Nur heykəli
Elə şəxsiyyətlər var ki, onların ömür yolu haqqında söhbət açarkən istər-istəməz hansısa tarixi dövrün, müəyyən ənənələrin formalaşması prosesinin də salnaməçisinə çevrilmiş olursan.
Əsas niyyətim Zərifə xanım Əliyeva haqqında düşüncələrimi qarşımdakı ağ vərəqlərə köçürməkdir.
Bu gün bu böyük insanın - azərbaycanlı xanımın əbədiyyətə qovuşmasından tam 30 il ötür...
Yazımın baş qəhrəmanı da odur...
Dünya oftalmologiya elminin parlaq simalarından olan Azərbaycan alimi, tibb elmləri doktoru, akademik...
Şəfalı əlləri ilə yüzlərlə xəstənin gözlərindəki zülməti qovub, onlara işıq bəxş etmiş loğman...
Azərbaycan tarixində adı hər zaman rəğbətlə xatırlanan bir kişinin - Əziz Əliyevin övladı...
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı...
Dünyaya xeyirli övlad bəxş etmiş, dövlətinin və xalqının qüruruna çevrilən bir oğul yetişdirmiş fədakar, qayğıkeş ana...
Bütün bunlarla yanaşı, həm də Azərbaycanda qadın fəallığı ənənələrinin parlaq təmsilçisi, bu ənənəni formalaşdıran unudulmaz qadın liderlərimizdən biri...
***
Adətən, Azərbaycanda qadın fəallığı ənənələrindən söhbət düşərkən tarixin yaxın, uzaq dönəmlərinə nəzər salırıq. O dönəmlərdə qəhrəmanlıqları, sözü, ictimai-siyasi mövqeyi və yaradıcılığı ilə tarixdə özünə əbədi yer tutmuş zəriflərimizi xatırlayırıq.
Bu ənənələr bizim üçün Tomrisdən, Məhsəti Gəncəvidən, Sara xatundan, Tuti Bikədən, epos təfəkkürümüzün zərif çiçəkləri olan Banu Çiçəkdən, Nigardan, Həcərdən başlanır.
İbtidai dövrlərdən Azərbaycan ictimai düşüncəsində qadına olan münasibət Ana Kitabımız - “Kitabi-Dədə Qorqud” dastanlarından süzülüb gələn və dəyərli sənətkarımız Yalçın Rzazadənin azacıq improvizələrlə hər oxusunda qəlbimi riqqətlə dolduran sevgi, vəfa, inam ətirli misralardan boy göstərir:
“Bəri gəlgil, başım baxtı, evim taxtı,
Evdən çıxıb yürüyəndə səlvi boylum!
Topuğunda sarmaşanda qara saçlım!
Qurulu yaya bənzər çatma qaşlım!
Qoşa
badam sığmayan dar ağızlım!
Küz
almasına bənzər al yanaqlım!
Qadınım, dirəyim, döləyim!”
Qadının mənəvi dünyamızdakı
ucalığı öz igid aşiqi üçün
canını belə əsirgəməyən türk
xatunlarının sevgi ucalığında qərarlaşır.
Bu motivlər
epik təfəkkürümüzdə norma
kimi sabitləşəndən hələ əsrlər
keçəndən sonra da, indi inkişaf etmiş Qərb
dünyası kimi qəbul etdiyimiz cəmiyyətlərə
orta çağlarda on minlərlə qadın cadugərlik
ittihamı ilə inkivizasiyanın tonqallarında
yandırılırdı.
Amma gəlin
bir reallığı da etiraf edək: cəmiyyətimizdə
qadın fəallığı ənənələri nə qədər
güclü, qadının ictimai təfəkkürdəki məqamı
nə qədər uca idisə də, biz bu ənənələrin
gücünü XX əsrin əvvəllərinə qədər
qoruyub saxlaya bilməmişdik. Yaxud bu ənənələri
daha da inkişaf etdirməyə müvəffəq
olmamışdıq.
