Ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlərin müzakirəsi aparılıb

 

Aprelin 7-də Azərbaycan Mətbuat Şurası (AMŞ), Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və proqramın qəbul edilməsinin iki illiyinə həsr olunan “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMŞ-nin sədri Əflatun Amaşov Dövlət Proqramının əhəmiyyətini qeyd edib, Prezident İlham Əliyevin 2013-cü il 23 may tarixli Sərəncamı ilə təsdiqlənmiş bu mühüm sənədin icrası ilə bağlı görülən işlərdən danışıb. Hazırda dünyada 50 milyondan çox insanın Azərbaycan dilində danışdığını diqqətə çatdıran Ə.Amaşov vurğulayıb ki, dil hər bir millətin, xalqın varlığının əsas göstəricilərindəndir. Ona görə də dilin saflığının qorunması hər kəsin, xüsusilə mətbuat nümayəndələrinin ümdə vəzifəsi olmalıdır.

Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev rəhbərlik etdiyi elm müəssisəsində proqram çərçivəsində görülən işlərdən, struktur dəyişikliyindən, yeni şöbələrin açılmasından danışıb. Monitorinq qrupunun fəaliyyətini xüsusi qeyd edən akademik mətbuatda əcnəbi sözlərin həddən çox işləndiyini, bu sözlərin əksəriyyətinin dilimizdə qarşılığının olduğunu terminologiya komissiyasının yaradılmasının vacibliyini vurğulayıb. İnstitutda Qarabağ, Naxçıvan, Dərbənd dialektoloji atlaslarının hazırlanacağı da diqqətə çatdırılıb.

Akademik T.Hacıyev Azərbaycan dilinin inkişafında və qorunmasında ümummilli lider Heydər ƏIiyevin əvəzsiz xidmətlərindən söz açıb. Alim “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbil edilməsinin Ulu Öndərin bu sahədə gördüyü misilsiz işlərin davamı olduğunu bildirib.

MTRŞ sədrinin müavini, professor Qafar Cəbiyev bildirib ki, teleradio yayımçılarının dövlət dilindən istifadəsi məsələsi Milli TeleviziyaRadio Şurası üçünprioritet istiqamətlərdəndir. Hələ 2003-cü ildə Şura tərəfindən “Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadə ilə bağlı Xüsusi Qaydalar” müəyyənləşdirilib. 2008-ci ildə isə MTRŞ bəzi istisnaları nəzərə almaqla yayımın tamamilə dövlət dilində həyata keçirilməsi barədə qərar qəbul edib. Artıq yeddi ildir ki, Azərbaycan televiziya və radioları yayımı bütünlüklə ana dilimizdə aparırlar.

Q.Cəbiyev Dövlət Proqramında teleradio yayımçıları tərəfindən həyata keçirilməsi vacib olan bir sıra ciddi vəzifələrin də əksini tapdığını xatırladıb. Bildirilib ki, sənəddə dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiqi məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkili, KİV-lərdə dövlət dilinin təbliğinin gücləndirilməsi vəzifələri qarşıya qoyulur.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Mətbuat Şurasının dil komissiyasının rəhbəri Bəxtiyar Sadıqov qeyd edib ki, Azərbaycan dilinin saflığının qorunması mətbuatın, jurnalistlərin ən vacib vəzifələrindəndir. Bunun üçün ilk növbədə ana dilini sevmək lazımdır. Milli Məclisin deputatı dilimizin inkişafında və qorunmasında ulu öndər Heydər Əliyevin uğurlu fəaliyyətini qeyd edib, onun bu sahədə hər bir azərbaycanlıya örnək olduğunu vurğulayıb.

Digər çıxış edənlər də Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin əhəmiyyətindən danışıb, proqram çərçivəsində görülən işləri yüksək qiymətləndiriblər. Bu istiqamətdə bir sıra işlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

 

Azərbayacan.- 2015.- 8 aprel.- S. 6.