Nağılvari həqiqətlər

 

Nəriman Nərimanovun anadan olmasının 145 illiyi münasibətilə

 

...1972-ci ilin mayı idi. Çalışdığım “Ədəbiyyat və incəsənət” qəzetində böyük ictimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanovun anadan olmasının 100 illiyi münasibətilə səhifə hazırlanırdı. Təəssüf ki, bu dahi insanın yubileyi iki il idi gecikirdi. Çünki Moskvada oturan xalqımızın əbədi düşməni ermənilər deyirdilər ki, “Nərimanov yubileyi qeyd edilməyə layiq adam deyil”. Lakin hakimiyyətə yeni gələn Heydər Əliyev cəsarətlə Kremlin qarşısında məsələ qaldırdı və 1970-ci ildə N.Nərimanovun 100 illik yubileyinin SSRİ məkanında keçirilməsinə nail oldu. Qayıdaq həmin tarixə.

Redaksiyamızda hər şey axarında gedirdi. Problem bu idi ki, qəzetin bütöv nömrəsini yubilyara həsr edək, yoxsa... Cavab hələ də bəzi süründürməçi məmurlardan asılı idi. Son məqamda yalnız qəzetin yarısını yubileyə həsr etmək tövsiyə olundu. Yubiley materiallarının hazırlanmasında və tərtibində mən də bilavasitə iştirak edirdim. Xüsusi nömrə hazırlanan məqamda baş redaktor, yazıçı Yusif Əzimzadə məzuniyyətdə olduğundan onu müavini, xalq şairi Məmməd Araz əvəz edirdi. Yubilyar haqqında redaksiyaya daxil olan materiallar həddən çox idi. Bəs nə edək? Məmməd müəllim sualı da özü verdi, cavabı da: “Qəzeti bütövlükdə Nəriman Nərimanovun 100 illiyinə həsr edək” - dedi.

Yeri gəlmişkən xatırladım ki, yubiley nömrəsində böyük ədibin qardaşı qızı İltifat Nərimanovanın da təəssüratları getməli idi. Düzü, bu ideya mənim tərəfimdən irəli sürülmüşdü. Çünki vaxtilə qızlar məktəbində təhsil almış, sonradan müharibə illərində Bağırovun təqdimatı ilə Bayıl Rayon Partiya Komitəsinin (indiki Səbail rayonu) birinci katibi işləmiş, ilk neft buruğunun müəlliflərindən olmuş, geoloq, müharibə iştirakçısı Qəmər Osmanova ilə görüşüb söhbət edərkən vaxtilə qızlar məktəbində onunla birgə oxumuş İltifat Nərimanova haqqında ətraflı məlumat toplamışdım.

İltifat xanımla görüşəndə onun böyük nəslin xoş günlərindən tutmuş ağrılı-acılı anlarınadək söylədiyi nağılvari həqiqətləri qələmə almışdım. Hətta elə məqamlar var idi ki, xüsusilə siyasi-tarixi və Nərimanovun son ölüm anları ilə bağlı olayları yalnız ailə üzvlərindən biri olan bu xanımdan başqa heç kim bilmirdi. Təəssüflər olsun ki, o vaxt həqiqətlər bizimqlavlitin süzgəcindən keçmədi...

Yubiley nömrəsi çıxdı və oxucular tərəfindən çox yaxşı qarşılandı. Lakin nömrəni ərsəyə gətirən şair Məmməd Araz “Ədəbiyyat və incəsənət” qəzetindən uzaqlaşdırıldı. Səbəbini ədəbi ictimaiyyət yaxşı bilir. Allah böyük şairimizə rəhmət etsin. İndi isə qayıdaq İltifat xanımın əmisi barədəki xatirələrinə.

İltifat xanım nəvəsi Cəmili yuxuya verdikdən sonra öz xatirəsini danışmağa razı oldu. Üzbəüz oturduq. Tutula-tutula, düşüncələrə dala-dala bir şirin xatirə danışdı. Sual verməyə də çəkinirdim. Güman edirdim ki, hər şeyi unuda bilər. Yanımdakı foto-aparatı tək bircə dəfə işə sala bildim. Yaxşı ki, bunu hiss etmədi. Sən demə, keçmişə dalmışdı.

