Mədəni dəyərlər xalqları
bir-birinə yaxınlaşdırır
15 aprel Beynəlxalq Mədəniyyət
Günüdür
Şərqlə Qərb mədəniyyətlərinin bir araya gətirildiyi Azərbaycanın humanitar sahədəki təcrübəsi dünya xalqlarının marağına səbəb olub. Müxtəlif millətlərin mədəni dəyərlərinin öyrənilməsinə və onlardan istifadə edilməsinə son illər daha çox diqqət ayrılmasının da səbəbləri az deyil. Deyirlər ki, mədəniyyətin dili daha çox anlaşıqlıdır, nəinki siyasətin. Buna görə də mədəni əlaqələrin daha da genişlənməsi xalqlar arasında ünsiyyəti vacib faktor kimi ortaya çıxarıb. Bu baxımdan Beynəlxalq Mədəniyyət Gününün hər il qeyd edilməsi heç də təsadüfi deyildir.
Bəlkə də məhz bu amil əsas götürülərək,1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədar bu əlamətdar gün təsis olunub. O vaxtdan dünyanın bir çox ölkələrində 15 aprel “Beynəlxalq Mədəniyyət Günü” kimi qeyd olunmaqdadır. Onu da qeyd edək ki, Ümumdünya Mədəniyyət Gününün tarixə salınması təklifini ilk dəfə 1931-ci ildə Belçikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix verib. 2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprel tarixinin Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb.
Son illər ölkəmiz həm Qərbin, həm də Şərqin mədəniyyət məsələlərinin aparıcı rol oynadığı beynəlxalq qurumlarda fəal iştirak edir. Azərbaycan bu sahədə beynəlxalq mədəni konvensiyaya, təşəbbüsə qoşulur, onun icrasına dəstək verir. Təsadüfi deyil ki, ölkənin birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO və İSESCO-nun xoşməramlı səfiridir və mədəniyyət sahəsindəki xidmətləri əvəzsizdir. Azərbaycan dövləti daxil olduğu beynəlxalq qurumlarda yalnız öz mədəniyyətini təbliğ etmir. Yaxud ancaq dünya mədəniyyətinin Azərbaycanda təbliği ilə məşğul olmur. Eyni zamanda dünya mədəniyyətinin inkişafında xalqımızın yaxından iştirakını da təmin edir.
Xüsusilə son zamanlar həm maddi, həm də qeyri-maddi mədəni irsin dünyaya təqdim olunmasında böyük hadisələr baş verdiyinin şahidiyik. Qobustandakı qayaüstü rəsmlərinin, “İçərişəhər” qoruğunun dünyanın böyük mədəni irsinin nümunələri siyahısına daxil edilməsi heç də təsadüfi deyildir. Eləcə də xalqımıza məxsus muğam, aşıq, xalça sənətlərinin dünya mədəni irsi siyahısına salınması, milli bayramımız Novruzun xalqımızın mənəvi-mədəni sərvəti kimi dünyaya təqdimi, onun BMT-nin qeyri-maddi irs siyahısına əlavə edilib beynəlxalq status qazanması mənəvi sərvətlərimizə sahibliyimizin bariz nümunəsidir.
Bütün bunlar mədəni sərvətlərimizin qorunub saxlanılması, inkişafı, daha uğurlu şəkildə, müasir texnologiyalara uyğun formada dünyaya təqdimatı sahəsində yürüdülən dövlət siyasətinin prioritetlərindən biridir. Respublikamız son illər bir çox beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Bu gün nəinki Avropa məkanında, dünyanın mədəniyyət mərkəzlərindən biri sayılan Bakıda, hətta respublikamızın regionlarında da beynəlxalq mədəniyyət və idman tədbirləri təşkil olunur. Azərbaycan gənclərinin 2011-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib gəlmələri yalnız xalqımızın istedadlarının üzə çıxması deyildi, həm də ölkəmizin belə mötəbər tədbirlərə artıq təşkilatçılıq etmək kimi məsuliyyətli vəzifəni öz öhdəsinə götürmək bacarığı və imkanlarının təsdiqi, eyni zamanda Azərbaycanın musiqi mədəniyyətinin gələcəyinə təminat demək idi. Son 20 ildə ölkəmizdə, xüsusən də paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlərin sırasına nəzər salsaq, burada yüzlərlə toplantının adını çəkə bilərik. Bütün bunların hamısı həm Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərən amil, həm də dövlətimizin maraqlarını təmin edən faktlardır.
Ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycan dövlətinin mədəniyyət siyasəti çox uğurlu bir istiqamətdir. Bura birinci növbədə tarix boyu yaratdığımız klassik mədəniyyətin mənimsənilməsi daxildir. Təkcə 2000-ci ildə “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi böyük hadisə oldu.
Son zamanlar Azərbaycanın beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməsi ölkəmizin xarici siyasətində dövlətlər və xalqlar arasındakı münasibətlərin mühüm əməkdaşlıq mərhələsinə keçməsini də göstərir. Respublikada elm, siyasət, mədəniyyət, səhiyyə, idman və başqa sahələrdə beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili əcnəbi qonaqların etiraflarında da öz əksini tapdı.
Son dövrlər Azərbaycanın paytaxtı, Avropa şəhərləri ilə müqayisədə çoxlarını geridə qoyan Bakıdan uzaqda, ölkəmizin inkişaf etmiş bölgələrində belə beynəlxalq musiqi mədəniyyət tədbirlərinin keçirilməsi ənənə halını alıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ötən il Qəbələdə keçirilən Üzeyir bəy Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı nəinki Azərbaycanın, iştirakçı ölkələrin də mədəniyyət tarixinə yazılması faktdır.
Festivalın açılışında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın beynəlxalq musiqi bayramı iştirakçılarına təbrik məktubunda deyilirdi: “ Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Nüfuzu ildən-ilə artmaqda olan və hər il dünyanın ayrı-ayrı ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı da artıq milli mədəniyyətimizin tarixində ənənəyə çevrilmiş musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyir: “Dünyanın ən çox, ən müxtəlif inkişaf etmiş dillərində ədəbiyyat yaradıblar. Musiqilərimizdə qədim, orta əsrlərin, ən müasir dövrün təranələri, elementləri var. Buna görə də mədəniyyətimizi dünyaya təqdim edərkən yad təsir bağışlamır, anlaşıqlı olur. Eyni zamanda, əlbəttə, ölkənin iqtisadi inkişafı, dövlətimizin mədəniyyət siyasəti də bu məsələdə aparıcı rol oynayır. Yəni ola bilərdi ki, biz müstəqillik illərindən sonra qazandığımız maddi sərvəti bu qədər səxavətlə mədəniyyətə qoymazdıq. İstər-istəməz bu mədəniyyəti dünyaya tanıtmaqda bir az geri qalardıq. Eyni zamanda bizim mədəniyyətimiz həmişə müxtəlif xalqların, xüsusən qonşuların mədəniyyətinə təsir edib. Bununla yanaşı, bu gün mədəni sərvətimizin bəzi qüvvələr tərəfindən mənimsənilməsinə cəhdlərin qarşısını daha fəal şəkildə almalıyıq. Əgər ermənilərin bu məsələdə yaratdığı hay-küy beynəlxalq aləmə çıxarılırsa, istər-istəməz biz öz mədəniyyətimizə sahib çıxmalıyıq”.
Azərbaycan mədəniyyətinin təbiəti elədir ki, o həmişə bəşəriyyətə açıq olub. Çünki o, bir tərəfdən Şərq mədəniyyəti ilə çox bağlıdırsa, digər tərəfdən isə Qərb mədəni dəyərlərini də özündə ehtiva edir. Xüsusilə son əsrlər Azərbaycan mədəniyyəti Avropa mədəniyyətini özündə əks etdirməkdədir. Buna əsaslanıb demək olar ki, Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasında kifayət qədər güclü tarixi təcrübəsi var. O da danılmazdır ki, bunun qədim tarixi olsa da, respublikamız müstəqillik qazandıqdan sonra bu məsələlər həm elmi-nəzəri baxımdan təhlil olunur, həm də dövlət siyasətində xüsusi yer tutur. Bu tendensiya mədəniyyətlə bağlı qanunlarda da öz əksini tapır. Milli mədəniyyətimizin dünya xalqlarınınkı ilə sıx əlaqəsi, sadəcə, deklorativ bir müddəa şəklində bəyan edilmir. Bu, beynəlxalq təşkilatlarla - UNESCO, Avropa İttifaqı, Avropa Şurası ilə əməkdaşlıq şəraitində həyata keçirilən, ev sahibliyi etdiyimiz beynəlxalq layihələr, tədbirlərlə də sübut olunur.
Əlbəttə, Azərbaycan da bu gün dünyadakı mədəni inkişaf prosesindən kənarda deyil. Milli mədəniyyətini bəşəriyyətə layiqincə təqdim edən xalqımız eyni zamanda tolerantlığı hətta dövlət səviyyəsində qoruyub saxlayır ki, bu da özünəməxsus xüsusiyyətlərindən biridir.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2015.- 15 aprel.- S.10.