Yad mədəniyyətlərin
təsiri ilə din, islam ehkamları
altında, əslində cəhalətin, nadanlığın
diktəsi ilə Azərbaycan qadınının həyatı
başındakı qara çarşabın rənginə
bürünmüşdü. Qızlarımız
təhsildən uzaq düşmüşdülər,
xurafatın, geriliyin əsirinə çevrilmişdilər.
Dastanlarımızın qəhrəman səviyyəsinə
yüksəltdiyi, kişilərlə birgə döyüş
meydanlarında cəngə girişib at çapan,
qılınc vuran Azərbaycan qadını XX əsrin əvvəllərində
böyük Sabirin əsərlərindəki Fatma, Tükəzban
obrazlarının səviyyəsinə, əslində isə həyatın
dibinə enmişdi.
Ona görə də cəmiyyətin düşünən
insanları Azərbaycan qadınını bu ictimai
bataqlıqdan çıxarmaq üçün yollar
axtarırdılar. Azərbaycanın mərkəzi şəhərlərində
qız məktəbləri açılırdı. Hacı Zeynalabdin Tağıyev kimi vətənpərvər
mesenatlarımız bu cür təşəbbüslərin
uğur qazanması, qız balalarımızın oxumaları
üçün maddi və mənəvi dəstəklərini
əsirgəmirdilər. Əli qələmli
müsəlman ziyalıları qəzetlərdə dərc
etdirdikləri yazılarda ictimai diqqəti
qadınlarımızın vəziyyətinə yönəldirdilər.
Onların ictimai fəallığının
artırılmasından ötrü qeyrət göstərirdilər.
Elə Azərbaycan Xalq Cümhuriyyəti dövründə
müsəlman Şərqində ilk dəfə olaraq
qadınlara səsvermə hüququnun verilməsi də o
cümhuriyyəti qurub yaratmış mütəfəkkir
kişilərimizin narahat vicdanının diktəsi, uzun illər
ərzində bu yolda göstərilən çabaların nəticəsi
idi.
Qarşıya
qoyulmuş məqsəd bütün bunlardan sonra cəmi bir
neçə gün və ya ay, il
içində əldə edilməyəcəkdi. Bunun üçün bir neçə onilin
tamamını gözləmək lazım gələcəkdi.
Və bir neçə onildən sonra Azərbaycan ictimai
mühitində Zərifə xanım Əliyeva kimi qadın
liderlərimizin görünməsi xalqın düşünən
zəka sahiblərinin o illərdəki nəcib əməllərinin
xoş bəhrəsi idi.
***
Həmişə bi fikirdə olmuşam ki, istənilən
bir insanın həyat uğurlarında onun aldığı
ilk tərbiyə ən mühüm amildir.
Azərbaycanın görkəmli yazıçı və
maarifpərvəri Məhəmməd Tağı Sidqinin bir
fikrini müxtəlif çevrələrdə tez-tez yada
salmaqdan usanmıram. Düşünürəm ki, bu məqamda
xatırlamağımda da fayda var. O yazırdı ki, bir
insanın xoşbəxtliyi dörd əsasdan ibarətdir: təmiz
nəsil, saf ürək, təmiz əllər və niyyətin
dürüstlüyü.
Məncə, digər üç keyfiyyət də elə
təmiz nəsildən gəlir. İnsanın mənəvi
kökləri sağlam olanda, onun qəlbi saf, əlləri təmiz,
niyyəti dürüst olur.
Bu mənada
Zərifə xanım Əliyeva əslində çox xoşbəxt
bir insan idi...
O,
Əziz Əbdülkərim oğlu Əliyevin ailəsində
dünyaya gəlmişdi. Daxili
azadlığı, Azərbaycan sevdası, ləyaqəti, comərdliyi,
nəcibliyi ilə Cümhuriyyətdən sonrakı milli
ziyalılığımızın zirvəsində qərar
tutan bir kişinin qızı idi.
Əziz Əliyev öz sələfləri N.Nərimanov,
S.Əfəndiyev, T.Musabəyov, T.İsrafilbəyov,
T.Şahbazi, T.Vəkilov və başqaları kimi fədakar
mücahid və maarifçilərin şanlı ənənələrini
davam etdirən ziyalılarımızdan sayılırdı. O, Azərbaycanda ilk səhiyyə
ocağının qurucularından idi.
