Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas
alıb
Azərbaycanda isə
korrupsiyaya qarşı mübarizəni
uğurla aparmaq üçün
möhkəm siyasi iradə mövcuddur
Azərbaycanın insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq və ədliyyə islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur. 1995-ci il 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının möhkəm təməlini qoymuşdur.
Ötən dövrlərdə hüquqa və ədalətə söykənən sivil cəmiyyət quruculuğu prosesi uğurla davam etdirilərək korrupsiyaya qarşı mübarizə tədbirlərinin də miqyası genişlənmişdir. Korrupsiyaya qarşı mübarizədə ardıcıl və praktiki tədbirlər həyata keçirilir. Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmuş, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında”, Birləşmiş Millətlər Təşkilatının “Korrupsiyaya qarşı” konvensiyalarını ımzalamaqla ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırmışdır.
Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. 2012-2015-ci illəri əhatə edən Fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır. Bu Milli Fəaliyyət Planının qəbul edilməsi Azərbaycanın beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri kimi bu prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərinə müvafiq olaraq ölkəmizin dövlət orqanları tərəfindən fəaliyyətləri barədə ictimaiyyətə geniş məlumatlar verilməsi, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi, əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması kimi mühüm elementləri özündə əks etdirən bu Milli Fəaliyyət Planı ilk növbədə idarəçilikdə şəffaflığı təmin edən bütün komponentləri özündə birləşdirməklə yanaşı, korrupsiyaya qarşı mübarizə işinə mühüm töhfə verməyə başlamışdır.
2013-cü il sentyabr ayının 23-25-də Paris şəhərində OECD təşkilatının (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edilmişdir. Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilmiş və bu sahədə əldə edilmiş nailiyyətlər vurgulanmışdır. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilmişdir.
Ötən ilin iyunun 30-da Bakıda Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirildi. Konfransda Avropa Şurasına daxil olan 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndənin iştirakı tədbirin böyük əhəmiyyət kəsb etdiyini bir daha göstərdi. 2014-cü il ərzində 2 önəmli beynəlxalq antikorrupsiya konfransları ölkəmizdə keçirilib.
Prezident İlham Əliyevin Bakıda keçirilən “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda deyilirdi: “Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan müasir ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli cəmiyyət qurulmuş, şəffaf ictimai münasibətlər sistemi formalaşdırılmışdır. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir. Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur. Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmaqla qanunvericilik bazasını tam müasirləşdirmiş və institusional islahatlar həyata keçirmişdir”.
Ölkə başçısının təşəbbüsü ilə vətəndaşlara dövrün tələblərinə müvafiq sivil xidmət göstərmək və yeni müasir, sosialyönümlü innovasiyaların tətbiqindən ibarət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində “ASAN xidmət” mərkəzlərinin yaradılması mühüm antikorrupsiya tədbirlərindən biridir. Dövlətlə vətəndaş arasında təmas əlaqə xətti olan bu qurum korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addım olmaqla, onun əsas hədəfi vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, icra müddətlərinin qısaldılması, vaxt itkisinin azaldılmasından ibarətdir. Artıq yeni dövlət qurumunun fəaliyyəti vətəndaşların daha çox və tez-tez müraciət etdiyi xidmət sahələri üzrə narazılıqların məmnunluqla əvəz olunmasına gətirib çıxarmış, ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “artıq bir Azərbaycan brendi”nə çevrilmişdir. Bu gün Azərbaycan standartları bir çox ölkələr üçün əsl nümunədir.
Dünyada nadir təcrübə olan “ASAN xidmət”in fəaliyyətini Azərbaycanda olan yüksək səviyyəli qonaqlar da böyük maraqla müşahidə edirlər və bu qurumun işini yüksək qiymətləndirirlər, respublikamızda korrupsiyaya qarşı güclü mübarizə sisteminin yaradıldığını bildirirlər. “ASAN xidmət”in yaradılmasını və onun nümunəvi fəaliyyətini ölkə vətəndaşları da böyük razılıqla qarşılayırlar.
Azərbaycanda həyata keçirilən hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən xarici antiazərbaycançı şəbəkə və onların buyruq quluna çevrilən bəzi yerli dairələr yenə də ənənəvi amplualarındadırlar. Qərəzli iddialara, qərarlara baxmayaraq, respublikamız demokratiyanın şəksiz üstünlüklərini bundan sonra da gerçəkləşdirərək insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcək. Azərbaycanda həyata keçirilən kompleks tədbirlərə qara eynəkdən baxmaq xeyirxah münasibətdən irəli gəlmir və qərəzli xarakter daşıyır.
