Azərbaycan və Serbiya arasında əməkdaşlığın uğurla

 davam etdirilməsi üçün geniş imkanlar var

 

Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün sənaye, xüsusilə Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, infrastruktur, turizm və digər sahələrdə geniş imkanlar var.

Bu fikri aprelin 14-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirib.

AZƏRTAC xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Hökumətlərarası Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə keçirilən biznes forum və dəyirmi masalar əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. İndiyədək ölkələrimiz arasında 25-dən çox sənəd imzalanmış, ticarət əlaqələri dinamik inkişaf edir, Azərbaycan şirkətləri Serbiyada uğurla fəaliyyət göstərir, investisiya qoyuluşu həyata keçirilir.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin və davamlı iqtisadi inkişafın təmin olunduğunu, son 10 ildə ÜDM-in 3 dəfə, dövlət büdcəsinin gəlirlərinin 12,2 dəfə, xarici ticarət dövriyyəsinin 4,3 dəfə artdığını, yoxsulluq səviyyəsinin 8 dəfə azaldığını, işsizliyin 4,9 faiz təşkil etdiyini qeyd edib. Hazırda Azərbaycan şirkətləri müxtəlif xarici ölkələrdə uğurla fəaliyyət göstərir. Sənaye, İKT, kənd təsərrüfatı, turizm Azərbaycan iqtisadiyyatının prioritet sahələridir.

Baş nazir Aleksandr Vuçiç qonaqpərvərliyə görə təşəkkür edib, ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Serbiya iqtisadiyyatı barədə məlumat verən A.Vuçiç ölkəsində yol tikintisi sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətinin uğurlu fəaliyyətini vurğulayıb, Azərbaycan iş adamlarını iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə layihələrdə fəal iştiraka dəvət edib.

 

Azərbaycan.-2015.- 15 aprel.- S.4.