...1907-ci ildə atam Salman Nərimanovun vəfatından sonra biz dörd uşaq anam Səltənətin öhdəsində qaldıq. Bir il keçməmiş anam da vəfat etdi. Elə o zamandan əmim bizi himayəsinə götürdü. Dul bibim Səkinə də qızı ilə bizimlə birgə yaşayırdı. İş elə gətirdi ki, siyasi fəaliyyət apardığına görə əmim Tiflisdə həbs edildi. Vəziyyətimiz lap çətinləşdi. O, yeddi aylıq həbsdən sonra 1909-cu ildə Həştərxana sürgün olundu. Az sonra biziora apartdırdı. Biz Həştərxanda Staro-Kuzneçnı küçəsində Klimaşevskilərin evində qaldıq. Bu ailənin öz foto-atelyesi vardı. Əmimlə tez-tez şəkil çəkdirərdik. Qonşuluğumuzda Nadejda Qriqoryevna Ustinova adlı bir müəllimə də yaşayırdı.

O, qardaşım İsmayılın dərsləri ilə məşğul olurdu. İsmayıl eyni zamanda gimnaziyada da təhsil alırdı. Əmim bizə atalıq edirdi. Yaxşı yadımdadır, qardaşım xəstə ikən Nəriman saatlarla onun çarpayısından uzaqlaşmazdı. O, İsmayılın sağalması üçün bütün qüvvəsini sərf etdi, amma vaxtsız əcəl 16 yaşlı gənci əlimizdən aldı. İsmayılın ölümü əmimə yaman təsir etmişdi. Hər gün dost-tanışlar onun yanına gəlir, darıxmağa qoymurdular.

Sürgün müddəti qurtardıqdan sonra biz 1913-cü ildə Bakıya gəldik. İlk vaxtlar bir neçə ay Yuxarı Dağlıq küçəsindəki 29/13 nömrəli evdə Səkinə bibimin yanında yaşadıq. Sonradan əmim mənzilimizi dəyişdi. Keçmiş Nikolayevski küçəsindəki (sonra Kommunist, indiki İstiqlaliyyət küçəsi) Babayevin mülkündə geniş mənzilə köçdük. Yaxın qohumlarımız - Səkinə bibim qızı, Rizvan əmim (Nərimanın böyük qardaşı), böyük bacım Asya bizimlə olurdular. Asya Həsən bəy Zərdabinin arvadı Hənifə xanımın müdir olduğu rus-tatar qız məktəbində dərs deyirdi. Əmim bizi də məktəbə qoydu. Tez-tez dərslərimizlə maraqlanar, dəftərlərimizi yoxlayardı. O, bir-birimizlə rus dilində danışmağımızı məsləhət görərdi ki, oxumağımız asan olsun. Həmişə bir şeyi xatırladardı: “Dərsi ucadan oxumaq lazımdır ki, mövzu yadda yaxşı qalsın”.

On iki yaşım tamam olanda əmim Qoqolun seçilmiş əsərlərini mənə bağışladı və dedi: “Yaxın vaxtlarda siz bunu məktəbdə keçəcəksiniz”. Bir müddətdən sonra məni yoxlamaq üçün yanıma gəlib maraqlandı ki, görsün Qoqolu oxuyuram, ya yox. Açıqca etiraf edim ki, onu oxuya bilmirəm, nəsə xoşuma gəlmir. Onda əmim dedi: “Mən Qoqolun “Müfəttiş”ini qabaqlar doğma dilimizə tərcümə etmişəm. İnanıram ki, o xoşuna gələcək”. Əmimin ikinci hədiyyəsi Lermontovun əsərləri oldu. Bu kitab isə çox xoşuma gəldi.

Nəriman Nərimanov Qaraşəhərdə xəstəxanada işləməyə başladı. Burada xəstələr ona dərin məhəbbət və ehtiram göstərirdilər. Onun cümə axşamları evdə xüsusi qəbul günləri olardı ki, həmin gün xəstələrdən pul almazdı. Nəriman qəbul günlərində xəstələrlə söhbət aparardı. Onlara deyərdi ki, mollanın yanına getmək sizə heç nə verməz. Çadralı gəzən qadınlarınsa gözü həmişə xəstə olar.

Əmim teatrı çox sevərdi. Özü də həvəskarların tamaşalarında çıxış edərdi. O zaman teatr binası olmadığından belə tamaşalar adətən, evlərdə göstərilərdi. Həmin tamaşalardan biri haqqında əmim bizə maraqlı əhvalat danışmışdı. Bir dəfə yaxın qohumlardan kiminsə evində bir səhnəcik göstərirlərmiş. Nəriman da bu səhnəcikdə baş rolda çıxış edirmiş. Əsərdə belə bir yer var ki, cavan bir oğlan sevdiyi qıza öz qəlbini açır. Bu vaxtbaş versə, yaxşıdır? Nənəm, Nərimanın anası hay-həşir qoparır ki, mən yol vermərəm oğlum artistlə evlənsin, ona gözəl-göyçək gəlin tapmışam. Əvvəlcə hamı zarafata yozur. Axırda arvadın gerçəklədiyini görənlər onu birtəhər sakitləşdirib deyirlər ki, bu tamaşadır.

