsiz Rusiyaya yönəlmiş vəziyyətdə idik. Hər hansı bir zəfərin olmamasına baxmayaraq, biz zəfər havasına qapılmışdıq, sədaqətimiz, çalışmalarımız və yardımlaşmalarımız qarşılığında çar hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyinə əmindik. Ağlımız dumanlanmışdı. Biz öz istəklərimizi başqalarına mal edərək məsuliyyətsiz insanların boş sözlərinə böyük əhəmiyyət verib özümüzə etdiyimiz hipnozun təsirilə həqiqətləri anlaya bilmədik, xəyallara qapıldıq...

1915-ci ilin ikinci yarısı və 1916-cı ilin tamamı bizim üçün ümumi bir yas dövrü oldu. Van, Eleşkirt, Basen mühacirləri, qırğından qurtarmış olanların hamısı - on minlərlə, yüz minlərlə insan gəlib Rusiyanın erməni qəzalarına doluşdular. Ac, çılpaq, xəstə və qorxu içərisində olan insanlar şəhər və kəndlərimizə yerləşirdilər. Bu ac insanlar çörək tapa bilməyən bir ölkəyə gəlmişdilər. Gücsüz, xəstə, dərmansız mühacirlər açıqda qalmışdılar. Şirak və Ararat vadiləri böyük bir xəstəxananı xatırladırdı. Buralarda minlərlə erməni bizim gözlərimizin qabağında aclıqdan və xəstəlikdən ölürdülər. Biz bu insanların həyatlarını qurtarmaqda acizdik. Qızğınlıq və qorxu içərisində olan bizlər günahkar axtarırdıq və bu günahkarı “Rus hökuməti ilə onun yalançı siyasəti” olaraq müəyyən etdik. Biz, sosial baxımdan yetişmiş insanlara xas bir çaşqınlıq içərisində bir küncdən digərinə sovrulurduq. Rus hökumətinə qarşı dünənki inamımız nə qədər kor-koranə və əsassız idisə, bugünkü günahlandırmalarımız da o qədər kor-koranə və əsassızdır. O zamanlar rusların bilərəkdən ağır və qətiyyətsiz davrandıqları, yerli erməniləri qətl etmək üçün türklərə imkan yaratdıqları söylənirdi. Guya, ruslar Ermənistanı boşaltmaq və oralara kazakları yerləşdirmək üçün belə davranır, Kont Lobanov-Rostovskinin hər kəs tərəfindən bilinən “ermənisiz Ermənistan” planı həyata keçirilirmiş. Yalnız xalq deyil, komitəmiz və ağlı başında olan yoldaşlarımızın da bir çoxu belə düşünürdü.

Biz, rus hökumətinin ermənisiz bir Ermənistan planının Türkiyə ermənilərinin müdafiəsini necə olursa-olsun öz üzərinə almaq üçün bir səbəbin olmadığını anlamaq istəmirdik. Belə bir plan, əlbəttə, yox idi. Biz ancaq öz istəklərimizi rus hökumətinə aid edərək, onu xəyanətdə günahlandırırdıq.

Təbii ki, bizim könüllü dəstələrimiz Vanı və Muşu tezliklə ələ keçirməyə çalışırdılar. Oralara erməniləri qurtarmaq üçün gedirdilər. Əslində rus ordu hissələri erməni könüllülərindən əmələ gəlmirdi və onların fərqli məqsədləri var idı. Onlarda görünən və bizim bir xəyanət olaraq qiymətləndirdiyimiz ağır və qətiyyətsiz davranış, rus komandanlarının qeyri-adi zəifliyilə (belə zəiflik digər cəbhələrdə də görünmüşdür) və ya bizim tərəfdən bilinməyən ümumi hərbi qaydalarla açıqlana bilər.

Bu hadisələri qeyri-adi və çox maraqlı olduğuna baxmayaraq, ələ almamağımız lazım idi. Biz siyasi bir komitə olaraq məsələmizin rusları maraqlandırmadığını və onların lazım olduqda bizim cəsədlərimizi tapdalayaraq keçib gedəcəklərini unutmuşduq. Bunu anlamadığımızı, bilmədiyimizi söyləyə bilmərəm. Əlbəttə, bilirdik, lakin bəzən müharibənin ancaq erməni məsələsinə görə başladıldığını saflıqla düşünürdük. Ruslar hücuma keçdikdə onların erməniləri qətl etmələri üçün türklərə imkan verdiklərinə inandıq. Biz hər iki halda məqsəd və niyyətləri qarışdırırdıq. Rusların xəyanətlərini axtarır və əlbəttə, tapırdıq. Altı ay əvvəl də rusların xeyirxahlıqla yaxınlaşmalarının isbatını eyni bu şəkildə axtarmış və tapmışdıq. Pis taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini başqalarında axtarmaq acınacaqlı bir vəziyyətdir. Bu, bizim milli psixologiyamızın bir xüsusiyyətidir. “Daşnaksütyun” komitəsi bundan qaça bilməmişdir.

