Dağlıq Qarabağ münaqişəsinin həllində

 Avropa İttifaqı qəti mövqe göstərməlidir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 14-15-də Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Edqar Rinkeviçs ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Latviya arasında siyasi dialoqun və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov Avropa İttifaqına sədrlik münasibətilə rəsmi Riqanı təbrik edib və sədrlik müddətinin uğurla başa çatdırılacağına əminliyini ifadə edib.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu qeyd edən Elmar Məmmədyarov digər sahələrdə də tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib. O əlavə edib ki, Avropa İttifaqı ilə əlaqələr qarşılıqlı faydalı xarakter daşımalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verən Elmar Məmmədyarov digər münaqişə məsələlərində olduğu kimi, bu məsələdə də Avropa İttifaqının qəti mövqeyinin ifadə olunmasının vacibliyini vurğulayıb. Nazir deyib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Edqar Rinkeviçs Latviyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyüsuverenlik əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb.

O, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib və Azərbaycan sərmayələrinin Latviyaya cəlb edilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2015.- 16 aprel.- S.3.