Bakıda əmimin xeyli dostu vardı. Onların əksəriyyətini tanıyırdım. Çünki tez-tez bizə gəlirdilər. Bunlardan Abdulla Şaiq, Əzim Əzimzadə, Səməd Mənsur, Hüseynqulu Sarabski, Sultan Məcid Qənizadə, Səməd bəy Acalov, Bəhram Axundov, Əbülfəs Qarayev, Məmmədrza Vəkilov yaxşı yadımdadır.

Onu da xatırlayıram ki, həmişə Sarabski oxuyanda əmim böyük ləzzət alardı, ən çox sevdiyi sənətkar idi.

Nəriman çox gec evləndi. Deyərdi ki, qoy uşaqlar (bizi nəzərdə tuturdu) böyüsünlər, evlənməyə vaxt qalar. 1915-ci ildə Gülsüm xanım Əliyeva ilə ailə həyatı qurdular. Gülsüm ev təhsili almışdı. Rus dilini yaxşı bilirdi. Həmişə mehriban və səmimi yaşayırdılar. Toyları olan ili də yaxşı yadımdadır. Biz həmin yay ailəliklə Şamaxıya getdik. Günlərimiz xoş keçdi. Kənd adamları eşidən kimi tökülüşüb gəldilər. Gülsümün anası bir dəfə dilləndi: “Ay doktor, sən bura dincəlməyə gəlmisən, yoxsa müalicə etməyə. Mən xəstələrə deyəcəyəm ki, sən artıq onları qəbul etmirsən”. Nəriman təmkinlə cavab verdi: “Çox şadam ki, onlar məni deyib gəliblər. Həkim həmişə, hər yerdə adamlara kömək göstərməlidir”.

Əmim dənizi də çox sevirdi. Ona görə də tez-tez Hövsana, bacısı qızı Səriyyəgilin yanına gedərdik. Həmişə deyərdi ki, Hövsan bağları ona görə xoşuma gəlir ki, ətrafı Şüvəlan, Mərdəkan bağları kimi hasarlı deyil. Səhər-səhər bağa girib üzüm dərərdi. Deyərdi ki, üzümü şehli-şehli yemək cana xeyirdi. O, xüsusən “kişmişiüzümü xoşlayırdı. Gündə iki dəfə dənizə çimməyə gedərdi.

1917-ci ildən Nəriman Nərimanov həkimliklə az məşğul olurdu. Ancaq xəstələr yenə də onun yanına gəlirdilər, bəzisi lap gecə yarıya qədər otururdu. Sonralar öyrəndim ki, onlar S.M.Əfəndiyev, B.Sərdarov, M.Qədirli və başqaları imiş. Bildiyiniz kimi, “Hümmət” qəzeti 1917-ci ildən nəşrə başlamışdır. Qəzetin ilk redaktoru Nəriman Nərimanov idi. Həmin vaxtlar əmim tez-tez fəhlə rayonlarına gedərdi. Evdə olanda isə gecə yarıya qədər oturub nəsə yazardı. Gülsüm xanım hərdən deyərdi: “Doktor, sən saat birdən-ikidən tez yatmırsan, səhhətinə fikir ver!”

1918-ci ilin mart ayının bilmirəm, ya 14-ü, ya da 15-i idi. Haradasa liman tərəfdə atışma səsi eşidildi. Bu atışma axşamüstü sakitləşdi. Ertəsi günü əmim yaman həyəcanlı görünürdü. Saat dörd olardı. Hamı stol başına yığışıb nahar edirdi. Birdən telefon zəng çaldı. Gülsüm dəstəyi götürüb sonra da əmimə sarı döndü:

- Doktor, səni Şaumyan telefona çağırır - dedi.

Həmin telefon söhbətindən Nərimanın bu sözləri hələ qulağımdadır: “Deməli, bu, artıq vətəndaş müharibəsi yox, əsl millət davasıdır. Çalışmaq lazımdır ki, ölüm olmasın”. O, dəstəyi asdı, arvadını çağırdı, ondan bir mələfə istədi. Mələfəni alıb yarı böldü. Bir parçasını götürüb evdən çıxdı.