Ömrünün müxtəlif dönəmlərində
üzləşdiyi məhrumiyyətlərə, təzyiq və
təhdidlərə rəğmən Əziz Əliyev həm
insanlara şəfa bəxş edən tanınmış həkim,
həm də görkəmli ictimai-siyasi xadim kimi həyatda
çox uğurlar qazanmışdı.
Və onun həyatı boyu əldə etdiyi ən
böyük uğurlardan biri də nümunəvi ailəsi,
ömür-gün yoldaşı Leyla xanımla birgə ailəsində
böyütdüyü övladlar Ləzifə, Zərifə,
Dilarə, Gülarə, Tamerlan və Cəmil idi.
Həkimlik sənətinə könül vermiş iki
qardaşı və bir bacısı kimi Zərifə xanım
Əliyeva da atasının yolunu davam etdirməyi qərara almışdı.
***
Valideynlərinin
mənəvi dünyasından, böyüyüb boya-başa
çatdıqları ailə ocağından gələn nəciblik,
kübarlıq, insanlara sevgi, şəfqət hissi bu ocaqdan
çıxmış övladları bir ömür boyu
müşayiət edən ali keyfiyyətlər
idi.
“Sizlərdən yaxşılıq edənlər, saleh əməl
sahibi olanlar və günahlardan çəkinənlər həqiqətən
nicat tapanlardır” - bu, müqəddəs Qurani-Kərimin təlqinidir.
Zərifə xanım Əliyeva da aid olduğu
bütün sahələrdə - həm praktik həkimlik fəaliyyətində,
həm elmdə, həm də ictimai fəaliyyətində, insanlarla
münasibətlərində öz şəxsiyyəti ilə
saleh əməllər sahibinin gerçək portretini
yaradırdı.
***
Həyat
onun qismətinə xalqının milli dövlətçilik
tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətin
- ümummilli lider Heydər Əlirza oğlu Əliyevin
ömür-gün yoldaşı olmaq taleyini yazacaqdı...
Öz parlaq həyatını
bölüşdüyü şəxsin uğurlarında onun
da əməyinin, istedadının, ürək atəşinin
bir zərrəsi, qığılcımı parlayacaqdı.
Heydər Əliyev kimi tarixi şəxsiyyətin həyat
yoldaşı timsalında tale yolları boyunca onunla birgə
addımlamaq, ulu öndərin yüksəlişinə mənəvi
dəstək vermək bəlkə də Zərifə
xanım üçün həyatın o qədər də
asan olmayan bir sınağı idi.
Heydər Əliyevlə Zərifə xanım
Əliyevanın qurduqları ailə ocağı saf sevgiyə,
sarsılmaz sədaqətə əsaslanırdı. Bu sevgi taleyin
və tarixin sərt imtahanlarından keçmişdi.
Müasir gəncliyə də örnək olası bu məhəbbətin
maraqlı tarixçəsi haqqında çox mənbələrdən
oxumuşuq.
Heydər Əliyevin ömrünün gənclik
çağlarına həsr olunmuş “Əsl məhəbbət
haqqında” sənədli filmində ulu öndərin riqqətli
etirafını da eşitmişik: “Mən onu həqiqətən
sevirdim. Onun da məni sevdiyini hiss edirdim. Belə
fikirləşirəm ki, bizim bir-birimizə məhəbbətimizin
köklərinin nə qədər dərin olduğunu
sübut etməyə ehtiyac yoxdur”.
Repressiya
rejiminin qüdrətli və nüfuzlu əlaltılarından
olan Mir Cəfər Bağırovun Əziz Əliyev şəxsiyyətinə
qısqanc münasibətini və bu üzdən müxtəlif
illərdə ona qarşı bitmək bilməyən təzyiqləri
nəzərə alaraq xüsusi xidmət orqanlarının
perspektivli gənc zabitini bu sevdadan çəkindirməyə
çalışanlar da tapılacaqdı...
