Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Baş nazirinin

 rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Serbiyanın Baş naziri ilə Münxendəki görüşünü və tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı apardıqları səmərəli müzakirələri məmnunluqla xatırladı. Prezident İlham Əliyev Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi.

Serbiyanın Baş naziri Aleksandr Vuçiç ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi sahədəki kimi, iqtisadi sahədə də genişləndirməkdə maraqlı olduğunu dedi.

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun vurğulandığı görüşdə bu istiqamətdə müxtəlif layihələrin uğurla həyata keçirildiyi bildirildi. Ölkələrimiz arasında mövcud olan möhkəm siyasi əlaqələrin və qarşılıqlı anlaşmanın ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verdiyi qeyd olundu.

Söhbət zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, sərmayə qoyuluşu, yükdaşımaları, mədəni, humanitar və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunularaq münaqişələrin beynəlxalq hüquq normalarına uyğun şəkildə və ərazi bütövlüyü çərçivəsində həll olunmasında ölkələrimizin mövqeyinin üst-üstə düşdüyü vurğulandı.

 

Azərbaycan.-2015.- 15 aprel.- S. 1.