Bir müddətdən sonra əmim xəstələndi. Yeriyə bilmirdi. İyun ayında həkimlərin təkidi ilə onu Həştərxan ərazisindəki Tinaki deyilən yerə, müalicə ocağına göndərdilər. Yadımdadır ki, əmimi yola salmağa limana çoxlu adam gəlmişdi. Əzizbəyov kommunanın başqa rəhbər üzvləri. Müseyib Dadaşov da onların arasında idi. Gülsüm xanım, əmim Rizvan, bacım Xanım bir mən onunla Həştərxana getdik. Tinakidə Nərimanı hər gün müalicə vannasına xərəklə aparıb gətirirdilər. İki-üç aydan sonra əmim gəzməyə başladı, biz Həştərxana köçdük. Azərbaycanda sovet hakimiyyətinin müvəqqəti devrilməsi ilə əlaqədar N.Nərimanov Həştərxanda qalmalı oldu.

1919-cu ildə bir gün əmim evə gəlib bizə dedi ki, onu Moskvaya çağırırlar. O, bizi özü ilə Moskvaya apardı. Həştərxandan qatarla yola düşdük. Moskvada Malı-Xaritonovski küçəsində yaşayırdıq. Əmim işlə əlaqədar tez-tez Şərq xalqlarının nümayəndələrini burada qəbul edirdi. O zaman Moskvada yaşayış çətin idi. Çörək, ərzaq çatışmırdı. İş o yerə çatdı ki, əmim bacım Xanımı məni uşaq evinə - internata verməyi qərara aldı. Lakin şənbədən-şənbəyə bizi evə aparırdı. Nəriman çox sadə, təvazökar adam idi. V.İ.Lenin onun şəraitindən xəbər tutduqdan sonra Kremldən əmimin ailəsi üçün gündəlik ərzaq ayrılmasına sərəncam verdi.

Bizim ailəmiz üçün fərəhli günlərdən biri 1919-cu il dekabrın 2-si idi. Həmin gün Nərimanın oğlu oldu. Əmim ona öz atasının adını verdi, Nəcəf. O zaman Moskvaya N.Nərimanovun yanına Bakıdan və Həştərxandan çox adam gəlirdi. Ayna Sultanova, Sultan Məcid Qənizadə, Tağı Şahbazov yaxşı yadımdadır. 1920-ci ilin may ayında biz Bakıya gəlməyə hazırlaşırdıq. Artıq Bakıda sovet hakimiyyəti qurulmuşdu. Əmim üçün xüsusi qatar ayrıldı. Bilmirəm Biləcəri idi, yoxsa Yalama, bizi qarşılamağa gəlmişdilər. Şəhər bayraqlarla bəzədilmişdi. Eyvanlardan xalı-gəbə asılmışdı. Bütün küçələr adamla dolu idi.

Doğma şəhərimizin hərarətini duyduqca özümüzü xoşbəxt sayırdıq. Keçmiş Sadovaya küçəsində (sonra Çkalov) revkom (inqilab komitəsi) yerləşirdi (indi ora İncəsənət Muzeyidir). N.Nərimanova burada xüsusi otaqlar ayırdılar. Günlər keçirdi. 1924-cü ildə kiçik bacım Xanımın toyu oldu. Bilsəniz, əmim necə sevinirdi. O deyirdi: “Bircə Nəcəfin də toyunu görsəydim!”

Əmimin axırıncı dəfə 1925-ci ilin martında Moskvaya yola düşməsi də yaxşı yadımdadır. Çünki mən özümonunla Moskvaya gedirdim (baxmayaraq ailəli idim, iki uşağım var idi). Martın 15-də Bakıdan çıxdıq, 18-də Moskvaya çatdıq. Ertəsi gün saat 10-da Nəriman əmim işə getdi, 5-də işdən qayıtdı. Çörəyini yeyəndən sonra uzandı. Dedi ki, saat 7-də məni oyadarsınız, iclasımız var. O, müşavirəyə getdi. Axşam Kremldən zəng vurdular. Dəstəyi mən götürdüm. Dedilər Nərimanın vəziyyəti ağırdır. Gülsüm dərhal ora getdi. Artıq gec idi...

Müəllifdən: Yuxarıda xatırlatdığımız kimi Nəriman Nərimanov haqqında İltifat xanımın zəngin təəssüratını bütöv çatdıra bilməsəm də, bir münasib çıxış yolunu məsləhət görərdim. Bu unudulmaz xanımın geniş xatirələri ədibin ev-muzeyində saxlanılır. N.Nərimanovun anadan olmasının 145 illiyi günlərində həmin muzeyə baş çəkmək həm də onun ruhuna sonsuz məhəbbətin ifadəsi olardı.

 

Telman QARAYEV,

əməkdar jurnalist

Azərbaycan.-2015.-  14 aprel.- S.7.