Və
Əziz Əliyevin öz ailə üzvləri ilə birgə
Azərbaycandan sürgün edilməsinin an məsələsi
olduğu 1953-cü ilin lap əvvəlində hətta Heydər
Əliyevin bu münasibətlərə görə xüsusi
xidmət orqanlarında qalıb işləməsi sual
altına düşəcəkdi...
Amma nə olursa-olsun, Heydər Əliyev gələcək
həyatını Zərifəsiz təsəvvür etmirdi və
öz sevgisi uğrunda ən təhlükəli sınaqlara
belə hazır idi.
İllər
sonra ulu öndər xatırlayacaqdı: “Bilirsiniz necə
fikirləşirdim. Mən DTK-da işləyirdim,
bilirdim ki, onun atasının ətrafında nələr
baş verir, onu necə izləyirlər. Mən
bilirdim, eşitmişdim ki, onların ailəsini Qazaxıstana
sürgün etmək istəyirlər. Mən
fikirləşirdim ki, əgər onları sürgün etsələr,
mən də Zərifənin ardınca Qazaxıstana gedəcəyəm.
Orada iş tapmaq bəlkə buradan da asan oldu”.
Amma onların qovuşmağı, birgə həyatı
taleyin qədəri idi və tarixin təlatümləri,
insanların təshih cəhdləri bu qədəri dəyişə
bilməzdi.
***
Peşə,
elmi fəaliyyət, insani münasibətlər, ailə...
Ayrı-ayrılıqda
bunların hər birində böyük uğurlara
çatmış insanlar var. Amma bir insanın bunların hər
birinə eyni dərəcədə nail olması yalnız
taleyin xoş bir bəxşişidir. Etiraf edin ki, bu, çox az adama nəsib olan bir səadətdir.
Öz sənətində qibtəediləsi uğurlara
çatmış, amma xarakterindəki naqisliklər, ziddiyyətlər
haqqında tez-tez eşitdiyimiz nə qədər insan
tanıyırıq?!
Yaxud da
bunun əksi, öz şəxsi keyfiyyətləri ilə
hamının rəğbətini qazanan, amma peşəsində,
sənətində, lap elə yaradıcılığında
da yarımçıq olan nə qədər adamlar var.
Bunların
hər ikisinə nail olmuş, lakin ailə həyatında
uğursuzluqla üzləşmiş insanlar da, əfsus ki, az deyil. Görünür, həyat
belə məsələlərdə insanlarla çox xəsis
davranır.
Amma həyat, tale ilahəsi Zərifə xanım
Əliyevadan öz səxavətini əsirgəməmişdi. O, çox az
şəxsiyyətlərdən idi ki, insanlarla münasibətləri
də, ailə ocağının hərarəti də, elmdə,
həkimlik fəaliyyətindəki uğurları da harmoniya təşkil
edirdi, tam idi.
Və bu tamlığı təmin edən Zərifə
xanım Əliyevanın özünün bütöv şəxsiyyəti
idi.
Tanrı Zərifə xanım Əliyevaya misilsiz nəciblik,
zəriflik bəxş etmişdi. Ünsiyyətdə
olduğu hər bir xəstənin, onun şəfalı əllərinə
ehtiyacı olan hər bir şəxsin ürəyinə yol
tapa bilirdi.
Xarakterindəki
yüksək ali keyfiyyətlər, ətrafındakılara
mənəvi təsir gücü ona insanların böyük
rəğbətini qazandırmışdı. Ona
hamı böyük rəğbətlə yanaşır,
sözünə, mövqeyinə böyük dəyər
verirdi. Zərifə xanım bundan heç
zaman sui-istifadə etməzdi, təkəbbürü, qeyri-təvazökarlığı
özünə yaxın buraxmazdı, ətrafdakı hər kəsin
şəxsiyyətinə, mövqeyinə böyük hörmətlə
yanaşardı.
Zərifə xanım üçün ən
böyük dəyər, həyatın mənası
başqalarına lazım olduğunu, insanların onun köməyinə
ehtiyac duyduqlarını hiss etdiyi məqamlar idi. O həmişə deyərdi
ki, xəstələr həkimin yanına ümidlə gəlib
ondan yardım istəyəndə hiss edirsən ki, sən
insanlara nə qədər lazımsan.
