Azərbaycanın müstəqil siyasətinə
qarşı
yönəlmiş bütün təhdidlər
yenə də iflasa uğrayacaq
Avropa və islam
dövlətlərinin idman mərkəzinə
çevrilmiş ölkəmizin
davamlı uğurlarına
qarşı antiazərbaycançı şəbəkə indi
yeni böhtan
kampaniyası aparır
Artıq inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutan Azərbaycanda sosial-iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atıb. Hər bir inkişafın əsasında da məhz ölkədə mövcud ictimai-siyasi sabitlik dayanır.
Sivilizasiyalararası dialoq məkanı kimi də tanınan Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi, təşkilatçılıq sahəsində mükəmməl təcrübəyə yiyələnməsi, ən əsası, malik olduğu imkanlar baxımından da dəyərləndirilir. Məhz bu amilləri nəzərə alan Avropa Olimpiya Komitəsi (AOK) tarixdə ilk dəfə təşkil olunacaq qitənin ən böyük idman tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edib. 8 dekabr 2012-ci il tarixində İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında, 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin üzvlərinin iştirakı ilə keçirilmiş gizli səsvermədə mütləq əksəriyyətin birmənalı dəstəyi ilə I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir. Qərarın qəbul edilməsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, getdikcə artan reytinqi və əlaqələrinin genişlənməsi də həlledici rol oynayıb. Beynəlxalq toplantılara, konfranslara ev sahibliyi edən Azərbaycan 2 aydan sonra bir daha dünyanın diqqət mərkəzinə çevriləcək və möhtəşəm idman bayramı tariximizə qızıl hərflərlə yazılacaq.
I Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyi heç kimdə şübhə doğurmur. Çünki Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Buna qədər ölkəmizdə dəfələrlə Avropa çempionatları keçirilib. Keçən il ilk dəfə futbol üzrə qızlar arasında dünya çempionatının yüksək səviyyədə təşkil olunması bunun bariz nümunəsidir. İki həftədən çox bir müddətdə bütün idmançılar və şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss edib və ölkəmizdə gedən sürətli inkişaf prosesini öz gözləri ilə görüblər. Beynəlxalq qurumlar tərəfindən bu çempionatın keçirilməsində Azərbaycanın təşkilatçılıq qabiliyyətinə çox yüksək qiymət verilib.
2013-cü il fevral ayının 2-də Avropa Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxış edən Prezident İlham Əliyev də vurğulamışdır ki, Azərbaycan bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətini göstərməklə bir növ yeni standartlar tətbiq edir. Bu, artıq Azərbaycan standartlarıdır: “Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir”. İclasda çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da qeyd etmişdir ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə bilər: “Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə Beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir. Şübhəsiz ki, bu hadisə ölkəmizin, Azərbaycanın növbəti qələbəsidir”.
Azərbaycan dövləti tərəfindən I Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün 2 il ərzində görülən işlər göz önündədir. Yarışların keçiriləcəyi Bakı və Mingəçevir şəhərində tikilən müasir idman kompleksləri, abadlıq-quruculuq işləri bu gün də davam etməkdədir. Tikilmiş və tikilməkdə olan obyektlər, idman qurğuları Oyunların yüksək şəkildə keçiriləcəyinə təminat verir.
Başqa sözlə, Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təşkilati işlər yüksək səviyyədə həyata keçirilir. Avropa Oyunlarına ev sahibliyi edən Bakı şəhərinin tədbirə hazırlanması xüsusi önəm daşıyır. Şəhər infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, tibbi xidmətin optimallaşdırılması, informasiya-kommunikasiya texnologiyaları imkanlarının geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi üçün ciddi işlər görülür. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edərkən dünyaya göstərdiyi təşkilatçılıq nümunəsini Avropa Oyunları ilə bir daha ortaya qoyacaq.
Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi antiazərbaycançı şəbəkələri, beynəlxalq təşkilatları “narahat” edir. Xarici antiazərbaycançı şəbəkə və onların əlaltıları, bəzi yerli dairələr Avropa Oyunları ərəfəsində öz simalarını açıb göstərirlər. “Demokratiya çətiri” altında pərdələnən “Amnesty İnternational”, “Fredoom House”, “Human Rights Watch” və “Azadlıq” radiosu idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar. Əslində, bu qurumlar üçün heç nəyin fərqi yoxdur, təki Azərbaycan əleyhinə mövzu olsun. Onların qarayaxma planları yeni bir proses deyil. Prezident İlham Əliyevin Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söylədiyi nitqində vurğuladığı kimi: “Bu kampaniya əslində, heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl - 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də I Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanmır”.
Ölkəmizi gözdən salmaq istəyən şər qüvvələr “dəridən-qabıqdan” çıxsalar da, heç bir “uğur” əldə edə bilmirlər. Bu qüvvələrin və onların ölkəmizdəki əlaltılarının çirkin əməlləri daim bumeranq effekti verib. Elə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı verdiyi açıqlama da həmin dairələrə növbəti bir zərbə vurdu. Patrik Hikki Avropa Oyunlarını “qitə idmanının ən yüksək zirvəsində dayanan idman tədbiri” olaraq dəyərləndirdi. Bu mötəbər idman turnirini böyük hadisə adlandıran Patrik Hikki erməni lobbisinin çirkin kampaniyasını fiaskoya uğratdı.