Dünyanın bir çox ölkəsində hazırda insan hüquqlarının kobud şəkildə pozulduğu, korrupsiyanın tüğyan etdiyi, insan ləyaqətinə etinasızlığın baş alıb getdiyi dövlətlər var. Əgər söhbət korrupsiyadan gedirsə, Avropa və ABŞ-da bununla bağlı kifayət qədər faktlar mövcuddur və bunların bəzilərini sadalamaq kifayət edər.
Avropa İttifaqının (Aİ) antikorrupsiya agentliyi (OLAF) apardığı təhqiqatın nəticələrini açıqlayıb: Aİ ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir ki, bu da təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir. OLAF və Avropa Komissiyasının baş ədliyyə direktorunun birgə hazırladıqları hesabat Azərbaycan ictimaiyyəti üçün həqiqətən şok effekti yaradır: “Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas alıb. Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür”.
Aİ ölkələrinin polis və prokurorluq orqanları tərəfindən 2013-cü ildə xidməti vəzifədən sui-istifadə və rüşvət maddələri ilə 67 800 cinayət işi açılıb. Bu, Avropa İttifaqının tarixində ən rekord göstəricidir. Baş ədliyyə direktoru Fransua Le Bay Avropa Parlamentində çıxış edərək deyib ki, “söhbətin milyonlardan deyil, milyardlardan getdiyini söyləməyə hər cür əsas var. Bu, həm də yalnız aysberqin üst tərəfidir. Daha böyük rəqəmlər əldə edəcəyik. Bu, hələ başlanğıcdır”.
Avropa Komissiyası da rəsmi olaraq etiraf edib ki, Avropa strukturlarındakı korrupsiya halları lazımsız layihələrə silinən maliyyə vəsaitlərindən formalaşır. OLAF rəhbəri Covanni Kessler isə bildirib ki, “Avropanın ayrı-ayrı ölkələrində eyni vaxtda baş verən korrupsiya, dələduzluq və digər cinayətlər bir çox hallarda hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalır. Çünki bu cinayətlərə milli dövlətlərin səlahiyyətləri çərçivəsində baxılır. Ona görə də korrupsiya ilə ümumavropa səviyyəsində mübarizə aparmaq, belə cinayətlərin araşdırılması üçün xüsusi büro yaratmaq lazımdır”. Avropalı ekspertlərin özlərinin nəticələrinə görə, korrupsiya artıq bütün Avropa ölkələrinin xarakterik xüsusiyyətinə çevrilir.
ABŞ-da isə korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəladır. Amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb.
Bir qədər əvvəl Ağ evin ən yüksək dairələri ilə bağlı 6 milyard dollarlıq bir fırıldağın üstü açılmışdı. Hələ ki, bu barədə susmağa üstünlük verilib. İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkarlanıb. Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır.
Keçən ilin oktyabrında ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin əməkdaşları ərzaq talonları ilə bağlı saxtakarlıq etdiklərinə görə korrupsiya ittihamı ilə həbs ediliblər. Belə cinayətlər saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır. Bəzən belə faktlar siyasi intriqalar üzündən açıqlanır. Məsələn, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin İraqda neft sahəsində çalışan qohumlarına lobbiçilik etdiyi mətbuata sızdırılmışdı. Bu zaman kələfin bir ucu da Texasdakı neft firmasında fəaliyyətini davam etdirən prezdent Buşa (kiçik) gedib çıxmışdı. Dünyaya “ağıl verən” ölkə olan ABŞ-da korrupsiya ilə bağlı yetərincə fakt var. Nyu Cersi ştatının senatoru, məşhur ermənipərəst siyasətçi Robert Menendez bu günlərdə cinayət məsuliyyətinə cəlb edilib. O, korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunur.
Azərbaycanda isə korrupsiyaya qarşı qətiyyətli mübarizə aparılır və onun genişlənməməsi üçün möhkəm siyasi iradə mövcuddur.
Korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil etməklə bu sahədə ardıcıl və praktiki tədbirlər həyata keçirilir. Azərbaycan demokratik inkişaf yolunu Avropanın və Qərbin xoşuna gəlmək üçün seçməmişdir. Bu yol xalqımızın demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 16 aprel.- S.4.