***
Tanıyanlar öz xatirələrində onu
dünyanın ən təvazökar qadını kimi yada
salırlar. Geniş qəlbi, sadəliyi, insanlara sevgi dolu şəfqətli
baxışları onun ən böyük zinəti idi.
Şəfa üçün ona pənah gətirən xəstələrin
çoxu Zərifə xanım Əliyevanın Azərbaycanın
birinci şəxsinin həyat yoldaşı olduğunu bilmirdi. Özü də
heç zaman bunu nəzərə çarpdırmazdı.
Bütün insanlar onu hər şeydən əvvəl
bir şəxsiyyət kimi sevir, hörmətini tuturdular.
O, son dərəcə alicənab bir qadın idi. Tərifdən zəhləsi gedər, kiməsə
boşboğazlıq, yaltaqlıq fürsəti verməzdi.
Bir çoxları onun nəzakətli
davranışlarından nümunə götürərdilər.
Zərifə xanımın kabineti həm xəstələrin,
həm də hər hansı problemin həllində onun şəxsi
nüfuzuna güvənən insanların ümid ünvanı
idi. Zərifə xanım ziyarətçilərinin
heç birini ümidsiz və yardımsız yola salmazdı,
adamlar arasında sosial status fərqi qoymazdı. Bu böyük şəxsiyyətin kabinetinin
qapısı hər kəsin üzünə açıq idi.
Onun insanlara çox böyük məhəbbəti
vardı. Bu, qəlbin genişliyindən, səxavətindən,
müdrikliyindən irəli gəlirdi.
***
Zəmanəsinin görkəmli oftalmoloq-alimlərindən
biri kimi Zərifə xanım Əliyeva öz tədqiqat sahəsində
fundamental əsərlərin müəllifi idi. Onun elmi irsi,
nailiyyətləri, pedaqoji təcrübəsi bu gün də
tədqiqatçılar üçün böyük maraq
doğurur və müasir tibdə tətbiq olunur.
Zərifə xanım Əliyeva üçün elm də,
praktik həkimlik də bir könül işi idi. O öz peşəsini
ürəkdən sevirdi. Elmi axtarışlardan, tədqiqatçıların
nəzər-diqqətini nisbətən az cəlb
etmiş, daha doğrusu, çətinliyinə görə
onları yayındırmış müxtəlif istiqamətlər
üzrə elmi araşdırmaların aparılmasından
böyük mənəvi zövq alırdı.
O,
oftalmologiyada yeni, çətin və az tədqiq
olunmuş bir sahəni seçmişdi və bu sahənin
inkişafına öz töhfələrini vermişdi. Həyatda da, elmdə də Zərifə xanım
öz yolu ilə addımlamağı sevərdi və
yaşadığı ömür nümunəsi, həyat və
fəaliyyəti ilə təlqin etdiyi dəyərlər bu
yolda Zərifə xanımın ardıcıllarını
yetişdirirdi.
Respublika Həkimləri Təkmilləşdirmə
İnstitutunun kafedra müdiri vəzifəsində
çalışarkən o öz tələbələrinə
böyük məhəbbətlə elmin incəliklərini
öyrədir, gənc oftalmoloq-alimlərin yetişməsinə
ömür sərf edirdi. Tələbələrinin
mehriban, qayğıkeş hamisi idi Zərifə xanım.
Yetirməsi olan gənclər onu ana
gözündə görürdülər.
Onun öz mənəvi övladlarına ən
mühüm tövsiyəsi isə harada olurlarsa-olsunlar, səmimiyyət
hissini qorumaqları, həyatda da, elmi fəaliyyətdə də
səmimi olmaları, çətinliklərdən, həyatın
sınaqlarından çəkinməmələri idi.
***
Zərifə xanım Əliyevanın elmi fəaliyyəti
bütün sovet məkanında yüksək qiymətləndirilirdi. Təsadüfi deyil ki, o
dövr üçün oftalmologiya sahəsində
T.İ.Averbax adına ən yüksək
mükafat məhz Zərifə Əliyevaya verilmişdi.
