Argentina Milli Xəbər Agentliyi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə birmənalı hörmətini ifadə edib

 

Xəbər verildiyi kimi, martın 18-23 –də Ermənistanda keçirilmiş beynəlxalq mediaforumun bəzi iştirakçılarının Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təşkil edilmişdi. Onların arasında Argentina Milli Xəbər Agentliyinin (TELAM) əməkdaşı Maria Laura Karpineta (Carpineta) da olubqanunsuz səfərdən sonra argentinalı jurnalistin Telamın internet saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən məqaləsi yerləşdirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə məsələ ilə bağlı Azərbaycanın Argentinadakı səfirliyi TELAM agentliyinin rəhbərliyi ilə əlaqə saxlayıb. Səfirlik tərəfindən jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etdiyi, bununla ölkənin müvafiq qanunlarını pozduğubuna görə də Azərbaycanda "arzuolunmaz şəxslərin siyahısı"na daxil ediləcəyi bildirilib, habelə yazının agentliyin rəsmi internet saytında yerləşdirilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb. Həmçinin səfirlik tərəfindən TELAM agentliyinə Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı ətraflı məlumat da təqdim olunub.

Bundan dərhal sonra haqqında söhbət gedən məqalə agentliyin rəsmi səhifəsindən çıxarılıb. Eyni zamanda, agentliyin rəhbərliyi tərəfindən Azərbaycan səfirliyinə rəsmi üzrxahlıq məktubu göndərilib.

Məktubda TELAM rəhbərliyi təəssüfləndiyini bildirib ki, agentliyin internet saytında yerləşdirilmiş məqalədə BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində qeyd olunduğu kimi, Dağlıq Qarabağın Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olması və Ermənistan tərəfindən işğal edilməsi fikri aydın şəkildə əksini tapmayıb. Məktubda qeyd olunub ki, sonradan aparılmış araşdırma nəticəsində məsələ ilə bağlı bir sıra səhvlərə və qeyri-dəqiqliklərə yol verildiyi aşkarlanıb və bu səbəbdən də məqalə agentliyin internet saytından çıxarılıb.

TELAM rəhbərliyi baş vermiş insidentə görə səmimi üzrxahlığını bildirib və gələcəkdə bu kimi anlaşılmazlıqların təkrarlanmaması üçün müvafiq aparılacağına əmin edib.

Məktubun sonunda Argentina Milli Xəbər Agentliyinin rəhbərliyi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə birmənalı hörmətini ifadə edib.

 

Azərbayacan.- 2015.- 8 aprel.- S. 5.