Çanaqqala savaşından bəhs edən
“Son
məktub” filmi Bakıda təqdim olunub
Aprelin
15-də “28 Cinema” kinoteatrında Çanaqqala
savaşının 100-cü ildönümünə həsr
edilmiş “Son məktub” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin “Son məktub” filminin təqdimat mərasiminin iştirakçılarına məktubunu oxuyub.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Prezidentin bu diqqəti Azərbaycan-Türkiyə qardaşlığının daha bir təcəssümüdür.
Diplomat Çanaqqalada baş vermiş qanlı döyüşlərdən söhbət açaraq bildirib ki, bu gün yüz il əvvəl ölüm-dirim mübarizəsinin yaşandığı bir anı yad edirik. Həmin savaşda türk əsgərlərinin göstərdikləri şücaətdən bəhs edən səfir Azərbaycan oğullarının onların yanında olduğunu, onlarla birlikdə döyüşdüklərini diqqətə çatdırıb. Tarix boyunca Azərbaycandan güc aldıqlarını vurğulayan İsmail Alper Coşkun filmin təqdimatına dəstək göstərənlərə minnətdarlığını bildirib.
Filmin ssenari müəllifi və rejissoru Özhan Eren, baş rolun ifaçısı Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə ekran əsəri barədə ərsəyə gəlməsi prosesindən danışıblar. Akrtisa çəkildiyi filminin doğulub böyüdüyü şəhərdə təqdimatından qürur duyduğunu vurğulayıb.
Sonra filmin nümayişi olub.
Filmin ssenarisi Çanaqqala
savaşından dövrümüzə gəlib çatan bir məktubun əsasında
hazırlanıb. Əsas rollarda Tansel Öngel, Nəsrin
Cavadzadə, Hüseyin Avni
Danyal, Bülent Şakrak, Nərmin Hüseynova
və Barbara Sotelsekin
çəkildikləri ekran əsəri təyyarəçi
Salih Ekrem ilə Nihal adlı tibb
bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin
günlərində onlar Fuat
adında kimsəsiz uşağı himayəyə
götürürlər. “Kiçik qazi Fuat” ləqəbli bu uşaq Salih
Yüzbaşı ilə tibb bacısı
Nihalın arasındakı ülvi sevginin yeganə şahidi olur.
Azərbaycan.-2015.- 16 aprel.- S.2.