Ötən əsrin 70-80-ci illərində Zərifə
Əliyevanın təşəbbüsü ilə bir sıra
sənaye müəssisələrində elmi-tədqiqat
laboratoriyaları yaradılmışdı. Bu
laboratoriyaların təşkilində əsas məqsəd zərərli
istehsal prosesinin insanların görmə qabiliyyətinə təsirinin
tədqiqi idi.
Həmin
sənaye müəssisələrində çalışan
insanlar bu laboratoriyalarda peşəkar tibbi yardım alır, Zərifə
xanımın təməlini qoyduğu bu nəcib iş minlərlə
insanın gözünə işıq verirdi.
***
O, əsas
fəaliyyət istiqaməti olan oftalmologiya ilə
yanaşı, həkim etikası, kadrların təkcə
professional baxımdan yox, mənəvi baxımdan da tərbiyə
edilməsi məsələlərinə ciddi diqqət
yetirirdi.
Elmi dünyagörüşlərini mümkün qədər
genişləndirmək Zərifə xanımın gənc həkimlərə,
öz tələbələrinə ən mühüm
tövsiyələrindən idi. O, gənclərə peşə
maraqları dairəsində qapanıb qalmamağı, dar bir
çərçivənin mütəxəssisi
olmamağı təlqin edirdi. İnsanların həyat
və sağlamlığı uğrunda mübarizə
aparmaqdan ötrü hər bir insana sevgi göstərmək,
onları başa düşmək qəhrəmanımızın
gənc nəslə daimi nəsihəti idi.
Həkim və xəstə münasibətlərində
ortaya çıxan problemlər onu həmişə narahat
edirdi.
Bu narahatlıqlar günümüz üçün
xüsusilə aktualdır.
Tibb sahəsində də informasiya
texnologiyalarının fantastik inkişafı, səhiyyə
sahəsində tətbiq olunan innovasiyalar, yeni aparat və
cihazların ixtirası müxtəlif profilli həkim, texnik və
laborantlar mühitini formalaşdırır.
Bütün bunlar çox yaxşıdır, tibb sahəsində
texniki yeniliklər müayinənin, diaqnozun dəqiqliyinə,
müalicənin düzgün təyin olunmasına çox
kömək göstərir. Amma bunun təəssüf
doğuran məqamlarını da izləməkdəyik. Texnologiyalar inkişaf etdikcə insanın peşəkarlığı
geriləyir. Texnikanın gücünə
arxayınlıq insanın peşəkar vərdişlərini
korşaldır.
Bir zamanlar xəstənin çöhrəsinin rənginə,
gözlərinin ifadəsinə, əllərinin hərəkətinə
baxan kimi onun canındakı mərəzi üzə
çıxaran, ibtidai alətlərlə ən çətin
cərrahiyyə əməliyyatlarını mükəmməl
həyata keçirən həkimlərin sayı indi
bütün dünyada azalmaqdadır.
Çünki texnologiya xəstə ilə həkimin
arasına girir, onların canlı təmasına müəyyən
qədər xələl gətirir və həkimdə peşəkar
qabiliyyətlərin formalaşmasına mane olur.
Zərifə xanım Əliyeva isə tibdə yeni texnologiyaların
tətbiqini, müasir müalicə üsullarını təqdir
etsə də, xəstə ilə həkimin birbaşa
canlı təmasını müayinə və müalicə
prosesinin ən vacib halqası hesab edirdi. Bildirirdi ki, bu
cür ünsiyyət xəstənin psixi qüvvələrinin
və imkanlarının, xəstəliklə mübarizə
üçün iradəsinin səfərbər edilməsinə,
onda nikbinlik ruhunun oyanmasına təkan verir.
Vəzifəsindən, sosial statusundan, məqamından,
maddi vəziyyətindən asılı olmayaraq, xəstəyə
mənəvi dayaq olmağı, onun həyat iradəsini ayaqda
saxlamağı Zərifə xanım hər bir həkimin əsas
vəzifə borcu kimi önə çəkirdi. İnsanın
ruhi-mənəvi sağlamlığını fiziki
sağlamlığının əsası hesab edirdi.