Əslində, antiazərbaycançı şəbəkəyə də yaxşı bəllidir ki, problem olsaydı, AOK heç ölkəmizin namizədliyini də qəbul etməzdi. Çünki beynəlxalq yarışların keçirildiyi məkanda hər şeydən öncə, sabitlik, təhlükəsizlik məsələsi nəzərə alınır. Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul olunarkən bütün məsələlər hərtərəfli araşdırılıb və bu etimadı doğrulda biləcəyinə tam inam olduğu üçün Azərbaycan dövləti seçilib. Odur ki, beynəlxalq QHT-lər də başa düşməlidirlər ki, xoşməramlı məsələlərə xələl gətirmək əvəzinə dəstək olmaq, qara düşüncəli insanların məkrli fikirlərindən yan keçmək lazımdır.
Əlləri hər yerdən üzülən
bəzi beynəlxalq qurumlar son günlərdə yeni bir qondarma qurum
- İdman və İnsan
Haqları Alyansı adlı təşkilat yaradaraq
Azərbaycana qarşı “bəyanatla” çıxış
ediblər. Onların arasında “Amnesty İnternational”
və “Human Rights Watch” kimi
qurumlar da var. Açıq-aşkar bəllidir
ki, həmin qurumların bu alyansa daxil olması
nədən xəbər
verir. İndi də maskalanmış
şəkildə çirkin
niyyətlərini həyata
keçirməyə cəhd
göstərirlər. Guya alyansın məqsədi meqa idman tədbirləri
keçirən ölkələrdə
insan haqlarını, ətraf mühit qaydalarına əməl olunmasını təmin etməkdir. Qondarma qurum Avropa Olimpiya Komitəsinin Azərbaycana təzyiq göstərməsini istəyir.
Məqsədləri isə odur ki, vətənə xəyanətdə ittiham olunan Leyla Yunus,
Arif Yunus, Xədicə İsmayıl
və digərləri
azadlığa buraxılsın.
Maraqlıdır, görəsən, Avropanın hansı ölkəsində vətənə
xəyanət edənlər
azadlığa buraxılır
və bu qurumlar hansı ölkədə analoji addımın atılması
üçün bəyanatlar
veriblər?
Prezident
İlham Əliyev Novruz bayramı şənliyində çıxış
edərkən məhz
bu antiazərbaycançı
şəbəkənin ölkəmizə
qarşı daim apardığı çirkin
kampaniyaya toxunaraq bildirdi ki, bütün
bunlar yalan üzərində qurulub:
“Bu, koordinasiya şəklində
təşkil edilmiş,
bir və ya bir neçə
mərkəzdən idarə
olunan antiazərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək,
qaralamaq, işlərimizə
kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar təbii
ki, yalan üzərində qurulur.
Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanır”.
Azərbaycanda bütün azadlıqların təmin edildiyini vurğulayan dövlət başçısı dedi ki, Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilib. Ancaq Azərbaycanı ittiham edən ölkələrdəki durum heç də ürəkaçan deyil: “Bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilib. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul edilmir? Bax bu suallara cavab almaq çox çətindir”.
Həqiqətən də bu gün sabit məkan hesab olunan Azərbaycan belə xoşagəlməz olaylardan uzaqdır. Ölkəmizdə bütün fundamental hüquq və azadlıqlar qorunur. Məhz Avropa Olimpiya Komitəsi də qeyd etdiyimiz kimi, bütün bunları nəzərə alaraq Oyunların Azərbaycan Respublikasında keçirilməsi barədə müsbət rəy verib. Avropa Oyunlarının keçirilməsi üçün ölkəmizin seçilməsi ona verilən yüksək dəyərin göstəricisidir. Eyni zamanda, I Avropa Oyunları bütövlükdə Azərbaycan dövlətinin bir təqdimatıdır, dövlətin təşkilatçılığının göstəricisidir. Çünki belə beynəlxalq və nüfuzlu idman yarışına ev sahibliyi etmək hər ölkəyə nəsib olmur.
2013-cü il iyulun 23-24-də də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində Federasiyaya üzv olan milli olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilib. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-nin bayrağı Azərbaycana verilmişdi. Bu ayın 7-də isə IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası ilə müqavilə imzalanıb.
IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda - Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da “Bakı-2015” I Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman növləri üzrə yarışlar keçiriləcək.
Bu il “Bakı-2015” I Avropa Oyunları və şahmat üzrə dünya kuboku uğrunda yarışlar, gələn il şahmat üzrə Olimpiada, “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları. Budur, dünyada həm də idman ölkəsi kimi tanınan Azərbaycanın uğur göstəriciləri. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, müstəqil və qətiyyətli siyasət sayəsində qazanılan, əldə edilən nailiyyətlər göz önündədir. Hər bir beynəlxalq idman yarışının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tamamilə yeni səhifə açır. Azərbaycan bu yarışlara ev sahibliyi etməklə beynəlxalq nüfuzunu daha da artırır və yeni-yeni tərəfdaşlar qazanır. Söz yox ki, bu dəfə də belə olacaq.
Leyla ABDULLAYEVA,
Milli Məclisin deputatı
Azərbaycan.-2015.- 14 aprel.- S.6.