Serbiya Azərbaycanla strateji tərəfdaşdır

 

Aprelin 14-də Milli Məclisin Sədri Oqtay Əsədov Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç ilə görüşüb. Görüşdə Azərbaycan-Serbiya əlaqələri və perspektivlər müzakirə olunub.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirib ki, Serbiya Baş nazirinin bu səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələ açacaq. Onun sözlərinə görə, Serbiya Azərbaycanla strateji tərəfdaş, dost ölkədir. Dövlət başçılarının zaman-zaman baş tutan qarşılıqlı səfərləri də ölkələrarası münasibətlərin inkişafında mühüm rol oynayır. Müstəqillik tariximizdə ölkələrimiz arasında hüquqi baza yaradılıb. Bugünə kimi iki ölkə arasında 25 sənəd imzalanıb, 2 sənəd isə imzalanma ərəfəsindədir.

Sədr Serbiya ilə siyasi əlaqələrin yüksək olduğunu vurğulayıb. İqtisadi əlaqələrə gəldikdə isə təəssüf hissi ilə bildirib ki, mövcud durum hər iki ölkənin potensialından xeyli zəifdir. Ona görə də iqtisadi sahədə əməkdaşlığı daha da genişləndirmək lazımdır. Siyasi əlaqələr gücləndikcə, qarşılıqlı layihələr həyata keçirildikcə iqtisadi sahədə də nailiyyətlər əldə olunmalıdır.

O.Əsədov parlamentlərarası əlaqələrin sürətlə inkişaf etdiyinə də diqqət çəkib. Bildirib ki, istər parlamentarilər, istərsə də hökumət rəhbərliyi səviyyəsində ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər.

Görüşdə Azərbaycanın iri enerji layihələri barədə Serbiyanın Baş nazirinə məlumat verilib. Qeyd olunub ki, ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də söhbət açılıb. Milli Məclisin Sədri bu problemin beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunacağına ümid etdiyini bildirib.

Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç qonaqpərvərliyə və səmimi qarşılanmaya görə Milli Məclis Sədrinə minnətdarlıq edib. Onun sözlərinə görə, həqiqətən də ölkələrimiz bir-birinin ərazi bütövlüyünü tanıyır və beynəlxalq görüşlərdə mövqelərini dəstəkləyir. Baş nazir iki ölkə arasındakı iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, hazırda bir neçə Azərbaycan şirkəti Serbiyada çox uğurla fəaliyyət göstərir. Baş nazir qarşılıqlı birliyinin iki ölkə üçün faydalı olduğuna diqqət çəkib. O, Azərbaycan şirkətlərinin Serbiyada kənd təsərrüfatı sahəsinə də cəlb olunmalarını arzu edib, bunun üçün ölkələrində yaxşı imkanların olduğunu vurğulayıb.

Sonda A.Vuçiç Azərbaycan Milli Məclisinin Sədrini Serbiyaya dəvət edib.

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2015.- 15 aprel.- S.2.