Həkimləri insanın təkcə konkret xəstəliyini
deyil, həm də ruhunun sağalması qeydinə qalmağa
çağırırdı və bunun düsturunu təklif edirdi. Onun insanlara
ünvanladığı bu fikirlər bütün zamanlarda,
tarixin bütün dövrlərində ruhun
sağlamlığını qorumağın yeganə yoludur.
“Milli xarakterin ən yaxşı xüsusiyyətlərini, sadəliyi,
ürək genişliyini qoruyun, - deyirdi Zərifə xanım.
- Axı ruhun sağlamlığı fiziki
sağlamlığın rəhnidir”.
O, həmişə
qeyd edirdi ki, peşə həvəsi ilə yanaşı, həkim
həm də yüksək mədəniyyətli bir insan
olmalı, incəsənət, musiqi, ədəbiyyat
dünyasını anlamalıdır...
***
Zərifə
xanım özü bu dünyaların adamı idi...
O, peşəkar
musiqi təhsili almışdı. Bu nəcib
insanın, böyük qəlb sahibinin ifasına qulaq asmaq
fürsəti dinləyicilər üçün hər dəfə
böyük bir zövq idi. Royalda ifa edərkən
onun şirmayı dillər üzərində gəzişən
barmaqları ən zərif hisslərin tərcümanına
çevrilir, insanları duyğular aləminə
aparırdı.
Bir zamanlar o ifaları dinləmiş insanlar
xatırlayırlar ki, Zərifə xanımın ifalarında
qəribə bir duyumluluq vardı. Musiqi əsərini o
özündən, öz duyğularından keçirə
bilirdi. Yaxından tanıyanlar onun təkcə
ifalarını deyil, musiqi dinləməsini də böyük
rəğbət hissi ilə yada salırlar. Zərifə xanım musiqinin ecazına elə dərindən
qapılardı ki, onun işıq saçan aydın
çöhrəsində sanki musiqinin özü görünərdi,
səsin surəti canlanardı.
İstənilən musiqi əsərini dinlədikcə
bu musiqinin onun qəlbindəki əks-sədasını Zərifə
xanımın gözlərindən oxumaq mümkün idi. Akkordlar
bir-birini əvəzləyər, əvəzlədikcə də
onun gözləri heyranlıq nümayiş etdirər,
razılıqla gülümsünər, bəzən isə qəti
etiraz ifadə edərdi.
Amma o gözlərdən heç zaman laqeydlik, biganəlik
oxumazdın.
Danışan gözləri vardı Zərifə
xanımın və o gözlər hər baxışında
dünyaya, insanlara bir ömürlük sevgisini
çatdırırdı.
***
Zərifə
xanım qayğıkeş, fədakar bir ana idi...
Ömür-gün yoldaşının vaxtının
böyük hissəsi dövlət işlərinə sərf
olunduğundan, bir çox analar kimi, övladlarının təhsilini-tərbiyəsini
ana öz üzərinə götürmüşdü.
Əslində vaxt Zərifə xanım üçün
də həyatın ən çox arzulanan neməti idi.
Bununla belə, o, övladlarının tərbiyəsinə
daim vaxt tapırdı.
Tanrının əta etdiyi qısa ömrün övladlara,
həyat yoldaşına, ailəsinə aid hissəsini gərgin
zəhmət tələb edən elmi işlərinə, sənətinə
həsr etməyi özünə rəva görməzdi.
Bu məqam məni həmişə
düşündürüb. Nədənsə
qadının çalışmağı məsələsi
bizim cəmiyyətdə hər zaman diskussiya mövzusu olur.
Öz qazancı ilə evin
firavanlığını tam təmin etməyi bacaran bir
çox kişilərimiz bəzən qadının
çalışmasına qarşı çıxırlar.
