Autizm xəstəliklərinin sosial müdafiəsi” mövzusunda dinləmələr keçirilib

 

Aprelin 7-də  Milli Məclisin Sosial siyasət komitəsinin təşkilatçılığı və türkiyəli ekspertlərin iştirakı ilə “Autizm xəstəliklərinin sosial müdafiəsi” mövzusunda dinləmələr keçirilib.

Komitə sədri Hadi Rəcəbli bu mövzunun hazırda ən aktual məsələlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətin sosial sifarişinin hüquqi bazasının formalaşdırılmasıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da mənbəyi məlum olmayan xəstəliklər mövcuddur. Autizm xəstəliyi olan şəxslərin sosial müdafiəsi bu gün də gündəmdədir. Ölkəmizdə bununla bağlı bir sıra layihələr həyata keçirilir.

Autizm  sindromunun mahiyyəti barədə danışan H.Rəcəbli deyib ki, daha çox oğlan uşaqlarında qeydə alınan bu xəstəlik erkən yaş dövründə başlayan və həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin yaranması ilə birlikdə qəbul olunan neyropsixatrik pozuntudur.  Bildirilib ki, dünyada 70 minə yaxın insan məhz bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda isə orta hesabla  3500 nəfər autizm xəstəsi var. Bu məsələdə Türkiyənin təcrübəsi Azərbaycan üçün hər zaman maraqlıdır. Çünki dil və mənəvi dəyərlərin oxşarlığı baxımından bu təcrübədən faydalanmaq Azərbaycan cəmiyyəti üçün daha yaxşıdır.

Çıxış edən Türkiyənin Konya Səlcuqlu Bələdiyyəsinin sədri Uğur İbrahim Altay bu sahədə gördükləri işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, bəzən bir çox valideyn bu xəstəlikdən əziyyət çəkən övladını etibar edəcək mərkəz tapa bilmir. Buna görə də uşaqlarla yanaşı, valideynlərə də dəstək vermək vacib məsələdir. Bununla bağlı hazırda Türkiyədə bir çox layihələr reallaşdırılır.

Azərbaycanın baş psixiatrı, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri Gəray Gərayzadə isə deyib ki, autizm ən çox uşaq psixiatriyasına aid olan bir məsələdir. 8-10 il bundan əvvəl Azərbaycanda nadir hallarda autizm diaqnozu qoyulurdu.  Bu, həm sosial məsələlər, həm də diaqnostika ilə bağlı idi. Hazırda ölkədə bu xəstəliklə məşğul olan ictimai qurumlar çox aktiv fəaliyyət göstərir. Autizm digər psixi problemlərdən bir qədər fərqli olaraq, sırf tibbi məsələ deyil. Burada həkimlərin və uşaq psixiatrlarının rolu kifayət etmir. Çünki autizm hər hansı bir dərman vasitəsi ilə həll olunan xəstəlik deyil. Ona görə də əsas məqsəd bu cür ailələrə daha çox reabilitasiya, psixoloji, pedaqoji yardım göstərməkdən ibarət olmalıdır.

Baş psixiatr eyni zamanda bu sahədə mövcud olan kadr probleminə də toxunub. O bir çox ölkədə olduğu kimi, Azərbaycanda da psixiatrların sayının elə də çox olmadığına diqqət çəkib. Yalnız son illər rezidentura yolu ilə təhsil alan tələbələrin bu sahəyə maraq göstərməsi sevindirici haldır. “Bizə daha çox reabilitoloq, loqopedlər, sosial işçilər və pedaqoqlar lazımdır. Cəmiyyətimizdə xəstəlik barədə maarifləndirmə tədbirləri daha çox aparılmalıdır” - deyə, baş psixiatr əlavə edib.

Tədbirdə komitə üzvləri və qeyri-hökumət təşkilatları nümayəndələrinin mövzu ətrafındakı fikir mübadiləsi böyük maraq doğurub.

 

Elgün MƏNSİMOV

 

Azərbayacan.- 2015.- 8 aprel.- S. 5.