Rusların bizə qarşı təhrikedici davranmalarında sanki xüsusi bir təsəlli var idi. Sanki saf və uzaqgörən olmadığımız bir qəhrəmanlıq idi və nəticədə elə bir vəziyyətə düşdük ki, istəyən hər kəs bizi asanlıqla aldatdı, xəyanət etdi, kəsdi və başqalarının kəsmələrinə imkan verdi...”

1923-cü ilin aprel ayında “Daşnaksütyun” komitəsinin Buxarestdə keçirilən konfransında çıxış edən O.Kaçaznuninin erməni millətinə mənsub olmasına baxmayaraq, konfransda söylədikləri bu gün bütün dünyada dillər əzbəri olan “erməni soyqırımı”nın uydurma olduğunu rəsmən ortaya qoyur.

Yuxarıda bəzi bölümlərini qeyd etdiyimiz raportu yazanın müharibədə döyüşən tərəflərdən birinin başında və üstəlik, “soyqırımına” uğradığı iddia edilən tərəfin baş naziri olduğu nəzərə alındıqda qeyd etdiklərimiz daha ciddi əhəmiyyət daşıyır. “Soyqırımına” uğradıqları iddia edilən ermənilərin baş nazirləri baş verən hadisələri bir müharibə olaraq dəyərləndirir və ən önəmlisi ermənilərin imperialist güclərə alət olduqlarını açıq ürəklə ortaya qoyur. Beləliklə, “Daşnaksütyun” komitəsinin lideri, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin 1923-cü ilin aprel ayında Buxarestdə keçirilən Daşnaksütyun konfransına təqdim etdiyi raportdan bu nəticələr ortaya çıxır: ermənilər Osmanlı dövlətinə xəyanət edib əvvəl ruslara, daha sonra fransızlara və ingilislərə qeydsiz-şərtsiz bağlanmışlar; Osmanlı dövlətinin köçürülmə qərarı müdafiə məqsədinə uyğun olmuşdur; ermənilər dənizdən-dənizə proyekti kimi bir arzuya qapılmış və bu istiqamətdə təhrik edilmişlər; Daşnaksütyun komitəsi xaricində bir günahkar axtarılmamalıdır.

Qeyd etdiklərimizi nəzərə aldıqda ortaya bir sual çıxır: “Bu gün “erməni soyqırımı” iddialarını müzakirə edən və “erməni soyqırımı” haqqında qərarlar alan ölkələr Ermənistanın ilk baş nazirinə güvənmirlərsə, kimə güvənirlər? Heç şübhəsiz, Ermənistanın ilk baş naziri, erməni millətinin tarixində xüsusi bir yeri olan Daşnaksütyun komitəsinin lideri O.Kaçaznuninin raportu imperializmin böyük yalanına son verir!..

Yuxarıda qeyd etdiyimiz kimi, daşnakların Azərbaycan türklərinin ata-baba yurdu olan İrəvan xanlığında elan etdikləri “Ermənistanın” ərazisi bu gün 46.200 kvadratkilometr çatdırılmışdır. Min illərdir bu torpaqlarda yaşayan Azərbaycan türkləri ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmış, qaçqın vəziyyətinə düşmüşlər. Bütün bunlara baxmayaraq bugünkü Ermənistan Azərbaycanla olan sərhədlərini tanımadığı kimi, Türkiyə dövləti ilə olan sərhədlərini də tanımır, yəni Qars və Gümrü müqavilələrini qəbul etmir.

Hesab edirik ki, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin Daşnaksütyun komitəsinin Buxarestdə keçirdiyi konfransına təqdim etdiyi raportu çox sayda dillərə tərcümə etdirilib dünya ictimaiyyətinə çatdırılmalıdır.

 

Fazil QARAOĞLU,

Professor

Azərbaycan.-2015.- 12 aprel.- S.10.