Onlara elə gəlir ki, nə qədər
yüksək təhsil alır-alsın, öz sənətində
nə qədər böyük perspektivlərə malik
olursa-olsun, qadının yeganə vəzifəsi evə-ailəyə
baxmaqdır. Həyat yoldaşının,
övladlarının qulluğunda durmaqdır.
Əfsus ki, bu məsələdə hələ də Səməd
Vurğunun “Aygün” poemasının qəhrəmanı
Əmirxanın düşüncələrindən çox da
uzağa gedə bilməmişik.
Evin, ailənin qayğıları, bəli, əsasən
qadının üzərinə düşür. Qadının ev təsərrüfatını idarə etməsi,
uşaqların təhsil-tərbiyəsi ilə daha
ardıcıl və sistemli şəkildə məşğul
olması, məişət məsələlərinin həllində
həyat yoldaşına fədakarcasına dəstək verməsi
bizim milli mentalitetimizin xoş, gələcək nəsillərə
ötürülməli olan cəhətlərindəndir. Amma cəmiyyətin inkişafı, qadınların
ictimai fəallığı, iqtisadi azadlığı,
sosiallaşması üçün onların
çalışması çox mühümdür.
Bu mənada Heydər Əliyevin ailəsi hələ o
illərdən cəmiyyət üçün bir nümunə
sayılırdı. O illər Sovet İttifaqında yüksək vəzifə
tutan şəxslərin, baş katib də daxil olmaqla Mərkəzi
Komitə katiblərinin və ittifaq respublikalarının
partiya katiblərinin, nazirlərin, hətta aşağı
rütbəli məmurların həyat yoldaşları
ümumiyyətlə heç yerdə işləməsə də,
Zərifə xanım Əliyeva istisna təşkil edirdi.
Onun öz elmi işlərini, həkimlik fəaliyyətini
davam etdirməsi peşəsini qəlbən sevən Zərifə
xanım qədər Heydər Əliyevin də arzusu idi və
ulu öndər bu məsələdə həyat
yoldaşına mənəvi köməyini heç zaman əsirgəmirdi.
Ömür-gün yoldaşına, övladlarına fədakarlıqla
qulluq etməyi həkimlik borcu ilə, elmi fəaliyyəti ilə
ahəngdar şəkildə birləşdirməyə müvəffəq
olmuş Zərifə xanım bununla da bir həyat örnəyi
yaradırdı.
***
Uşaq tərbiyəsi məsələlərinə onun
özünəməxsus yanaşması vardı.
Övladlarını nə qədər sevsə belə,
onlara nə qədər böyük məhəbbət
göstərsə də, bir çox məqamlarda əsla
güzəştə getməzdi.
Ana tərbiyəsi ilə övladlarına çox dəyərlər
ötürmüşdü Zərifə xanım. Atası Əziz Əliyevin,
həyat yoldaşı Heydər Əliyevin ailə
ocağından gələn halallığı, nəcabəti,
comərdliyi, kübarlığı, ziyalılığı,
intellekti, insanlara məhəbbəti...
Amma Azərbaycan sevgisi, torpağa, yurda, onun dəyərlərinə bağlılıq bütün bunların başında gəlirdi.
...Onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır, - böyük alimin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyirdi: - Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda yüksək mədəniyyət, alicənablıq - bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.
...Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Öz valideynlərinə bağlılıq, ata-anaya sevgi dünyanın ən saf, ən səmimi və doğma hissləridir.
Zərifə xanımın, Heydər Əliyevin verdiyi tərbiyə isə bu ocağın övladları üçün ata-ana sevgisi ilə Vətən sevgisini bərabərləşdirmişdi, eyniləşdirmişdi.
Və bu gün İlham Əliyevin Azərbaycan naminə, Azərbaycan adına gördüyü işlər, etdiyi tarixi fədakarlıqlar əslində bu sevginin izharıdır.
İlham Əliyevin Azərbaycana olan sevgisi bir övladın anaya olan sevgisidir.
Necə ki, bir zamanlar Zərifə xanım öz sevimli oğluna Vətənə də Ana kimi sevgi bəsləməyi öyrətmişdi...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2015.- 14 aprel.- S.6.